"Sandıqdakı pulları tələbələrə verirdi..." - Xalq artistləri dahi Üzeyirdən danışır

"Sandıqdakı pulları tələbələrə verirdi..." - Xalq artistləri dahi Üzeyirdən danışır
  18 Sentyabr 2018    Oxunub:12638
Bu gün dahi bəstəkar, Azərbaycanın peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin doğum günüdür. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı fərmanla bəstəkarın anadan olduğu gün Azərbaycanda Milli Musiqi Günü kimi qeyd olunur.
Xalq artisti Faiq Sücəddinov AzVision.az-a açıqlamasında Üzeyir Hacıbəylinin özündən sonra zəngin irs qoyduğunu deyib. Onun sözlərinə görə, dahi Üzeyirin Azərbaycan xalqı qarşısında xidmətləri saymaqla bitməz.



“Bizim çox zəngin musiqimiz var. Buna görə də xoşbəxt xalqıq. Şərqdə ilk muğam operası “Leyli və Məcnun” Azərbaycanda yaranıb. Bu gün də musiqimiz dünyada səslənir. Avropada, Amerikada operalarımızı, klassik musiqilərimizi səsləndirirlər. Üzeyir bəy özündən sonra zəngin irs qoyub. Onun xalqa xidməti o qədərdir ki, saymaqla bitmir. Hazırkı Bəstəkarlar İttifaqı onun təşəbbüsü ilə yaranıb. Tanınmış insanlar onun sayəsində musiqiyə qovuşublar. Üzeyir bəyin izini Qara Qarayevdə, Fikrət Əmirovda, sonrakı bütün davamçılarında görmək olar”.



Xalq artisti də xanəndə Mənsum İbrahimov Üzeyir bəyin xalqımız qarşısındakı xidmətlərindən danışıb. Bildirib ki, Üzeyir bəy musiqimizə çox böyük töhfələr verib:

"Artıq yüz ildən çox vaxt keçib, ancaq bu gün də “Leyli və Məcnun” operası aktual əsər kimi qalır. Bir çox sənətkarımız bu obrazlarla sevilib. Mədəniyyətin hansı sahəsinə baxsan, orada Üzeyir bəyin izi var. Xorun, orkestrin, operanın, konservatoriyanın yaradılması, hətta muğamın tədris proqramının əsasının qoyulması, musiqi məktəblərinin açılması onun rəhbərliyi ilə həyata keçirilən müqəddəs işlərdir. O, özünü bütövlükdə Azərbaycan xalqına, millətinə həsr edib. Hesab edirəm ki, bundan sonra da neçə nəsil onun irsindən, əsərlərindən bəhrələnəcək”.



M.İbrahimov dahi bəstəkarın zamanında qarşılaşdığı çətinlikləri dilə gətirib: “İndi böyük əsərlər niyə yaranmır, deyə soruşanda bildirirlər ki, maliyyə cəhətdən çətindir və s. Ancaq siz Üzeyir bəyin dövrünə nəzər salın. O vaxtlar hərtərfli çətinlik var idi. Problem təkcə maliyyədə deyildi. Həmin vaxtlar müsəlman şərqində bir opera yazmaq, qadını səhnəyə çıxarmaq böyük cəsarət, güc istəyirdi. Siz fikir verin, o, bunu ərsəyə gətirmək üçün nələrdən keçmişdi. “Leyli və Məcnun”operası səhnəyə qoyulduğu günə qədər hətta musiqiçilər onu qoyub qaçmışdılar. Üzeyir bəy məcbur qalıb skripkada özü ifa etmişdi. Əbdürrəhim bəy Haqverdiyev isə drijorluq etmişdi. Çox böyük fədakarlıqlar göstərirdi. Onun nə qədər hədələyib, təhdid edirdilər ki, müsəlman aləmidir, qadının səhnəyə çıxıb mahnı oxuması, rol ifa etməsi bizə yaraşmaz. Ancaq o, şərq və müsəlman aləmində bir inqilabçı oldu. Xalqımız hər dəfə onu sevə -sevə anır. Bunlar gənclərə təbliğ olunmalıdır”.



Xanəndə daha sonra Üzey bəyin insani kefiyyətləri barədə fikirlərini bölüşüb: “Onun insani tərəfi başqa bir aləmdir. Bəstəkar Hacı Xanməmmədov yubileyi ərəfəsi, məşq prosesində mənə danışmışdı ki, əsgərlikdən gəldikdən sonra Üzeyir bəy onu bəstəkarlıq sinfinə qəbul edib. Eyni zamanda tar sinfində də oxuyurmuş. Bir ay dərsə sərasər hərbi paltarda gedib. Pulu olmayıb ki, özünə mülki paltar alsın. Dahi bəstəkar bir gün onu bu geyimdə görüb və belə geyinməsinin səbəbini soruşub. O, isə çox utanıb və imkanının olmadığını bildirib. Üzeyir bəy onu evinə aparıb, sandıqdan müəyyən qədər pul götürərək paltar alması üçün verib. Bu, o sandıq imiş ki, bütün tələbələrə oradan pul verirmiş. Onlara ata qayğısı göstərib. Gənclərə mənəvi övladları kimi yanaşıb. Biz hamımız onun övladlarıyıq”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər: Üzeyir-Hacıbəyli  





Xəbər lenti