Atalar və oğullar

Atalar və oğullar
  03 İyul 2013    Oxunub:1833
Əsəd Qaraqaplan

Atam 20 ildən çox Rusiyada – rusların arasında yaşadığına görə dinə, xurafata, mövhumata, cinə, şeytana və bu kimi şeylərə inanan adam deyildi. Düzdü, ateist də demək olmazdı ona, ama vur-öldür, inanmazdı da belə şeylərə... Onun başına gələn bir olayı anlatmaq istəyirəm sizə...
Demək, atam deyir ki, 60-cı illərdi, Rusiyadan təzə gəlib dədə yurdunu abad eləmişəm, dir-dirrik yaratmağa çalışıram. Din-xurafat, cin-şeytan söz-söhbətinin də geniş yayıldığı vaxtlardı. Bizim tərəflər o vaxt daha çox meşəlik, xılbıttıq imiş. Mən də gecələr meşəyə ova çıxır, vurduğum tülkü-çaqqalın dərisini soyub satır, başqa xırda-para ovlar da edir, həm də başımı qatırdım bununla...

Deyir, bir dəfə meşənin qırağıyla gedəndə gördüm ki, qarşımda bir ağ şey dayanıb. Qorxdum, öncə neyləyəcəyimi bilmədim, sonra tüfəngi qaldırıb tuşladım o ağ şeyə... (Bizdə cinlərin, əlarvadının (halarvadının) ağ, uzun geyimdə olduğunu deyirlər.) Sonra fikirləşdim ki, bu, deyildiyi kimi cindirsə, buna güllə də kar eləməyəcək və biraz da onu qəzəbləndirəcəyəm...

Deyir, bilmirəm neyləyim, çox da qorxuram. Xeyli belə qalandan sonra düşündüm ki, artıq gecdi, onsuz qaçmaq da mümkün deyil, cin olsa tez də yaxalayar məni. Buna görə də yavaş-yavaş yaxınlaşdım ona. Hava da zülmət qaranlıq, ətraf da sıx meşəlik, hər tərəfdən də bayquş-lorun səsləri gəlir. Adamı biraz da vahimə basır...

Deyir, nəhayət, lap gəlib yaxınına çıxdım bu "ağ şey”in. Biraz da yaxınlaşanda nə görsəm yaxşıdı? Gördüm, böyük bir palıd pıtılı - çürümüş palıdın gövdəsi. Bu da ağappaq olur. Bu ağacın pıtılı da adam formasında imiş... Deyir, bundan sonra qəti belə şeylərə inanmamağa başladım...

Atam həmişə deyərdi: "İnsanın taleyi dilində və əməlindədi..." Bu, onun həyat fəlsəfəsiydi. Dedim ya, uzun illər Rusiyada - rusların arasında yaşamışdı. İki dəfə ailə qurmuşdu orda. İki oğlu, bir qızı vardı. Amma sonra qayıtmışdı. "Rusdan ailə olmaz" deyirdi. Evin tək oğluydu. "Ata ocağını yandırmaq lazımdı", - deyirdi - "ona görə qayıtdım".

Sərtdi, qürurluydu. Kimsə bir sözünü iki eləyə bilməzdi. Yaşlandıqca daha çox kövrək olurdu. Bəzən hər şeydən və hər kəsdən küsərdi. Amma heç vaxt məndən küsmədi. Otağında tək yaşayanda da yalnız məni çağırardı yanına, oturub söhbət edərdik, çay içərdik, özünün dəmlədiyi çayı. Evin ən kiçiyi məndim, sevimliydim, uşaq idim. "Dədə" deyərdi mənə. Çünki atasının - babamın adını qoymuşdu mənə...

Bizi - səkkiz uşağı çətinliklə böyütmüşdü. Ölənə qədər savaşmışdı həyatla. Heç vaxt yenilməmiş, heç vaxt dönməmişdi. Heç vaxt bizi sevdiyini deməzdi, bunu sadəcə əməliyə göstərərdi - Əli Kərimin sözü olmasın...

Öldüyündə 70, mənsə 15 yaşımdaydım... Taleyi də dilində və əməlində getdi. Kimsəyə bir söz demədən, kimsəni ölümüylə də incitmədən. Bir gün səhər, 18 sentyabrda - payıza iki gün qalmış getdi... Biraz əvvəl yenə məni çağırdı otağına, oturduq. Çay dəmləmişdi, içdik. Söhbət belə etmədən anlaşa bilirdik. Həmin gün də nədən və nə söhbət etdiyimiz yadımda deyil. Sadəcə mənə yenə əməlində və dilində sevgi gördüyüm yadımdadı...

Çay içib, biraz oturub çölə çıxdım nəyəsə görə. Çağırmışdılar deyəsən. Təkrar otağa gəldiyimdə onu çarpayıda bayaqkı kimi oturan görmədim. Sağ böyrü üstə yıxılmışdı, sağ əli çarpayıdan yerə sallanırdı. Ağzından köpük axa-axa xırıldayırdı. Danışa və başını qaldırıb mənə baxa bilmirdi. Gözlərində cavabsız suallar vardı, sanki bu halına və nəsə deyə bilmədiyinə görə utanırdı. Elə baxırdı ki, elə bil heç ölməyəcəkdi. Çox canlıydı gözlərindəki həyat eşqi...

Tez qaçıb ortancıl qardaşımı çağırdım. Gəldik, götürüb apardıq o biri otağa. Uzandırdıq, həkim çağırdıq. Həkim "gərək bunu yerindən tərpətməzdiniz" dedi. Artıq gec idi. Son nəfəsini yaşayırdı.

Mamam canı çıxana qədər heç ayrılmadı başının üstündən. 19 sentyabr, səhər tezdən - payıza bir gün qalmış mamam gəlib məni oyatdı. "Qurtardı" dedi. Ağlamaqdan gözləri şişmişdi mamamın. Mənəsə hər şey yuxu kimi gəlirdi. İnana bilmirdim. Elə bilirdim bayaq yatdığım kimi yenə də yuxudayam. İnana bilmirdim atam ölə bilər. Elə bilirdim atam yenə öz otağında təkliyinə qapılıb və yenə məni çağırıb yanına öz dəmlədiyi çaydan süzəcək. Yenə çox şey danışmayacağıq, sadəcə o, axırda yenə mənə deyəcək: "İnsanın taleyi öz dilində və əməlindədi..."


Teqlər:





Xəbər lenti