Avrasiya İttifaqına qoşulmaq Azərbaycana nə vəd edir? – TƏHLİL

Avrasiya İttifaqına qoşulmaq Azərbaycana nə vəd edir? – TƏHLİL
  30 Oktyabr 2015    Oxunub:6769
Müasir geosiyasi reallıqları nəzərə alsaq, Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü bir sıra hallarda ölkənin maraqlarına cavab verə bilər. Lakin Qərblə Rusiyanın aşkar düşmənçiliyi fonunda Moskva ilə koalisiyaya daxil olmaq kimi qiymətləndirilə biləcək bu addım Azərbaycan üçün müəyyən risklər yaradır.

Çünki mahiyyət etibarilə Putinin müəllifi olduğu bu ittifaq üzv ölkələrin bir-birindən qarşılıqlı iqtisadi səmərə görməsindən daha çox, Moskvanın postsovet məkanında nüfuz dairəsinin möhkəmlənməsinə hesablanıb. Bu səbəbdən, Avrasiya İttifaqının üzvlərinin sayının artması Qərb tərəfindən Rusiyanın tərəfdarlarının çoxalması kimi qəbul olunur və əslində Kreml də bu tip qavrayışa qarşı çıxmır. Əksinə, bu amilin Vaşinqtonla qarşıdurmada onun siyasi çəkisini artıran faktor olduğu fikrindədir.

Avrasiya İttifaqına üzvlüyün qazandırdığı üstünlüklər

Hər nə qədər Avrasiya İttifaqı iqtisadi baxımdan səmərəsiz və əsasən Rusiyanın imperial ambisiyalarının təmin olunması üzərində qurulmuş birlik hesab olunsa da, ittifaqa qoşulma üzv ölkələr üçün az da olsa, iqtisadi üstünlüklər vəd edir.

Məsələn, üzv ölkələr arasında gömrük rüsumlarının ləğvi, yaxud sadələşdirilməsi iqtisadi böhran şəraitində postsovet respublikalarının ixrac mallarını Rusiya kimi nəhəng bazara maneəsiz şəkildə çıxarmasına şərait yaradır. Enerji daşıyıcılarının qiymətinin dünya bazarında düşməsi səbəbiylə gəlirləri azalan Azərbaycan iqtisadi inkişaf səviyyəsinin aşağı düşməməsi üçün qeyri-neft sektorunun inkişafını daha da sürətləndirməyə çalışır. Bu mənada, tranzit ölkə kimi nəqliyyat infrastrukturunun və kənd təsərrüfatının inkişafı Azərbaycan hökuməti tərəfindən çıxış yolu kimi daha optimal görünür. Belə olan halda, kənd təsərrüfatı məhsullarının ixracı üçün Rusiya bazarının əhəmiyyəti artır.

Eyni zamanda, şimalla cənubu və qərblə şərqi birləşdirəcək beynəlxalq nəqliyyat xətlərinin Azərbaycandan keçməsi həm də müəyyən qədər Rusiyadan asılıdır. Fakt ondan ibarətdir ki, Azərbaycanın idxal-ixrac əməliyyatları həya keçirəcəyi Xəzər hövzəsi ölkələri Rusiyanın təsirindədir, digər qonşumuz İran Rusiya ilə birlikdə qərbə qarşı koalisiyada çıxış edir. Xarici ticarətdə Rusiya amilinin Azərbaycan tərəfindən nəzərə alınmaması Avrasiya İttifaqı ölkələri ilə münasibətdə daha yüksək gömrük tariflərinin tətbiqi nəticələnər və bu da onsuz da qeyri-sabit iqtisadi vəziyyətə növbəti zərbə ola bilər.

Digər tərəfdən, Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü Dağlıq Qarabağ probleminin həllini labüdləşdirir. Çünki, Azərbaycanla Ermənistanın diplomatik və ticari münasibətlərinin bərpa olunmaması ittifaqın yaradılmasının məntiqsizliyini ortaya çıxarır. Əgər İttifaq daxilində Putinin dediyi kimi, vahid gömrük tarifləri, pul siyasəti, razılaşdırılmış beynəlxalq mövqedən çıxış etmə nəzərdə tutulursa, bu zaman iki Qafqaz ölkəsinin barışması tələb olunur. Barış üçün isə optimal variant Azərbaycanın ilkin mərhələdə 6-7 rayonunun geri qaytarılması, qaçqınların yerləşdirilməsi, növbəti mərhələdə isə Dağlıq Qarabağın statusunun müzakirəyə çıxarılması irəli sürülə bilər.

Ermənistanın parlament respublikasına keçidə hazırlıq görməsi mümkün sülhə hazırlığın bir hissəsi üçün də ola bilər. Belə ki, Ermənistan prezidenti Rusiyanın təzyiqi qarşısında bu sazişə imza atmalı olacağı üçün belə böyük məsuliyyətin altına girmək istəmir. “Məğlub prezident” kimi tarixdə qalmaq istəmədiyinə görə Sarkisyan bu işi referendum nəticəsində daha çox səlahiyyət qazanacaq parlametə həvalə edəcək.

Bundan əlavə, Rusiyanın qonşu dövlətlərə münasibətdə iqtisadi təzyiq vasitələrindən daha çox hərbi müdaxilə variantına üstünlük verməsi Azərbaycan üçün də təhlükə yaradır. Rusiya ilə hazırkı məqamda həmrəy mövqe nümayiş etdirilməsi isə Azərbaycanı bu tip təhlükələrdən müəyyən qədər sığortalayır.

Risqlər

Avrasiya İttifaqının Azərbaycan üçün yaratdığı ən böyük risq Dağlıq Qarabağ münaqişəsinin həlli müqabilində Rusiyanın öz qoşunlarını `sülhməramlı` adı ilə Azərbaycan ərazisində yerləşdirilməsini tələb etməsi ola bilər. Rusiya qoşunlarının münaqişə zonasında yerləşdirilməsi Azərbaycanın gələcəkdə öz ərazilərini hərbi yolla azad etmə şansını məhdudlaşdırır. Çünki belə olan halda Rusiyanın Dağlıq Qarabağ uğrunda Ermənistan tərəfində müharibəyə daxil olması üçün legitim əsası yaranır. Azərbaycanın müharibəyə başlamayacağı halda belə, Rusiya qoşunlarının de-yure Azərbaycanın ərazisi hesab edilən rayonlarda yerləşdirilməsi Azərbaycan hökumətinə qarşı istənilən vaxt istifadə ediləcək təzyiq vasitəsi rolunu oynayacaq.

Başqa bir risq isə ondan ibarətdir ki, Rusiya ilə ittifaqa daxil olmaqla Azərbaycan faktik olaraq Yaxın Şərqdəki şiə-sünni mübarizəsində şiə cəbhəsinin tərəfdaşı kimi qəbul olunmağa başlayacaq. Bu ölkə daxilində mövcud olan dinlər və təriqətlərarası tolerantlıq mühitini poza, dini icma nümayəndələrinin qarşıdurmasına gətirib çıxara bilər.

Bundan əlavə, Yaxın Şərqdə formalaşmış Türkiyə və Səudiyyə Ərəbistanının yer aldığı sünni koalisiyasının Azərbaycana münasibətinin sərinləşməsi mümkündür.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti