Despot-müəllimlərlə nə edək?

  20 May 2013    Oxunub : 705
Despot-müəllimlərlə nə edək?
Cavidan

Daha əvvəllər də olmuşdu bu cür videolar.
Müəllim şagirdi dərsini bilməməyi üçün döymüşdü, arxa partada oturanlar da çəkmişdilər bu kadrları telefonlarına, ötürmüşdülər internet məkanına.
Yadımdadır, bir neçə il əvvəl hətta millət vəkillərimizdən biri bu barədə jurnalistlərə belə demişdi: "Məktəb yaşlı uşaqların mobil telefonlardan istifadəsinin tam əleyhinəyəm. Bu, dünyadakı inkişaf prosesinin əcaib təzahürlərindəndir".
Belə, dünyadakı inkişaf prosesinin əcaib təzahürü idi demək və nəzarətsiz internetin uşaqlar üçün təhlükəli məqamlarını da nəzərə alsaq, razılaşmamaq əlimizdə olmadı əslində.
Amma etiraf edək ki, bizim məktəblərimizdə “Əti sənin, sümüyü mənim” devizi hələ də aktual olaraq qalır, son günlərin son videosu ətrafında isə sosial şəbəkələrdə gedən müzakirələr əslində mübahisə həddinə çatır və mübahisələri də əsasən məktəb müəllimləri başlayırlar, zatən, maaş azlığından, təhsildəki son illərin sistem boşluğundan, tədrisin kurikuluma qədər və kurikulumdan sonrakı dövrlərə ayrılmasından sözün həqiqi mənasında əziyyət çəkən, çaş-baş qalan pedaqoqların hirslənməyə də, hirsini büruzə verməyə də, ziyalıdan ziyanlıya çevrilməyə də mənəvi haqqı var bəlkə.

Guya kimsə bilmirmi ki, ölkənin bir çox məktəblərində dünyanın heç bir inkişaf prosesinə sığmayacaq dəhşətli, dəhşətli olduğu qədər də milli, hətta mən deyərdim ki, məhz mentalitetimizə uyğun olan təzahürlər var və bu təzahürlər qətiyyən əcaib görünmür, zira doğmadır, irsi-genetik yaddaşımıza köklənir, bir sözlə, özümüzündür, biz buyuq yəni, bu!!!

Göydən qırmızı bantikli zənbillə düşməmişəm ha, mən də vaxtilə məktəbli olmuşam . Və o illəri xatırladıqca atamın diliacı və ötkəm, kobud bir insan olmasına şükürlər edirəm. Əgər kişi belə olmasaydı, kəndimizin komsomolçu-kommunist müəllim və müəllimlərinin dərs dediyi konslager təmayüllü məktəbində mən də dəfələrlə lövhəyə çıxıb bir sinif uşağın üzümə tüpürməyinə (buna məcbur edilirdilər, çünki əməl etməyəni daha ağır cəzalar gözləyirdi), müəllimin o vaxtkı daş kömürlə qalanmış peçdən maşa ilə götürdüyü qıpqırmızı közün xırdaca əllərimə yaxınlaşdırması dəhşətinə, özümün məktəbin bağından gətirdiyim (buna da hamı məcbur idin - öz cəza alətini özü gətirməyə) nazik çubuqlarla əllərimə-ayaqlarıma dəyəcək zərbələrin göynərtisinə dözməyə vadar edilərdim. Nə yaxşı mənim atamdan qorxurdular müəllimlərim.
Onların hər birisi dəqiq bilirdi ki, mənə edəcəkləri hər şeyi olduğu kimi atam da gəlib onların özünə edəcəkdi.

Faşizmə meylli olmayan müəllimələrimiz də vardı ki, özümüzü yalnız onların dərslərində adam balası kimi hiss edib rahatlıqla balaca ciyərlərimizi işə salıb nəfəs almağın necə gözəl bir şey olmasını anlayardıq. Bu müəllimələr - rus qadınları idi. Onlardan nələr öyrənmədik ki? Dərslərdən əlavə geyinməkdən tutub şirniyyat bişirməyədək, süfrə açmağadək, tikmə-biçmə işlərinədək, özümüzü cəmiyyətdə aparmaq qaydalarınadək hər şeyi də olmasa, çox şeyi.
Elə mənim məhz rus dili və ədəbiyyatı müəlliməsi olmağıma səbəb də uşaqlıqdan sevdiyim həmin rus müəllimələri oldu.

Və gün gəldi, özüm dərs deməyə başladım. Üstümü unlu görüb, yəni məni guya ki xam bilib məktəbin ən çətin sinfinin rəhbəri etdilər. Sinfin məndən əvvəlki rəhbəri, yaşlı bir kişi mənə sinif jurnalını, şüşəsi sınıq qapının açarını və yekə bir oxlovu təhvil verdi. "Bu, nə üçündür?" sualıma isə "Göydən gəlmisən? Bu uşaqlar ancaq bu oxlovun dilini başa düşürlər" cavabını aldım. Mən o açarla o şüşəsi sınıq qapını hər gün açdım və bağladım, o sinif jurnalını hər gün vərəqlədim, amma o oxlovu bircə dəfə belə özümlə dərsə aparmadım. Və tam nəzarətdə olması üçün müəllimlər otağıyla üzbəüz otağa salınan bu sinfin şagirdləri çox keçmədi ki, məktəbin ən ağıllı uşaqları kimi hamıya nümunə oldular. Onlarla insan kimi davranmışdım və hər gün məni dayanacaqda qarşılayıb dərslərim bitincə yenə evə ötürən şagirdlərimin, onların valideynlərinin məmləkətin ən ağır günlərində belə gülümsəyə bildiklərinə sevinirdim.

Niyə döymədim onları? Bəlkə ona görə ki, özüm müəllim çubuğu, müəllim söyüşü görməmişdim? Yenədəmi atamın kobud və müəllimlərim üçün qorxulu bir varlıq olmasına şükür edim? Başqa nə çarəm qalır ki?

Oğlumun ilk dərs günündə isə bir-birindən bəzəkli-düzəkli anaların öz balaca balalarını müəlliməyə tapşıraraq "döyün, yoxsa sırtıqlıq edər, dərsini öyrənməz, hesab edin öz balanızdır, sürüyün, bir ayaq üstə saxlayın, qoy sözəbaxan olsun" kimi sözlərindən dəhşətə gəldim. Müəllimədən yeganə istəyim o oldu ki, uşağa qarşı kobudluq etməsin. Həmin anda 20-25 nəfər gənc ananın və 3-5 müəllimənin yanında mən yad planetdən gələn sarsaq bir məxluqa bənzəyirdim...

Bu mövzuda çox yazmaq gərəkdir, düşünürəm, hətta mən bütün həmkarlarımızı bunu bir aksiya kimi etməyi təklif etmək istərdim. Niyə hərəyə bir köşə yazmayaq məktəblərdəki müəllim-despotlardan?
Əslində Göyçay məktəbindəki müəllim-şagird konfliktinin üstünə gəlmək istəyirdim, xatirələrim imkan vermədi. Budur, şagird coğrafiya dərsində xəritədə məkanların yerini səhv salır və bunu ona tədris edən müəllim öz başına döyməkdənsə şagirdi döyməyi daha üstün hesab edir, ortayaşlı bir qadın, bazarların ən həyasız zənəni kimi hay-küy salaraq, 12-13 yaşlarında oğlanın üzərinə şığıyır, qapazlayır onu. Baxın, bu səhnə doğrudan da bizim təhsil islahatımızın əcaib təzahürlərindən biridir.

Mən təsəvvür edirəm o müəlliməni də evində beləcə üstünə hücum eləyərək döyürlər, döyə bilmədiyinin əvəzi də yazıq uşaqların üstündə çıxır. Adamın konkret psixi problemləri var. Belə qadın olar? Belə müəllimə olar? Çıxart indi bunu mikrofon qarşısına, özünü bir xanımyana aparıb təhsilimizdəki nailiyyətlərdən bəh-bəhlə danışar ki!

Və bu cür yeniyetmələr bir neçə ildən sonra artıq fiziki cəhətdən onlara gücü çatmayacaq müəllimlərinə patoloji nifrətlərinə görə onları hər fürsətdə aşağılayacaq, təhqir edəcəklər, bir-iki psix müəllimə görə bütün müəllimlərə düşmən gözü ilə baxacaqlar, bu uşaqlardan gələcəyin canilərini, quldurlarını yaratmaq doğrudanmı bu qədər vacibdir?
Bəs şagird ölümləri?
Məktəbli intiharları?
Əsgər ölümləri qədər onlar da aktual və ciddi siqnallardır.
Həyatının pöhrə vaxtında qırılan, sındırılan saflığın məhvi, yaxud çirkaba batması üçün andmı içmişik?
Bilirəm, bütün bunların əsl səbəbi kimi maddi sıxıntıları göstərəcəksiniz, amma mənəviyyatın və insanlığın dəyərini bilənlər üçün bunlar səbəb deyil, bəhanə sayılmalıdır.

Bəli, çox çətin şagirdlər və onlarla bacara bilməyən müəllimlər ordusu formalaşıb artıq. Biz əvvəllər belə halları Amerika məktəblərindən bəhs edən filmlərdə görərdik. Mən də tərəfdarıyam çətin uşaqları uf demədən məktəbdən uzaqlaşdırmağın, elə çətin müəllimlərin də. Onlar özləri də məhv olurlar ( peşə-sənətə yönəlib uğur qazanmaq şansları itir), digərlərinə də mane olurlar. İnklüziv məktəb haqqqında nağıllar isə sadəcə romantik layihə həvəsləridir, bu həvəslər sönəndə uduzan təhsil sistemimiz olacaq.

Atam o vaxt yanıb-tökülərdi ki, bir aparat ola, xəlvəti çəkəsən bu faşistlərin dərslərini, sonra sübut edib batırasan gözlərinə. Çünki şagirdlər gələn dəfə daha ağır döyüləcəklərindən qorxaraq "Sinif sirri"ni qırağa vermirlər. İndi budur, şagirdlər bir tərəfdən gədəvşinaları, əsgərlər də o biri tərəfdən dədəvşinaları çəkib gözlərimizə batırmaqdadırlar... Və bunlar çox güman ki, hələ də çoxları tərəfindən internetin yaratdığı mənfi hal, dünyanın inkişafının əcaib təzahürü hesab olunur.
Məncə isə əksinə, məktəblərdə və ordu hissələrində "hərəyə bir mobil telefon" pis olmazdı.
Çəkin də bu milli manyaklardan çəkdiklərinizi, yayın aləmə... görək sonu nolacaq...

Teqlər: