Sarkisyan işğalı niyə təsdiqlədi? İki əsas versiya – TƏHLİL

Sarkisyan işğalı niyə təsdiqlədi? İki əsas versiya – TƏHLİL
  01 Oktyabr 2015    Oxunub:20362
Ermənistan-Azərbaycan cəbhə xəttində son günlər gərginliyin artması Yerevanı xüsusilə təşvişə salıb. Ermənistanın siyasi elitasının qorxuya salan əsas məqam dəstəkçisi hesab etdiyi Moskva ilə Bakı arasında Qarabağ məsələsində razılıq əldə olunması və həmin razılığa əsasən Rusiyanın Azərbaycanın hərbi yolla öz torpaqlarını azad etməsinə göz yumacağı ehtimalıdır.

Son dövrlərin Moskva-Bakı yaxınlığı, bir sıra vacib beynəlxalq məsələlərdə vahid mövqeyin nümayiş etdirilməsi Ermənistan tərəfində bu tip versiyaların həqiqiliyinə inamı artırır.

Cəbhə xəttində gərginliyin artması fonunda baş vermiş ən diqqətçəkən məqam isə Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağı Ermənistanın ayrılmaz hissəsi olduğunu deməsi idi. “Planetin ən hərbiləşdirilmiş əraziləri sırasında olan Dağlıq Qarabağ Ermənistanın ayrılmaz tərkib hissəsidir”- deyə Sarkisyan qondarma `soyqırım`ın 100 illiyi ilə bağlı tədbirlərin icrasına həsr olunmuş iclasın açılışında bildirib. Münaqişə tarixində ilk dəfə olaraq Ermənistan prezidenti işğal faktını təsdiq edib və Yerevanın münaqişə tərəfi olduğunu etiraf edib. Sarkisyan eyni zamanda Azərbaycana hədələr yağdırıb və Azərbaycan hökumətinin öz davranışlarına görə cavab verməyə məcbur edəcəyini söyləyib.

Sarkisyanın münaqişə tarixində ilk dəfə olaraq “diplomatik maska”nı çıxarması Rusiyanın mövqeyi ilə bağlı ola bilər. Ehtimal etmək olar ki, Azərbaycanla Rusiya arasında işğal olunmuş ərazilərlə bağlı hansısa razılıq əldə olunub və bu zaman Kreml Yerevanın məsələyə dair mövqeyini öyrənməyi lüzumsuz hesab edib. Ermənistan bu bəyanatla Moskvaya ismarıc yollayır ki, Dağlıq Qarabağ onlara aiddir və məsələ Yerevanla razılaşdırılmalıdır.

Yaxud Ermənistan prezidentinin ümumiyyətlə, Azərbaycanla Rusiya arasında məsələ ilə bağlı aparılan danışıqların təfərrüatlarından məlumatı yoxdur və Yerevan yalnız müəyyən ehtimallar qurur. Sarkisyan bu yolla əvvəlcədən Moskvanı xəbərdar etməyə çalışır ki, onun razılığı olmadan hansısa sövdələşməni qəbul etməyəcək.

Əslində Ermənistanın bu mövqeyi Azərbaycanın xeyrinə hesab oluna bilər, çünki ilk dəfə olaraq Yerevan münaqişə tərəfi olduğunu etiraf etdi. Bu, danışıqlar prosesində Yerevanın müxtəlif bəhanələrlərlə vasitəçilərin tələblərindən yayınmasının qarşısını alacaq. Necə ki, 2008-ci ildə Saakaşvillinin Gürcüstanın işğal olunmuş ərazilərinə hücum etməsi Rusiyanın açıq konfrantasiyasına səbəb oldu ki, nəticədə münaqişə tərəfinin əvvəllər bəyan edildiyi kimi, separatçı respublikalar deyil, Moskvanın olduğu dünya ictimayyətinə çatdırıldı.

Ermənistan-Azərbaycan cəbhəsində hazırkı gərginliyin səbəbi nədir və Moskva ilə Bakı arasında işğal olunmuş ərazilərin geri qaytarılması ilə bağlı hansısa razılıq əldə olunması ehtimalı varmı?

Rusiyanın xarici işlər nazirinin məsələ ətrafında fəallığının artdığı göz önündədir. Lavrov verdiyi bəyanatlarda Dağlıq Qarabağ münaqişəsinin həllilə bağlı münbit şəraitin yarandığı və Rusiya tərəfinin münaqişənin həlli üçün səy göstərdiyi qeyd edir. Lakin münaqişə tarixi boyunca bu tip bəyanatlar çox verilib və belə fikirlərə əsaslanıb hansısa razılığın əldə olunmasını iddia etmək doğru olmaz. Amma formalaşmış geosiyasi vəziyyəti təhlil edərək hansısa nəticələr əldə etmək mümkündür.

Belə ki, BMT-nin Baş Assambleyasında Rusiya Prezidenti Putin və Amerika prezidenti Obamanın çıxışlarından aydın oldu ki, qarşı duran tərəflər Suriya və Ukrayna məsələlərində öz mövqelərindən geri çəkilmək fikrində deyillər. Bu, o deməkdir ki, Qərb koalisiyası Suriyaya hərbi müdaxiləsini artırmaqla yanaşı, Əsədin tərəfində olan Rusiya ilə İran dueti də regionda hərbi iştiraklarını genişləndirəcəklər.

Artıq Suriya səmasında Avstraliya və Fransa qırıcıları görünməkdə və terrorçuların mövqelərinə zərbə endirməkdədirlər. Türkiyə öz növbəsində Suriyadakı təhlükələrdən qorunmaq üçün NATO-ya müraciət edəcəyini bildirib. Bu o deməkdir ki, Suriya cəbhəsinə yollanacaq Qərb dövlətlərinin sayı artacaq.

Rusiya prezidenti Putin isə xaricdə hərbi qüvvələrdən istifadə etmək baradə razılıq verilməsi xahişi ilə Federasiya Şurasına müraciət edib və müsbət cavab alıb. Bu, onu göstərir ki, Rusiya ilə İranın da Suriyaya müdaxilə etməsi tam realdır. Və hətta yerüstü hərbi qüvvələrin yeridilməsi də mümkündür. Rusiya və İran cütlüyü Suriyanın və ümumiyyətlə Yaxın Şərqin yenidən bölünməsi prosesində kənarda qalmaq istəmirlər. Həmçinin, Suriyada Qərb koalisiyasının qarşısının alınması Amerikanın Orta Asiya və Xəzər hövzəsinə doğru irəliləməsini əngəlləyəcək.

Belə bir vəziyyətdə Azərbaycanın hansı tərəfdə mövqe tutması Rusiya və İran üçün xüsusi əhəmiyyət daşıyır. Hərbi yüklərin Rusiyadan Suriyaya göndərilməsində Moskva üçün ən məqsədəuyğun və rahat hava məkanı Azərbaycan-Ermənistan-Türkiyə-Suriya, yaxud Azərbaycan-İran-Suriya marşrutlarıdır. Xatırlamaq yerinə düşər ki, Ukrayna, Bolqarıstan və Yunanıstan Rusiya təyyarələrinin Suriyaya getməsi üçün hava məkanını bağlamışdı. Üstəgəl, əgər Rusiya Suriyada yerüstü əməliyyatlar həyata keçirmək qərarına gələrsə qoşun və hərbi texnikanın Suriyaya göndərilməsi üçün ən sərfəli marşrut yenə Azərbaycandan İrana, oradan isə Suriyaya göndərilməklə həyata keçirilə bilər. Gürcüstanın qərbyönümlü mövqeyi Rusiyanın Ermənistan vasitəsilə bunu həyata keçirməsinə əngəl yaradır. İran tərəfinin Azərbaycanla dəmir yolu xətlərinin bərpa edilməsi və tezliklə işə düşməsini istəməsi təsadüfi olmaya bilər.

Həmçinin, Rusiyanın Yaxın Şərqdə genişmiqyaslı hərbi əməliyyatlara başlamaq istəyi ərazinin nəzarətdə saxlanılmasını tələb edir ki, bu da radiolakasiya stansiyasının işinin bərpa olunması ehtiyacını yaradır. Güman ki, Rusiyanın Azərbaycanda yenidən radiolokasiya stansiyası qurmaq istəyi barədə yayılan məlumatlar bununla bağlıdır.

Bundan əlavə, Amerikanın Orta Asiyaya hərbi qüvvə göndərmə perspektivləri Azərbaycanın hava məkanının əhəmiyyətini ikiqat artırır. Qeyd edək ki, ABŞ Əfqanıstandan hərbi qüvvələrini çıxararkən məhz Azərbaycanın hava məkanından istifadə etmişdi. Bu dəfə Azərbaycanın Amerikanın tərəfində olmamasınin Rusiya üçün vacibliyinin səbəblərindən biri də budur.

Türkiyənin Rusiya lehinə sərgilədiyi mövqeyi də əlavə etsək və bütün bunların müqabilində Moskvadan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hansısa irəliləyişin tələb olunması mümkündür. Kremlin yaranmış vəziyyətdə geosiyasi maraqları üçün regional maraqlarından keçib, hansısa halda Azərbaycana güzəştə getməsini gözləmək olar. Məsələn işğal olunmuş yeddi rayonun boşaldılması prinsip etibarılə reallaşa bilər. Rusiya tərəfi bundan Putinin Ukrayna məsələsi ilə korlanmış imicini yaxşılaşdırmaq, yeni “Sülhməramlı prezident” obrazını yaratmaq üçün də istifadə edə bilər.



Tofiq Əsgərov


Teqlər:





Xəbər lenti