Azərbaycanda kibertəhlükəsizlik idarəçiliyində yeni dövr: Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı

Azərbaycanda kibertəhlükəsizlik idarəçiliyində yeni dövr:  Milli Kibertəhlükəsizlik Agentliyi yaradıldı
  05 İyun 2026    Oxunub:263
ETX-dən MKA-ya: ölkənin rəqəmsal təhlükəsizlik sistemində mühüm transformasiya Azərbaycanın kibertəhlükəsizlik sistemində mühüm institusional dəyişiklik baş verib.
Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmanla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında fəaliyyət göstərən Elektron Təhlükəsizlik Xidmətinin bazasında Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) yaradılıb.

Yeni qurum Elektron Təhlükəsizlik Xidmətinin hüquqi varisi kimi fəaliyyət göstərəcək və kibertəhlükəsizlik, kibertəhdidlərə qarşı mübarizə, fərdi məlumatların mühafizəsi və milli səviyyədə koordinasiya funksiyalarını daha geniş institusional imkanlarla həyata keçirəcək.
Sənəddən aydın olur ki, bu qərar ölkənin kibertəhlükəsizlik sisteminin növbəti inkişaf mərhələsi və rəqəmsal suverenliyin gücləndirilməsi istiqamətində mühüm strateji addımdır. Başqa sözlə, MKA-nın yaradılması özlüyündə ölkənin kibertəhlükəsizlik idarəetmə modelinin yeni mərhələyə keçididir.

MKA hansı zərurətdən yaradılıb?
Qurumun rəhbəri Fərid Zeynalov bildirir ki, Azərbaycan da qlobal tendensiyaları nəzərə alaraq son illərdə bu istiqamətdə mühüm addımlar atıb. Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı, Milli Kibertəhlükəsizlik Strategiyasının qəbul edilməsi, kritik informasiya infrastrukturlarının qorunması üzrə yeni mexanizmlərin yaradılması və dövlət qurumlarında təhlükəsizlik standartlarının gücləndirilməsi bu siyasətin əsas elementləri olub. Məhz bu proseslərin məntiqi davamı kimi Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb.

Yeni Agentliyin əsas missiyası nə olacaq?
Fərid Zeynalov qeyd edir ki, Agentlik ölkədə kibertəhlükəsizlik sahəsində tənzimləmə və nəzarət funksiyalarını həyata keçirəcək, informasiya infrastrukturlarının dayanıqlığını artıracaq, kibertəhdidlərin aşkarlanması, araşdırılması və qarşısının alınması üzrə fəaliyyət göstərəcək. Bununla yanaşı, MKA milli CERT funksiyalarını yerinə yetirərək, kibertəhdidlər barədə məlumatların toplanmasını, təhlil edilməsini və aidiyyəti qurumlarla paylaşılmasını təmin edəcək.

Agentliyin fəaliyyətində diqqətçəkən məqamlardan biri preventiv yanaşmanın ön plana çıxarılmasıdır. Məqsəd yalnız baş vermiş insidentlərə reaksiya vermək deyil, həm də potensial təhdidlərin əvvəlcədən müəyyənləşdirilməsi və risklərin minimuma endirilməsidir.

Dövlət və özəl sektor üçün vahid koordinasiya platformasıDövlət və özəl sektor üçün vahid koordinasiya platforması

Milli Kibertəhlükəsizlik Agentliyinin mühüm vəzifələrindən biri ölkədə fəaliyyət göstərən informasiya infrastrukturu subyektləri arasında koordinasiyanın gücləndirilməsidir.

Bu, dövlət qurumları, telekommunikasiya operatorları, internet provayderləri, maliyyə institutları və digər strateji əhəmiyyətli təşkilatlar arasında məlumat mübadiləsinin daha operativ və sistemli şəkildə həyata keçirilməsinə imkan verəcək.

Bu da olduqca vacib məqamdır. Çünki müasir kiberməkanda effektiv müdafiə yalnız ayrı-ayrı qurumların deyil, bütöv ekosistemin koordinasiyalı fəaliyyəti nəticəsində mümkündür.

Fərdi məlumatların mühafizəsinə xüsusi diqqət
Yeni Agentliyin fəaliyyət istiqamətlərindən biri də fərdi məlumatların mühafizəsi olacaq.

Agentlik fərdi məlumatların qanunsuz toplanılması və işlənilməsi ilə bağlı müraciətləri araşdıracaq, bu sahədə nəzarət mexanizmlərini tətbiq edəcək və qanunvericiliyin tələblərinə əməl olunmasını təmin edəcək.

Rəqəmsal xidmətlərin sürətlə inkişaf etdiyi müasir dövrdə bu istiqamət vətəndaşların rəqəmsal hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Azərbaycanın beynəlxalq mövqeyi necə dəyişə bilər?

MKA-nın yaradılması Azərbaycanın beynəlxalq kibertəhlükəsizlik əməkdaşlığında rolunu da gücləndirə bilər.

Bu gün kibertəhlükələr transmilli xarakter daşıyır və onlara qarşı effektiv mübarizə yalnız beynəlxalq əməkdaşlıq şəraitində mümkündür. Yeni Agentlik xarici tərəfdaşlarla, beynəlxalq təşkilatlarla və digər ölkələrin milli kibertəhlükəsizlik qurumları ilə əməkdaşlığı daha da genişləndirmək imkanına malik olacaq.
Mütəxəssislər hesab edirlər ki, bu qərar Azərbaycanın regional kibertəhlükəsizlik mərkəzlərindən birinə çevrilməsi istiqamətində atılmış mühüm addımdır.

Yeni mərhələnin başlanğıcı
2013-cü ildə yaradılmış Elektron Təhlükəsizlik Xidməti ötən illər ərzində ölkədə kibertəhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynayıb. Məhz bu qurumun bazasında yaradılan Milli Kibertəhlükəsizlik Agentliyi həmin təcrübəni və potensialı daha geniş institusional çərçivədə davam etdirəcək.
Yeni Agentliyin yaradılması Azərbaycanın rəqəmsal inkişaf gündəliyinin mühüm tərkib hissəsidir və ölkənin kiberməkanda təhlükəsizliyinin təmin olunmasına, rəqəmsal iqtisadiyyatın dayanıqlığının artırılmasına və milli maraqların qorunmasına xidmət edəcək.
Beləliklə, Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması ilə Azərbaycanda kibertəhlükəsizlik sahəsində yeni mərhələnin əsası qoyulur. Bu mərhələ dövlət, biznes və vətəndaşların rəqəmsal təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsinə yönəlmiş institusional transformasiya kimi qiymətləndirilir.




Teqlər:



Xəbər lenti