AKASH kompleksinə qədər Hindistan HHM sistemləri istehsal etmirdi. Hindistanın müdafiə sənayesinin istehsal imkanları əvvəllər Rusiya, sonralar isə İsrail və Fransanın texnologiyası ilə birgə Delhiyə satdığı silahların bazasında təmin edilir. Adı çəkilən ölkələr özləri üçün aktaullığını itirən silah sitemlərini texniki sənədləri və istehsal lisenziyası ilə birgə daim silah qıtlığından əziyyət çəkən Hindistana satırlar. Çin və Pakistanın artan hərbi potensialı fonunda Hindistan istənilən silahı texniki sənədləri ilə birlikdə almağa hazırdır. Ona görə də orada istehsal edilən silahların çoxu müasir müharibələrdə effektiv hesab edilmir. Odur ki, Delhi 70-80-ci illərin texnologiyasına əsaslanaraq hazırladığı silahların çoxunu satmağa və əldə etdiyi vəsaitlərlə daha üstün imkanlara malik qismən müasir silahlar almağa çalışır.

AKASH hava hücumundan müdafiə sisteminin yaradılması üzrə işlər 1983-cü ildən “Bharat Dynamics Limited” və “Tata Electronics” tərəfindən aparılır. Onun sınaqları 1990-cı ildə başlayıb. Hindistanın HHM üçün idarə olunan raketlərin yaradılması proqramının məqsədi ölkənin silahlı qüvvələrini raket silahları ilə təmin edə biləcək elmi-tədqiqat və istehsalat bazasını qurmaq idi.
AKASH raketi düşmən tərəfindən elektron əks-tədbirlərin istifadəsi şəraitində aerodinamik hava hədəflərini orta yüksəklikdə məhv etmək üçün nəzərdə tutulur. Kompleksin təyinatı obyektlərin və quru qoşunlarının hava hücumundan müdafiəsini təmin etməkdən ibarətdir. Hazırda kompleksin daha da müasirləşdirilməsi məqsədi ilə elmi-tədqiqat işləri aparılır. Əsas məqsəd ona operativ-taktiki və taktiki raketləri ələ keçirmək imkanı qazandırmaqdır. Bununla əlaqədar olaraq, raket üçün yeni əsas mühərrikin hazırlanması, infraqırmızı tuşlama başlığı ilə təchiz edilməsi və “Rajendra” radarının təkmilləşdirilməsi yolu ilə fəaliyyət radiusunun 60 km.-ə çatdırılması planlaşdırılır. AKASH-ın gəmi variantının yaradılması üzərində də iş aparılır.
AKASH hava hücumundan müdafiə batareyasının tərkibinə dörd buraxılış qurğusu, çoxfunksiyalı “Rajendra” radarı və idarəetmə məntəqəsi daxildir. Batareya həm divizion tərkibində, həm də müstəqil fəaliyyət göstərir. Divizion kompleksin əsas taktiki bölməsidir, onun tərkibinə səkkizə qədər atəş batareyası, üçölçülü hədəf aşkar edən radar, avtomatlaşdırma və rabitə vasitələri ilə təchiz edilən komanda məntəqəsi daxildir. Avtonom şəkildə istifadə edildikdə atəş batareyası əlavə olaraq ikiölçülü hava məkanına nəzarət radarı ilə təchiz edilir.
Çoxfunksiyalı “Rajendra” radiolokasiya stansiyası intensiv radioaktiv əks tədbirlər şəraitində 45 km.-ə qədər məsafədə yerləşən aerodinamik hədəflərin avtomatik izlənilməsi, dövlət mənsubiyyətinin müəyyən edilməsi və raketə hədəf göstərilməsini təmin edir. Stansiyanın işinə idarəetmə məntəqəsində yerləşən rəqəmsal kompleks tərəfindən nəzarət edilir. Əsas ötürücü antenna 4000 elementdən ibarətdir və 4-8 GHz tezlik diapazonunda işləyir.

İdarəetmə məntəqəsi hava hücumundan müdafiə sisteminin bütün elementlərinin işini əlaqələndirir. Burada “Rajendra” radarından və özüyeriyən atıcı qurğulardan məlumatların toplanması və emalı, marşrutların yaradılması və eyni vaxtda 64-ə qədər hədəfin izlənməsi, onların təhlükə dərəcəsinin qiymətləndirilməsi, atəş və raketlərə nəzarət üçün məlumatların yaradılması həyata keçirilir.
Döyüş prosesi komandir və operator iş stansiyaları ilə inteqrasiya olunmuş yüksək sürətli rəqəmsal hesablama sisteminin istifadəsi sayəsində maksimum avtomatlaşdırılıb. İdarəetmə mərkəzi həm avtonom, həm də mərkəzləşdirilmiş rejimdə işləyə bilər.
Əsasən quru qoşunlarının HHM hissə və bölmələri üçün nəzərdə tutulan AKASH hava hücumundan müdafiə sistemi eyni vaxtda 64-ə qədər hədəfi izləmək və 18 kilometrə qədər yüksəklikdə, 25 kilometrə qədər uzaqlıqda onlara atəş açmaq qabiliyyətinə malikdir. Kompleks eyni vaxtda 12 raketi hədəfə almağa qadirdir. Radar sistemi 45 kilometrə qədər radiusda hava məkanını izləəyə bilir.
Bir AKASH raketinin kütləsi təxminən 700 kiloqramdır. O, 60 kiloqrama qədər döyüş yükü daşıya bilir. Raketinin hazırlanmasında yüzə yaxın müəssisə iştirak edib. Raketinin kütləvi istehsalına dair qərar 2007-ci ildə qəbul edilib.
Maksimum atəş məsafəsi: 27 km
Minimum atəş məsafəsi: 3 km
Maksimum hədəf hündürlüyü: 15 km
Hədəfin maksial sürəti: 700 m/s
Reaksiya müddəti: 15 san
Raketin buraxılış çəkisi: 700 kq.

AKASH idarəolunan zenit raketi xarici görünüşü və dizaynına görə Rusiyanın ortamənzilli “Kub” kompleksinin raketinə bənzəyir. O, “fırlanan qanad” sxeminə uyğun hazırlanır. Raketin orta hissəsində yerləşən dörd aerodinamik səth qanad və sükan kimi xidmət edir. Pnevmatik aktivatorlar tərəfindən idarə olunan qanad və sükanlar raketin yönləndirilməsi üçün nəzərdə tutulub. Arxa hissəsində raketi döndərmək üçün eleronları olan stabilizator yerləşir. Qatı yanacaq sürətləndiricisi raketin 4,5 saniyəyə təxminən 500 m/s sürətə çatmasını təmin edir, sonra ikinci düzaxımlı mühərrik işə salınaraq, 30 saniyə ərzində sürəti ikiqat artırır. Qaz generatoru sellülozik nitrat, nitroqliserin və toz maqneziumdan ibarət qatı yanacaqla işləyir. Oksidləşdirici maddə kimi atmosfer oksigenindən istifadə olunur.
Raket təxminən 20 m parçalanma diapazonuna və təxminən 60 kq kütləyə malik qəlpəli fuqas döyüş başlığına malikdir.
HHM sisteminin özüyeriyən atıcı qurğusu AKASH raketlərinin daşınmasını, saxlanmasını və buraxılmasını təmin edir. O, üç rels tipli istiqamətləndiricidən, əsas və fırlanan hissələrdən ibarətdir. Atıcı qurğunun bazasında şaquli və üfüqi istiqamətləndirmə mexanizmləri, elektrik avadanlıqları, həmçinin raketlərin buraxılışa hazırlanması və buraxılması üçün idarəetmə avadanlığı yerləşir.
Çəkinin azaldılması üçün qurğunun əsas konstruktiv elementləri alüminium ərintisindən hazırlanır. Onun yellənən hissəsinin müxtəlif yüksəklik bucaqlarında balansdan yayınmanı kompensasiya etmək üçün torsion tipli balanslaşdırma mexanizmindən istifadə olunur.
Atıcı qurğunun enerji təchizatı 400 Hz tezliyə (gərginlik 200 və 115V) malik üçfazalı alternativ cərəyan istehsal edən avtonom qaz turbin qurğusu ilə təmin edilir. Şaquli (8-60 °) və üfüqi (360 °) müstəvidə tuşlamanı istiqamətləndirmək üçün raketin sinxron fırlanmasını təmin edən elektrik güc qurğusundan istifadə olunur. Atıcı qurğu NAVSTAR kosmik radionaviqasiya sisteminin qəbuledicisi olan naviqasiya, topoqrafik geodeziya və oriyentasiya avadanlığı ilə təchiz edilmişdir. Amerikalı mütəxəssislərin köməyi ilə hazırlanan bu avadanlıq Hindistan zavodlarından birində istehsal olunur.
• Ermənistanın Hindistandan almaq istədiyi MR-SAM raketlərinin xüsusiyyətləri nədir?
• AKASH və MR-SAM ilə silahlanmaq ermənilərə nə verəcək?
Bu suallara növbəti yazıda aydınlıq gətirəcəyik.
Ədalət Verdiyev
Hərbi ekspert
AzVision.az üçün