Ağladanlar, bayılanlar, qısqananlar, dalaşanlar... – MƏŞHURLARIN “Son Zəng” xatirələri

  31 May 2013    Oxunub : 6022
Ağladanlar, bayılanlar, qısqananlar, dalaşanlar... – MƏŞHURLARIN “Son Zəng” xatirələri
Hər bir insanın həyatında dərin izlər buraxan anlar var. O anlar ki, sonradan ömür səhifələrində unudulmaz xatirələrə çevrilir. Belə xatirələrdən biri də “Son zəng” günü yaşadıqlarımızdır.

Həmin gün yaşananlar sonralar kimlər üçünsə xoş, kimlər üçünsə kədərli xatirəyə çevrilir. Amma fərqi yoxdur, bu, bütün hallarda ən əziz xatirələrdən biri olur. Az insan tapılar ki, məktəbin son zəng günlərini, qayğısız, xoşbəxt vaxtlarını xatırlamasın.

AzVison.az mətbuatımızın tanınmış jurnalistlərini 10-15 il əvvələ qaytarıb.

NEW Baku Post qəzetinin əməkdaşı Fərəh Sabirqızı:

- “Son zəng”imizdə bizi həyəcanlandıran anlar yəqin indiki məzunlara çox gülməli görünər. Məsələn, o vaxtlar məktəbə məcburən standart formada gedərdik. Ona görə də “Son zəng”ə həsr olunmuş mərasimdə adi geyimdə olacağımız günü çox həvəslə gözləyirdik. Yaxud ilk dəfə sinif yoldaşlarımdan biri “Son zəng” günü maşınla məktəb həyətinə gəlmişdi. Hamımız həvəslə onu seyrə çıxmışdıq, çünki o vaxta qədər heç bir məktəbli bunu etməmişdi.

“Son zəng”imizdə bulvara çıxmaq, yoldan keçənləri dairəyə alıb nəsə tələb etmək dəbdə idi. Onu da bizə icazə vermədilər. Mən də növbəti il bu maraqlı prosesi izləmək qərarına gəldim. Artıq tələbə ikən yaxın rəfiqəmlə bulvara çıxdıq. Düşünürdük ki, məzun deyiliksə, bizə dəyib-dolaşan olmaz. Amma elə addımımızı bulvara qoyan kimi bizi də dairəyə aldılar. Ya mahnı oxumalıydıq, ya oynamalıydıq. Heç birisini etməyi özümüzə sığışdırmadıq. Eləcə neçə dəqiqə dairədə qaldıq, nə qədər xahiş etdiksə də, zənciri açmadılar. Axırda dostumuz, elə həmin illərdən tanıdığımız Qabil Abbasoğlu (Lent.az-ın baş redaktoru) dadımıza yetdi. Onun çox gözəl səsi var və bir parça ifa edəndən sonra dairədən çıxa bildik. Bu, “Son zəng” günü bulvara çıxdığım ilk və sonuncu dəfə oldu.

...Aha!.. İndi də keçək bulvarda xanımların dadına çatan Lent.az saytının baş redaktoru Qabil Abbasoğluna:

- 1985-ci ildə kənddə orta məktəbi bitirmişəm. Son zəngimiz indikilər qədər təmtəraqlı və səs-küylü olmasa da, o vaxt üçün maraqlı nələrsə etməyə çalışmışdıq. Əvvəl həyətdə bir toplantı elədik, sonra zalda bayram tədbiri oldu. Yadıma düşür ki, uşaqlardan musiqi alətlərində ifa etməyi bacaranlar öz bacarıqlarını nümayiş etdirirdilər.

Həmin günün həyəcanı indi də yadımdadır. 10 il insan həyatı üçün ciddi zaman müddətidi, həm də uşaqlıq və yeniyetməlik dövrü kimi həssas bir dönəmdir. Həmin gün sevgilər etiraf olundu, dostluqlar elan olundu, sanki uşaqlar bir-birilə daha yaxin idilər. Bir-birimizə xatirə sözləri yazdıq. Xatırlayıram ki, həmişə sərt xasiyyətli olan direktorumuz Qasım muəllim də həmin gün dəyişib başqa bir insan olmuşdu elə bil, yumşalmışdı, uşaqlarla çox mehriban və səmimi davranırdı.

“Son zəng” həyata atılan ciddi addımlardan biridir. Mən indiki gənclərə də bu addımı ciddi dəyərləndirməyi, sevinə-sevinə, sevə-sevə yaşamağı arzu edirəm.

Bu gün mənim oğlumun da son zəngidi. Qoy, bu sonuncu məktəb zəngi onlar üçün həyatın ilk uğur zənglərindən biri olsun!

Bütün məktəbi ağladan “APA” Holdinqin rəhbəri Vüsalə Mahirqızının da son zənglə bağlı xoş xatirləri var:

- 1996-ci ildə, Ucar rayonunun Lək kəndində “Son zəng”im olub. Şəhid Rafiq Abbasov adına 1 nömrəli orta məktəbi bitirmişəm. “ Son zəng”də bir şeir dedim, özüm ağlamaqla bərabər hamını da ağlatdım.

Ümumiyyətlə, mən xarakter etibarilə bir yerə bağlananda ayrılmağım çətin, problem olur. Daha doğrusu, o zamanlar elə idi, indi daha heç bir sey problem deyil. O vaxt məktəbdən ayrılmaq mənə faciə kimi gəlirdi ki, necə ola bilər ki, bağlandığımız bir yerdən ayrılacağıq?..

Sonra da rus dili müəlliməmiz Rəna xanımgilə yığışdıq. Əslində o, mənim 11-ci sinifə qədər məktəb uşaqları ilə bir yerdə keçirdiyim ya birinci, ya da ki, ikinci tədbir idi. Əvvəla valideyinlərim icazə vermirdilər tədbirlərə qatılmağa, həm də dərs o qədər çox idi ki, mən tədbirlərə çox gedə bilmirdim.

Kənd məktəblərində adətən şəhərdəki kimi kimisə dövrəyə almaq kimi şeylər olmurdu. Adətən kənddə son zəngi bitirəndə xatirə dəftərləri yazırdılar. Amma mən yazmamışam. O cəhətdən ümumiyyətlə, mən maraqlı uşaq olmamışam. Ətrafadakılar da həmişə onu deyirdilər. Çünki elə şeylərə adətən vaxt itkisi kimi baxırdım. Özümün şəxsi xatirə dəftərim də olmayıb. Amma o vaxt bizim qızlarımız xatirə dəftərləri tutardı və o dəftərləri bizə yazmaq üçün verərdilər. Bizim uşaqlar, yadımdadır, tədbirdən sonra Qəbələyə istirahətə getmişdilər. Sadəcə olaraq ailədə belə şeylərə məhdudiyyət olduğuna və dərslərim çox olduğuna görə mən gedə bilmədim.

Mənim anam da müəllimə idi, o qaydalara çox ciddi əməl olunmasının tərəfdarı idi. Ona görə də məktəbi qurtarana kimi yay aylarında ağ köynək, qara yubka, qış aylarında isə şal don geyinmişəm. Saçlarımı da arxaya yığıb, bant vurmuşam.

“Üç nöqtə” qəzetinin redaktoru Elməddin Muradlının isə həmin gündə başına gələn əhvalatlar heç tarixə yazılası deyil:

-Mənim uşaqlıq,məktəb illərim ağır keçib. Məcburi köçkün kimi yaşayış yerini tez-tez dəyişdiyimiz üçün məktəbləri də dəyişdirirdim. Axırda 3 il eyni məktəbdə oxuya bildim. O illəri xatırlamaq çox ağır gəlir. Amma nə edək,biz də şagird olduq,məktəb oxuduq, çətinliklə ali məktəbə qəbul oldum. Son zəng günü müəllimlərə gilas almışdım. Kiçik alverlə məşğul olduğum üçün nəsə lazım olanda məni dükana göndərirdilər,bilirdilər ki, pulum var. Son zəng bitəndən sonra qızları “Kruq “a salıb, öpmək üçün uşaqlarla bulvara getdik.. Mən rus dilini yaxşı bilmirdim. Bir qızı “kruq “a saldım, dedim öpəcəm. Dedi ki, öp. Sinifyoldaşlarım dedi ki, biz də öpək, dedim ki, sizə olmaz. Mən öpdum, qız rusca dedi ki, “ya beremenna “, yəni hamiləyəm. Mən də elə bildim ki, deyir ki, mən Bakıda “vremenno” guya müvəqqətiyəm. Uşaqlara tərcümə elədim ki, bu qız qonaqdir,işiniz olmasın.

Bulvar macərası bununla bitmədi. Başqa bir qızı yenə kruqa saldıq.O vaxt yaraşıqlı oğlan idim. Qiz dedi köynəyinə yazı yazacam.Dedim yaz. Kürəyimə ingilis dilində yazib ki,” kiss me”, yəni,öp məni. Mən də kürəyimi görmürəm axi. Neçə nəfərə dedim ki, gör ora nə yazdı . Heç kim tərcümə edə bilmədi. Amma mən az cox ingilis dilində bilirdim . Eve gələndə köynəyi soyunub baxdım ki, qız yazıb “kiss me”. Dedim vay- vay.nə pis oldu . Bilsəydim ele bulvarda köynəyi soyunub baxardım. Mən də deyirəm qız yazını yazandan sonra niyə mənə baxıb maraqla gözləyir, heyf o şərait bir də ələ düşməz. Dostlarımdan heç biri vaxtında tərcümə eləmədi ki, yazıq qızı öpəm. Qız indi yəqin mənə ürəyində deyib ki, bu lap keydi ki.

Sən demə “Son zəng” günü ürəyi gedən jurnalist həmkarımız da var imiş. Azadlıq Radiosunun əməkdaşı Maarif Çingizoğlu görək bunu necə xatırlayır:

- “Son zəng”imiz “Pepsi-Cola”dan zəhərlənməyimlə yadda qalıb. Yenicə başlamışdıq yeyib-içməyə, rəqsə özümü pis hiss elədim. Sonra nə baş verdiyindən xəbərsiz oldum. Ayılanda sinif qızlarımızın başımın üstündə ağladığını eşitdim. İndi də yadıma düşəndə uşaqların son zəng bayramını pozduğum üçün çox pis oluram.

Qafqazinfo.az saytının baş redaktoru Elbrus Ərud isə həmin gün münasibəti ilə yaxşı bir çıxış da edib:

- Bizim son zəngimiz 1997-ci ildə olub. Atam bizim həm sinif rəhbərimiz, həm də ədəbiyyat müəllimimiz idi. Yəni son zəngdə birbaşa bizimlə birlikdə iştirak etməli idi. Ancaq son zəngə bir gün qalmış atam qəzaya düşdü və qolunu sındırdi. Biz son zəngimizi təxirə salmaq istədik. Ancaq atam bizi yığıb məclisi keçirməyimizi tövsiyə etdi. Biz də sinif yoldaşlarımızdan birinin evinə yığışdıq.

Qızlarımızdan bir neçəsi artıq nişanlanmışdı, ona görə də məclisə nişanlıları gətirmişdilər. Qapının ağıznda durub onları gözləyirdilər. Bu vəziyyət bizi hövsələdən çıxarmışdı. Çünki çoxumuzun ilk məhəbbəti elə öz sinifimizdə idi. Və bu qızlar artıq böyüməmiş nişanlanmışdılar. Bu gun-sabah ərə gedəcəkdilər. Onlarla nə bir yerdə otura, nə də rəqsə dəvət edə bilirdik.

Yadıma gəlir ki, durub məclisdə böyük bir çxış etdim. Sinif yoldaşlarım Elməddin, Seyfəddin, Müqabil, Anar, Bəhruz və digərlərilə ilk dəfə araq içdik, səhərə qədər kef elədik. Sizi inandırım ki, həmin gün yediyim “qovyadina”nın dadı indiyə kimi damağımdan getmir. Yəni pis olmayıb, maraqlı olub. O uşaqları indi heç vaxt bir yerə yığmaq mümkün deyil. Sinif yoldaşlarımızdan Maarif avtoqəzada dünyasını dəyişib.Tez ərə gedən qızlarımızın uşaqlarını hərdən kəndə gedəndə görürəm, şoka düşürəm. Onların uşaqları haradasa bu il, ya gələn il son zəng keçirəcəklər. Ancaq mənim üçün o qızlar, o oğlanlar hələ də məsumdurlar, 11-ci sinifədəki kimidirlər.

Amma həmin günü ürəyi istədiyi kimi keçirə bilməyən həmkarlarımız da var. “APA” informasiya agentliyinin redaktoru Cavid İsmayıl :

- Əslində orta məktəbin yuxarı siniflərində oxuduğum illəri, xüsusən 11-ci sinfi o qədər də xoş xatirələrlə xatırlamıram. Səbəb ölkədə gedən müharibə və onun gətirdiyi fəsadlar, ağır iqtisadi böhran və siyasi çevrilişlərdir. Son zəng də bu xüsusda istisna deyil. Amma son zəngin adama özünəməxsus kövrək hisslər yaşatması ən pis xatirələri belə kölgədə qoyur. İllərlə bir sinifdə oxuduğun, demək olar ki, hər gün üzünü gördüyün uşaqlardan və müəllimlərdən ayrılmaq asan deyildi.
Biz də bütün Bakı məktəbliləri kimi son zəngdən sonra bulvara getdik. Axşamı isə sinif yoldaşlarımızdan birinin evində keçirdik. Yəni bu əlamətdar hadisəni qeyri-adi formada qeyd etmədik. O gündən 15 il keçir...

Günel Mövlud:
- Mənim məktəb və tələbəlik illərim siz deyən maraqlı olmayıb. Sumqayıtdakı Qubadlı rayonunun qaçqın məktəblərindən birində oxuyurdum. Bir oğlan, 6 qızdan ibarət sinif idik. Çox sıradan, adi bir tədbir keçirdik, heç vaxt geymədiyimz qara don, ağ önlük taxdıq, tədbirə getdik. Həmişəki kimi sıradan çıxışlar oldu. Bir dilim tort yeyib qayıtdıq. Yəni 1999-cu ildə çox boz, maraqsız “Son zəng” oldu.

Jurnalist Aynur Elgünəş isə hətta bu münasibətlə şeir də yazıb:

- Mənim son zəngim Ağdamda oldu. Çox maraqlı keçdi, sanki bilirdik ki, bizdən sonra daha Ağdam da olmayacaq. Həmin günlə bağlı şeir də yazmışdım. Son zəng olanda o günləri xatırlayıb kədərlənirəm.

”Reytinq” qəzetinin baş redaktoru Seymur Verdizadəyə də həmin günləri xatırlamaq çox çətindir:

- Mən Son zəngi sinif yoldaşlarımla birlikdə 1992-ci il may ayının 25-də Cəbrayıl rayonunda qeyd etmişəm. Həmin günləri xatırlamağa indi çox çətinlik çəkirəm. Çünki doğma kəndimiz, doğma məktəbimiz indi işğal altındadır. Hansı paltarı geyindiyim dəqiq yadımda deyil. Amma hər halda ən təzə paltarımı geyindiyimi düşünürəm. Bizim kənddə gül-çiçək çox idi. Məktəbi başdan-ayağa gül-çiçəklə bəzəmişdik. Oğlanlar sinif yoldaşlarımız olan qızlara, qızlar isə oğlanlara gül bağışladılar.

