Aksiyalar niyə alınmır? 3 əsas səbəb – TƏHLİL

Aksiyalar niyə alınmır? 3 əsas səbəb – TƏHLİL
  13 Mart 2015    Oxunub:8611
Vüsal Məmmədov

Ümumiyyətlə, Azərbaycanda müxalifətin formalaşması 3 mərhələdən keçib:

- Meydan müxalifəti (2000-ci ilə qədər)
– partiyalar özlərini daha çox meydanlarda, mitinqlərdə göstərirdilər. Siyasətçilər insanlarla birbaşa təmaslarda formalaşırdı.

- Kabinet müxalifəti (2000-2013-cü illər) – siyasi proseslər və intriqalar əsasən partiya sədrlərinin kabinetlərində gedirdi. Partiyalar reallıqdan daha çox, qəzet səhifələrində mövcud idilər. Siyasətçilər qəzet yazılarında formalaşırdı.

- `Like` müxalifəti (2013-cü ildən bu yana) – siyasi fəaliyyət virtuallaşıb, partiyalar özlərini daha çox sosial şəbəkədə göstərirlər, siyasi `fiqurlar` da burada yetişir. Siyasi mübarizə isə əsasən virtual qruplarda gedir.

2000-ci ilə qədər müxalifət siyasi tələblərlə aksiya keçirə bilirdi, amma yeni əsr başlayandan sırf sosial tələblərlə kütləni cəlb etməyə çalışıb. Hər dəfə cəmiyyətdə hansısa sosial problem çıxanda radikal düşərgə bunu siyasi müstəviyə çəkməyə cəhd edib: bahalaşmadan tutmuş, əsgər ölümlərinə qədər.

Yəni `azad seçki`, `demokratiya`, `islahat`, `filankəsə azadlıq` və sair bu kimi siyasi şüarlar artıq tamamilə kəsərini itirib. Onların kütləyə təsiri sıfırın altındadır. Bunu sonuncu prezident seçkisi zamanı keçirilən aksiyalar açıq şəkildə göstərdi. Ona görə də, siyasi müxalifət sosial meydanda oynamağa cəhd göstərməyə başladı.

Əvvəlcə bu fint bir az təsirli oldu, çünki sosial tələblər bütün hallarda, sadə insanlara daha yaxındır. Amma son 5-10 ildə bu fənd də kəsərini itirib: təcrübə göstərdi ki, indi insanlar hətta özlərini həqiqətən narahat edən sosial problemlərlə bağlı keçirilən aksiyalara da qatılmırlar - əgər o aksiyanı keçirən radikal müxalifətdirsə.

Niyə belə olur? Səbəblər bir neçədir.

1)
Əlbəttə, sadə insan istənilən sosial problemdən – o cümlədən də, bahalaşmadan narazı və narahatdır. Amma o, müxalifətin də narahat olduğuna inanmır. Artıq radikal düşərgəni yaxşı tanıdğı üçün düşünür ki, müxalifət onun emosiyalarından istifadə etməyə çalışır. Və alət olmaq istəmir. Kütlənin gözündə radikal müxalifət bir funksional aparat, sifariş icraçısıdır: nə etməlidirsə, onu da edir.

2) Sadə azərbaycanlı hakimiyyətə və Prezidentə daha çox inanır. Kütləvi şüurda dövlət başçısının `Xalqın qayğısına qalan Lider` obrazı artıq oturuşub. Və cəmiyyət əmindir ki, Prezident mütləq onların maraqlarını müdafiə edəcək. Bu, Azərbaycan xalqının, ümumiyyətlə, Şərq insanının kütləvi şüurunda olan bir alqoritmdir: Rəhbərə inanmaq. O, hər şeyi rəhbərindən umur. Buna görə də müxalifətin aksiyasına qoşulmaqla umduğu yerə qarşı çıxmaq istəmir.

3) Radikalların kütlə ilə real əlaqələri, klassik siyasətçi-seçici bağları qırılıb. Onlar sosial baza olmadan, `havada` fəaliyyət göstərirlər. Praktik olaraq yalnız virtual dünyada fəaliyyətdədirlər. Və sosial şəbəkələrin hesabına mövcudluq görüntüsü yaradırlar. Dediyimiz kimi, Azərbaycanda real müxalifət dövrü bitib, `like müxalifəti` dövrü başlayıb. Bu `like müxalifəti` smartfon və ya noutbuk ekranında bəlkə də alababat görünə bilir, amma real həyat üçün deyil.

Yəni sadə insanlar bilirlər ki, radikalların mitinqinə getsələr, sosial istəkləri siyasiləşəcək. Və bu siyasiləşmə ancaq bir qrupun maraqlarına xidmət edəcək. Bu isə onlara lazım deyil. Onlar sosial problemin elə sosial müstəvidə də həllini istəyirlər. Və yaxın siyasi təcrübə göstərir ki, həmişə də o həll tapılır.

Bu sadə səbəblərdən, radikalların aksiya keçirmək istəyi sadəcə, keçmiş dövrə qayıtmaq arzusudur. Amma o vaxtkı sosial-siyasi mexanizmlər, kütlə ilə bağlar, kanallar artıq yoxdur. Buna görə də, aksiyalar alınmır və alınmayacaq da. Tələbindən asılı olmayaraq.


Teqlər:  





Xəbər lenti