Qəfil çaxan MÜBARİZə şimşəyi

Qəfil çaxan MÜBARİZə şimşəyi
  18 İyun 2013    Oxunub:1743
Dilman Şahmərdanlı

Azərbaycan səmasında qəfil göy gurladı, bütün səma enində işığı göz qamaşdıran bir şimşək parladı. Atlar şaxə qalxdı, qayalarda əks-səda verən kişnərti eşidildi. Zəngi çalındı, qılınc və qalxan cingiltisi eşidildi, babalarımızın səsi-sədası Qarabağ torpaqlarına yayıldı. Ətrafa alqışlar yayıldı: Əhsən, Mübariz!! Əhsən, igid!! Bərəkəllah, qoçaq!! Qanımızı yerdə qoyma, qanımızı bu nakişilərdə qoyma!
Bir uşaq da qışqırdı: Mübariz əmiii..., öldür oları, məni yatdığım yerdə öldürdülər. O biri uşaq da dedi: məni də. Yer-yerdən uşaq səsləri eşidildi: məni də... məni də... məni də... bizi də... bizi də... Bu vaxt ağsaçlı bir ana irəli gəldi: Qurban olum adına, ay bala! Ananın südü sənə halal olsun, ay bala! O gördüyün doğranmış arvad məniydim, oğul! Vətənin dar günündə dözmədin, eləmi, başşına dönüm? Patronların bəs edəcəkmi? Qurbanın olum, zirehini geymisənmi?

Aman Allah, bütün Qarabağ səmasını ana yalvarışları, şən ruhlandırma sədaları, qışqırtı və nərə səsləri bürümüşdü... Şəhidlər də gəlmişdilər... Yaman coşmuşdular. Cərgə-cərgə düzülüb qəhrəmanlıq şüarları səsləndirirdilər. Bir nəfər uca səslə deyirdi: Afərin!! Sağ ol, Mübariz! Neçə ildir, sənin böyüməyini gözləyirdik! Oğulsan! Kişisən! Vətənə layiq oğulsan! Yolumuzu getdin, amalımıza sadiq çıxdın! Bax, gördüyün bütün bu şəhidlər sənə tamaşa etməyə gəliblər, qardaş! O bunları deyib yüksək səslə nərə çəkdi: Ey Mübariz, ey igid!!!

Bu danışan deyəsən, komandir idi. Onun son sözlərinin arxasınca əyinlərində əsgər geyimi olan bütün şəhidlərin nərəsi səmalara yayıldı: Ey Mübariz, ey igid!! Səmalar da onların sözlərini təkrar edərək şəhidlərə hay verdi: Mübariz... igid... Mübariz... igid... igid... igid...

Nə baş vermişdi? Bu nə hay-haray idi? Söhbət kimdən gedirdi? Qarabağ camaatı və “qarabağlı” adını daşıyanlar kimin pişvazına çıxmışdılar? Qara gözlü Qarabağ uşaqlarının əmisi kim idi ki, ona şikayətlənirdilər, kimisi yuxuda öldürüldüyünü, kimisi süngüyə sancıldığını, kimisi yandırıldığını, kimisi donduğunu söyləyirdi?

Gözümü nura boyanmış üfüqlərdən çəkib yerə baxıram. Bu kimdir? Ucaboylu, dolu bədənli, qətiyyətli və polad iradəli bir gənc. Bu hökmən azərbaycanlı olmalıdır, məncə. Bədəncə qüvvətli, addımları mətin və cəsarətli. Ayağının altını görmür. Gözlərini qan tutub. Elə bil günəş batarkən öz üfüq qırmızılığını onun gözlərinə hopdurmuş, dünyamıza yeni bir kədərli üfüq yaratmaq üçün xəlvətə çəkilmişdi...

O göylərin oğludur, yerləri görmür. Üfüqlərdə gedəcəyi yerləri seyr edir, görüşəcəyi insanları salamlayır və şəhidlik şərbətini birnəfəsə başına çəkmək üçün səbirsizlənir.

Şəhidlər ona baxır, o da şəhidləri süzür və iri addımlarla irəliləyir, bəzən əyilə-əyilə, bəzən qaça-qaça düşmən səngərlərinə yaxınlaşır və birdən bir qartal kimi ovu üzərinə şığıyır və var səsi ilə nərə çəkir: Allaaaah!!!

Nərilti gecənin sükutunu pozur. Düşmən əsgərlərinin ürəyi yerindən oynayır, nitqi bağlanır və silaha əl atmağa macal tapmamış bir-birinin arxasınca səslənən avtomat güllələri səslərini əbədi olaraq sinələrində boğur.

Düşmən əsgərləri bu qəfil basqından özlərini itirmişlər. Belə bir hücumun olacağı yatsalar yuxularına da girməzdi. Elə bilirdilər ki, elə beləcə də qalacaq, dədələri, başbilənləri atəşkəs danışıqlarını uzadacaq, onlar da gecələri rahat yatacaq, səhərləri tənbəl-tənbəl yuxudan duracaq, rus konservi və “vodka”sı ilə zəhərləndikdən sonra kefləri durulacaq, bu tərəfdən o tərəfə qışqıracaqdılar: adə, molla...

Mübarizin silahı susmaq bilmir. Səngərləri bir-bir keçir, bir nəfərini sağ buraxmadan düşmən əsgərlərini məhv edir.

Xəbər sonrakı postlara da çatıb deyəsən. Maşınların işıqları yanır, xəbərdarlıq siqnalları səslənir. Tənbəl erməni dığaları qorxudan böyümüş gözlərlə bir-birinə baxaraq: axbercan, bu na iş idir düşdük? Deyəsən, mollalar bizi basıb!!― deyə qışqırışırlar.

Amma onlar da nə baş verdiyini tam anlamamış başlarının üstünü bir qaraltı bürüyür və təkcə silahın alovlu dilini görür və içlərindəki ağrını hiss edirlər...

Aman Allah, bu, nə çeviklikdir, bu nə böyük nə şücaətdir? Mübariz əsgər elə bil insan deyil, qəzəbli aslandır. Sanki dilindən aramsız çıxan “Allahu əkbər” sədası deyil, qəzəbli şir nəriltisi idi. Olmaya şəhidim öz cəddi Əmirəlmömininin “Nərilti gecəsi”ni xatırlamışdı...? Elə bil dünyada bir özü və bir də düşmən əsgərləri vardı. Qırıb-çatır, gördüyünü məhv edirdi. Bu əsgərin düşmənə qarşı nifrətinə və kininə təəccüblənməmək olmur. Bir gəncdə bir belə nifrət haradandı? Məgər bu düşmən nə cinayətlərə yol vermişdi ki? Bəlkə bu igid üfüqdən boylanan ayüzlü uşağın səsini eşitmiş, bəlkə də ağsaçlı ananın hərbi hissədə gördüyü sənədli filmdəki qadın olduğunu bilmişdi... Bəlkə... və buna görə gözlərini qan tutmuşdu...

Daha yerə baxa bilmirəm. Yenə üfüqlərdəyəm. Şəhidlər iftixar dolu baxışlarla yerə üzanmış qəhrəman gəncə baxırlar. Hər tərəfi qan, silahı da özündən bir az aralı düşüb yerə…

Sən Mübarizin son şəklində gözlərini gördünmü? O, səmaya baxırdı...


Teqlər:





Xəbər lenti