Putin-Ərdoğan gərginliyi hara qədər dərinləşə bilər? – TƏHLİL

Putin-Ərdoğan gərginliyi hara qədər dərinləşə bilər? – TƏHLİL
  14 May 2015    Oxunub:7621
Ukraynada baş vermiş hadisələrə bağlı Rusiya ilə Qərbin münasibətlərinin gərginləşməsi və qarşılıqlı iqtisadi sanksiyalar fonunda Ankara ilə Moskvanın münasibətləri birdən-birə yüksələn xətlə inkişaf etdi. Bir-birindən fərqli, hətta ziddiyyətli regional və geosiyasi maraqlarına baxmayaraq, Rusiya ilə Türkiyə yaxınlaşmaq qərarına gəldilər: Moskva Türkiyənin hesabına geosiyasi izolyasiyadan çıxmağa çalışır, Türkiyə isə əsasən iqtisadi maraqlar güdürdü.

Buna baxmayaraq, gözlənilənlərin əksinə olaraq Rusiya prezidenti Vladimir Putin aprelin 24-də “ermənilərin soyqırımı”nın 100 illiyinə həsr olunmuş tədbirdə iştirak etmək qərarına gəldi və Yerevanda keçiririlən tədbirdəki çıxışı zamanı “soyqırım” ifadəsini işlətdi. Rusiyalı həmkarının onun dəvətini qəbul etməyib Yerevana getməsi və “soyqırım” çıxışı Ərdoğanın sərt reaksiyasına səbəb oldu.

- Birinci dəfə deyil ki, Rusiya “soyqırım” sözündən istifadə edir. Şəxsən mən təəssüflənirəm ki, Putin belə bir addım atdı. Ukrayna və Krımda baş verənlər heç bir şübhə doğurmur. Onlar əvvəlcə bunu izah etsinlər, sonra nəyisə “soyqırım” adlandırsınlar,- deyə Ərdoğan bildirib.
Türkiyənin Xarici İşlər Nazirliyi də məsələyə kifayət qədər sərt münsibət bildirib və Rusiya tarixində baş verən qanlı olayları Kremlə xatırladıb. Eyni zamanda Ərdoğan mayın 9-da qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərə qatılmayıb.

Kreml rəsmiləri isə münasibətlərin yumşalmasına çalışır və baş verənlərin Türkiyə-Rusiya əlaqələrinə mənfi təsir göstərməyəcəyinə ümid etdiklərini bildirirlər.
Türkiyə-Rusiya münasibətləri gərginləşə bilərmi? Ankaranın Moskvanın bu addımına qarşı hansı addımları atması mümkündür? Bu vəziyyətdən hansı tərəf uduşlu çıxacaq və regiona nə kimi təsiri ola bilər?

Ərdoğanın Putinin Yerevana səfər etmə ehtimalını nəzərə almadığını demək doğru olmaz. Çanaqqala zəfərinin ildönümünün məhz 24 aprel tarixində qeyd olunması təsadüfi deyildi və Kremli çətin seçim qarşısında qoymuşdu. Rusiya prezidentinin hansı tədbirdə iştirak edəcəyi ilə bağlı son anda qərarın verilməsi bunun göstəricisidir.

Burada Türkiyə ilə Qərbin birgə oyununun təzahürləri sezilir. Qərbin Qafqazı tamamilə öz təsir dairəsinə keçirməsinə mane olan amil Ermənistanın mövqeyi və bu ölkədə yerləşdirilmiş Rusiya hərbi bazasıdır. Vatikanın və Fransa başda olmaqla bir sıra Avropa ölkələrinin “soyqırım”ı tanıması fonunda Putinin iqtisadi maraqları üstün tutub “erməniləri məhv etmiş ölkə” olan Türkiyəyə səfər etməsi Ermənistan ictimayyətində anti-Rusiya əhval-ruhiyyəsini gücləndirəcəkdi. İctimai fikrin dəyişməsi isə müxtəlif inqilabi ssenarilərin həyata keçirilməsinə imkan yaradardı.

Putin bu riski gözə alaraq, Yerevana səfər etmək qərarına gəldi. Doğrudur, Kreml rəhbəri öz çıxışında kifayət qədər ehtiyatlı ifadələr işlətməyə və maksimum dərəcədə türkiyəli həmkarının narazılığına düçar olmamağa çalışsa da, Ərdoğanın reaksiyası gözləniləndən daha sərt olub.
Ümumiyyətlə, Putin Osmanlıda 1915-ci il hadisələrini “soyqırım” deyil, “insanların kütləvi qırğını” adlandırıb. Yalnız çıxışının sonunda qeyd edib ki, “Biz hesab edirik, insanların kütləvi qırğınına heç bir bəraət qazandırıla bilməz. Rusiya soyqırım cinayətinin xəbərdarlığı Konvensiyası daxil olmaqla müasir beynəlxalq cinayət hüququnun əsasını təşkil edən bir sıra beynəlxalq hüquqi aktların təşəbbüskarı və iştirakçısı olub”.

Bunlara baxmayaraq, Ərdoğan istəsə belə, Rusiya ilə münsibətləri tamamilə kəsə bilməz. Burada ilk növbədə söhbət Türkiyənin iqtisadi maraqlarından gedir. Ankara Qərb mallarından azad olmuş Rusiya bazarından öz maraqları üçün istifadə edir: Rusiyada mindən artıq Türkiyə şirkəti fəaliyyət göstərir, iki ölkə arasında ticari əməkdaşlıq səviyyəsi 30 milyard təşkil edir, rusiyalı turistlər Türkiyəyə illik 4 milyard xeyir verir və s. Türkiyənin Rusiya bazarından çıxması uzunmüddətli boşluq yaratmayacaq və Çin ilə Hindistan qısa müddətdə o boşluğu doldurmaq potensialına malikdirlər. Üstəlik, Türkiyədə parlament seçkiləri ərəfəsində türkiyəli iş adamlarının gəlirlərinin azalması əsas şüarı “iqtisadi yüksəliş” olan AKP iqtidarının məclisdəki yerlərinin sayını azalda bilər.

Ərdoğanın Rusiyaya qarşı sərt çıxışlarını əsasən siyasi populizm kimi qiymətləndirmək olar və bu addım da əslində seçkiqabağı vəziyyətlə bağlıdır. Türkiyə prezidentinin Moskvanın “soyqırım”la bağlı addımına qarşı fəaliyyətsizliyi elektoratda öz liderinə inamsızlıq yarada bilər. Odur ki, Putin də Ərdoğanın bəyanatlarını və Qələbə bayramına gəlməməsini anlayışla qarşılayacaq.

Lakin bütün bu gərginlikdə diqqət yetirilməsi vacib olan əsas məqam Krımla bağlıdır. Türkiyə prezidentinin öz bəyanatında xüsusilə Krımı xatırlatması Moskvaya qarşı tutarlı xəbərdarlıqdır. Ankara “Krım kartı”ndan Moskvaya qarşı istifadə edə bilər. İlk növbədə bu kart beynəlxalq qurumların tədbirlərində Krım tatarların hüquqları ilə bağlı çıxış və bəyanatlar vasitəsilə istifadə edilə bilər. Belə olan halda Rusiya ilə iqtisadi münasibətlərin pozulması belə Türkiyənin qarşısını ala bilməyəcək. Çünki təxminən eyni presedent Türkiyəyə qarşı həyata keçirilib.

Rusiya üçün ən təhlükəlisi isə, Krımda tatarların milli mübarizəsinə gizli dəstək verilməsi və yarımadada qarşıdurma yaradılmasıdır. Bu, paralel olaraq Rusiyanın tərkibində olan Tatarıstanda da narazılığa səbəb olacaq. Başqa sözlə desək, Ərdoğan iqtisadi maraqlara xələl yetirmədən Krım tatarlarını dəstəkləmək hüququnu qazandı.

Tofiq Əsgərov
Azvision.az üçün



Teqlər:





Xəbər lenti