O qədər də sadə deyil: Səbəb axtararkən düşdüyümüz tələ

  O qədər də sadə deyil:  Səbəb axtararkən düşdüyümüz tələ
  24 May 2025    Oxunub:430
Mürəkkəb problemlər üçün tapdığımız sadə izahlar hərdən yanlış nəticə və qərarlara gətirib çıxarır. Elmi dildə “tək səbəb yanılması” adlanan bu fenomenin məğzi müəyyən hadisələri yalnız bir səbəbə əsaslandırıb, digər mühüm amilləri hesaba qatmamaqdır. Fenomen səbəb-nəticə əlaqəsində meydana gələn başlıca xətalardandır.
Məsələn, Vasif küçədə gedərkən, eyni zamanda, smartfonunda mesaj yazır. Qəfildən ayağı sürüşərək yıxılır. Dərhal hökm verə bilərik ki, Vasifin yıxılmasına səbəb onun diqqətsizliyidir. Hərçənd belə izah asan yola qaçmaqdır, çünki hadisənin baş verməsində başqa səbəblərin də rolu mümkündür. Bəlkə, yol sürüşkən idi, yaxud zəif işıqlandırılmışdı? Bəlkə, Vasif yorğun idi, yaxud narahat ayaqqabı geyinmişdi? Sadalanan amillər nəzərə alınmalıdır.

Hansısa şirkət zərərə uğrayarsa, rəhbərlik zəif marketinqi səbəb göstərə bilər. Halbuki iqtisadi şərait, rəqabət, məhsulların keyfiyyəti, daxili idarəçilikdə problemlər və s. amillərin də şirkətdə böhran vəziyyətini yaratması mümkündür.

Bu fenomen sövqi-təbiidən irəli gəlir. Beyin mürəkkəb məlumatı sadələşdirməyə, problemi vahid səbəblə əlaqələndirməyə çalışır ki, asanlıqla başa düşüb yadda saxlasın. Fenomen özünü müxtəlif sahələrdə göstərə, ciddi nəticələr meydana gətirə bilər. Biznesdə yalnız bir amil nəzərə alınıb, digərləri unudularsa, strateji xətaların üzə çıxması, rəqabət üstünlüyünün itirilməsi qaçılmazdır.

Tibbdə tək səbəbə fokuslanan, bircə simptoma əsaslanıb başqa vacib əlamətləri gözdən qaçıran həkim xəstəyə səhv diaqnoz qoya bilər. Beləliklə, yanlış müalicə aparıla, xəstənin vəziyyəti daha da pisləşə bilər.

Fenomen şəxsi həyatda da qarşımıza çıxır. İnsanlar, adətən, münasibətlərdəki problemləri qarşısındakı şəxsin bircə sözü, davranışı, hərəkəti ilə əlaqələndirib, vəziyyətə geniş pəncərədən baxmağı unudurlar. Bu da daha ciddi anlaşmazlıqlarla, ədalətsiz ittihamlarla, hətta münasibətin pozulması və münaqişə yaranması ilə nəticələnir.

Aşağıdakı strategiyalarla bu koqnitiv fenomendən yayınmaq mümkündür:

– Əhatəli analiz aparın. Problemi, yaxud hadisəni araşdırarkən bütün mümkün səbəbləri, onların bir-biri ilə necə əlaqələndiyini nəzərdən keçirin;
– Alternativ izahlar axtarın. Qərar verməzdən qabaq müxtəlif baxış bucaqlarına əsaslanan izahlar üzərində diqqətlə təhlil aparın;
– Məhdud informasiya, yaxud ilk təəssürat əsasında tələsik nəticə çıxarmayın. Təhlil üçün daha dolğun məlumat toplayın;
– Problemləri, yaxud hadisələri sistemli şəkildə qiymətləndirin.


Ən əsası isə, nəzərə almaq mütləqdir ki, mürəkkəb hadisələrə sadə izahlarla yox, çoxsaylı amillərin kombinasiyası ilə yanaşmalıyıq. Bu, problemləri geniş aspektdə qiymətləndirməyin, tutarlı qərar verməyin şərtidir. Məsələn, idmançının uğursuz nəticəsini aydınlaşdırmaq üçün onu meydana gətirən bütün amillərə: həm texniki, həm fiziki hazırlığa, qidalanmaya, psixi sağlamlığa, yuxu rejiminə baxmaq lazımdır. Belə yanaşma sonrakı məşq planının tənzimlənməsinə, nəticənin yaxşılaşmasına mütləq töhfə verəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: Psixologiya  





Xəbər lenti