FES dərəcələri qaldıra bilər: Dollar bahalaşacaq – TƏHLİL

FES dərəcələri qaldıra bilər: Dollar bahalaşacaq – TƏHLİL
  07 İyun 2016    Oxunub:16814
Hazırda dünyanın xammal, fond və ümumiyyətlə, bütün növ maliyyə bazarlarını ABŞ-da Federal Ehtiyat Sisteminin (FES) qarşıdan gələn – bu ayın 14-15-də keçiriləcək növbəti toplantısında baza faiz dərəcəsinin qaldırıb-qaldırmayacağı düşündürür.

Məlumdur ki, sonuncu dəfə, yəni keçən ilin dekabrında anoloji qərar qəbul edildikdən sonra ABŞ-da may ayı ərzində olduqca az - cəmi 38 min yeni iş yerləri açılmışdı ki, bu da hasilat sənayesində ixtisarların getdikcə genişlənməsi fonunda Federal Ehtiyat Sistemi (FES) üçün heç də ürəkaçan statistika deyil.

Xatırladaq ki, FES-in rəhbəri Canet Yellenin Amerika iqtisadiyyatının normal inkişaf relsində olduğu göstəricisi üçün ayda ən azı 100 minə yaxın yeni iş yerlərinin açılması tələb olunduğunu demişdi. Yəni, FES rəhbərliyinin faiz dərəcəsinə dair artım istiqamətində addım atması üçün bilavasitə işsizliyin azaldılması baxımdan qiymətləndirməsi məhz bundan ibarətdir. Amma təkrar edirik ki, may ayının göstəricisinə görə yeni iş yerlərininin açılması bir yana qalsın, üstəlik, hasilat sənayesi də "çökür" və bununla əlaqədar olaraq da, sözügedən sahədə ixtisarlar da mövcuddur.

Qeyd edək ki, FES üçün ölkədə məşğulluq və inflyasiya səviyyəsinə dair göstəricilər baza faiz dərəcəsi barədə müvafiq qərara gəlmək baxımdan, ən vacib göstəricilər hesab olunur ki, bu ay ərzində də FES-in keçiriləcək növbəti yığıncağında cari il ərzində nəhayət ki, ilk dəfə olaraq artım haqda qərar qəbul ediləcəyi gözlənilir. Çünki keçən ilin dekabrında dərəcənin 0,25% artırılması qərarından sonra bəyan edilmişdi ki, 2016-cı il ərzində 4 belə qərar qəbul olunacaq.

Ancaq cari il yarılansa da, FES bu barədə hələ bir dəfə də olsun hər hansı dəyişiklik barədə qərar qəbul etməyib. Və FES-in bu ay ərzində keçiriləcək növbəti yığıncağında da hər hansı bir qərar qəbul olunacağı may ayındakı məşğulluq göstəricisinə görə, minimuma enmiş sayılır.

Bununla belə, məsələ gündəlikdən çıxmış vəziyyətdə deyil. Bunun iki səbəbi var. Əvvəla, neftin dünya bazar qiymətlərinin bir müddətdir 50 dollar civarında qalması ABŞ-da slans hasilatına müsbət təsir göstərib.

Belə ki, ötən həftənin yekunlarına görə, sözügedən ölkədə qeyd olunan sahədə aktiv qazma quyularının sayı 9 ədəd artaraq 325 təşkil edib ki, bu da 2015-ci ilin dekabrından sonra maksimum göstərici sayılır.

Beləliklə də, görünən budur ki, 50 dollar qiymət slans neft hasilatı sənayesində çöküşü dayandırıb. Qeyd edək ki, son 3 ay idi slans hasilatında aktiv qazma quyularının sayı bir-bir sıradan çıxmaqda idi.



İkinci səbəb isə, ABŞ-da bütövlükdə II rüb ərzində ümumi daxili məhsul istehsalının artım səviyyəsinin qənaətbəxş olacağı gözləntisidir. İnflyasiyanın isə proqnoza uyğun olacağı. C. Yellen də ötən gün çıxışında iqtisadi göstəricilərin heç də pis olmadığını qeyd etmişdir. Bundan əlavə, maraqlıdır ki, xanım C. Yellen faiz dərəcəsinin qaldırılıb-qaldırmayacağı barədə açıqlamasında İngiltərənin Avropa Birliyindən çıxacağı ehtimalına da toxunaraq, bunun ABŞ iqtisadiyyatına çox mənfi təsir edəcəyini bildirib. Və sözügedən məsələnin də nəzərə alınmalı olduğunu söyləyib.

Lakin bizcə, əsas neftin qiymət səviyyəsidir. Belə ki, “Neft niyə bahalaşır: səbəb və səbəbkar kimdir?” – mövzusunda yazımda da qeyd etmişdim ki, hazırda bütün dünya üzrə neft sənayesi ağır böhran vəziyyətindədir. İnvestisiya xərcləri səngidiyindən hasilat əksər ölkələrdə obyektiv olaraq azalıb. ABŞ-da qazma qurğularının sayı azalıb və slans neft hasilatı da bankrot həddindədir. Üstəgəl, başqa neft hasilatçısı olan ölkələrdə yanğın, təbii fəlakət, silahlı insident və bu kimi digər subyektiv xarakterli səbəblər də təklifi aşağı salır.

Ancaq, bunlar qədər də vacib bir amil də var. O da bundan ibarət idi ki, qarşıdan iyun gəlirdi. Yəni ki, il yarılanıb. FES rəhbərliyi də bayaq da qeyd etdiyimiz kimi dekabrda 0,25%-lik artım qərarından sonra 2016-cı ildə 4 sayda belə qərar qəbul olunacağını bəyan etsə də, bunu etməyib. Amma il ərzində azı 1 dəfə də varsa müvafiq qərar mütləq qəbul olunacaq. Odur ki, bunun üçün nə etmək lazımdır?! Bazarlarda vəziyyəti və qiymətləri sabitləşdirmək! Ona görə də neçə müddətdir bazarlarda qiymət 50 dollar həddindədir. Halbuki, təklif tələbdən yenə çoxdur. Bu, nəyə görə belədir?! Ona görə ki, dollar növbəti dəfə möhkəmlənməyə başlayarkən, neft 40 dollardan çox da aşağı düşməsin.

Yəni, FES-in dolları möhkəmləndirmək üçün addım atması məqsədilə əslində, bütün istiqamətlərdə iş aparılıb. Son olaraq isə ABŞ-da neft ehtiyatları və hasilat haqda növbəti məlumatın açıqlanması qalıb ki, o da bu gün axşam Amerika neft institunun dərc edəcəyi məruzəsində və bir də sabah bu ölkənin Energetika Nazirliyinin ənənəyə uyğun olaraq açıqlayacağı müvafiq rəsmi rəqəmlərə əsasən, üzə çıxacaq.

Bəs, FES faiz dərəcəsini nə qədər artıra bilər? Sözsüz ki, bu, 0,25%-dən yüksək olmayacaq.

Daha bir sual isə ondan ibarətdir ki, dünyada dollar yenidən möhkəmlənməyə başlayarsa, manat yenə ucuzlaşacaqmı?! Bu suala cavab olaraq isə birmənalı olaraq qeyd edirəm ki, manatın ABŞ dollarına nəzərən kursu neftə bağlıdır, FES-in qərarlarına yox!.. Neftin dünya bazar qiymətləri 40-ı aşağıya doğru keçməyincə, manatın məzənnəsi üçün cari ildə heç bir qorxu yoxdur və ola da bilməz.



Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:





Xəbər lenti