Sirrli Qazaxıstan terroru: Kimlər edib, məqsəd nədir? – TƏHLİL

Sirrli Qazaxıstan terroru: Kimlər edib, məqsəd nədir? – TƏHLİL
  11 İyun 2016    Oxunub:29306
Qazaxıstan MDB-də ən sabit dövlətlərdən biri sayılır. Amma bu həftənin əvvəlində güllə səsləri həmin sabit və sakit ölkədə də eşidildi. Aktoba şəhərində günün günorta çağı – saat 14:28-də dini radikallardan ibarət olduğu deyilən bir dəstə iki silah mağazasına və Milli Qvadiyanın hərbi hissəsinə basqın etdi. Nəticədə 6 nəfər öldü, 38 insan yaralandı. Bunun ardınca keçirilən antiterror əməliyyatında isə daha 12 nəfər öldürüldü.

Rəqəmlər əməlli-başlı kiçik müharibəni xatırladır. Qazaxıstanda terror təhlükəsindən xəbər verən sarı həyəcan rejimi elan olunub, Aktoba şəhəri isə hətta internetin belə kəsildiyi qırmızı rejimdədir.

Ölkənin rəhbərliyi baş verənlərin terror olduğunu birmənalı şəkildə bəyan edir. Amma bu, doğrudan da terrordursa, məqsədləri və planlaşdırılması xeyli suallar doğurur. Harada görünüb ki, terrorçular hərbi hissəyə və silah mağazasına hücum eləsinlər? Terror törətmək üçün adətən dinc insanların daha çox cəmləşdiyi yerlər seçilir. Əgər məqsəd terror törətmək deyil, silah ələ keçirmək olubsa, onda hansı məntiqlə bunu gecə yox, günorta 3-ün yarısında ediblər? Hər halda, gecə silah mağazasını yarmaq daha rahat və asan olardı.

Mağazadan terrorçular 17 ədəd atıcı silah, patronlar və qaz tapançaları götürüblər. Bu, o deməkdir ki, mağazaya hücumun özü məqsəd deyil. Güman ki, hansısa başqa bir obyektə, dövlət idarəsinə və yaxud şəxsə silahlı basqın hazırlanır. Amma sui-qəsdi hazırlayanlar bunu gizlətməkdə maraqlı deyillər. Ona görə də silah əldə etmək üçün qəsdən günün günorta çağı mağazaya və hərbi hissəyə basqın edirlər ki, niyyətləri bilinsin. Yəni bu, hakimiyyətə bir növ meydan oxumaq, hədə-qorxu gəlmək, psixoloji təzyiq aktıdır. Mesaj verməkdir ki, “Biz qəsd hazırlayırıq” .



Bunu kim edə bilərdi? Ölkənin gizli diniçi-ekstremist qüvvələrini bir araya gətirib, belə bir əməliyyat planlamaq və onu açıq iddia ilə həyata keçirmək kimə, nə üçün lazımdır? Doğrudanmı, İŞİD gəlib Xəzərin o tayına çıxıb?

Düşünürük ki, məsələ İŞİD-lə bağlı deyil. 5 il əvvəl – 2011-ci ilin 17 mayında Aktobada Qazaxıstan tarixində ilk terror aktı olmuşdu. 25 yaşlı Rahimcan Mahatov təhlükəsizlik idarəsinin binasında özünü partladanda hələ heç İŞİD yox idi. Həmin vaxt etirazlar başlamış, Aktobadan başqa Atırau, Astana, Almatı, Taraz kimi şəhərlərə də yayılmışdı. Bu hadisələrin günahkarları 2012-ci ildə keçirilən antiterror əməliyyatları zamanı öldürülmüşdülər. Yəni Qazaxıstanda dini ekstremizmin kökü İŞİD-dən daha əvvələ gedir.

O vaxtdan bəri Xəzərin digər tərəfindən – Dağıstandan və Çeçenistandan gələn radikal ekstremizm ideyalarının Qazaxıstanın şimal bölgələrinə təsiri haqda versiyalar çox səsləndirilib. Amma unutmayaq ki, çeçen, ləzgi və digər xalqların radikal islamı bir qədər fərqlidir, onların ideyaları etnik çalarlıdır; bu ideyalar Şimali Qafqazda yaşayan dağ xalqlarının arasında yayıla bilər, Qazaxıstan çöllərində isə çətin.

Və bir də, niyə məhz indi? May ayında Qazaxıstanda keçirilən torpaq islahatları müəyyən narazılığa və gərginliyə səbəb olmuşdu. Qəbul edilən yeni Torpaq Kodeksinə görə, xaricilərə verilən əkin sahələrinin icarə müddəti artırılırdı. Bu kodeksin əleyhinə bir neçə şəhərdə mitinqlər təşkil edilsə də, uğursuz alındı. Onların arxasında durduğu və aksiyalara maliyyə ayırdığı deyilən sahibkar Toxtar Tuleşov isə həbs edildi. O, yaxın əlaqədə olduğu bir neçə keçmiş yüksək rütbəli məmur ilə birlikdə dövlət çevrilişinə cəhddə ittiham olunur. Onların arasında baş prokurorun keçmiş birinci müavini, həmçinin cənub vilayətinin daxili işlər departamentinin keçmiş rəisi də var.



Məsələnin bu tərəfi Qazaxıstan üçün o qədər də nadir hal olmayan klanlararası mübarizəni də xatırladır. İstisna deyil ki, ötən ay Nazarbayev Torpaq Kodeksinə qarşı uğursuz etiraz cəhdindən faydalanayaraq, klanlardan birini zərərsizləşdirmək istəyib. Amma sonucda məsələ dini ekstremistlərin oyuna qarışdırılmasına qədər dərinləşib.

Prezident Nursultan Nazarbayevin sözlərinə görə, Aktoba şəhərində terror aktlarını törədənlər xaricdən təlimat alıblar. Düzdür, Əfqanıstan və Tacikistanda özünə yer etməyə başlayan İŞİD Qazaxıstanın sərhədlərinə yaxındır. Amma çətin ki, bu terrorçu qurumun təmsilçiləri Qazaxıstanda dini dövlət qurmaq xülyalarına düşəcək qədər sadəlövh olsunlar.

Digər tərəfdən, Qazaxıstanda olduqca böyük əkin sahələrini uzun müddətdə icarəyə götürən, buna görə də yeni Torpaq Kodeksində icarə müddətinin uzadılmasına nail olan Çin də Qazaxıstana yaxındır, yeni Kodeksdən qətiyyən məmnun qalmayan Rusiya da. Bu qədər xarici və daxili maraqların cəmləşdiyi yerdə isə çox şey baş verə bilər.

Vüsal Məmmədov
AzVision.az


Teqlər:  





Xəbər lenti