Vyana danışıqları: Sarkisyan hansı taktikaya keçib? – TƏHLİL

Vyana danışıqları: Sarkisyan hansı taktikaya keçib? – TƏHLİL
  17 May 2016    Oxunub:6749
Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş aprel toqquşmalarından sonra ilk dəfə hər iki dövlət rəhbərinin Vyanada görüşü baş tutdu. Görüşdə prezidentlərlə yanaşı ABŞ-ın dövlət katibi Con Kerri, Rusiyanı xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desirin və ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edirdi.

ATƏT-in Minsk Qrupunun görüşün nəticələri ilə bağlı yaydığı bəyanatdan belə bir qənaətə gəlmək olar ki, prezidentlər konkret olaraq üç məsələ ilə bağlı razılığa gəliblər.

Birincisi, təmas xəttində atəşkəsin qorunması, ikincisi, münaqişə zonasında atəşkəs prosesinə nəzarətin güclənməsi, üçüncüsü isə ATƏT-in fəaliyyətdə olan nümayəndəsinin ofisinin genişləndirilməsi. Və nəhayət, prezidentlərin növbəti görüşünün iyun ayında keçirilməsi qərara alınıb.

Ümumiyyətlə, danışıqlarda iştirak edən tərəflərin heç biri görüşün təfərrüatları ilə bağlı hansısa açıqlama verməyiblər. ABŞ və Rusiya tərəfləri də danışıqlarla bağlı ATƏT-in bəyanatına oxşar açıqlamalar səsləndiriblər.

Lakin Ermənistan prezidentinin Vyana görüşündən sonra verdiyi açıqlamalardan müəyyən nəticələrə gəlinməsi mümkündür. Sarqsyan status-kvonun tərəfdarı olmadığını sübut etdiyinə görə danışıqların uğurla nəticələndiyini deyib. Bu, onu göstərir ki, Yerevana status-kvonun dəyişməsi ilə bağlı vasitəçi dövlətlər tərəfindən təzyiq göstərilib və Sarqsyan öz ölkəsinin bu tələblərə riayət edəcəyini sübut etməli olub.

Qeyd olunan məqam və Sarqsyanın danışıqlarda “hansısa rayonların boşaldılması” məsələsinin müzakirə olunduğunu etiraf etməsi Ermənistanın atəşkəs müqabilində Dağlıq Qarabağa aid olmayan rayonların boşaldılmasına hazır olduğuna söz verdiyini deməyə əsas yaradır.

Bununla belə, bu proqnozu müsbət bir hal kimi də qiymətləndirmək doğru olmaz. Çünki, Ermənistan prezidentinin söz verməsi heç də əməl edəcəyi anlamına gəlmir. Sarqsyan ənənəvi olaraq, vaxt udmağa çalışacaq, buna isə yalnız cəbhədə gərginliyi pozmaqla nail ola bilər.

Ermənistan prezidentinin sözlərinə görə, Azərbaycanın dövlət başçısı məsələnin hərbi yolla həllində maraqlı olmadığını bildirməsinə baxmayaraq o, bu vədlərə inanmır və atəşkəsin yenidən Azərbaycan tərəfindən pozulacağını gözləyir. Paralel olaraq, Ermənistanda bir sıra ictimai xadimlər Azərbaycanın guya yalançı vədlərinə inanmamağa və ordunu tam hazırlıqlı səviyyədə saxlamağa çağırırlar. Onlar razılaşmalara baxmayaraq, Azərbaycanın gözlənilməz hücumundan ehtiyatlanırlar.

Güman etmək olar ki, danışıqlar zamanı ilkin mərhələdə rayonların boşaldılması tələbinə cavab olaraq erməni tərəfi ənənəvi olaraq bu rayonları Dağlıq Qarabağın təhlükəsizliyinin təmin olunması üçün əlində saxladığını bildirib. Bu səbəbdən Azərbaycandan atəşkəs rejiminə ciddi riayət olunması tələb edilib və rəsmi Bakı bu tələbə razılıqla cavab verib.

ATƏT prezidentlərin iyun görüşünə qədər cəbhə xəttində keçirdiyi monitorinqlərin nəticələrini açıqlayacaq. (ATƏT-in nümayəndəsinin səlahiyyətlərinin artırılması buna işarədir.) Əgər bu müddət ərzində Azərbaycan tərəfindən atəşkəs pozulmasa? Ermənistanın irəli sürməyə bəhanəsi qalmayacaq. Məhz bu səbəbdən Yerevan çalışacaq ki, cəbhə xətti boyunca sabotaja əl atsın və yenidən gərginliyi yaratmaqla məsuliyyəti Azərbaycanın üzərinə yıxsın. Bu yolla Amerika və Fransaya sübut etsin ki, “Digər rayonların Azərbaycana qaytarılması Dağlıq Qarabağ ermənilərini təhlükə altında qoyur”.

Təbii ki, Rusiyaya belə variantlar keçərli deyil və Moskvaya münasibətdə Yerevan ənənəvi şantaj mexanizmini seçə bilər. Ermənistan rəhbərliyi anlayır ki, Rusiyada sentyabr ayında parlament seçkiləri keçiriləcək və həm bu müddətə qədər, həm də bir neçə ay sonra Moskva üçün hansısa münaqişənin alovlanması və məcburən bu münaqişəyə cəlb olunması arzuolunan deyil. Sarqsyanın Azərbaycanın hərbi qüvvədən istifadə edəcəyi halda Ermənistanın da layiqli cavab verəcəyini bildirməsi əslində danışıqlar zamanı sağında yer alan soydaşı Lavrov və onun rəhbəri Putinə mesaj idi. Ermənistan rəhbərinin Kremlə ünvanlanan ismarıcının mənası odur ki, Azərbaycan hücum edərsə, ermənilər dərhal rayonları qoyub qaçmayacaq, müqavimət göstərəcək və bununla da, Qafqazda növbəti münaqişə ocağı alovlanacaq ki, nəticədə Moskva Qafqazı əlində saxlamaq üçün münaqişəyə müdaxilə etməli olacaq.

Kremlin regiondakı vəziyyətini qəlizləşdirən digər məqam isə, Gürcüstanın Amerika və Britaniya qoşunları ilə müştərək hərbi təlimlərə başlamasıdır. Amerika qırıcıları, tank və digər hərbi texnikasının cəlb olunduğu təlimlərdə 1300-ə yaxın hərbçi iştirak edir. Artıq qondarma Cənubi Osetiya respublikasının XİN-i bu təlimləri regionda vəziyyətin gərginləşməsinə hədə kimi qiymətləndirib.

İstisna olunmamalıdır ki, Gürcüstan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin alovlanmasından istifadə edib, amerikalıların köməkliyi ilə öz ərazilərinin qaytarılmasına cəhd göstərsinlər. Belə olan halda, Moskva seçki ərəfəsində Qafqazda iki müharibə ocağı ilə qarşı-qarşıya gəlməli olacaq. Bundan əlavə, münaqişələrin zəncirvari xarakter alması mümkündür ki, nəticədə Ukraynanın Donetsk, Luqansk və Krım uğrunda, Krım tatarlarının müstəqillik uğrunda, Tatarıstan tatarlarının Krım tatarları uğrunda, Türkiyənin ümumiyyətlə, tatarların azadlığı uğrunda mübarizəyə qalxmaları baş verə bilər.

Odur ki, Rusiya bu məqamda minimal səviyyədə də olsa, Azərbaycanın tələblərini təmin etməkyə çalışır ki, seçki ərəfəsində gözlənilməz sürprizlərlə qarşılaşmasın.

Tofiq Əsgərov
AzVision.az


Teqlər:  





Xəbər lenti