Nazarbayev növbədənkənar seçkiyə niyə gedir? – TƏHLİL

Nazarbayev növbədənkənar seçkiyə niyə gedir? – TƏHLİL
  13 Aprel 2015    Oxunub:3328
Qazaxıstan prezidenti Nursultan Nazarbayev ölkədə növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən bu il aprelin 26-da Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Qeyd edək ki, Qazaxıstan qanunvericiliyinə əsasən ölkədə prezident seçkiləri 5 ildən bir keçirilir və növbəti seçki 2016-cı ildə baş tutmalı idi.

Rusiya ilə Qərbin münasibətlərinin gərginləşməsi, dünya bazarında neftin qiymətlirinin aşağı düşməsi ilə müşahidə olunan böhranlə paralel, Kremlin Qazaxıstanın şimal ərazilərini ilhaq etmək planları barədə məlumatların yayılması fonunda Nazarbayevin növbədənkənar seçkilərə əl atması nə ilə əlaqədardır və Astana həqiqətən də şimal qonşusunun imperialist planlarında yer ala bilərmi?

Qlobal və regional proseslərin təhlili göstərir ki, Nazarbayev həqiqətən mürəkkəb vəziyyətlə qarşılaşıb və geosiyasi qüvvələrin kəsişmə nöqtəsində bu dəfə Qazaxıstan yer ala bilər. Bu isə nəinki Nazarbayevin hakimiyyəti itirməsi, hətta ölkəsinin parçalanması ilə nəticələnə bilər.

Rusiyanın Krımı ilhaq etməsindən sonra ölkənin milliyyətçi dairələrinin nümayəndələri Qazaxıstanın şimal və şərq əyalətlərinin ilhaq edilməsi tələbilə çıxışlara başladılar. Məsələn, Rusiyanın məşhur müxalifətçi siyasətçisi Eduard Limonovun özünün facebook səhifəsində Kremlə Qazaxıstanın şimal ərazilərini ilhaq etməyi məsləhət görməsi, yaxud MDB ölkələri İnstitunun direktoru, Rusiya Federasiyası İctimai palatasının üzvü Konstantin Zatulinin Qazaxıstanla bağlı ilhaq planlarının olub olmaması ilə bağlı suala bunun “bizdən asılı olduğunu” deməsi kifayət qədər ciddi siqnallardır.

Nazarbayev anlayır ki, Moskvanın Krımda həyata keçirdiyi planı Qazaxıstanda etmək üçün kifayət qədər mümbit şərait mövcuddur. Qazaxıstanın 17 milyon əhalisinin 3.5 milyonu etnik ruslardır və onlar kompakt şəkildə ölkənin şimal əyalətlərində yaşayırlar. Üstəgəl, Qazaxıstanda Rusiyanın imperilaist planlarının dəstəkçisi sayılan kazaklar yaşayır və Kremlin Ukraynada olduğu kimi onların köməyindən istifadə etməsi mümkündür.

Yeri gəlmişkən, kazak etnosu vaxtilə Çar Rusiyası dövründə etnik türklərdən formalaşdırılmış və ruslaşdırılmış xüsusi etnosdur ki, Çar hakimiyyəti onlardan daim hərbi qüvvə kimi istifadə etmiş, əvəzində isə onlara müəyyən azadlıqlar təmin etmişdi. Kazaklarda tarixən formalaşmış fikir ondan ibarətdir ki, onlar rus torpağının bütövlüyünü təmin edən azad etnosdur.

Nazarbayev bunları nəzərə alaraq, hakimiyyətin nəzarətində olan rus və kazak icmaları yaratmış, onların hakimiyyətin müxtəlif qollarında təmsil olunmasını təmin etmişdi. Həmin icmaların nümayəndələri vaxtaşırı Qazaxıstanda millətlərin mehriban yaşaması, azlıqların mərkəzi hakimiyyəti dəstəkləməsi barədə müxtəlif bəyanatlar verirlər. Bununla Nazarbayev Kremlə göstərir ki, ruslar heç də Qazaxıstandan qopmaq fikrində deyillər, onlar bu ölkədə kifayət qədər normal şəraitdə yaşayırlar və ölkəni parçalamaq planları uğursuzluqla nəticələnə bilər. Lakin Qazaxıstan liderinin daxili milli sabitliyi təmin etmə üzrə fəaliyyəti kifayət etməyə bilər.

Söhbət ondan gedir ki, Putin özü hakimiyyətinin əldən getməsi və dövlətin parçalanmasından ehtiyatlandığı üçün “demokratik inqilab” dalğasının Rusiyaya daxil olmasının qarşısını almaq istəyir. Məhz buna görə Moskva hansı sərhəd ölkəsində demokratik inqilabın baş verməsi və qərbyönümlü qüvvələrin hakimiyyətə gəlməsini önləyə bilmirsə, həmin ölkədə dərhal süni konflikt yaradır bu yolla inqilabın Rusiyaya tərəf irəliləməsinin qarşısını almağa ümid edir.

Qərbin ilk uğurlu inqilabı Gürcüstanda baş verdi və ardınca Rusiya bu ölkəyə hücum edərək Cənubi Osetiya ilə Abxaziyanı qopardı. Bununla sanki Qərblə özü arasında bufer zona yaratdı. Analoji hal Ukraynada da baş verdi. Krım, Donetsk və Luqansk Qərblə Rusiya arasında bufer zona rolunu oynayır. Bu siyasət hələ Çar Rusiyası dövründən tətbiq olunur və ermənilərdən də, Osmanlı ilə Rusiya arasında bufer rolunu oynamaq üçün istifadə olunub.

Belə nəticəyə gəlmək olar ki, Qazaxıstanda demokratik inqilab baş verərsə, yaxud Nazarbayev qərbyönümlü mövqedən çıxış edərsə Rusiya ilhaq planına əl ata bilər. Buna görə Nazarbayev ölkəsində heç bir halda inqilabın olmasına imkan verməməlidir. Çünki nəticədə nəinki hakimiyyəti itirəcək, həmdə ölkəsi parçalanacaq.

İnqilabın təşkili üçün isə mümbit şərait formalaşmaqdadır. Neftin qiymətinin düşməsi və Rusiyaya qarşı sanksiyaların tətbiqi birbaşa Qazaxıstan iqtisadiyyatına mənfi təsir edən faktordur və 1989-cu ildən hakimiyyətdə olan Nazarbayevə qarşı ictimai narazılıqların artmasına səbəb ola bilər.

Məhz bu narazılıqlar fonunda Nazarbayev sınaqdan keçmiş üsula əl atır. Onun namizədliyinin Qazaxıstan xalqı Assambleyasının sədr müavini, milliyyətçə rus olan Anatoli Başmakov tərəfindən irəli sürülməsi də təsadüfi deyil. Bu ərəfədə prezident seçkilərinin ortaya atılması və seçki nəticəsində qutudan Nazarbayevin çıxması ictimayyətin siyasi dəyişikliklər istəyinin hakimiyyətin ziyana düşmədən təmin olunmasına istiqamənlənib. Nazarbayevin yenidən prezident seçilməsi ona qarşı inqilabın təşkili riskini də azaldır. Bununla prezident sosial dayaqlarını möhkəmləndirmiş olacaq ən azı yaxın iki il üçün inqilablardan sığortalanmış olacaq.

Tofiq Əsgərov
AzVision.az



Teqlər:





Xəbər lenti