Fəlahətpişeh: “Putin İranın ABŞ-la yaxınlaşmasını dayandırmağa çalışır”

   Fəlahətpişeh:  “Putin İranın ABŞ-la yaxınlaşmasını dayandırmağa çalışır”
  10 Sentyabr 2024    Oxunub:3951
Ermənistandan Zəngəzur dəhlizinin açılması ilə bağlı 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərindən birini yerinə yetirməsini tələb edən Kremlin təzyiqinə görə İran rəsmilərinin Moskvaya açıq hücumları səngimir.
İran parlamentinin Xarici Siyasət və Təhlükəsizlik Komitəsinin keçmiş sədri Heşmətullah Fəlahətpişeh özünün “X” səhifəsində Rusiyanın təşəbbüsü ilə “Zəngəzur dəhlizi” mövzusunun yenidən gündəmə gəlməsinin əsas səbəbi kimi Tehranın Qərblə münasibətləri normallaşdırmaq kursunu göstərib.

“Əvvəlki hakimiyyət Rusiyanın Ukraynadakı maraqları naminə Qərblə sövdələşməni qurban verdi. Yeni hakimiyyət Moskva ilə birtərəfli dostluq siyasətinin tələsinə düşməməlidir. “Zəngəzur dəhlizi” Putinin İranın yeni hökuməti ilə ABŞ arasında kommunikasiya kanallarının formalaşdırılması imkanlarının qarşısını almağa yönəlmiş ilkin hücumudur”, - sabiq iranlı deputat iddia edib.

Maraqlıdır ki, Fəlahətpişehin irəli sürdüyü versiya İranın siyasi dairələrində geniş şəkildə müzakirə olunur. Rusiya ilə yaxın münasibətdə olan keçmiş prezident İbrahim Rəisinin administrasiyasında da Zəngəzur dəhlizinin açılması mövzusunda fəal müzakirələr aparılsa da, bu gün İran Kremlin təşəbbüsünə kəskin və barışmaz mövqe sərgiləyir.

Hazırda Tehran aktiv şəkildə Moskva ilə münasibətlərə yenidən baxılması barədə müzakirələr aparır. Mühafizəkar dairələr hətta iddia edirlər ki, İran son illər Rusiya ilə yaxınlaşmaqla strateji səhvə yol verib və öz maraqlarına zərbə vurub. Beləliklə, İranın yeni prezidentinin administrasiyası tərəfindən formalaşdırılan yeni vəzifə - Qərblə münasibətləri yaxşılaşdırmaq və İrana qarşı iqtisadi sanksiyaları yumşaltmaq üçün Moskvadan uzaqlaşmaqdır.

Analitiklərin fikrincə, bu mu məqamlara BRİCS ölkələrinin təhlükəsizlik məsələləri üzrə rəsmilərinin görüşünə qatılmaq üçün Sankt-Peterburqa gedən İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Rusiyaya səfəri zamanı toxunulacaq. İran mətbuatı Rusiyada Əhmədianın bu sıradan “Zəngəzur dəhlizi” ətrafında yaranmış vəziyyəti də müzakirə edəcəyini yazır.

Çox güman ki, İran-Rusiya qarşıdurmasında yaxınlaşan böhran mərhələsi oktyabr ayında Rusiyanın Kazan şəhərində keçiriləcək BRİCS sammiti olacaq. Qeyd edək, həmin tədbirdə iştirak etmək barədə İran prezidenti Məsud Pezeşkian artıq razılıq verib. Həmçinin “Zəngəzur dəhlizi” mövzusuna bilavasitə bağlı olan Azərbaycanın, Türkiyənin və Ermənistanın liderləri də bu təklifi qəbul ediblər.

Həqiqətən də, son illər İranda Rusiya-İran-Qərb üçbucağında münasibətlərə yenidən baxılması barədə debatlar xeyli intensivləşib. Daha çox qərbpərəst mövqeyi ilə seçilən sabiq Xarici İşlər naziri Cavad Zərifin strateji məsələlər üzrə İranın yeni prezidenti Pezeşkianın müavini təyin olunması, obrazlı desək, odun üstünə benzin töküb.

Tehranın inadkarlığının və cəsarətinin səbəbi

Əslində, İranın “Zəngəzur dəhlizi” barədə “barışmaz” mövqeyi, ilk növbədə, özünün tranzit imkanlarını regionda kommunikasiyaların açılmasında maraqlı olan tərəflərə qəbul etdirmək cəhdi ilə bağlıdır. Təsadüfi deyil ki, Azərbaycanın Naxçıvana və Türkiyəyə çıxışı üçün İran çox böyük həvəslə tranzit kimi öz ərazisini təqdim edib. Bu, Tehrana əlavə iqtisadi-siyasi dividendlər gətirməklə yanaşı, həmin yol üzərində nəzarət yaratmaq imkanı verir.

Rusiyanın “Zəngəzur dəhlizi” ilə bağlı marağına İranın qıcıq nümayiş etdirmək “cəsarəti” isə hazırda bəzi hərbi-texniki məsələlərdə Moskvanın Tehrandan asılılığı ilə bağlıdır. Lakin teokratik rejimin Kremli şantaj siyasəti Tehranın özü üçün neqativ nəticələrə gətirib çıxara bilər. Belə ki, istənilən halda, son nəticədə kollektiv Qərb Tehranın “sındırılması” siyasətindən heç vaxt əl götürməyəcək. Rusiyanın dəstəyi olmadan isə İran ABŞ, İsrail və onların müttəfiqlərinin təzyiqi və gücü qarşısında duruş gətirə bilməyəcək.

Kim-kimə borcludur?

Tehranda onun da yaxşı fərqindədilər ki, məhz Moskvanın Suriyada dirəniş göstərməsi böyük mənada İranın xilası üçün əsas amil oldu. Əks halda, İranın özündə rəngli inqilab teokratik rejimin hakimiyyətinə son qoyacaqdı. Sözsüz ki, Rusiyanın bu siyasəti ilk növbədə özünün Cənub cinahında Qərbin mövqeyinin möhkəmlənməsinin qarşısını almaq istəyindən qaynaqlanır.

Bu baxımdan, İranın keçmiş parlamentarisi Heşmətullah Fəlahətpişehin iddiası heç də məntiqdən xali deyil. Amma əsas sual İranın anti-Rusiya ritorikasının daha çox kimin—Moskvanın, yoxsa Tehranın ziyanına olmasındadır.

P.S. Yeri gəlmişkən, sözügedən kontekstdə Rusiya ilə çox sıx münasibətləri olan İranın sabiq prezidenti İbrahim Rəisinin bu ilin may ayında İranın öz səmasında helikopter qəzasında həlak olması və iyul ayında “HƏMAS” təşkilatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda müəmmalı şəkildə qətlə yetirilməsi böyük şübhələrin yaranmasına əsas verir. Belədə, İran daxilindəki bəzi siyasi dairələrin kollektiv Qərblə müəyyən sövdələşməyə getdiklərini heç də istisna etmək olmaz.

Sahil İsgəndərov, politoloq
AzVision.az


Teqlər: Rusiya   İran   Zəngəzur  





Xəbər lenti