ABŞ diplomatiyası: `demokratiya`, erməni lobbisi və sifarişli Helsinki dinləmələri

ABŞ diplomatiyası: `demokratiya`, erməni lobbisi və sifarişli Helsinki dinləmələri
  12 İyun 2014    Oxunub:4100
ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın Azərbaycanın daxili işlərinə qarışmağa cəhd etməsi və buna verilən sərt reaksiyadan sonra iyunun 11-də ABŞ Konqresinin Helsinki Komissiyası Azərbaycan üzrə növbədənkənar dinləmə keçirir. Artıq müxalifət təmsilçiləri bu dinləmələrin səfir Morninqstarın müdafiəsi məqsədilə cavab xarakteri daşıyacağını bildirir, rəsmi Bakıya təzyiq məqsədilə təşkil olunduğunu gizlətmirlər.

Maraqlıdır ki, ABŞ-ın Helsinki Komissiyası 2012-ci ildən sonra Cənubi Qafqazın digər ölkələri ilə bağlı 1 dəfə də olsun dinləmə keçirməyib və ya hər hansı bəyanatla çıxış etməyib (https://azvision.az/redirect.php?url=http://www.csce.gov/index.cfm?FuseAction=UserGroups.Home&UserGroup_id=89, https://azvision.az/redirect.php?url=http://www.csce.gov/index.cfm?FuseAction=UserGroups.Home&UserGroup_id=3 ).

Ancaq Komissiyanın rəsmi internet səhifəsinə daxil olsaq görərik ki, ötən 2 ildə Azərbaycan 10 dəfə Helsinki Komissiyasının müzakirə obyekti olub. (https://azvision.az/redirect.php?url=http://www.csce.gov/index.cfm?FuseAction=UserGroups.Home&UserGroup_id=90) Əlbəttə, regionda yalnız Azərbaycanı selektiv yanaşma ilə “qaralamaq” xüsusi missiya ilə bağlıdır. Məqalədə bu barədə ətraflı bəhs edəcəyik.

Helsinki Komissiyası Cənubi Qafqazda ancaq Azərbaycanı “araşdırır”. Niyə?







Əlbəttə, düşünmək olardı ki, Helsinki komissiyanın növbədənkənar toplanmasına səbəb R.Morninqstara başa salmaqdır ki, o, qubernator deyil, ABŞ-ın Azərbaycandakı səfiridir. Hərçənd ki, bu, məntiqli olardı. Ancaq toplantı məruzəçilərinin siyahısına baxmaq kifayətdir ki, hər şey aydın olsun. Azərbaycanda adları müxtəlif siyasi qalmaqallarda hallanan Tomas Melia və Miriam Lanskoy da bu tədbirin “əsas simaları”dır. Onlarla yaxından tanış olaq.

Tomas Melianın Qarabağ biznesi

Tomas Melia Azərbaycanda daha çox ziddiyyətli açıqlamaları, məşhur “qırmızı xətt” ifadəsi ilə tanınan ABŞ məmurudur. O, Azərbaycanda hakimiyyətin “qırmızı xətt”i keçdiyini, lakin sonradan eyni ilə səfir Morninqstar kimi bunu “tərcümə səhvi” kimi təkzibləri ilə dəfələrlə rüsvay olub.

ABŞ Dövlət Departamentinin rəsmi internet səhifəsində də göstərildiyi kimi ( https://azvision.az/redirect.php?url=http://www.state.gov/r/pa/ei/biog/bureau/157630.htm ) Tomas Melia 2010-cu ildə
dövlət katibinin demokratiya və insan haqları üzrə köməkçisi vəzifəsini tutmazdan əvvəl 5 il “Freedom House” təşkilatının rəhbəri işləyib. Qeyri-rəsmi məlumatlara görə, hazırda da həmin təşkilatın əsas kuratoru hesab olunur.



“Freedom House” təşkilatının Azərbaycanı həmişə Ermənistandan, hətta qondarma “Dağlıq Qarabağ Republikası”ndan demokratik azadlıqların səviyyəsinə görə geridə göstərən qərəzli hesabatları əksəriyyətə tanışdır. “Freedom House” Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab etmir, onu bütün hesabatlarında “müstəqil respublika” kimi göstərir. (https://azvision.az/redirect.php?url=http://freedomhouse.org/report/freedom-world/2013/nagorno-karabakh#.U5WnqPl_uls )



Bu təşkilatın subyektiv rəylərini Azərbaycanda çoxdan qeyri-ciddi və sifarişli hesab edirlər. Dəfələrlə “Freedom House”un ABŞ-dakı erməni lobbi təşkilatları, erməni seperatçıları və Ermənistandakı siyasi hakimiyyət ilə sıx əlaqələri, birgə fəaliyyətləri üzə çıxıb. Bu təşkilatın “Qarabağ siyasi biznesi”ndən çoxlu pullar qazandığı da şübhəsizdir.



“Freedom House” QHT-sinin ABŞ-ın rəsmi strukturlarına gizli bağlılığı əslində o qədər açıqdır ki, bunu adi təyinatlarla da müşahidə etmək mümkündür. Məsələn, Tomas Melia “Freedom House”dan ABŞ Dövlət Departamentinə gəldiyi kimi, ABŞ Dövlət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə müavini Devid Kramer də 2010-cu ildə oradan Tomas Melianın “Freedom House” təşkilatına “rotasiya” alır və hazırda da onun rəhbəridir (https://azvision.az/redirect.php?url=http://freedomhouse.org/content/kramer-david-j#.U5GyMfl_uls).



“Qaranlıq keçmiş”ə malik Tomas Melia təkcə “Freedom House”da deyil, həm də əvvəllər uzun müddət ABŞ Milli Demokratiya İnstitutunda (NDI) rəhbər vəzifədə çalışıb. Bu təşkilat isə son illər Azərbaycanda müxalifət təşkilatlarının əsas “pul kisəsi” hesab olunur. ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin keçmiş rəhbəri Aleks Qriqoryevsin fəaliyyəti kifayət qədər qalmaqallı olmuşdu. Onun Azərbaycanda hakimiyyət əleyhinə “facebook inqilabı” üçün 3 milyon dollar pul sərf etməsi barədə məlumatlar cəmiyyətdə böyük əks-səda yaratmışdı. Belə ki, Aleks Qriqoryevs təkcə öz adına olan bank hesabından 2010-cu ildə 590.770 dollar, 2011-ci ildə 744.556 dollar, 2012-ci ildə 628.545 dollar pul götürüb. Təşkilatın ödədiyi qrantların məbləği isə bu vəsaitdən dəfələrlə az olub. Məsələn, 2010-2013-cü illərdə o, cəmisi 500 min manata kimi qrant ödənişləri edib. Rəqəmlərdən də aydın görünür ki, küllü miqdarda pullar məhz qeyri-rəsmi olaraq hakimiyyət əleyhinə çalışan ABŞ-a yaxınlığı ilə seçilən şəxslərə “paket” olaraq ödənilib.

Azərbaycanda “facebook inqilabı” cəhdləri üçün milyonlarla dollar xərcləyən ABŞ Milli Demokratiya İnstitutunun arxasında dayanan şəxs- Tomas Melia görəsən, Azərbaycana qarşı həqiqətən obyektiv ola bilərmi?

Gizli sxemin deşifrəsi

Əslində heç kimə sirr deyil ki, ABŞ Milli Demokratiya İnstitutu (NDI) Amerikanın digər qlobal fondu NED-in (Demokratiyaya Dəstək Milli Fondu) 4 “peyki”ndən biridir. 1982-ci ildə yaradılan Demokratiyaya Dəstək Milli Fondu (NED) ABŞ xüsusi xidmət orqanları ilə sıx əlaqələrə malikdir.

Fond kommunizmlə mübarizə məqsədilə yaradılsa da, SSRİ-nin dağılmasından dərhal sonra guya “demokratiya” yaymaq adı ilə fəaliyyətində korrektələr etdi. Halbuki təşkilatın əsas fəaliyyət prinsipi belədir: “ABŞ-a nə yaxşıdırsa, bütün dünyaya da o yaxşıdır”. Mediada üzə çıxan məlumatlara görə, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin gizli əməliyyatlarında rol almış əksər şəxslər nə vaxtsa NED-in İdarə Heyətində və ya Direktorlar Şurasında təmsil olunublar. Onlara misal olaraq, Otto Rayx, Con Neqroponte, Henri Çisneros, Elliot Abramsın adlarını çəkmək olar.







Mediada yayılan məlumatlara görə, 2002-2014-cü illərdə ABŞ-ın təkcə 3 fondu tərəfindən Azərbaycandakı QHT-lərə 32 milyon dollardan artıq vəsait ayrılıb. Yalnız NED 2011-ci ildə 26 layihə adı altında Azərbaycanda təsir dairəsində olan QHT-lərə 1 milyon 210 min dollar vəsait ötürüb. NED-in Azərbaycanda müxtəlif təyinatlı qrantları hər il eyni təşkilatlara ayırması olduqca şübhəli fəaliyyətdən və niyyətlərdən xəbər verir. Həmin siyahının bəzi hissələrini təqdim edirik: ( https://azvision.az/redirect.php?url=http://az.apa.az/news/294131)



Daha bir məqam da xüsusi diqqət çəkir: NED ötən il guya dünyada demokratik azadlıq carçıları olan 30 yaşdan aşağı 30 gənc müəyyən etmişdi.



“Under 30” adlandırılan seçimdə niyəsə dünyanın çoxlu ölkələri (həmçinin Ermənistan) qala-qala Azərbaycandan birdən-birə 3 nəfərin adı var idi. Onlar NED-in hər il yüzminlərlə dollar məbləğdə maliyyə yardımı ayırdığı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun sədri Emin Hüseynlinin qardaşı Mehman Hüseynov (https://azvision.az/redirect.php?url=http://www.ned.org/30years/mehman-huseynov-azerbaijan/ ), ABŞ-da təhsil almış müxalifyönümlü blogger Bəxtiyar Hacıyevin “sağ əli” sayılan Nərmin Rəhimli ( https://azvision.az/redirect.php?url=http://www.ned.org/30years/narmin-rahimli-azerbaijan/), “Turan” Agentliyinin rəhbəri Mehman Əliyev və qalmaqallı hüquq müdafiəçisi Leyla Yunusun gənc kadrı kimi ad çıxarmış Rəsul Cəfərov ( https://azvision.az/redirect.php?url=http://www.ned.org/30years/rasul-jafarov-azerbaijan/) idilər.








“Demokratiyada məxfi şəbəkə” izi

Rəsul Cəfərovun həmçinin amerikalı keçmiş diplomat, hazırda hüquq müdafiəçisi adı altında intensiv olaraq Azərbaycan əleyhinə təhqiramiz, qərəzli yazılarla çıxış edən Rebecca Vincent-lə yaxın təmasları var. Hətta Rəsul Cəfərov Rebecca Vincent-in Azərbaycan əleyhinə təşkil etdiyi «Demokratiya naminə İncəsənət kampaniyası»nın layihə koordinatoru olub. Bu isə daha bir qarayaxma kampaniyasının- «Demokratiya naminə Oxu» («Sing for democracy») kampaniyasının bazasında yaradılmışdı. Çox maraqlıdır ki, Bakıda Avroviziya ərəfəsində NED tərəfindən maddi dəstəklənmiş «Sing for democracy» layihəsi Füzuli və Şəmsi Bədəlbəyli küçələrində evləri plana düşərək sökülən sakinlərin “etiraz”ları ilə eyni vaxtda təsadüf edirdi. Lakin bu günə kimi NED-in «Sing for democracy» adı altındakı layihəsinə sərf etdiyi məbləğ açıqlanmır.



(Fotoda: Rəsul Cəfərov Rebecca Vincent-lə birgə)



Maraqlıdır ki, Rəsul Cəfərov həmçinin ABŞ Konqresinin maliyyələşdirdiyi Azadlıq radiosunun əməkdaşı Xədicə İsmayılla da sıx təmasdadır. Onların ABŞ üçün Azərbaycandan lazımi məlumatları bir yerdə hazırlayıb ötürməsi haqqında çoxsaylı informasiyalar mövcuddur.



ABŞ-ın Helsinki Komissiyasının Azərbaycan üzrə növbədənkənar dinləmələrinin digər “siması”- Miriam Lanskoy isə NED-in Rusiya və Avrasiya üzrə direktorudur. O, 2013-cü il Azərbaycanda seçki ilində açıq mətnlə müxalifətin beynəlxalq təbliğatçısı kimi çıxışlar etməsinə, hakimiyyət əleyhinə məqalələr yazmasına baxmayaraq bir şey əldə edə bilməməsinə görə qəzəblidir.



Ötən il ABŞ Helsinki Komissiyasının Konqresdə keçirdiyi xüsusi dinləmələrdə də o, qərəzli yanaşmaları ilə seçilmişdi. Miriam Lanskoy Azərbaycan məhkəmələri əvəzindən də qərar verməyə həvəsli şəxsdir. Məsələn, o, ötənilki dinləmələrdə deyirdi: “Biz İlqar Məmmədovu yaxşı tanıyırıq. O, nə İranın, nə də Rusiyanın agenti deyil”. Görünür, M.Lanskoy İlqar Məmmədovun “ABŞ-ın agenti” olmasına işarə edirdi.



NED-in Avropa ölkələrində geniş maliyyə və təsir imkanlarına malik olması sirr deyil. Elə İlqar Məmmədovun Avropa Məhkəməsində işinə sürətlə baxılıb qərar çıxarılması da olduqca təəccüblüdür. NED-in Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoyun müdafiə etdiyi REAL-çı İlqar Məmmədovun işi Avropa Məhkəməsində heyrətamiz dərəcədə operativ və sürətli keçib. İlqar Məmmədovun iddiası 2013-cü il fevral ayında Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilib. Həmin ilin aprelində məhkəmə iş üzrə kommunikasiyaya başlayıb və bu ilin mayın 22-də isə son qərar artıq açıqlanıb. Cəmi 1 il 2 aya.

Müqayisə üçün demək lazımdır ki, Azərbaycanın Laçın rayonundan olan məcburi köçkünlər Avropa İnsan Hüquqları Məhkəməsinə hələ 2005-ci il aprelin 6-da iddia ilə müraciət etsələr də, “Çıraqov və başqaları Ermənistana qarşı” adı ilə məşhur olan bu iş 5 il sonra (!) - 2010-cu il martın 9-da məhkəmənin Böyük Palatasına verildi. Aradan illər də ötsə də, iş üzrə prosedurlar faktiki olaraq uzadılır. İddia ərizəsinin Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim olunmasından 9 ildən çox vaxt keçsə də, son qərar hələ də açıqlanmayıb.



Azərbaycana qarşı ikili standartlar isə yeni hadisə deyil. ABŞ-ın Helsinki Komissiyası formatında keçirilən müzakirələr isə sonradan “süni faktlar” əsasında hazırlanan qeyri-obyektiv hesabatların informasiya mənbəyinə çevrilir. ABŞ-ın «Human Right Watch» təşkilatı buna bariz nümunədir. Eyni qərəzli münasibəti ABŞ-ın «Human Right Watch» təşkilatında da müşahidə edə bilərik. Bu təşkilat tez-tez Azərbaycanla bağlı iftira xarakterli, yalan məlumatlar əsasında hesabatlar yayır. “Human Rights Watch”un idarə heyətində Nyu-York Korneqi Koorporasiyasının sədri Vartan Qriqorianın- erməni əsilli şəxsin təmsil olunması, görünür, təşkilatın Ermənistan ilə bağlı daim epizodik məqamlarla kifayətlənməsində, Azərbaycana qarşı isə müntəzəm olaraq əsassız və qərəzli mövqe tutmasında həlledici rol oynayır. (https://azvision.az/redirect.php?url=http://www.hrw.org/node/76172 )





Və ya çox sadə axtarışla Azərbaycan və Ermənistandakı hadisələrə ABŞ-ın «Human Right Watch» təşkilatının necə yanaşdığını müşahidə etmək olar. Bu təşkilatın rəsmi səhifəsindəki axtarış yerinə “Azerbaijan” və “Armenia” sözlərini yazmaq kifayətdir. Azərbaycanda guya insan haqlarının pozulmasına dair çoxsaylı materiallara rart gəlinsə də, Ermənistanda belə bir hal “yaşanmır”.





Maraqlıdır ki, «Human Right Watch» Leyla Yunusun da qızğın müdafiəçiləri sırasındadır. ABŞ-ın məxfi strukturlarının təlimatları əsasında fəaliyyət göstərən bu təşkilat Azərbaycanda yüzminlərlə insanın- qaçqın və məcburi köçkünlərin pozulmuş insan hüquqlarından heç vaxt bəhs etməsə də, ABŞ-a “lazımi” məlumatları ötürən, Ermənistanla sıx bağlılığı olan şəxsləri müdafiə edir.

Beləliklə, ABŞ-ın Helsinki Komissiyasının Azərbaycan üzrə növbədənkənar dinləməsinin kimlər tərəfindən və necə qərəzli, iftira xarakterli məlumatlar əsasında təşkil olunduğu aydın olur. Görünür, bu komissiyada hələ də anlamırlar ki, Azərbaycan onunla təzyiq dilində danışmağı heç vaxt qəbul etmir. Rəsmi Bakının prinsipial və müstəqil xarici siyasət xəttində ayrılıqda Helsinki Komissiyasının bəyanatları deyil, Helsinki Yekun Aktı prioritetdir. Xatırlatmaq yerinə düşər ki, Helkinski Yekun Aktında ilk növbədə dövlətlərin suveren sərhədlərinin toxunulmazlığı və ərazi bötövlüyü prinsipləri öz əksini tapıb. Helsinki Komissiyası bir dəfə də olsun Ermənistan tərəfindən işğal olunmuş 20 % Azərbaycan torpaqları ilə bağlı İrəvanın işğalçılıq siyasətini tənqid etməyib.



Sadalanan faktlardan da görünür ki, bu dinləmələrə əsasən Azərbaycana qarşı birmənalı münasibəti olmayan qərəzli şəxslər toplaşıb. Beynəlxalq münasibətlərin reallığı daha da sərtləşərək və ədalət prinsipini itirərək dünyanın müxtəlif ölkələrində insan hüquqlarının pozulması faktlarına təəssüf ki, tamamilə fərqli prizmadan yanaşır. Nə üçün ABŞ-ın Helsinki Komissiyası azərbaycanlı qaçqın və məcburi köçkünlər öz torpaqlarına niyə qayıda bilmədiyini müzakirə etmir? Cavab sadədir, bu cür “insan hüquqları” məsələsi Vaşinqtonun əlində suveren dövlətin daxili işlərinə qarışmaq, təzyiq göstərmək üçün yaxşı alətdir.

Komissiyanın dinləmələrinə bir neçə saat qalmış qəfil ABŞ-ın Freedom House təşkilatının, Karneqi Fondunun, amerikalı “hüquq müdafiəçiləri”- Vebekka Vinsent, Keti Pirs, Den Frilon, Sarah Kendziorun fəallaşması onu göstərir ki, onların hamısı eyni mərkəzdən koordinasiya edilir. Yuxarıda sadalanan faktlar bu dinləmələrin obyektivliyini və qərəzsizliyini şübhə altına qoyur.

` 1news.az`-ın analitik qrupu



Teqlər:





Xəbər lenti