İnformasiya təhlükəsizliyimiz etibarlı şəkildə təmin olunur

   İnformasiya təhlükəsizliyimiz etibarlı şəkildə təmin olunur
  14 Dekabr 2023    Oxunub:3166
Azərbaycan dövlətinin rəsmən elan edilən prioritetlərindən biri də təhlükəsizlik sahəsidir. Dövlət başçısının güc strukturlarının idarəetməsinin strateji rabitə sisteminin təşkilindən və informasiyanın təhlükəsiz, sabit və dayanıqlı şəkildə aidiyyəti üzrə ötürülməsindən birbaşa asılı olduğunu nəzərə alsaq, xüsusi rabitənin və onun təhlükəsizliyinin böyük əhəmiyyət daşıdığı aydınlaşar.
Azərbaycan Prezidenti İlham Əliyev milli informasiya ehtiyatlarının qorunmasını və informasiya sahəsində milli maraqların müdafiəsini dövlətimizin milli təhlükəsizlik siyasətinin əsas istiqamətlərindən biri kimi elan edib. Təhlükəsizliyin təminatı müstəvisində hazırda bütün güc strukturları, o cümlədən Müdafiə nazirliyi, Dövlət Sərhəd xidməti, Dövlət Təhlükəsizlik xidməti, Xarici Kəşfiyyyat xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət xidməti fəaliyyət göstərir.

Təhlükəsizlik sahəsində aidiyyəti üzrə mühüm vəzifələri icra edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət xidməti (XRİTDX) ən məxfi dövlət qurumlarından biri olduğundan, onun fəaliyyəti xüsusi maraq doğurur. Hərçənd, bu qurum haqqında məlumat almaq və ya toplamaq heç də asan iş deyil.

XRİTDX-in yaranma tarixi

1994-cü il oktyabrın 1-də Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə orqanlarını Baş Mühafizə idarəsinin maddi-texniki təchizat şöbəsinin tərkibində “Rabitə və texniki bölmə” kimi yaradılan qurum sonralar müstəqil şöbə, idarə və departament kimi fəaliyyətini Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə xidmətinin strukturunda davam etdirib. Azərbaycan Prezidentinin 2012-ci il 26 sentyabr tarixli, 708 nömrəli Fərmanına əsasən Xüsusi Dövlət Mühafizə xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət agentliyi yaradılıb. Dövlət başçısının16 mart 2020-ci il tarixli 957 nömrəli Fərmanı ilə isə Agentliyin bazasında ayrıca Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət xidməti təsis olunub.


Azərbaycan Prezidenti İlham Əliyevin 22 dekabr 2021-ci ildə imzaladığı Fərmanla Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət xidməti haqqında Əsasnamə, xidmətin strukturu, hərbi qulluqçuların və mülki işçilərin say həddi, ali zabit heyəti vəzifələrinin siyahısı təsdiq edilib. Dövlət başçısının 15 iyul 2022-ci il tarixli sərəncamı ilə general-leytenant İlqar Əli oğlu Musayev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət xidmətinin rəisi vəzifəsinə təyin olunub.

XRİTDX-in vəzifələri


Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət xidməti dövlət orqanları üçün xüsusi təyinatlı informasiya-kommunikasiya sistemlərinin və şəbəkələrinin, idarələrarası elektron sənəd dövriyyəsinin, dövlət orqanlarının İnternet şəbəkəsi ilə əlaqəsinin, onların informasiya resurslarının məlumat və resurs mərkəzində yerləşdirilməsinin təşkilini, istismarını, təhlükəsizliyini və inkişafını təmin etmək, dövlət mühafizə obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyi məqsədilə xüsusi texniki tədbirləri həyata keçirir. Dövlət orqanlarında kibertəhlükəsizlik sahəsində hazırlığın artırılması, bu sahədə qabaqlayıcı tədbirlərin görülməsi, İnternet resurslarının və informasiya sistemlərinin təhlükəsizlik parametrləri üzrə monitorinqinin həyata keçirilməsi və bu sistemlərin kibertəhlükəsizliyinin artırılması istiqamətində dövlət orqanlarına texniki və metodiki dəstək də bu xidmətin əsas vəzifələri sırasındadır.

Xidmət, həmçinin dövlət qurumlarının ölkə daxilində və xaricində istənilən növ informasiya mübadiləsinin kriptoqrafik mühafizəsini və məxfiliyini təmin edir. İnformasiyanın ötürülməsində məlumat təhlükəsizliyinin qorunması xidmətin prioritet iş prinsiplərindən biridir.

Hüquqi-normativ sənədlər

Azərbaycan Respublikasının Konstitusiyası, qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət xidmətinin fəaliyyətini tənzimləyən bütün normativ hüquqi aktlar, təlimatlar, əsasnamə, göstəriş və tövsiyələr qurumun fəaliyyətində rəhbər tutulur və bütün tədbirlər həmin aktların tələblərinə uyğun şəkildə həyata keçirilir.
Bu normativ hüquqi aktlara “Əməliyyat-axtarış fəaliyyəti haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının qanunları, “Əməliyyat-axtarış fəaliyyəti subyektlərinin səlahiyyət bölgüsü haqqında”, “İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyətin təkmilləşdirilməsi haqqında”, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanları, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət xidmətinin əsasnaməsi və s. daxildir.

İnformasiya təhlükəsizliyinin əhəmiyyəti

Hazırda milli informasiya ehtiyatlarının mühafizəsi sisteminin davamlı inkişafının təminatı üçün səylərin səfərbər edilməsinə, informasiyanın mühafizəsi sahəsində bütün aidiyyəti strukturların fəaliyyətinin əlaqələndirilməsinə, bu sahədə maarifləndirmə işinin gücləndirilməsinə ciddi ehtiyac yaranıb.

İnformasiyanın ən qiymətli resurslardan birinə çevrildiyi müasir dövrdə onun təhlükəsizliyinin təmin edilməsi hər bir dövlət, struktur və ya fərdi istifadəçi üçün mühüm əhəmiyyət daşıyır.

Dövlət idarəçiliyində iştirak edən şəxslərin və qurumlarının effektiv və təhlükəsiz fəaliyyəti üçün onların malik olduğu rabitə kanallarının və bu kanallar vasitəsilə ötürdüyü informasiyanın təhlükəsizliyi böyük əhəmiyyət kəsb edir.

İnformasiya təhlükəsizliyinin təminatı informasiyaya icazəsiz müdaxiləni, onun sızmasının, dəyişdirilməsinin və silinməsinin qarşısını almaq üçün istifadə olunan metodları, alətləri və prosesləri özündə ehtiva edir.

İnformasiya təhlükəsizliyinə bir çox aspektlər, o cümlədən hakerlərə, casuslara, müxtəlif viruslara və kiberhücumlara qarşı mühafizə, həmçinin məlumatların sızmasına və ya məxfi məlumatların fişinqinə (gizli istifadəçi məlumatlarını - istifadəçi adı, şifrə, şəxsi hesab məlumatlarını əldə etmək) qarşı tədbirlər aiddir.

Bu baxımdan, informasiya təhlükəsizliyinin təminatı üçün əsas tələblər müəyyənləşdirilib.

1) Məxfilik, yəni nformasiyanı yalnız onu almaq hüququ olan şəxslər əldə etməlidir. Bütövlük, yəni məlumat kənar müdaxilə və icazəsiz dəyişikliklərdən etibarlı şəkildə qorunmalı və ötürülməlidir.
2) Əlçatanlıq, yəni informasiya yalnız onu əldə etmək hüququ olan şəxslər üçün və müəyyən müddət çərçivəsində əlçatan olmalıdır.


XRİTDX-nın layihə və resursları

Hazırda XRİTDX tərəfindən idarə olunan bir neçə aşağıda adları sadalanan layihə və resurslar mövcuddur:

“İnformasiya Təhlükəsizliyi” jurnalı
Resurs İdarəetmə Mərkəzi
“Qara siyahı” İnformasiya Resursu
İNQBKT Elektron Buraxılış sistemi
Yoluxmuş İP Məlumatlandırma xidməti
İnformasiya Təhlükəsizliyi Kitabxanası
Daxili İnformasiya Mübadilə sistemi
Zərərvericilərin analizi üçün MAX proqram təminatı


AzStateNet

İnformasiya təhlükəsizliyinə həmçinin şəbəkələrin və məlumat saxlama sistemlərinin təhlükəsizliyini təmin edən tədbirlər də daxildir. Bu tədbirlər çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haker hücumundan qorunma, antivirus proqram təminatından istifadə, “fişinq” və məlumat sızmasından qorunmanı təmin etməklə bərabər çoxpilləli filtrlərə malik AzStateNet (Azerbaijan State Network) qapalı internet şəbəkəsinin yaradılaraq, dövlət və özəl sektorda çalışan qurumların istifadəsinə verilib.

AzStateNet şəbəkəsi Azərbaycan Respublikasının mərkəzi və yerli dövlət hakimiyyəti orqanları üçün internet şəbəkəsinin mühüm seqmentidir. Bu şəbəkə Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanı statusuna malik olan təşkilatlara məxsus ərazi üzrə paylanmış şəbəkələri və daxilolma serverlərini özündə birləşdirir. AzStateNet istifadəçilərə internet şəbəkəsinin informasiya məkanına daxilolma imkanı verir və öz serverlərində yalnız Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının fəaliyyətinə aid olan rəsmi məlumatları yerləşdirir.


Şəbəkə əsas və ərazi idarəetmə mərkəzləri olan iyerarxik struktura malikdir. Onun idarə edilməsinin əsas mərkəzi (AzStateNet şəbəkəsinin əsas qovşağı), habelə ərazi seqmentlərinin idarəetmə mərkəzləri Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin sərəncamındadır.

Əsas gov.az domeninin inzibatlaşdırılmasını, gov.az subdomenlərinin qeydiyyatını, habelə əsas gov.az domeninin serverlərinə qoşulan AzStateNet şəbəkəsinin abunəçiləri üçün İP ünvanlarının verilməsi də Xidmət tərəfindən həyata keçirilir.

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası

Normativ sənədlərə əsasən informasiya təhlukəsizlik qaydalarına riayət olunmasına ümumi nəzarət tərkibində XRİTDX-nin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya Resursları və Texnologiyaları Mərkəzinin, Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının səlahiyyətli nümayəndələri olan Koordinasiya Komissiyası tərəfindən həyata keçirilir.

Prezident İlahm Əliyevin sərəncamı ilə yaradılan İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyası ölkədə informasiya məkanının təhlükəsizliyinin təminatına, dövlət və cəmiyyət üçün mühüm əhəmiyyət kəsb edən infrastruktur obyektlərinin informasiya ehtiyatlarının kiberhücumlardan qorunmasına, belə təhdidlərin qabaqlanmasına, qarşısının alınmasına və araşdırılması sahəsində fəaliyyət göstərən dövlət qurumlarının işinin əlaqələndirilməsinə münbit şərait yaradır.

Komissiyanın işçi qruplarında informasiya mübadiləsinin intensiv şəkildə aparılması üçün xüsusi “Məlumat Mübadilə Sistemi” platforması hazırlanaraq Komissiyanın işçi qruplarının istifadəsinə verilib.

Hazırda Komissiyanın tərkibində fəaliyyət göstərən işçi qruplar və cəlb edilən müstəqil ekspertlər “Azərbaycan Respublikasının 2022-2025-ci illər üçün İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik üzrə Milli Strategiyası” və müvafiq olaraq 3 illik “Tədbirlər Planı” üzrə fəaliyyətlərini uğurla həyata keçirir.

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİQMM)

Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİQMM) dövlət orqanlarında baş vermiş kompüter insidentlərinin koordinasiyasını və kiber təhlükəsizlik məsələlərini həyata keçirir. Bunun üçün KİQMM-in funksiyaları müəyyənləşdirilib:

- kompüter təhlükəsizliyinə müasir təhdidlər haqqında istifadəçilərdən, kompüter texnikası və proqram təminatı istehsalçılarından, xarici ölkələrdəki analoji strukturlardan alınan informasiyanın, eləcə də konkret kompüter insidentlərinə, kompüter sistemlərinin qorunması üçün tətbiq edilən proqram-texniki vasitələrin effektivliyinə aid materialların toplanması, təhlili və müvafiq məlumat bazalarında yığılması;
- kompüter təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi əsasında dövlət orqanlarındakı istifadəçilər üçün informasiya sistemlərinə qanunsuz müdaxilə hallarının qarşısının alınmasını təmin edən ən səmərəli proqram-aparat vasitələrinin tətbiq olunmasına dair tövsiyələrin işlənib hazırlanması, istifadəçilərə məsləhət xidmətləri və texniki kömək göstərilməsi;
- kompüter sistemlərinə xaker hücumlarının qarşısını almaq üçün məlumatların operativ qəbulu və təcili kömək göstərilməsi, internet şəbəkəsinin və digər informasiya sistemlərinin, o cümlədən lokal və korporativ sistemlərin istifadəçilərinə kompüter təhlükəsizliyinə yaranan təhdidlər haqqında vaxtında məlumat verilməsi və kompüter insidentlərinin təhqiqatında dövlət orqanlarına kömək göstərilməsi;
- kompüter təhlükəsizliyinin təminatına dair proqram və texniki vasitələrin seçilməsində məsləhətlər verilməsi, kompüter sistemlərinin qorunması üçün proqram vasitələrinin nöqsanları və çatışmazlıqları aşkarlandıqda proqram təminatı satıcıları ilə əməkdaşlıq edilməsi;
- dövlət müəssisələrinin informasiya təhlükəsizliyi bölmələrinin yaradılmasında və müvafiq normativ sənədlərin işlənib hazırlanmasında onlara kömək göstərilməsi;
- kompüter cinayətləri və informasiya təhlükəsizliyinin hüquqi təminatı məsələlərinə dair müvafiq qurumlarla, xarici ölkələrdəki “CERT” şöbələri ilə qarşılıqlı fəaliyyət və əməkdaşlıq, informasiya və iş təcrübəsi mübadiləsi;
- dövlət orqanlarının müvafiq bölmələri ilə kompüter insidentləri haqqında zəruri informasiyanı vaxtında əldə etmək üçün qarşılıqlı fəaliyyət göstərmək və kompüter hüquq pozuntularının (xaker və virus hücumlarının) qarşısının alınmasında köməklik göstərilməsi və təlimatların keçirilməsi;


KİQMM Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün təqdim edilən və yayılan informasiyaya görə öz səlahiyyətləri həddində məsuliyyət daşıyır.
Mərkəz bu və ya digər sistemlərin və resursların fəaliyyətini dayandırmaq səlahiyyətinə malik deyil, lakin həmin məsələlərin həll edilməsi üçün onların müvafiq hüquq-mühafizə orqanlarına verilməsi hüququnu özündə saxlayır.

Mərkəz öz fəaliyyətində müxtəlif səpkili kompüter insidentlərini nəzərdən keçirir və emal edir:
- şəbəkələrin baza qovşaqlarının və iri server resurslarının iş qabiliyyətinin pozulması, sistem informasiyasının dağılması və ya nüfuzdan salınmasına səbəb ola biləcək hücumlar;
- inzibatçı imtiyazları əldə etməyə yönəlmiş hər hansı şəbəkə hücumları;
- dövlət orqanlarının informasiya resurslarına və ayrı-ayrı hostlara DoS (Denial of Service) və DDoS hücumlar;
- kompüter viruslarının məqsədyönlü şəkildə göndərilməsi, informasiya şəbəkələrinin qorunması sistemlərinin o cümlədən zərərli proqramlar (sniffer, rootkit, keylogger və s.) tətbiq edilməsi yolu ilə dağıdılması;
- milli informasiya şəbəkələrinin və hostların skanlaşdırılması;
- parolların və başqa autentifikasiya informasiyasının seçilməsi və ələ keçirilməsi;
- informasiya resurslarından sanksiyalaşdırılmamış istifadə.


XRİTDX Vətən müharibəsində

Vətən müharibəsi başladığı andan XRİTDX-nin şəxsi heyəti Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və digər qurumların əməliyyatlar zonasında yerləşən qərargahlarını etibarlı xüsusi rabitə, internet və data xidmətləri ilə təmin etməklə bərabər dövlət informasiya sistemlərini kiber hücumlardan qorumaq üçün fasiləsiz iş rejimində çalışıb.

Digər güc strukturlarında olduğu kimi XRİTDX-nin şəxsi heyəti Vətən müharibəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib. Təbii ki, Ermənistan tərəfinin Azərbaycana qarşı başladığı genişmiqyaslı hücum əməliyyatları yalnız quru qoşunlarının, zirehli birləşmələrin və artilleriya vasitələrinin hücumu ilə məhdudlaşmırdı. Ermənistanın xüsusi xidmət orqanlarının rəhbərliyi altında müxtəlif haker qrupları Azərbaycanın demək olar ki, bütün dövlət strukturlarının resurslarına qarşı kiberhucumlar həyata keçirirdi.

XRİTDX-nin digər məlum olan fəaliyyəti Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində geniş miqyasda tətbiq etdiyi PUA-larla bağlıdır. Ermənistan ordusunun qorxulu röyasına çevrilən “Bayraqdar TB2” PUA-ları müharibə zamanı düşmənin nəzarətində olan ərazilərdə fəaliyyət göstərirdi. Qoşunlarımızın sürətlə irəlləməsi və PUA-ların düşmən müdafiə zolağının bütün dərinliyində fəaliyyətini təmin etmək vəzifəsi, pilotsuz vasitələrin idarəetmə stansiyalarının qısa bir zamanda yerdəyişməsini zəruri edirdi. XRİTDX Vətən müharibəsində bu vəzifənin öhdəsindən layiqincə gəldi.


Bundan başqa ordumuz Vətən müharibəsində ərazilərimizi düşməndən təmizlədikcə, irəlləyən qoşunların idarə olunmasında XRİTDX-nin MDB məkanında ilk dəfə və uğurla təqdim etdiyi TETRA radiorabitə sistemi xüsusi rol oynayıb. TETRA-nın onlarla baza stansiyalarının müharibədən əvvəl təmas xəttinə yaxın ərazilərdə yerləşdirilməsi aidiyyəti üzrə rəhbər şəxsləri etibarlı və şifrəli rabitə ilə təmin etdi. Müharibə zamanı xaricdən TETRA sistemlərinin ölkəmizə gətirilməsi yönündə çətinliklərə baxmayaq, Xidmət rəhbərliyi güc strukturlarının təminatında fasilə yaranmasına imkan vermədi.

Vətən müharibəsindən sonra azad edilən ərazilərdə TETRA şəbəkəsi genişləndirilməklə yanaşı, əməliyyatlar zamanı sıradan çıxan stansiyalar yeniləri ilə əvəzlənib.

2023-cü ilin sentyabr ayında keçirilən antiterror tədbirləri zamanı XRİTDX Xankəndi, Ağdərə və Xocalı rayonlarında dövlət strukturlarının etibarlı idarəçiliyni və təhlükəsiz məlumat mübadiləsini təmin etmək məqsədilə operativ şəkildə TETRA radioəlaqə şəbəkəsini yaradaraq istifadəyə verdi. Hazırda azad olunan ərazilərdə “AzststeNet” şəbəkəsinin genişləndirilməsi üzrə işlər davam etdirilir.

Bundan başqa, operativ idarəetmənin təminatı üçün qoşunların və birliklərin idarəetmə məntəqələrinə optik kabellər çəkilib və xüsusi təyinatlı rabitə xidmətləri təmin olunub. Ali Baş Komandanın müharibədə iştirak edən qüvvələrin komanda idarəetmə məntəqələri ilə şəxsən əlaqə saxlaması, ordu və qoşun komandanlarını şəxsən idarə etməsi və hər uğurlu əməliyyatdan sonra generallar ilə məhz xüsusi təyinatlı rabitə vasitəsilə əlaqə saxlayıb onları təbrik etməsi də bu qəbildən olan məqamlardır.

Əməliyyat və döyüşlərdə iştirak edən birlik və hissələrin idarə olunmasında hamımızın yaxşı tanıdığı komandanların - general-polkovnik Kərim Vəliyevin, general-leytenant Hikmət Mirzəyevin, general-mayor Münasim Babayevin, general-mayor Mais Barxudarovun, general-mayor Anar Kərimovun, polkovnik Eldəniz Namazovun və digərlərinin TETRA-dan istifadə etdiyini dəfələrlə şahidi olmuşuq. Müharibənin gedişatı zamanı rəhbər şəxslərin istifadə etdiyi rabitə vasitələrinin təkrar şifrələnməsi də XRİTDX-nin əməkdaşları tərəfindən həyata keçirilib.


Bundan əlavə, XRİTDX döyüş bölgəsində Azərbaycan Respublikasının Kosmik Ağentliyi “Azərkosmos” publik hüquqi şəxsin mobil operatorlarının və internet provayderlərinin resurslarından operativ əlaqənin yaradılmasında məharətlə istifadə edib.
Vətən müharibəsində XRİTDX dövlət informasiya resurslarını hədəf alan 3 minə yaxın kiberhücumun qarşısını alıb.

XRİTDX Vətən müharibəsindən sonra

Vətən müharibəsindən sonra, 2022-ci ilin avqustunda Azərbaycan ordusunun keçirdiyi “Qisas” əməliyyatı zamanı 7 kiberqruplaşma tərəfindən 15-i dövlət qurumu olmaqla ümumilikdə 72 informasiya resursuna qarşı intensiv DDOS kiberhücumları olub. 15 qurumdan 11-i “AzstateNet” şəbəkəsindən istifadə etdiyi üçün qabaqlayıcı tədbirlər görülməsi nəticəsində onların fasiləsiz fəaliyyəti təmin olunub.

2023-cü il ərzində Xidmət tərəfindən 1000-ə qədər kiberhücum indikatoru, təxminən 81 milyon zərərli keçid, 873 min zərərli virus yeni nəsil avadanlıqların və mərkəzləşdirilmiş antivirus sisteminin köməyi ilə müəyyənləşdirilərək bloklanıb. İstər müharibədən əvvəl, istərsə də müharibədən sonra XRİTDX Ali Baş Komandan İlham Əliyevin və digər yüksək vəzifəli şəxslərin videokonfrans rejimində görüşlərini və qəbullarını yüksək səviyyədə təşkil edir. Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinin rəsmi şəkildə özündə əks etdirən üçtərəfli Birgə Bəyanatın imzalanmasına aid videokonfransın müəllifi də XRİTDX əməkdaşları olub.

Nəticə

XRİTDX informasiya proseslərinin mühafizəsi, dövlət orqanlarının informasiya ehtiyatlarının qorunması, bu sahədə təhdidlərin qarşısının alınması, dövlət və qeyri-dövlət informasiya infrastruktur subyektlərində kibertəhlükəsizlik sahəsində risklərin qiymətləndirilməsi və idarə olunması ilə bağlı çox vacib fəaliyyətlər həyata keçirir.

Vətən müharibəsində yeni-yeni ərazilərin azad olunmasından sonra qoşunlarımızın yerdəyişməsi və növbəti əməliyyatlara hazırlığı mütləq şəkildə dayanıqlı, sabit və təhlükəsiz xüsusi rabitə tələb edirdi. Bu sərt tələblərə cavab verən rabitəni məhz XRİTDX və onun hazırda müharibə veteranı olan şəxsi heyəti təmin edirdi.

Xüsusi rabitə növlərindən istifadə qaydalarının və istifadəçi siyahılarının Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılması bu sahənin dövlət üçün nə qədər böyük əhəmiyyət daşıdığını sübuta yetirir. Milli təhlükəsizliyin təmin edilməsi məqsədilə çoxsaylı sərəncamlar imzalayan dövlət başçımız, xüsusi rabitə və informasiya təhlükəsizliyi sektorunun inkişafına və texniki təchizatına, bu sahədə çalışan hərbi qulluqçuların fəaliyyətinə daim yüksək qayğı və diqqət sərgiləyir. Ali Baş Komandan İlaham Əliyev XRİTDX-nin şəxsi heyətinin Vətən müharibəsindəki fədakar fəaliyyətini yüksək qiymətlərndirərək onların bir çoxunu müxtəlif orden və medallarla təltif etdi.

Yuxarıda sadalanan faktlar bir daha informasiya təhlükəsizliyinin müasir həyatın son dərəcə vacib aspekti olduğunu və onun əhəmiyyətinin getdikcə artdığından xəbər verir. Azərbaycanın bütün dövlət qurumları, güc strukturları, müdafiə sənayesi, enerji, maliyyə və bank sektoru özlərini yeni növ kiberhücumlardan qorumaq və məlumatlarının təhlükəsizliyini təmin etmək üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə yaxından əməkdaşlıq etməlidir və edir.

İnformasiya təhlükəsizliyi daim sabit qalan bir anlayış deyil, elm və texnologiya inkişaf etdikcə, yeni təhdid növləri yaranır, hakerlərin istifadə etdiyi metodlar da dəyişir və inkişaf edir. Buna görə də Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti resurslarımızı yeni növ kiberhücumlardan və hakerlərdən qorumaq üçün “silahsız döyüş” üsullarını, metodlarını və alətlərini daim yeniləyirlər.

2023-cü il oktyabrın 26-27-də Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin birgə təşkilatçılığı ilə Bakıda “Critical Infrastructure Defence Challenge 2023” (CIDC-2023) adlı ilk Kiber festivalı keçirildi. Kiberhücumların simulyasiyası ilə həyata keçirilən “Kibermüharibə” yarışında iştirakçı komandalar onlara təhkim olunmuş virtual informasiya sistemlərinin müdafiəsini quraraq verilmiş infrastrukturun kiberhücumlara qarşı təhlükəsizliyini təmin etməli oldular. Həmçinin, tədbir çərçivəsində 6 müxtəlif istiqamət üzrə həm yeni başlayanlar, həm də peşəkarlar üçün “master-klass”lar, yerli və xarici ekspertlər tərəfindən isə ixtisasartırma təlimləri keçirildi.


CIDC-2023 dövlət qurumları, kritik infrastrukturlar, maliyyə və telekommunikasiya sektorları əməkdaşlarının informasiya təhlükəsizliyi üzrə təcrübə, bilik və bacarıqlarının təkmilləşdirilməsi, dövlət və özəl sektorlararası koordinasiyanın gücləndirilməsi, yeni tenoloji həllərlə tanışlıq və ixtisasartırma istiqamətində atılan mühüm addımlardan biridir.

Bütün bunlarla yanaşı Xidmətin əməkdaşları imkanlarını artırmaq üçün sistematik qaydada müttəfiq ölkələrdə ezamiyyətlərə göndərilir və burada keçirilən kurslarda təhsil alır, beynəlxalq tədbirlərdə iştirak edirlər. Keçirilən görüş və müzakirələrin nəticəsi olaraq bəzi ölkələrlə beynəlxalq səviyyədə anlaşma memorandumları və protokollar imzalanıb.
Sadalanan məqamlar Xidmətin həyata keçirdiyi fəaliyyətlərin mətbuata açıqlana biləcək kiçik bir hissəsidir. Bircə bunu demək kifayətdir ki, XRİTDX mühafizəsini təşkil etdiyi bütün elektron informasiya resurslarına 24/7 fasiləsiz xidmət göstərir və onların monitorinqini aparır.

Azərbaycan dövlətinin həyata keçirdiyi müstəqil siyasətin təhlükəsizlik komponentinin vacib bir hissəsi olan və öz vəzifələrini layiqincə yerinə yetirən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin öz fəaliyyətində yeni uğurlara imza atacağı heç bir şübhə doğurmur.

Ədalət Verdiyev, hərbi ekspert
AzVision.az






Teqlər: XRİTDX   fəaliyyət  





Xəbər lenti