Turizm və ictimai iaşə ÜDM-in azalmasının qarşısını ala bilərmi? – TƏHLİL

Turizm və ictimai iaşə ÜDM-in azalmasının qarşısını ala bilərmi? – TƏHLİL
  08 Sentyabr 2016    Oxunub:5222
Dövlət Statistika Komitəsinin (DSK) cari ilin yanvar-iyul ayları ərzində ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalına dair açıqladığı rəqəmlərə əsasən, cari ilin ilk 7 ayı ərzində 32122,6 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 3,0 faiz az nəticə əldə olunub. Azalmanın əsas səbəbi isə tikinti sektorunda istehsalın 30,7 faiz enməsiylə izah olunur.

Bu, təbiidir. O mənada ki, tikinti dartıcı qüvvədir və iqtisadiyyatda tənəzzül də ilk növbədə məhz burada özünü büruzə verir, canlanma da.... Düzdür, qeyd oluna bilər ki, ölkənin maliyyə vəziyyəti pisləşdiyindən, valyuta gəlirləri azaldığından dövlət tərəfindən kapital qoyuluşu daralıb. Lakin qlobal iqtisadi durğunluğun təsiri olaraq ölkəmizin iqtisadiyyatında müşahidə olunmağa başlayan tənəzzülün qarşısını almaq məqsədilə keçən ildən bu sahəni canlandırmaq üçün yollar axtarılır.

Ümumiyyətlə, hər bir sahədə olduğu kimi tikintidə də təklif tələbə işləməli - xidmət etməlidir. Təəssüf ki, bizdə, belə olmayıb indiyədək. Çünki buna neft dollarları imkan yaratmayıb. Adi ipoteka kreditləşdirilməsi özü mənzil bazarında bir sıra dairələrin əlində bazarda qiymətlərin şişməsi üçün bir növ əlavə vasitəyə çevrilib həmişə. Ona görə də, Prezidentin keçən ilin yayından irəli sürdüyü təklif hələ də reallaşdırılması çətin bir məsələyə çevrilərək, qalıb. İndi görək, sosial evlər bazara necə təsir edəcək. Fikrimcə, hər halda növbəti ildən tikinti sektorunda cüzi də olsa canlanma müşahidə edə biləcəyik. Çünki, şərtlər dəyişib. Və yeni şərtlər tədricən işə düşmək üzrədir. Belə ki, obrazlı şəkildə desək, suyun üzərində "sabun köpüyü" tam yox olmayana qədər, tikinti sayəsində ÜDM-də artım gözləməyə dəyməz.

Lakin, sözümüz bunda deyil. DSK-nın bayaq qeyd etdiyimiz statistikasında diqqəti cəlb edən əsas odur ki, ÜDM-in strukturunda ən çox artım qeydə alınan sahələr sırasında ilk yerdə informasiya və rabitə sahələri gəlirsə, ikinci yeri məhz turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələri tutur. Belə ki, birincidə əlavə dəyər 12,5 faiz artıbsa, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində bu rəqəm 3,0 faiz təşkil edib. Sual oluna bilər ki, bu, nə ilə əlaqədardır? Və səmərəsi nədən ibarətdir?

Ölkədə digər iqtisadi sahələrdə durğunluq, həmçinin kəskin geriləmənin qeydə alınmasına baxmayaraq, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda irəliləyiş və artımın olması təbiidir. O baxımdan ki, əvvəla göstərilən müddətin son 3-4 ayı bilavasitə yaz və yay aylarına təsadüf etdiyindən, ümumiyyətlə, nəzərə almaq vacibdir ki, may ayından başlayaraq iyun-iyul ayları da daxil, ictimai iaşə xidmətlərinə tələbat istər-istəməz artır və genişlənir. Bu, həm yerli əhalinin hesabına baş verir, həm də gəlmələrin. Yəni, mövsümi amil xarakteri daşıyır.

İkinci bir tərəfdən isə iyun ayının 17-si və 19-zu günlərində Bakı şəhərində keçirilən məlum "Formula-1" yarışını da unutmaq lazım deyil. Bu da ictimai iaşə xidmətlərinə tələbatın genişlənməsinə müəyyən dərəcədə təsir göstərdi.

Və nəhayət, sözsüz ki, bu il ərəb turistlərin ölkəmizə gəlişlərini də nəzərə almaq vacibdir. Belə ki, yay tətili ərzində səyahət edənlər də daxil olmaqla, hələ Qurban bayramı ərzində Fars körfəzi ölkələrindən Azərbaycana 30 min turistin gələcəyi deyilir.

Ümumiyyətlə, cari ilin yanvar-iyun aylarında Azərbaycana gələn əcnəbi vətəndaşların sayı 100 min nəfərə yaxın təşkil edib. Hər gün ərəb ölkələrindən 600-1000 nəfər turistin gəldiyi bildirilir. Onların hər biri burada gün ərzində azı 150-200 ABŞ dolları xərcləyiblər və xərcləyirlər. Bu ilin mayında ötən illə müqayisədə ölkəyə gələn turistlərin sayı 30 dəfə artıb. Bütün bunlar da, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində dövriyyənin sürətlənməsi və artması ilə nəticələnir.

Ancaq hər necə olsa da, ÜDM istehsalında mövcud geriləməni turizm və içtimai iaşə sektoru ala bilməz. Ölkəmizdə ÜDM-də turizmin payı bu gün 4,5 faizdən bir qədər artıq təşkil edir. Düzdür, bu, olduqca aşağı rəqəmdir. Belə ki, məsələn, orta perespektivdə ölkəmizin dövlət büdcəsinin 20 faizə qədər hissəsini məhz turizmdən gələn gəlirlər hesabına təşkil edə bilsək, özümüzü neftdən asılılıqdan tamamilə qurtulmuş hesab edə bilərik.

Bununla belə, qeyri-neft sektorunun inkişafının hərəkətverici qüvvəsini tikinti, emal sənayesi və kənd təsərrüfatı təşkil edir. Ümumiyyətlə, kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir.


Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti