Putin İŞİD-i niyə vurdu? - VERSİYALAR, TƏHLİL

Putin İŞİD-i niyə vurdu? - VERSİYALAR, TƏHLİL
  09 Oktyabr 2015    Oxunub:10114
Rusiyanın Suriyaya hərbi müdaxiləsi son günlər dünya gündəminin əsas müzakirə mövzusuna çevrilib və hadisələrin gələcək inkişafı perspektivlərilə bağlı müxtəlif mülahizələr irəli sürülür.

Rusiya tərəfinin verdiyi rəsmi açıqlamada İŞID terror təşkilatı ilə mübarizə məqsədilə Suriya ərazisinə aviazərbələr endirdiyi bildirilir. Türkiyə, ABŞ, Almaniya, Britaniya, Fransa, Qətər və Səudiyyə Ərəbistanı birgə bəyanatla çıxış edərək, Rusiyadan Suriyadakı bombardmanı dayandırmağı tələb ediblər.

İki əsas versiya

Putinin Suriyaya hərbi müdaxilə qərarının səbəblərilə bağlı əsasən iki versiya irəli sürülür. Birinci versiya ondan ibarətdir ki, Rusiya Amerika ilə razılaşdırılmış şəkildə bu əməliyyatları həyata keçirir və Putin bu yolla diqqəti Ukrayna cəbhəsində geri çəkilməsindən yayındırmağa çalışır.

Şərq Tərəfdaşlığı İnstitutunun prezidenti Avraam Şmuleviç hesab edir ki, Rusiyanın Suriyaya hərbi müdaxiləsi həm Qərb, həm də Rusiya kütləvi informasiya vasitələrində hədsiz şişirdilir, az qala 3-cü dünya müharibəsinin başlanğıcı kimi təqdim olunur. Əslində isə, Rusiyanın Suriyaya yerləşdirdiyi hərbçilərin sayı 2 min nəfəri keçmir və gündəlik 10 aviazərbə endirən 30 qırıcı Suriyayada əməliyyatlar aparır. Bu kontingent heç Rusiyanın hərbi bazasını İŞİD-dən qorumaq iqtidarında deyil.



Müqayisə üçün qeyd edək ki, Suriyada döyüşən tək İŞİD-çilərin sayı 70 mindən artıqdır. Münaqişədə iştirak edən kürd dəstələri və müxalifətçi qüvvələri də buna əlavə etsək, ümumi rəqəm 200 mini keçir. Amerika qırıcıları son dövrlərdə Suriya ərazisinə 7 minə qədər, İsrail ilə Türkiyə isə 10 mindən artıq aviazərbə endirib. Odur ki, Rusiyanın bir neçə bombası ilə İŞİD-ın geri çəkilməsi ilə bağlı məlumatların təbliğat üçün şişirdildiyi və Qərbin də bu oyunda Moskvaya kömək göstərdiyi barədə ehtimallar səslənir.

İkinci versiya isə bundan ibarətdir ki, Putin öz məqsədlərini reallaşdırmaq üçün Qərbin iradəsinə qarşı çıxaraq, Suriyaya hərbi müdaxilə etmək qərarına gəlib. Bir sıra təhlilçilər hesab edirlər ki, Rusiyanın xarici siyasətdə atdığı addımlar dərin strateji analizin nəticəsi deyil, yalnız Qərbin reallaşdırdığı plana cavab xarakterli spontan qərarlardır. Buna görə Moskvanın atdığı addımların arxasında uzunmüddətli strateji perspektivlər axtarmaq sadəcə olaraq vaxt itkisidir.

Putinin hədəfi nədir?

Putin dövrü Rusiya xarici siyasətinin ən səs-küylü hadisələrini yada saldıqda həqiqətən də belə bir qənaətə gəlmək olur ki, Moskva əvvəlcədən hazırlanmış strateji plana uyğun deyil, kənar təsirlərə cavab olaraq addım atır. Bunu ən azı 2008-ci ilin Gürcüstan hadisələri və Ukraynadakı olaylar sübut edir.

Bu konteksdən yanaşdıqda Suriyaya müdaxilənin səbəbinin əslində üzdə olduğu və Putinin bir zərbə ilə bir neçə problemi həll etmək istədiyi ortaya çıxır.