Sonra şirniyyat süfrəsi arxasında əyləndik. Təxminən günorta saat 3-ə kimi məclisimiz davam etdi. Orada qərar verdik ki, 10 il sonra elə məktəbimizin həyətində görüşək. Təəssüf ki, 1993-cü ildə rayonumuz işğal olunduğu üçün bu arzumuzu gerçəkləşdirə bilmədik. Sinif yoldaşlarımla sonuncu dəfə 1992-ci ilin mayında Cəbrayıl rayonunun Soltanlı kəndində kollektiv şəkildə görüşmüşük. Artıq 21 ildir ki, belə bir fürsət heç birimizin əlinə düşməyib. Buba görə də həmişə “Son zəng” günü qeyri-adi, qəribə hisslər keçirirəm.

Tanınmış jurnalist , “APA”TV -nin əməkdaşı İlqar Rəsul:

- Orta təhsili Ağdamda-3 saylı məktəbdə almışam(1974-84). Biz "B" sinfində oxuyurduq. "A" sinfi nümunəvi idi. Oradakı uşaqların əksəriyyəti yaxşı oxuyurdu. Bizim sinif isə daha çox oxumayanlardan ibarət idi.

Mən 9-cu sinifdə oxuyanda, 10-cu siniflərin son zəngini müşahidə edib xeyli kədərlənmişdim. Uşaqlar soruşanda demişdim ki. artıq növbə bizimdi (o vaxt orta təhsil 10 illik idi). Bizim son zəngimizdə diqqətimi iki hadisə çəkdi. Biri o idi ki, öz aramızda qəddar hesab elədiyimiz müəllimələrdən biri - Yaqut müəllimə bizdən ayrıldığı üçün ağladı. Nitqini yarıda kəsib ağladı sadəcə. Bu mənə çox təsir etdi.
İkinci yaddaqalan hadisə isə dediyim o yaxşı oxuyan "A" sinfinin sinif rəhbəri Nüşabə müəllimədən gəldi. O öz sevimli sinfinin uşaqlarının hərəsinə bir kitab, bir qələm bağışlayırdı. Hamının hədiyyəsini verəndən sonra "B" sinfi məndən inciməsin”, -deyib məni çağırdı və bir kitab, bir qələm də mənə verdi. Açdım. Kitabın içində adım yazılmışdı. Demək ki, evdə yazanda məni də nəzərdə tutmuşdu. Bu, maraqlı idi. Əslində Nüşabə xanım riyaziyyat müəlliməsi idi. Mənsə riyaziyyatı yaxşı oxumurdum. Hər halda onun buna səbəbi olmamış deyildi...
Çıxışlardan sonra zəng çalındı... Həm də müstəqil həyatın ilk zəngi...

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə ”Son zəng”də dava etməyə də vaxt tapıb:

- “Son zəng”im 16 il əvvəl, Xətai rayonundakı 265 nömrəli məktəbdə olub. Mənim üçün yadımda qalan o idi ki, son zəngi çalan uşağı mən çiynimə götürmüşüdüm. 2-3 il əvvəl həmin o oğlanı yolda gördüm. Yanında da bir uşaq var idi. Soruşdum ki, bu kimdir? Dedi ki, övladıdır. Aradan nə qədər vaxtın, zamanın necə külək kimi sürətli keçdiyinin şahidi oldum.

Həmin gün ənənəvi məsələlərdən olan ağ köynəyin üstündə bir-birimizə arzularımızı yazırdıq. Arzular içində daha çox 11 il ərzində bir birinə sevgisini açıb deyə bilməyən adamların sevgi mesajları da var idi. Bacım o köynəyimi xüsus ilə qoruyuib saxlayır, hətta üstündəki yazılar belə silinməyib.

Yadımda qalan məsələlərdən biri də son zəng olub qurtarandan sonra məktəb gəzintisi zamanı bizim qızlara başqa oğlanlar söz atmışdılar və bizim orada çox güclü davamız oldu.

Bizdən həmişə narazı olan sinif rəhbərimiz Sona xanımın isə bizə son sözü bu oldu: “axır canım sizdən qurtardı”.

Şahanə RƏHİMLİ

Teqlər: