Manat nə qədər ucuzlaşacaq? – TƏHLİL

Manat nə qədər ucuzlaşacaq? – TƏHLİL
  10 Mart 2016    Oxunub:58391
Manatın xarici valyutalara nəzərən məzənnəsinin neftin ixrac qiymətinə bağlı olmasına baxmayaraq, fevralın 25-dən etibarən, ucuzlaşmağa başlaması ilk baxışda təəccüb doğurur. O səbəbdən ki, fevralın ortasından dünya birjalarında neftin qiyməti qalxır. Yəni aşkar paradoks yaranıb.

Ancaq məsələnin kökü heç də bunda deyil. Belə ki, manatın xarici valyutalara nəzərən məzənnəsinin neftin ixrac qiymətinin əvvəlkinə nisbətən xeyli yaxşılığa doğru dəyişməsinə rəğmən ucuzlaşması əslində, milli valyutamızın dəyərinin artıq, tamamilə yeni şərtlər əsasında formalaşmağa meyl etməyə başlamasının göstəricisi sayıla bilər. Bu da onun bilavasitə yeni şəraitə uyğunlaşmaq üçün müvafiq adaptasiya prosesində olduğunu büruzə verir.

Ümumiyyətlə, manatın fevralın 25-dən ucuzlaşmağa başlaması bir neçə səbəblə bağlıdır. Birincisi, manata qarşı yenə psixoloji təzyiqlər yaranıb ki, bu cür vəziyyət ilk dəfə keçən ilin əvvəlində, sonra ilin sonuna yaxın, o cümlədən, dekabrın 21-də məlum devalvasiyadan sonra yaranmışdı. Bu ilin yanvarın sonu və fevralın əvvəlində isə səngimişdi.

Yeri gəlmişkən, manatın fevralın 1-dən 25-nə kimi nisbətən möhkəmlənməsinə dair şərhimizdə yazmışdıq ki, bu, bir neçə səbəblə bağlıdır: birincisi, neftin qiyməti sabitləşib, ikincisi, ABŞ dollarının dünyada möhkəmlənməsi prosesi səngiyib, üçüncüsü, Azərbaycan hökumətinin maliyyə bazarına yönəlik tənzimləyici tədbirləri genişlənib və güclənib, dördüncüsü, ölkədə bank sektorunda ləğvetmə, konsolidasiya prosesinə start verildiyindən qeyri-müəyyənlik yaranıb, beşincisi isə, əhalinin bir hissəsi əllərindəki dollarları manata dəyişməyə başlayıb.

Manatın hazırkı ucuzlaşmasının digər, yəni ikinci səbəbi isə ölkəyə idxal əməliyyatlarına meylin yenidən artması ilə də izah oluna bilər. Çünki etiraf etmək gərəkdir ki, ölkədə iqtisadi aktivlik cüzi də olsa, bərpa olunub. Yaranmış situasiyada isə bu, özünü yerli istehsalın canlanmasında göstərməli olsa da, təəssüf ki, idxal əməliyyatlarına meylin artmasında büruzə verir. Bu da onun əslində, keçici olduğuna işarədir. Yəni, birinci səbəbdə qeyd etdiyimiz psixoloji təsir, üstəgəl, mart ayında bayramların çox olması ilə əlaqədar istehlak bazarında tələbin artması amili necə deyərlər, öz işini görür...

Üçüncü səbəb Mərkəzi Bank (AMB) və Dövlət Neft Fondu tərəfdən valyuta bazarına məqsədli şəkildə az dollar vəsaitinin çıxarılması ilə bağlıdır. Çünki adları çəkilən qurumların yaxın vaxtda neftdən yaxşı gözləntiləri var. Son günlər dünya birjalarında neftin qiymətinin sıçrayışlı şəkildə bahalaşması dövlət gəlirləri “qara qızıl”dan asılı olan ölkələr üçün sevindirici faktdır. Çünki bazarda izafi məhsul, İranın iri addımlarla bazara daxil olduğu, qlobal iqtisadiyyatda isə olduqca zəif ab-hava hökm sürdüyü halda bu, olduqca müsbət tendensiyadır. Məlumdur ki, real qiymət artımına fevral ayının 16-da iri neft hasilatçıları olan Rusiya, Səudiyyə Ərəbistanı və bir sıra OPEK ölkələri arasında hasilatı bu ilin yanvar səviyyəsində saxlamaq haqda razılaşma əldə olunduğu haqda söhbət zəmin yaratdı. Hələ, martın 20-də Moskvada dünyanın əsas neft ölkələri arasında “böyük görüş” olacaq.

Dördüncü səbəbə gəlincə isə, ölkədə bank sektorunda ləğvetmə və konsolidasiya prosesinin qeyri-müəyyənlik yaratdığını yazmışdıq ki, artıq, buna necə deyərlər, moratorium elan edilib. Belə ki, Prezidentin 19 yanvar 2016-cı il tarixdə imzaladağı, 1 mart 2016-cı il tarixdən qüvvəyə minən “Əmanətlərin tam sığortalanması haqqında” Qanununa əsasən, 1 mart 2019-cu ilə qədər banklarda yerləşdirilmiş bütün əmanətlər əvvəl müəyyən edilən 30 minədək limit ləğv olunmaqla, tamamilə sığortalanacaq. Əmanətlərin tam sığortalanması isə bank sektorunda radikal islahatlara bir müddət ara verilməsilə nəticələnəcək. Bu isə o deməkdir ki, banklar hələ ki əvvəlkitək başqa “qida mənbələri” olmadığından, ixtiyarlarındakı manat kütləsini yenidən ABŞ dollarına konvertasiya etmək işinə girişiblər.

Bəs, bu vəziyyət nə qədər davam edəcək? Manat çoxmu ucuzlaşaq?

Əvvəldə qeyd etdik ki, manatın xarici valyutalara nəzərən məzənnəsinin neftin ixrac qiymətinin yaxşılığa doğru dəyişməsinə rəğmən dəyərsizləşməsi onun dəyərinin artıq, tamamilə yeni şərtlər mexanizmi əsasında formalaşmağa meyl etdiyini göstərir. AMB-nin “üzən məzənnə” rejimindən imtina edəcəyi haqda bu arada yayılan xəbərlər də bu mənada təsadüfi deyil. Onsuz da manat sərbəst buraxılmayıb. Yəni, manatın məzənnəsinin real olaraq tənzimlənməsi üsulu "üzən məzənnə" rejiminin tam olaraq tətbiq edildiyini göstərmir.

Hazırda valyuta bazarında dollara tələb ardıcıl olaraq qalxdığından məzənnə yüksəlir. Ancaq müşahidə belə deməyə əsas verir ki, AMB-nin məzənnəyə dair, yəni dolların 1,55 AZN-dən təxminən 1,70 AZN aralığadək müvafiq diapazonda rəqs etməsinə imkan yaradan əvvəlcədən nəzərdə tutulan müəyyən bir “niyyəti” var. Və bunda hədəf isə onu yeni bazar şərtlərinə adaptasiya olunmağa sövq etməkdir.

Çünki biz, əvvəlki şərhimizdə də yazmışdıq ki, nə cür izah etməyə çalışsaq da və necə deyərlər, hara getsək də, yenə sonda gəlib dayanmalı oluruq neftdə, yəni, onun qiymət məsələsində... Bu cür vəziyyət isə uzun müddət davam edə bilməz.

Ancaq yeri gəlmişkən, dövlət büdcəsində neftin 1 barrelinin cari il üçün nəzərdə tutulan qiymətinin 50 dollardan 25 dollara salınmasının da manatın dollara qarşı müqavimətini artırmaq üçün edildiyi nəzərdən qaçırılmamalıdır. Çünki manatın xarici valyutalara nəzərən ucuzlaşmasının qarşısının alınması yollarından biri dövlət büdcəsi gəlirlərinin təminində neftin qiymətinin rolunu azaltmaqdan keçirdi ki, bu mənada ondan daxilolmalar maksimum dərəcədə məhdudlaşdırılmalı idi. Üstəlik isə, təkrar edirik ki, neftin qiyməti də qənaətbəxş həddədir. Odur ki, mövcud ucuzlaşma müvəqqəti tendensiyadır.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti