‘Alman Cihadı’: İslam dünyası necə bölünəcəkdi – TARİXİ ARAŞDIRMA

‘Alman Cihadı’: İslam dünyası necə bölünəcəkdi – TARİXİ ARAŞDIRMA
  11 Yanvar 2016    Oxunub:10934
Maks fon Oppenhaym Kayzer Almaniyasının İslam dünyasındakı görən gözləri və eşidən qulaqları sayılırdı. Mənbələr onun yəhudi qarışığı olduğunu yazır. 1896-1910-cu illər arasında o, düz 14 il Misirdə ərəblərin içində yaşaraq, onları dərindən müşahidə edərək öyrəndi. Tarixi mənbələrdə onun mükəmməl, qüsursuz ərəbcə danışdığı, eynilə onlar kimi geyindiyi, yaşadığı yazılır.

O, müsəlmanların xarakteristikasına aid dərin araşdırmalar aparıb, onların yaşamını öyrənib, Kayzer Almaniyası üçün Orta Doğuya aid mühüm dosyelər hazırlayıb. 1909-cu ildə Qahirədə olarkən Almaniya xarici işlər nazirliyinə ərəb mədəniyyəti, bədəvilər, İslam dininin əhəmiyyəti, Sünni-Şiə qarşıdurmasına aid 472 ədəd xüsusi dosyelər göndərib.

Misir Britaniyanın nəzarətinə keçəndən sonra ölkəni tərk etməli olan fon Oppenhaym Almaniyanın tapşırığı ilə Suriyaya getdi. Orada xeyli müddət arxeoloji araşdırmalar aparmaqla yanaşı, ölkəni dini prizmadan ətraflı araşdırdı, həmçinin Almaniya üçün önəmli olan istiqamətlərdə strateji bilgilər toplamağa başladı.

Nəhayət, fon Oppenhaym 1914-cü ildə Almaniya xarici işlər nazirliyinə təqdim etdiyi “Düşmənlərimizin əlində olan İslam torpaqlarında cihad” adlı strateji raportunda cihadın yetişdiyini vurğulayırdı. Dosyedə çox önəmli kriteriyalar qeyd olunmuşdu. Maks fon Oppenhaym yazırdı ki, yerli xalqlar dini qruplar vasitəsilə aktiv hala gətirilməli, Süveyş kanalında təxribatlar həyata keçirilməli və Azərbaycandakı (Bakı) neft mədənlərinin partladılmasına dair vacib məsləhətlər reallaşdırılmalıdır.

1915-ci ildə fon Oppenhaym Hicaz şəhərinə gedərək, Şərif Hüseyni ilə birgə Almaniyanın istəkləri üçün əsas fəaliyyətə başladı. O, burada “Təşkilat-i Məhsusa” üzvü Hacı Saminin dəstəyilə sui-qəsd planları, təbliğat şüarları, hətta oxumaq-yazmaq bilməyən savadsız müsəlman əhali üçün şəkillərlə təsvir olunmuş plakatlar hazırladı. 1914-cü ildə xarici işlər nazirliyinə təqdim etdiyi növbəti 136 səhifəlik Panislamizm hesabatında Almaniyanı məlumatlandıraraq yazırdı ki, “İngilislərin ən həssas yeri müstəmləkləridir”.

“Britaniya müstəmləkələrinin çoxu müsəlman ölkələridir. Bu səbəbdən Almaniyanın maraqları üçün din önəmli faktordur. İngilislər müsəlmanların dini gücünü qırmağa, birliyi dağırtmağa çalışarkən biz bundan öz xeyirimizə istifadə edə bilərik” (Maks fon Oppenhaym, gizli raport).



Maks fon Oppenhaymın “Cihad planı”na dair strateji təlimatları osmanlı və ərəbcəyə tərcümə etdirilərək, İstanbula göndərilir, oradan Kürdüstan, Qafqaz və Şimali Afrikada cihad planını icra edən şəxslərə çatdırılırdı. I Dünya Müharibəsi başlayanda fon Oppenhaym Berlinə çağrılaraq, Böyük Britaniyaya qarşı terror sxeminin hazırlanması tapşırılmışdı, çünki onun rəqibi Ərəbistanlı Lourens də İngilitərə maraqları uğrunda islam faktorundan öz xeyirlərinə istifadə etməyə çalışırdı. Eyni dövrdə yaşayan bu iki islam bilicisi hər vəchlə müsəlmanlardan öz istəkləri üçün istifadə etməyə çalışırdılar. Elə bu səbəbdən də fon Oppenhaym ilə Ərəbistanlı Lourens bir çox hallarda üz-üzə gəlməli olurdular.

`Zimmermann planı`

Cihadı alman strategiyasının önəmli detalı kimi görən şəxslərdən biri Otto fon Bismarkın sevimli general dostu Helmut fon Molotke idi. Maks fon Oppenhaym məhz Otto fon Bismarkın yaratdığı Almaniyanın “islam strategiyası”nı həyata keçirirdi. General Molotke Hindistan və Qafqazdakı ingilis və rus zülmünə qarşı mübarizə üçün islam fanatizmindən öz xeyirlərinə istifadəni vacib sayırdı. Bu plana dəstək çıxaraq, II Vilhelmlə əməkdaşlıq edən şəxslərdən biri də İsveçli səyyah Sven Hedin idi.

Ümumiyyətlə, kimlər cihad planının reallaşmasına dəstək verirdi?

Prussiyanın “silah kralı” August Thyssen Hindistanın Britaniyadan alınmasına dəstək verirdi. Berlin universitetinin məşhur türk tarixi professoru Ernst Yak da sözügedən strateji planın icraçı simalarından biri idi.
Cihad nəzəriyyəsi Almaniya xarici işlər nazirliyinin tamamilə nəzarətində idi. Plana rəhbərlik Artur Zimmermanna həvalə edilmişdi. Elə bu səbəbdən də bu böyük proje “Zimmermann planı” kimi tarixə düşüb. Planın başqa bir fərdi isə Almaniyanın İstanbuldakı səfiri Baron Konrad fon Vangenhaym idi. Onun fəaliyyət dairəsinə İran və Əfqanıstan daxil idi - bu iki ölkə cihadın bazası rolunu oynayacaqdılar.

O zaman cihadın sadə tərəflərindən biri ucuz başa gəlməsi idi. Almanlar bu kimi planların cızılmasında əsl usta idilər. Cihadçı liderləri tapmaq və hazırlamaq almanların əlində rahat bir iş sayılırdı. Osmanlının Almaniya tərəfindən I Dünya Müharibəsinə qatılmasından 3 həftə sonra İngiltərə və onun müttəfiqlərinə qarşı cihad elan olundu. Sultanın cihad çağırışından sonra şeyxülislam tərəfindən dini məclislər təşkil olundu. Daha sonra Osmanlı Sultanın tapşırığı ilə bütün məscidlərdə cihada dəvətlər səsləndirildi, o cümlədən, bu çağırış bütün qəzetlərdə çap olundu.

Berlinin başlıca istəyi Britaniya və Rusiya nəzarətində olan ərazilərdəki müsəlmanları ayağa qaldırmaq idi. Cihad adı altında islami inqilablar etməyi hədəfləyən Almaniya rus və ingilislər tərəfindən savaşan müsəlmanları Türkiyə, eləcə də Almaniyaya qarşı çıxmaqdan vaz keçirməyə çalışırdı. Bu səbəbdən də İstanbul mətbəələrində Misir, Hindistan, Qafqaz və Mərkəzi Asiyada, habelə digər islam ölkələrində müsəlmanları ayağa qaldırmaq üçün minlərlə broşüra hazırlandı. Bütün bu təbliğat vasitələrinin hamısı molla və imamların anlayıb camaata başa sala bilmələri üçün eynən Quran-i Kərimin ayə və surələrinə uyğun olaraq ərəb dilində yazılmışdı.

Amerikalı diplomat Morgentau yazır: “Almanlardan biri mənə Almaniyanın fanatik islam dünyasının bütünlükdə xristianlara qarşı necə ayağa qaldıracaqlarına dair planlarını açıqladı”. Bunun üçün ilk növbədə xəlifə adı ilə Sultan cihad elan edə bilərdi. Bu iş isə İstanbulda olan alman diplomat Vangenhayma tapşırılmışdı. O, əlindən gələni edib Osmanlının cihada qaldırmalı idi. Ayırca, ona Almaniya kansleri postunu qazanacağına dair müəyyən ümidlər də verilmişdi.

Cihad əsasən II Vilhelmin fikiri olsa da, Ənvər Paşa da ona dəstək verirdi. Bu məqsədlə İran və Əfqanıstana alman-türk mütəxəssislərindən formalaşan xüsusi qrup göndərildi. Həmin qrup cihadın elan edildiyi anda İran sərhədini keçib, iranlıları ingilis və ruslara qarşı cihada həvəsləndirəcəkdi. Başqa bir heyətə isə Əfqanıstana çatınca əfqan əmrini müqəddəs savaşa qatılmaq üçün səfərbər etmək, oradan Hindistan ərazilərinə daxil olmaq kimi missiya tapşırılmışdı.

Bütün bunlarla yanaşı Osmanlı ordusu Qafqazı istila etməli, oradakı müsəlmanları cihad adı altında Rusiyaya qarşı hərəkətə keçirməli idi. Bundan sonra türk ordusu Mərkəzi Asiyaya gedib, oradakı türkləri azad etməliydi. Əgər plan baş tutsaydı, Berlin və İstanbul arasında böyük bir ərazi sonradan razılaşdırılmış şəkildə bölüşdürüləcəkdi.

Fərrux Həsənov
AzVision.az


Teqlər:  





Xəbər lenti