"Post-konflikt dövründə turizmin inkişafı üzrə ən yaxşı təcrübələr öyrənilməlidir"

"Post-konflikt dövründə turizmin inkişafı üzrə ən yaxşı təcrübələr öyrənilməlidir"
  29 İyul 2024    Oxunub:1733
Anar Məhərrəmov: "Azərbaycanın nəinki işğaldan azad olunan ərazilərində, bütün bölgələrdə turizmlə bağlı maarifləndirici tədbirlərə ciddi ehtiyac duyulur"
İşğaldan azad edilmiş ərazilərimizdə ətraf mühitin qorunması, ekoturistik standartlara əməl edilməsi və bu baxımdan bölgənin potensialından düzgün istifadə iqtisadi reinteqrasiyada vacib amillərdəndir. Azad edilmiş ərazilərimizə əhalinin kütləvi qayıdışı, orada yaşayış məntəqələrinin, müasir infrastrukturun yaradılması Qarabağı cəmiyyətimizə yenidən qazandırmış oldu. Bununla belə, bu ərazilərin kütləvi məskunlaşması, eyni zamanda, Qarabağa artan beynəlxalq maraq, xarici turistlərin səyahət həvəsi bölgədə turizm, xüsusən də ekoturizm standartlarının oturuşmasını aktuallaşdırır. Mövzu ilə bağlı ekspertlərin, elm adamlarının fikir və təklifləri cəmiyyətimiz üçün maraq kəsb edir.

Müsahibimiz turizm sahəsində aktiv fəaliyyət göstərən, hotelçilikdə geniş təcrübəyə malik olan ictimai fəal Anar Məhərrəmovdur.
- İşğaldan azad edilmiş ərazilərdə ətraf mühitin, o cümlədən su hövzələrinin və onlardakı bioresursların, həmçinin digər təbii resursların qorunması çərçivəsində həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?
-Azad olunmuş ərazilərdə yenidənqurma işləri və su hövzələrinin, su anbarlarının qorunub saxlanılması, bərpası və s. bu istiqamətdə görülən işlərdən xeyli danışmaq olar. Təkcə Sərsəng su anbarı ilə bağlı bir misalı qeyd edim ki, burada mövcud olan təbii mühitin qorunub saxlanılması sayəsində bölgədə perspektivli turizm imkanları yaranacaq.
Sərsəng su anbarı coğrafi mövqeyinə görə və yerləşdiyi ərazinin quruluşuna görə dünyanın ən mürəkkəb su anbarlarından biri kateqoriyasına aid edilir. Belə ki, Sərsəng su anbarının yerləşdiyi ərazi hipsometrik nöqteyi-nəzərdən çox yüksəkdədir və dəniz səviyyəsindən təxminən 726 m hündürlükdə inşa edilib. Sahil xəttinin mürəkkəbliyi anbarın sahil zolağında müxtəlif növ təsərrüfat fəaliyyətlərinin təşkilinə imkan verir.

Bundan başqa, Sərsəng su anbarının sayəsində 6 inzibati rayonun 100-120 min hektar becərilən ərazisi davamlı suvarılma suyu ilə təmin oluna bilir, o cümlədən 400 min nəfərə yaxın əhalinin sudan istifadə imkanı yaranır. Su anbarının ətrafında yürüşlərin təşkili üçün yeni turist cığırlarının təşkili, su anbarının üzərindən kanat yolunun salınması kimi tədbirlər də görülə bilər. Sərsəng su anbarının hidrokimyəvi tərkibi öyrənilərək burada çimərlik, balıqçılıq və bunlarla əlaqəli turizm növlərinin təşkili və inkişaf etdirilməsi imkanları da qiymətləndirilməlidir.

Çaylar barədə də xeyli danışmaq olar. Məsələn, Tərtərçayın gursululuğu, o cümlədən onun çoxlu qollarının mövcudluğu (Tutqun, Ağdabançay, Meydançay, Lev, Torağayçay və s.) burada kayakinq, raftinq, baydarka və katamaran ilə səyahət imkanları yaradaraq çay turizminin inkişafını şərtləndirir.

- Bəs ekoturizmin inkişafı üçün hansı perspektivləri görürsünüz? Görülən tədbirlər sizi qane edirmi?

- Bir məqamı qeyd edim ki, turizm sahəsində ali təhsilim olduğu üçün və bu istiqamətdə nəinki elmi nöqteyi-nəzərdən, həm də uzun illər təcrübəyə malik biri kimi də deyə bilərəm ki, ekoturizm getdikcə daha çox tələb olunan istiqamətə çevrilir. Ümumiyyətlə turizmin hazırda aktual olan növlərindən biri məhz ekoturizmdir. Ekoturizm son on ildə yeni bir anlayış kimi daha da önə çıxıb. Bu termindən son illərdə tez-tez işlədilir, müxtəlif zamanlarda fərqli adlarla təqdim olunur. Məsələn, təbiət əsaslı turizm, yumşaq turizm, yaşıl turizm, alternativ turizm və s. Ümumiləşdirsək deyə bilərik ki, ekoturizm-ətraf mühit ekologiyası, təbiətin məqsədyönlü şəkildə qorunması, ona həssas yanaşılması zərurətidir. Ekoturizm ətraf mühitə zərər verməyən, təbii sərvətlərin qorunmasını təmin edən və onlardan pərakəndə istifadəni məhdudlaşdıran bir turizm növüdür.

Qarabağda isə bununla bağlı xeyli perspektivlər mövcuddur. Meşələrlə zəngin olan bu bölgədə yaşıllıqlara zərər vermədən amma bu füsunkar təbiətdən istifadə edərək kamp turizmini inkişaf etdirmək olar. Həmçinin su hövzələrinin perspektivi də var. Məsələn bir sıra çaylarda balıqçılığı inkişaf etdirməklə turistləri burada balıqların tilovla ovlanması kimi istirahətə dəvət etmək olar. Tarixi abidələr amilindən də istifadə edib dağlara, dağlardakı məbəd və mağaralara yürüşlər, səfərlər təşkil etmək olar. Perspektivlər o qədər çoxdur ki, saymaqla bitməz...

Bildiyiniz kimi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramına əsasən bölgədə genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Dövlətimiz Qarabağda turizmin müxtəlif növlərinin inkişafı üçün geniş turizm potensialından yararlanmağa çalışır. Bu mənada turizm bölgənin bərpasında əsas sahələrdən biri olacaq. Post-konflikt dövründə turizmin inkişafı üzrə ən yaxşı təcrübələr öyrənilməli, təbliğat işləri gücləndirilməlidir. Bölgənin investisiya ehtiyacları araşdırılmalıdır. Məncə bu artıq edilib. Sərmayə mühiti, o cümlədən investorların ərazilərə cəlb edilməsi prosesi isə daha da surətləndirilməlidir.
-“Yaşıl artım” da prioritet məsələlərdən biridir. Bu barədə nə düşünürsünüz?
-Hələ 3 il əvvəl on il ərzində ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması qarşıya məqsəd kimi qarşıya qoyulmuşdu. Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi idi. Sonuncu milli prioritet hazırda ən çox müzakirə olunan məsələyə çevrilib. Təmiz ətraf mühit və “Yaşıl artım” ölkəsinə çevrilmək asan məsələ deyil. Biz bu istiqamətdə ciddi addımlar atırıq.

Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer veririk. Bundan başqa, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasını təşviq edirik. Bu, istilik effekti yaradan qaz emissiyasını beynəlxalq normalara uyğun səviyyədə saxlanılması istiqamətində göstərilən səylərə mühüm töhfə olacaq. Ölkənin perspektivli iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə iki məqsədin effektiv reallaşdırılmasına nail olunmalıdır. Bunlar yüksək keyfiyyətli ekoloji mühit, yaşıl enerji məkanıdır. Sadalanan tədbirlər Qarabağın bərpası zamanı da aktiv şəkildə görülür. Yüksək keyfiyyətli ekoloji mühitdən danışarkən deyə bilərik ki, azad olunan ərazilərdə və ümumən ölkədə keyfiyyətli və təmiz ekoloji mühit qorunmalı və resurslardan səmərəli istifadə təmin edilməlidir. Bundan başqa, uzun illər ərzində yaranan ekoloji problemlərin kompleks həlli və bu sahədə davamlı inkişaf diqqət mərkəzində olmalıdır. Qarşıdakı illərdə iqtisadi və demoqrafik artımdan, azad olunan ərazilərə kütləvi köçə görə ətraf mühitə gələ bilən risklər azaldılmalıdır. Bu məqsədlə ölkədə ümumi ərazidə yaşıllıqların payı artırılmalıdır. İqtisadi artımla ekoloji mühit tarazlı olmalıdır. Ölkədə yararsız torpaq sahələri dövriyyəyə cəlb edilməklə mövcud resurslarımız bərpa edilməlidir. Ölkənin keyfiyyətli suya tələbatı su resurslarından səmərəli istifadə etməklə ödənilməlidir.

-Böyük qayıdış çərçivəsində bölgələrə köçürülən əhali, ekoturizm həvəskarları, həvəskar balıq ovçuları və digər qrupların ətraf mühit və ekoturizm baxımından maarifləndirilməsi günün tələbidir. Bu yöndə hansı aksiyalara ehtiyac var?
- Media və QHT bu mənada öz sözünü deyə bilər. Hazırda idarə etdiyim QHT-nin fəaliyyət istiqaməti bir qədər fərqli olsa da, çalışırıq tədbirlərimizdə, layihələrimizdə azad olunmuş ərazilərlə bağlı da müəyyən maarifləndirici çağırışlar edək. Turizm fəalı, ekoturizm həvəskarı, hotelçilikldə geniş təcrübəsi olan biri kimi deyə bilərəm ki, Azərbaycanın nəinki işğaldan azad olunan əraziləri, bütün bölgələri bu kimi maarifləndirici tədbirlərə ciddi ehtiyac duyur. Bəzi sakinlər və ya qonaqlar su hövzələrini zibilləməsələr, bu, əraziyə sonradan gələn kütlə üçün də bir növ dərs olar. Yəni gələn şəxs haradasa zibil yığını görürsə, özü də elə əlindəki tullantını ora atıb gedir. Amma hər yeri təmiz görən turist və ya qonaq əksər hallarda təbiətə tullantı qoyub getməyə həvəsli olmur. Yolların kənarında meşələrdə su hövzələrinə yaxın xeyli sayda maarifləndirici, təsirli çağırışlardan ibarət plakatlar taxıla və ya şəkillər yapışdırıla bilər. Media qurumları da tez-tez hansısa çirkləndirilmiş ərazidən reportajlar dərc edə, məsələni gündəmdə saxlaya bilər ki, ora sonradan gələn insan məsuliyyətini dərk edib ikinci dəfə oxşar addım atmasın. Balıq həvəskarları ən çox gileylənən şəxslər olurlar. Onlar su hövzələrinə gedən zaman ərazinin zibillənməsi və ya balıqların elektrik enerjisindən istifadə etməklə məhvindən şikayətlənirlər. Ümid edirəm ki, belə addımlar azad olunan ərazilərdə olduqca nadir hallarda baş verəcək. Çünki azad olunmuş ərazilərdəki su hövzələrində bioresurslar bir qədər fərqli və zəngindir.

Yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyilə Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin həyata keçirdiyi “Azad edilmiş ərazilərdə ekoturistik standartlar” layihəsi çərçivəsində hazırlanıb. Müəllifin və ya müsahibin mövqeyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyi uyğun olmaya bilər.
Tural Tağıyev
AzVision.az

Qalereya




Teqlər: Ekoturizm  





Xəbər lenti