İnflyasiyada ərzağın yeri və onu necə məhdudlaşdırmaq olar – TƏHLİL

  12 Dekabr 2018    Oxunub : 18141
 İnflyasiyada ərzağın yeri və onu necə məhdudlaşdırmaq olar – TƏHLİL
Ölkədə inflyasiyaya təsir göstərən əsas amillərdən biri məhz ərzaq məhsulları və bu sahədə mövcud olan qiymətlərdir. Başa çatmaqda olan ilin ötən 11 ayı, yəni 2018-ci ilin yanvar-noyabrı ərzində istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin eyni dövrü ilə müqayisədə 2,3%, o cümlədən, ərzaq məhsullarının 1,9, qeyri-ərzaq mallarının 2,7, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,6% artıb. Təhlil üçün gərəklidir deyə, qeyd edim ki, noyabrda oktyabr ayına nisbətən istehlak məhsulları və xidmətləri 0,6%, o cümlədən, ərzaq məhsulları 1,2, qeyri-ərzaq malları 0,2, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,1% bahalaşıb.
Yeri gəlmişkən, 2018-ci ilin yanvar-oktyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,4%, o cümlədən, ərzaq məhsullarının 2,1, qeyri-ərzaq mallarının 2,8, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 2,6% artıb. Cari ilin oktyabr ayında sentyabr ayına nisbətən istehlak məhsulları və xidmətləri 0,2%, ərzaq məhsulları və qeyri-ərzaq malları 0,2, əhaliyə göstərilən ödənişli xidmətlər isə 0,1% bahalaşıb.

2018-ci ildə istehlak və xidmət qiymətlərinin aşağı səviyyədə, yəni birrəqəmli olacağı hökumətə qabaqcadan bəlli idi. Odur ki, proqnoz birrəqəmli həddə götürülmüşdü. Amma hökumətin gözlədiyi səviyyə 6% civarında idi. Real olaraq isə belə görünür, qiymətlərin artım səviyyəsi və ümumiyyətlə, istehlak qiymətləri indeksi bundan da aşağı olacaq. Özü də bu, hələ ilin ortasından bəllidir.

Məsələ ondadır ki, keçən il inflyasiya səviyyəsinin nəyə görə məhz 12,9% təşkil etdiyi aydındır. 2017-ci ildə inflyasiyanın belə olmasının səbəblərinə birincisi, neftin dünya bazar qiymətlərinin 2 ildən çox tədricən enməsi prosesindən sonra nəhayət, ümumi iqtisadi durumda mövsümi amillərin qiymətlərin artmasına güclü təsir göstərməsi, ikincisi isə, idxal məhsullarının mühüm rol oynaması daxil idi. Yəni, idxal inflyasiyasının. Üçüncüsü isə, ən çox ərzaq məhsulları bahalaşdı ki, bu da ötən il ərzində bütün dünyada baş verdi.

Ümumiyyətlə, 2017-ci ildə inflyasiya əsasən qeyri-monetar amillərdən irəli gəlmişdi ki, valyuta bazarında sabitliyin yaranması, hətta manatın məzənnəsinin də 4% möhkəmlənməsi müqabilində inflyasiyanın belə yüksək təşkil etməsi, bilavasitə ticarət tərəfdaşı olan ölkələrdə gedən anoloji proseslərin, habelə ayrı-ayrı əmtəə qrupları üzrə tələb və təklifin nisbətinin dəyişməsi hesabına baş verdi. Bu mənada, keçən ildəki 12,9%-də ərzağın bahalaşmasının rolu çox idi. Bu il isə ərzağın bahalaşması tempi aşağı həddə davam etdi. Bu, həm daxili istehsalın sayəsində, həm də dünya bazarlarında anoloji bahalaşmanın baş verməməsi hesabına əldə olundu. Ümumiyyətlə, inflyasiyaya təzyiq elementləri sırasında ərzaq məhsullarının qiymətlərinin nəzarətdə saxlanılması həmişə tələb olunan məsələdir. Və bu, Azərbaycan hökuməti üçün daim bir nömrəli problem sayılmaqdadır. Bunun ən böyük şərti yerli istehsalın artmasıdır. Çünki başqa yolla daxili ərzaq bazarında qiymətləri sabit sxlamaq əsla mümkün deyil.

Bütün bu qeyd olunanların fonunda kənd təsərrüfatı naziri İnam Kərimovun bu günlərdə Azərbaycanın kənd təsərrüfatı sahəsində innovasiyaların tətbiqinin bu sahədə xərcləri 20-30% azaltmağa imkan verəcəyini deməsi diqqəti cəlb etdi. Nazirin sözlərinə görə, bununla məhsudarlığı artırmaq mümkün olacaq ki, bu da ərzaq məhsullarının 45-50% ucuzlaşmasına səbəb olacaq. Təbii ki, bu, sevindirici söylənti və gözləntidir.

Yeri gəlmişkən, bu ilin əvvəlində xarici ekspertlər, xüsusən də Dünya Bankının (DB) nümayəndəsi demişdi ki, Azərbaycanda kənd təsərrüfatı sahəsində məhsuldarlığı 3 dəfə artırmaq olar: “Azərbaycanda kənd təsərrüfatında məhsuldarlığın səviyyəsi ötən əsrin 60-cı illərində Latın Amerikası ölkələrindəki məhsuldarlıq səviyyəsindən bir qədər çoxdur. Məhsuldarlığın artırılması üçün rəqəmsal texnologiyaların tətbiqi mühüm rol oynaya bilər. Xüsusilə ət və süd məhsullarının istehsalında potensial daha böyükdür”.

Ümumiyyətlə, Azərbaycanda kənd təsərrüfatı üzrə ixrac potensialı dəyərinin 1,1 milyard ABŞ dolları olduğu söylənilmişdi ki, onda yazmışdım, ölkəmizin aqrar sektoru üçün 1,1 milyard dollar ixrac imkanı kiçik rəqəm deyil. Ancaq hesab edirəm, 2 mühüm amilə - bazarlara çıxış imkanlarına və müasir texnologiyaların geniş şəkildə tədbiqinə nail olunarsa, bu, daha çox məbləğdə kənd təsərrüfatı məhsulları ixrac etməyə imkan yaradar.

“Biz Azərbaycandan xeyli aşağı səviyyəli ölkələrə baxanda görürük ki, onların texnologiyaya çıxışı daha asandır. Və odur ki, həmin ölkələr Avropa səviyyəsinə daha tez çatacaqlar. Azərbaycanda isə fermerlərin təhsilinin aşağı olması interfeyslərdən daha az istifadə ilə nəticələnir” – deyə, DB eksperti qeyd etmişdi. Bu, kifayət qədər məntiqi yanaşma idi. Yəni, aqrar məhsullar üzrə məhsuldarlığı yüksəltmək üçün isə, ən vacib məsələlərdən biri müasir texnologiyaların geniş şəkildə tədbiqi, təhsil və bilik səviyyəsini də qaldırmaq təşkil edirdi.

Bəli, bu gün ölkədə aqrar sektor iqtisadi inkişafın aparıcı sahələrindən biri sayılır və bu sahədə böyük işlər həyata keçirilməkdədir. Ölkədə kənd təsərrüfatı məhsulları istehsalı cari ilin 9 ayı ərzində 4,3% artıb. Xaricə aqrar məhsullar ixrac edirik. Ancaq bununla belə, ərzaq məhsullarının qiymətləri sarıdan inflyasiyaya təzyiq imkanlarını minimuma endirmək üçün hələ çox yol getmək tələb olunur. Belə ki, idxal olunan ərzaq məhsulları daxili bazardan sıxışdırılıb çıxarılmalıdır ki, ilk növbədə bahalaşmaya meylin, yəni inflyasiyaya təzyiqin qarşısı alınsın və üstəlik, kənara da ucuz ixrac həyata keçirtmək müəssər olsun.


Pərviz Heydərov
AzVision.az üçün

Teqlər: İnflyasiya