Birincisi, Putin istəyir ki, Qərbin qarşısında öz hakimiyyətinin qürurunu alçaltmadan ölkəsini iqtisadi izolyasiyadan çıxarsın və sanksiyaların ləğvinə nail olsun. Odur ki, Kreml öz siyasətini Avropanın iqtisadi maraqları üzərində quraraq, Brüsselin Vaşinqtona qarşı çıxmasına çalışır. Rusiyanın Ukrayna məsələsində müəyyən güzəştlərə getməsinin səbəbini bununla əlaqələndirmək olar.

Rusiyanın Suriyaya hərbi müdaxiləsi regionda hadisələrin Qərbin proqnozlarına uyğun olmayan istiqamətdə inkişafına və Avropaya miqrant axınının gözləniləndən qat-qat artıq olmasına gətirib çıxara bilər. Miqrasiyanın əsas yükü Avropanın çiyinlərinə düşdüyü üçün də Brüssel Moskva ilə dialoqa məcbur olacaq və bu zaman Kreml öz tələblərini diqtə edə biləcəyini düşünür.

İkincisi, ehtimal etmək olar ki, Rusiya Suriyaya müdaxilə etməklə Krım məsələsini unutdurur və Amerika qarşısında da əlavə üstünlüklər əldə edir.

Rusiya Bəşər Əsədin qanuni hakimiyyətini qoruduğunu bəyan etsə də, anlayır ki, əvvəlki formada Suriya siyasi rejiminin bərpa olunması heç bir halda mümkün olmayacaq. Kremlin sırf İŞİD-i məhv etmək üçün Suriyaya girdiyi də inandırıcı deyil. İŞİD-in həm Suriya hakimiyyəti, həm də müxalifətinə qarşı mübarizə apardığını nəzərə alsaq, Rusiyanın İŞİD-ə qarşı vuruşması əslində müxalifətə dəstəkdir. Müxalifət İŞİD təhlükəsindən qorxmadan Əsədlə mübarizəsinə qaldığı yerdən davam edə bilər. Odur ki, Rusiyanın müxalifətə zərbə endirməsi barədə Qərb dövlətlərinin ehtimalları həqiqəti əks etdirir.



Əslində Rusiya İranla birlikdə Suriyada münaqişənin daha uzun müddət davam etməsinə çalışır ki, İŞİD bu ərazidən çıxmasın. Çünki İŞİD-in Suriyada qələbəsi Orta Asiya, yəni Rusiyanın sərhədinə doğru irəliləməsiylə nəticələnə bilər. Həmçinin Rusiya Suriyaya yerləşməklə gələcək tənzimləmədə tərəf kimi yer almaq və ən azı şiələrin nəzarətində olan 20 faiz ərazini nəzarətində saxlamaq istəyir. Bu baxımdan Rusiyanın hərbi baza üçün seçdiyi ərazi iqtisadi baxımdan əlverişli hesab oluna bilər.

Moskva Aralıq dənizinə çıxışı öz nəzarətinə götürməklə gələcəkdə neft və qaz kəmərlərini Suriya ərazisindən keçirməyə çalışan sunni ərəb dövlətlərinin onunla hesablaşacağına ümid edir. Bundan əlavə, Aralıq dənizinə rus əsgərinin çıxışı Rusiya İmperiyasının tarixi geostrateji planına uyğun olduğu üçün Kremlin rəsmi təbliğatında mühüm faktor kimi istifadə oluna bilər.

Aralıq dənizi sahilində rus hərbi bazasının və hava hücumu qurğularının yerləşdirilməsi Rusiyanın NATO qarşısında hərbi-taktiki baxımdan üstünlüyünü artırır. Rusiya bu nöqtədən həm Türkiyə, həm də İsraildəki istənilən hədəfi vurmaq imkanı əldə edir.

Sentyabrın əvvəlində Moskvaya səfər edən İsrailin baş naziri Benyamın Netanyahunun narahatçılığının səbəbi də bununla bağlıdır. Güman ki, Moskva İsrailin Ukraynada hərbi təlim keçməsi və Ukrayna ordusunu silahla təchiz etməsinin, eyni zamanda, Azərbaycana 1.6 milyard dollarlıq silah satmasının qisasını bu yolla alır. Qaz kəmərini Türkiyə ərazisindən keçirməyə çalışan Rusiya üçün Ərdoğana qarşı da təsir vasitəsi yaranır.

70 minlik İŞİD ordusu 2 minlik Rusiya bazasını niyə məhv etmir?

Kremldə anlayırlar ki, heç bir dövlət Suriyada Rusiya ilə açıq hərbi konfrantasiyaya girməyəcək. Çünki Moskvanın cavab addımları gözlənilməz ola və həmin dövlətə baha başa gələ bilər. Amerikaya gəldikdə isə, Putin ən azı onu bilir ki, müharibə aparmaq Demokratların xarakterində deyil və Demokratlar partiyasının nümayəndəsi Barak Obamanın prezidentlik müddətinin bitməsinə bir il yarım qalmış müddətdə Vaşinqtonun da zərbələri ilə qarşılaşmayacaq.

Putinin 70 minlik İŞİD ordusundan qorxmadan Suriyada hərbi baza qurması isə onu göstərir ki, İŞİD hansısa qüvvələrin nəzarətindədir və bu qüvvələr Rusiyanın Suriya ərazisinə hərbi müdaxiləsinə hələ ki, etiraz etmir. Bununla bağlı iki versiya irəli sürülə bilər: Birincisi, İŞİD həqiqətən də, Bəşər Əsəd tərəfindən Qərb dövlətlərinin hücumlarını özündən yayındırmaq üçün formalaşdırılıb və bu dəfə onlara Rusiyaya toxunmamaq əmri verilib. İkincisi isə, İŞİD Qərb koalisiyasının nəzarətindədir və Amerika Putinin Suriyaya müdaxiləsinə etiraz etmir.

Bir vacib məqam da qeyd olunmalıdır ki, Qərbin “The Economis”, “Financial Times”, “Washington Post”, “Die Welt” və s. kimi aparıcı mətbu orqanları beynəlxalq geosiyasi məsələlərə aid məqalələrində Obamanın zəifliyindən, Putinin gözlənilməz gedişlə hamını qabaqlamasından, Moskvanın uğurlu taktiki gedişlərindən geniş təhlili məqalələr dərc edir və bununla sanki Kremli Suriyaya hərbi müdaxiləyə etməyə daha da həvəsləndirirlər.

Buradan belə bir nəticəyə gəlmək olar ki, Amerika Rusiyanın Suriyada müharibəyə girişməsində maraqlıdır. Bu, ya razılılaşma yolu ilə həyata keçirilir, ya da sadəcə, həvəsləndirmələrlə. Məqsəd isə ondan ibarətdir ki, Rusiya Suriyada hərbi iştirakını daha da artırsın və bununla iqtisadi gücü daha da zəifləsin. Güman etmək olar ki, Obamanın hakimiyyətinin sonuna qədər bu siyasət davam edəcək.

Putinin riskləri

Rusiyanın əsas riski sünni müsəlmanların düşmənçiliyi problemidir. Artıq Suriyadakı sünni qruplaşmalar Rusiyanı özünün düşməni elan edib və Səudiyyə Ərəbistanı Moskvanın addımlarına qarşı çıxıb. Rusiya rəsmi şəkildə İŞİD-lə mübarizə apardığını iddia etsə də, əslində Yaxın Şərqdə gedən şiə-sünni mübarizəsində şiələrin tərəfində mübarizəyə qoşulub. Hətta İran və İraqı da qatmaqla şiə koalisiyası yaradıb. Amerikanın İrana qarşı sanksiyaların ləğvinə yaşıl işıq yandırması, İraq hökumətinin Tehranın nəzarətində olmasını nəzərə aldıqda şiələrin də Vaşinqtondan yönləndirildiyinə dair şübhələrin ortaya çıxması mümkündür.

Xatırladaq ki, Rusiya əhalisinin 20 faizi müsəlmanlardır və bu müsəlmanların əksəriyyəti sünnidir. Rusiya hakimiyyətinin şiələrin tərəfini tutması daxildə olan radikal sünnilərin etirazına və hətta etiraz dalğasının qalxmasına səbəb ola bilər. Belə olan halda bu etirazlara maddi və mənəvi dəstəyini əsirgəməyəcək kifayət qədər xarici qüvvə ortaya çıxacaq.

Hadisələrin bu tip inkişafı Rusiya daxilində növbəti İŞİD cəbhəsinin açılmasını vəd edir. Bu zaman Moskva Qərb dövlətlərini də günahlandıra bilməyəcək, çünki Kremldən İŞİD-i vurmağı heç kim xahiş etməmişdi.

Tofiq Əsgərov
AzVision.az



Teqlər:





Xəbər lenti