ABŞ-ın gizli gücü: `Musiqi diplomatiyası` - TƏHLİL

ABŞ-ın gizli gücü: `Musiqi diplomatiyası` - TƏHLİL
  10 Noyabr 2015    Oxunub:5633
Bu gün “Amerikalaşma yolunda musiqi diplomatiyası”, başqa adla isə “ABŞ-ın not diplomatiyası” Vaşinqtonun xarici siyasətində olduqca önəmli mexanizm rolunu oynayır. Belə ki, musiqi təkcə “ruhun qidası” yox, həm də “soft power”dir (“yumşaq güc”).

Qısa desək, musiqi həm də yatmış kütləni hərəkətə gətirən gücdür. Hətta musiqinin sənət tərəfi siyasi tərəfinə uduzur, çünki siyasət sürətlə transformasiya ola bildiyi halda, sənət bunu bacarmır.

Musiqinin siyasi roluna aid tarixdən bir neçə misal çəkək. Bethoven “3-cü sinfoniya”nı əvvəlcə Napoleona ithaf etmiş, son anda onu qəhrəman yox, diktator hesab etdiyi üçün fikrini dəyişmişdi.
Cüzeppe Verdinin “Nabukko” operasındakı bir parçası Fransız və Avstriya zülmü altında əzilən İtalyan millətçilərini çox təsirləndirmiş və şimali İtaliya millətçilərinin marşına çevrilmişdir.
Rixard Vagner nasist Almaniyasının musiqi siması hesab olunurdu.
Yaxın tarixdə yazılmış bəstələrin sayı da olduqca çoxdur. Əsasən də ABŞ-ın Vyetnama müdaxiləsindən sonra siyasi mahnıların sayı kəskin artmağa başladı.

Musiqi insanları yönəldilməsində siyasi mexanizm effektini verir. Dünya musiqi industriyası həm də bu məqsəd üçün işləyir.

Amerika ordusunda Vyetnam savaşı zamanı əsgərləri döyüşə həvəsləndirmək üçün tankların içində Led Zeppelinin “In whole lotta love” mahnısı səsləndirilirdi. 1960-cı illərdə rok musiqisi dünyada bir yüksəliş yaşayırdı. Kütləni öz təsirinə salan rok öncə insanları “sevgi, sülh, qardaşlıq, hörmət, barış” istəkləri ətrafında birləşdirirdi. Bu isə ABŞ-da hökumət dairələrini narahat edirdi. Maraqlıdır ki, sonra musiqi bazarına dəyişik, müxtəlif səpkili janrlar çıxarıldı. Bunlar sadəcə insanları əyləndirən, boş “disko musiqisi” idi.
Əsasən bu olaylardan sonra ABŞ dövlət qurumları tərəfindən musiqinin kütləyə necə təsir etdiyi diqqətlə nəzərdə keçirilməyə başlanıldı.



Məsələn, dünyaca məşhur “U2” rok qrupu `siyasi musiqi` ifasında ön sıralarda yer alır. Qrupun yazdığı “Bullet the Blue Sky” mahnısı Britaniyada ingilis əsgərlərinin 1972-ci ildə etiraz aksiyasında açdığı atəş nəticəsində ölmüş 14 nəfərə həsr olunmuşdu. “Miss Sarajevo” adlı sinql qrupun Bosniya savaşına qarşı etiraz əlaməti olaraq yazdığı başqa bir mahnısıdır. Qrupun solisti Bono müğənnidən daha çox siyasi fiqura bənzəyir: o, bir çox siyasi liderlərlə görüşüb - ABŞ-ın eks-prezidenti Corc Buş, hazırkı prezident Barak Obama, Brazilyanın eks-prezidenti Luis İqnasio Lula da Silva, Rusiyanın baş naziri Dimitri Medvedev, CAR-ın keçmiş prezidenti Nelson Mandela, Britaniyanın keçmiş baş naziri Toni Bleyer, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və nəhayət, keçmiş Roma Papası II İohan Pavel. 2009-cu ildə G8 ölkələrinin zirvə görüşündə 18 Afrika ölkəsinin borclarının silinməsi üçün 200 min imzalıq petisiyanı başladan, Afrikada AİDS və aclığa qarşı mübarizə üçün fond yaradan, hər fürsətdə İsraili Fələstin münaqişəsinə görə tənqid edən də Bonodur.

Musiqinin insanlar üzərindəki psixoloji təsirinin olub-olmamasını isbatlamaq üçün ABŞ-da 188 qız, 100 oğlan arasında test keçirilib. Sınaq zamanı onlara nifrət, aqressiya mahiyyətli musiqi dinlədilib. Araşdırmanın sonunda bəlli olub ki, musiqinin sinir sisteminə təsiri ağılasızğmaz dərəcədə böyükdür. Ələlxüsus, rok və metal janrlarının gənclərə dağıdıcı təsiri olduğu ortaya çıxıb. Şeel və Vestfeldin 1999-cu ildə apardıqları sosioloji tədqiqat zamanı məlum olub ki, “heavy metal”a qulaq asan gənclər “qızışmağa hazır olan” tiplərə çevrilirlər. Bu isə metal rokun vətəni olan ABŞ üçün dünyada bu musiqini dinləyən kütlənin beyninə nəzarət imkanı deməkdir.

Caz musiqisi ABŞ-ın klassik musiqisi kimi tanınır. XX əsirin başlanğıcı “Jazz Age” (caz dövrü) kimi tanınır. Soyuq Müharibə dönəmində “caz diplomatiyası” ABŞ-ın əlində güclü mədəni silah idi. Vaşinqton “caz diplomatiyası” vasitəsilə dünyada demokratik imicini bərkidirdi. 1954-ci ildən başlayaraq ABŞ Dövlət Departamentində “caz diplomatiyası” xüsusi diplomatik fəaliyyət istiqaməti kimi qəbul edildi. Bu diplomatik kurs Cənubi Amerika, SSRİ, Şərq bolku ölkələrinə yönəldilmişdi.

Soyuq Savaş dönəmində siyasi böhranın yumşaltmaq üçün Louis Armstronq, Dave Brubeke, Duke Ellinqton, Dizzi Cillespiy və Benni Gudman kimi caz nəhəngləri hökumətin maliyyə dəstəyilə sosialist ölkələrinə qastrola göndərilirdilər. Tədqiqatçı Lisa E. Davenport yazır ki, ABŞ “caz diplomatiyası” vasitəsilə kommunizm rejimində yaşayan insan beyinlərini, ürəkləri işğal etməyi bacarırdı.



1973-cü ildə Çilidə sağçılar demokratik yolla seçilmiş sosialist dövlət başçısı Salvador Alyendeni devirdilər. Pensilvaniya Universitetinin professorları Edvin B. və Lenor R.Villiyams yazırlar ki, Alyendenin devrilməsində “caz diplomatiyası”nın da rolu az olmayıb.
ABŞ Dövlət Departamentinin xüsusi dəstəyilə “Next Level” və ya “One Beat” adlı dövlət proqramı daxilində digər ölkələrdə, məsələn: Cənubi Koreya, Hindistan və Pakistanda davamlı olaraq `musiqi diplomatiyası` yürüdülürdü. Vaşinqton Kuba ilə əlaqələri yaxşılaşdırmaq məqsədilə hətta 1960-cı ildə Minnesota orkestrini məsələyə qatmışdı.

Müasir dövrdə də bu xətt davam etdirilir. ABŞ-ın Boston və Los-Anceles şəhərlərində 2013-cü ildə “musiqi və diplomatiya”, Hollandiyanın Utrext şəhərində “musiqi”, Almaniyanın Berlin və Hannover şəhərlərində 2014-cü ildə “musiqinin diplomatiyaya təsiri” adı altında müxtəlif konfranslar keçirilib.

Məşhur Nyu-York filarmonik orkestrinin 106 nəfərlik heyətlə Şimali Koreyanın paytaxtı Pxenyan şəhərində konsert verməsi “musiqi diplomatiyası”nın bir növüdür. Maraqlıdır ki, orkestr açılış mərasiminə “Parisdə bir Amerikalı” adlı əsərlə başlayıb. Bu isə bir gün amerikalıların Pxenyanda olacağı anlamına gələn mesajdır. Orkestrinin rəhbəri isə deyib ki, “Şimali koreyalılar bizi televizorda izləyəndə amerikalıların gözəl və mədəni insanlar olduğunu görəcəklər”. Bununla da “musiqi diplomatiyası” vasitəsilə ABŞ Şimali Koreyaya qapı açmış oldu.

Ümumiyyətlə, ABŞ-ın “musiqi dipolmatiyası” onun “yumşaq güc” arsenalındakı silahlardan biri olmaqla, dünya insanlarının şüuruna təsir imkanları yaradır. Qloballaşma fonunda bu silahın gücü xüsusilə hiss olunur.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti