Türkiyə vacib seçki astanasında – TƏHLİL

Türkiyə vacib seçki astanasında – TƏHLİL
  29 Oktyabr 2015    Oxunub:5126
Noyabrın 1-də Türkiyədə keçiriləcək növbədənkənar parlament seçkiləri ölkənin gələcək siyasi sistemini müəyyən edəcəyi üçün xüsusi əhəmiyyət daşımaqla yanaşı, dünyanın aparıcı dövlətlərinin də diqqət mərkəzindədir.

Türkiyəni prezident üsul-idarəli sistemə keçirməyə çalışan Ərdoğanın partiyası məqsədinə nail olmaq üçün parlamentdə mütləq üstünlüyü əldə etməlidir. Müxalif partiyalar isə, nəhayət ki, AKP-nin təkhakimiyyətliyinə son qoymağa və ən azı koalisiyalı hökumətin yaradılmasına çalışırlar.

Rusiyanın Suriyaya hücum etməsilə Yaxın Şərqdə maraqlı qüvvələr arasında ziddiyyətlərin gərginləşməsi regionun aparıcı dövləti olan Türkiyədə keçiriləcək parlament seçkilərinin önəmini onlar üçün də artırır.

Əslində Türkiyə siyasi səhnəsində dönüş nöqtəsi 7 iyun parlament seçkiləri oldu. Bu tarixdə AKP ilk dəfə olaraq seçkilərə Əhməd Davudoğlunun rəhbərliyi ilə qatıldı və 13 illik hökmranlıqdan sonra təkbaşına hökuməti formalaşdırmaq üçün səsləri kifayət etmədi. Kürdləri təmsil edən HDP (Xalqların Demokratik Partiyası) ilk dəfə parlamentdə təmsil olunmaq hüququ qazanaraq, 550 mandatdan 80-nə sahib oldu.

Seçkilərin nəticələrinə əsasən, AKP 40,8 faiz səs toplayaq 258 mandata, CHP (Cumhuriyyət Xalq Partiyası) 24,9 faiz səs toplayaraq 132 mandata, MHP (Milliyyətçi Hərəkat Partiyası)16,2 faiz səs toplayaraq 80 mandata, HDP isə 13,2 faiz səs toplamaqla 80 mandata sahib oldular. Türkiyə qanunvericiliyinə əsasən, hökumətin qurulması üçün 276 deputat mandatı tələb olunduğundan, AKP hökuməti formalaşdırmaq üçün partiyaların biri ilə koalisiyaya daxil olmalı idi. Lakin müxalif partiyalarla danışıqlar heç bir nəticə vermədi və növbədənkənar parlament seçkiləri elan olundu.

Türkiyədə konstitusiya dəyişikliyi yolu ilə yeni siyasi sistem formalaşdırmağa çalışan AKP üçün koalisiyanın qurulması yolverilməz sayılırdı. Prinsipcə AKP özünə daim sadiqlik nümayiş etdirmiş MHP ilə uğurlu koalisiya qura bilərdi. Lakin bu zaman konstitusiya dəyişikliyini irəli sürmək üçün tələb olunan 330 deputat səsinin qazanılması mümkünsüzləşirdi. Buna görə AKP təkbaşına 276 deputat yerini qazanmalı, konstitusiya dəyişikliyi üçün isə MHP-nin dəstəyindən yararlanmalıdır.

7 iyun seçkilərinin nəticələri açıqlandıqdan sonra AKP hökumətinin ölkə xarici və daxilində İŞİD və PKK-ya qarşı genişmiqyaslı mübarizəyə start verməsi, keçən müddətdə törədilmiş terror hadisələri elektoratın mövqeyinə təsirsiz ötüşmədi. PKK-nın fəallaşması HDP-nin reytinqinin AKP-nin xeyrinə dəyişməsinə gətirib çıxardı. Eyni zamanda, sabitliyin pozulması mühafizəkar millətçi və cumhuriyyətçi elektoratın sabitliyin təminatçısı kimi hakim partiyaya yönəlmasinə səbəb oldu. Başqa sözlə desək, AKP Türkiyə daxilindəki gərginlikdən öz reytinqinin yüksəldilməsi üçün faydalana bildi.



Seçkiqabağı keçirilən sorğuların nəticələri göstərir ki, respondentlərin 43 faizi AKP-ni, 26 faizi isə CHP-ni dəstəkləyir. MHP ilə HDP-nin tətəfdarları arasında isə əvvəlki seçkilərlə müqayisədə orta hesabla hər birində 2 faiz azalma müşahidə olunur. Bu göstəriciyə yaxın nəticələrin əldə olunması AKP-yə təkbaşına hökumət formalaşdırmağa imkan verir.

Türkiyənin Yaxın Şərq məsələsi də daxil olmaqla bir çox əhəmiyyətli kampaniyalarda Amerika və Avropa ilə eyni mövqedən çıxış etməsi, AKP-nin hakimiyyəti qoruyub saxlamasının prinsip etibarilə, Qərbin maraqlarına zidd olmadığını deməyə əsas yaradır. Bununla belə, Türkiyədə avtoritar meyilləri olan mütləq hakimiyyətin oturuşması nə Avropa, nə də ABŞ-ın ürəyincə deyil. Belə olan halda, kənar qüvvələrin ölkə siyasətinə təsir etmə imkanları məhdudlaşır və Qərb, hakimiyyəti tamamilə uzurpasiya etmiş liderin iradəsiylə hesablaşmalı olur.

Rusiyanın Suriyada fəallaşması ilə Yaxın Şərqdə koalisiyalararası artan gərginlik Türkiyənin mövqeyinin əhəmiyyətini çoxaldır və AKP-nin budəfəki seçkilərdə üstünlük qazanması Amerika ilə Avropanı Ərdoğanın mövqeyindən asılı hala salır. Məsələn Türkiyənin bu mübarizədə Rusiyanın tərəfində çıxış etmə ehtimalı Qərb koalisiyası üçün öldürücü zərbə ola bilər.

Almaniya kansleri Merkelin Türkiyəyə tələsik səfəri və Ankaraya AB-yə üzvlüklə bağlı vədlər verməsi Ərdoğanı qərb cəbhəsində saxlamaq cəhdlərinin bir hissəsidir. Rusiyanın xarici işlər naziri Lavrovun “Türk axını” ilə bağlı Türkiyə ilə razılığın əldə olunduğunu və parlament seçkilərindən sonra bu istiqamətdə əməli addımların atılacağını deməsi isə Brüssellə Vaşinqtonun bu mənada narahatlığını daha da artırır. Bu arada, Rusiya da bir tərəfdən təsir göstərmək, digər tərəfdən həvəsləndirməklə Ankaranı öz tərəfinə çəkməkməyə çalışır.

Həmçinin Türkiyə, Suriya ilə Avropa arasında bufer ərazi olduğu üçün münaqişə zonasından gedən qaçqın axınının qarşısının alınmasında həlledici rola malikdir. Ankaranın qaçqınların axınının qarşısını almaqla bağlı Brüsselin təkliflərinə müsbət reaksiyası bir sıra Avropa dövlətlərinin qaçqın probleminin öhdəsindən gəlməsinə kömək olacaq.

Qələbədən sonra Ərdoğanın hansı mövqedən çıxış edəcəyini əvvəlcədən demək mümkün olmasa da, Türkiyə prezidenti ölkəsinin mövqeyinin əhəmiyyətindən istifadə edərək hələ ki, seçkilərin keçirilməsi üçün vaxt qazana bilib.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti