Azərbaycanda ƏDV mexanizmi dəyişməlidir – TƏHLİL

Azərbaycanda ƏDV mexanizmi dəyişməlidir – TƏHLİL
  27 Aprel 2016    Oxunub:9714
Bakıda fəaliyyət göstərən iri supermarket şəbəkələri rəhbərlərinin İqtisadiyyat Nazirliyinə müraciətində həmçinin sosial əhəmiyyətli gündəlik tələbat mallarının, xüsusən də kənd təsərrüfatı məhsullarının, habelə uşaq qidalarının istehsalı və bütün satış zəncirinə əlavə dəyər vergisi (ƏDV) tətbiqinin aradan qaldırılması da xahiş olunmuşdu.

Supermarketlərin bütövlükdə tələblərinin məntiqsiz olduğunu ötən şərhdə qeyd etmişdik. Lakin bilavasitə ƏDV ilə bağlı isə irəli sürülən xahiş bizi adı çəkilən vergi növü barədə əvvəllər söylədiyimiz bəzi fikirlərin üzərinə qayıtmağı vadar edir.

ƏDV hökumət üçün istehlak bazarında qiymətləri tənzimləməkdə guya, əsas vasitə sayılır. Məsələn, taxıl məhsulları üzrə dünya bazarlarında yaranan vəziyyətlə əlaqədar Nazirlər Kabinetinin hər dəfə verdiyi məlum qərarları yada salmaq kifayətdir. Belə ki, daxili bazarda taxıl və un məhsullarının qiymətlərini sabit saxlamaq məqsədilə ƏDV-nin hər dəfə tədbiq edilib, sonra da ləğv edilməsi ortada əslində, başqa vasitənin olmadığını göstərir.

Ölkəmizdə vergi mexanizminin təkmilləşdirilməsi sahəsində əsas təkliflərdən biri həmişə məhz bu vergi növünün dərəcəsinin (hazırda 18%-dir) getdikcə aşağı salınaraq dəyişdirilməsi və yaxud da ləğv edilməsi təşkil edib. Çünki ƏDV əslində, maya dəyərin yaranmasında deyil, qiymətlərin formalaşmasında iştirak edir.

Ümumiyyətlə, ƏDV istehlakçılardan tutulan dolayı vergi olmaqla, məhsulun istehsalı, işlərin görülməsi, həmçinin xidmətlər göstərilməsi zamanı əlavə edilən dəyər kimi hesablanmaqla, malların istehsalı və göndərilməsi, işlər görülməsi və xidmətlər göstərilməsinin bütün mərhələlərində qeydə alınaraq, son nəticədə əslində konkret olaraq, dövlət büdcəsinə bir mədaxil vasitəsi olaraq mümkün olandan çox az vəsait cəlb edilməsi ilə xarakterizə olunur.

Belə ki, məsələn, qanunla hər bir vergi ödəyicisi ay ərzində göstərdiyi fəaliyyət nəticəsində aldığı və satdığı mallara görə ƏDV-in məbləğlərini əvəzləşdirmək hüququna malikdir ki, vergi ödəyicisi əməliyyatların gedişində ödədiyi və ya ödəyəcəyi ƏDV haqqında Bəyannamə tərtib etməklə bundan öhdəliyi yaranarsa, onu mütləq ödəyir. Yox əgər, dövlətin ona ƏDV borcu yaranarsa, həmin borc sonrakı ödəmələrdə nəzərə alınır.

Ancaq, heç də bütün hüquqi və fiziki şəxslər ƏDV ödəyicisi sayılmırlar. Yalnız ƏDV məqsədləri üçün qeydiyyata alınan ödəyicilər onun ödəyicisi sayılırlar ki, onların da illik dövriyyəsi üçün bəlli limit mövcuddur. Bundan başqa, məsələn, iri neft layihələrinin iştirakçısı sayılan şirkətlər də ƏDV ödəmirlər.

Belə olan şəraitdə isə ƏDV-nin dövlət büdcəsi mədaxilindəki mövcud rəqəmlərə rəğmən, heç də ciddi yükə sahib olmadığı və onun real büdcə gəlirlərində payının da əhəmiyyətsiz xarakter daşıdığı birmənalı olaraq üzə çıxır.

Bunu bilavasitə mühasibatla məşğul olanlar da təsdiq edə bilərlər. Maraqlıdır ki, bəziləri hətta, ƏDV-nin mahiyyətini belə açıqlaya bilmirlər... Doğrudur, bu vergi növü təkcə bizdə deyil – bir çox inkişaf etmiş ölkələrdə də mövcuddur. Lakin fikrimizcə, dünyanın heç bir ölkəsində həmin vergi növü bizdəki kimi ümumi vergi siyasəti və mexanizmində mövcud şəkildə mürəkkəblik yaratmır.

Sözün qısası, ölkəmizdə mövcud ƏDV mexanizmi bizcə, çox da etibarlı mexanim sayılmır və ona, bazarda qiymətləri tənzimləməkdə yeganə və ən əlverişli vasitə kimi yanaşmaq əslində, heç də düzgün hesab edilmir.

Odur ki, ƏDV bəzi sferalarda həqiqətən də ləğv edilsə daha yaxşı olardı. Ümumiyyətlə isə, adı çəkilən vergi növünün faiz dərəcəsi aşağı salınmaqla, tətbiqi mexanizmi satışın üzərinə sürüşdürülməlidir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti