Məhərrəmlik, yoxsa cahillik? Deputat və ekspertdən qalmaqallı CAVAB

Məhərrəmlik, yoxsa cahillik? Deputat və ekspertdən qalmaqallı CAVAB
  07 Noyabr 2013    Oxunub:8194
Hər il Hicri təqviminin Məhərrəm ayında yad edilən Kərbəla hadisələrinin tarixi VII əsrə təsadüf edir. Şiə təriqətində qeyd edilən dini ayinlər 680-ci ildə Kufədə başlayan qiyamla bağlıdır. Belə ki, qiyama qalxanlar Həzrəti Əlinin kiçik oğlu İmam Hüseyndən yardım istəyir və ondan gəlib Kufədə atasının düşməni olan Əməvi sülaləsinə qarşı üsyana mənəvi dayaq olmağı, qiyamçıları ruhlandırmağı xahiş edirlər. İmam Hüseyn 72 nəfərlik kiçik bir dəstə ilə Kufəyə yollanır. Dəstəsi ilə birlikdə Mərəya düzündən (indiki Kərbəladan) keçəndə (oktyabr, 680-ci il) Yezidin göndərdiyi 4 min nəfərlik qoşun onları mühasirəyə alır və Məhərrəmlik ayının 10-cu günündə məşhur Kərbəla hadisəsi baş verir. Kərbəla sözü də sonradan bu hadisə ilə əlaqədar olaraq yaranır. Mənası «Kərb» yəni hüzn və «bəla» sözlərindən ibarətdir.

Şiə təriqətinə mənsub olanlar indiyə qədər də Aşurada məhz bu hadisəyə, yəni imam Hüseynin öldürülməsinə yas saxlayırlar. Bu günü yas saxlayanlar bununla əlaqdar olaraq bəzi ayinlər icra edir və qadağalara riayət edirlər. Məsələn, spirtli içki içmək, toy eləmək günah sayılır. Bəziləri isə Məhərrəm ayının 10-cü günü, yəni Qətl sınan gün, yaxud da başqa adla Aşura günü çimməyi, sabundan istifadə etməyi və s. günah hesab edirlər. Zəncir vurmaq və qan çıxarmaq tələbi isə öz yerində.

Bəs, bu adətlər haradan gəlir? Dinin tələbidir, yoxsa cahillikdir? İslam dini şəhidlərə yas saxlamağa, onlar üçün özünə zəncir vurmağa icazə verirmi?

“Bu, cəmiyyətin İslamdan uzaq olmasından irəli gəlir”

Millət vəkili Fazil Mustafa AzVision.az-a açıqlamasında Məhərrəm ayında icra olunan əməllərin əksəriyyəti cahillikdən irəli gəldiyini bildirib. Deputat hesab edir ki, içki içmək təkcə bu ayda deyil, ümumiyyətlə haramdır.

“Məsələn, içki içməmək təkcə məhərrəmliklə bağlı deyil, Allahın əmridir. İçmirsənsə, ümumiyyətlə içməmək lazımdır. Yaxud da, pis işlərlə məşğul olmaq və digər qadağalar İlahi əməldir. Bunun Məhərrəmlikdə edilməsi Azərbaycan cəmiyyətində dinə saxtakar baxışın əsas göstəricisidir. Toy etmirlər, hansısa tədbir keçirmirlər, bunlar hamısı əsası olmayan hadisələrdir”.

F.Mustafa həmçinin qeyd edib ki, vəfat edən şəxslərin, şəhidlərin xatirəsi İslamda əziz sayılır, onlar uca tutulur, amma əbədi yas saxlamaq İslam mədəniyyətində, İslamın təməl fəlsəfəsində yoxdur: “Bunu ancaq cəmiyyətin əslində islam dinindən uzaq olması ilə izah etmək olar. Cəmiyyətdə din anlayışının saxta əmələ dayanması ilə əsaslandırmaq olar”.

Zəncir vurmaq, qan çıxarmaq kimi adətlərə gəlincə isə Fazil Mustafa vurğulayıb ki, dində bu adət yoxdur: “Ümumiyyətlə, insanın özünə zəncir vurmağı, qan çıxarmağı axmaqlıqdır. Çünki bunun nə İmam Hüseyn üçün faydası var, nə də İmam Hüseyn kimi zəki şəxsiyyət heç vaxt belə bir addımı rəva görməzdi. Çünki onlar peyğəmbər tərbiyəsi görmüş adamlardır. Peyğəmbər tərbiyəsi görmüş adam özündən sonrakı insanların özlərinə belə ziyan vurmağını istəməzdi. Amma görünür ki, Azərbaycan özünə İrandan köçürülmə islam anlayışı əxz edib və bu anlayış da indiyə qədər Azərbaycan cəmiyyəti üçün ancaq cəhalət və nadanlıq yayılması üçün əsas alatə çevrilib”.

“Heç peyğəmbəri bu qədər xatırlamırlar...”

Millət vəkili hesab edir ki, bunun qarşısını almaq üçün ziyalılar dini maarifçiliyi gücləndirməlidirlər: “Dinin təməl əsasları haqqında məlumatlar verməlidirlər. Bildirməlidirlər ki, din tarixində baş verən onlarla hadisə var ki, bunları dinin əsası kimi göstərib onun əsas yolundan uzaqlaşdırırlar. Bu da dini gözdən salır. Fanatizm, cəhalət və dünyagörüşü məhdudluğu yaradır. İslam haqda təsəvvürlərin daha da pisləşməsinə gətirib çıxarır. Heç peyğəmbəri bu qədər xatırlamırlar, amma ondan sonra gələn 3-4-cü dərəcələi adamları xatırlayırlar. Bu, çox faciəvi yanaşmadır”.

Fazil Mustafa bu istiqamətdə atılacaq konkret addımları da sadalayıb. O deyir ki, cəmiyyətdə normal təbəqə formalşmalıdır ki, belə cahillik aradan qalxsın: “Bunun üçün orta məktəblərdə İslam tarixi ilə bağlı doğru bilgilər verən dərslər olmalıdır. Efirdə elmi əsaslandırılmış diskusiyalar aparılmalıdır. Hadisələrin təməl mahiyyəti izah olunmalıdır. Belə olduqdan sonra daha aydın, daha modern düşünənlərin sayı artacaq. İndiki məqamda cəhalətdən uzaqlaşmaq çox çətin və təhlükəlidir. Özünü ziyalı hesab edənlər dinin bu zərərli tərəfinə mütləq müdaxilə etməli və fikirlərini bildirməlidir”.

“Aşura günü hər kəs qoluna cır-cındır bağlayıb məscidlərə axışır”

İlahiyyatçı Elşad Miri isə deyir ki, Məhərrəmlikdən sui-istifadə edən kifayət qədər adam var: “Çoxları bu aya qazanc mövsümü kimi baxır. Müğənnilərin toy bazarı bağlanır, bəzi din adamlarınınkı isə əksinə. Aşura günü hər kəs qoluna cır-cındır bağlayıb məscidlərə axışır. Qara plakatlar, qara bayraqların tədarükünə başlanıb. Bunlar hamısı biznesdir”.

Millət vəkili Fazil Mustafanın fikirlərini təsdiqləyən ilahiyyatçı bu sahədə maariflənməyə ehtiyac olduğunu düşünür: “Təəssüf ki, Dini sahədə maarifləndirici verilişlər hazırlanmır, tədbirlər keçirilmir. Televiziyalarda bu iş xeyli aşağı səviyyədədir”.

Elşad Miri yuxarıda qeyd etdiyimiz bəzi adət və qadağalara da münasibət bildirib. Onun fikrincə, təmizlik vasitəsi hesab olunan sabunun günah sayılması cahillikdir: “Sabun təmizlikdir. İslam da hər zaman təmizliyə önəm verib. Bu xurafat və cəhalətdən irəli gəlir ki, həmin gün sabun işlətmirlər. Təəssüf ki, bəşəriyyətin tərəqqi etdiyi bir vaxtda hələ də bu cür ənənələr yaşayır”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti