Substantiv üstünlük: Vyana görüşündən çıxan nəticələr – TƏHLİL

  30 Mart 2019    Oxunub : 2919
 Substantiv üstünlük: Vyana görüşündən çıxan nəticələr – TƏHLİL
Nəhayət, Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra ilk dəfə olaraq, iki dövlət rəhbərinin arasında Qarabağ probleminin həlli ilə bağlı danışıqlar baş tutdu. Hər şeyi bir qırağa qoysaq, bu görüşün sadəcə baş tutması faktı özü artıq Azərbaycanın diplomatik qələbəsi sayıla bilər. O səbəbə görə ki, hakimiyyətə gəlməzdən əvvəl də, gələndən sonra da Ermənistanın baş naziri Nikol Paşinyan belə deyirdi: Nizamlama prosesinin formatı dəyişdirilməli, danışıqlar Bakı ilə Xankəndinin arasında getməlidir. O, hətta belə bir tezis də ortaya atmışdı ki “Məni Qarabağın əhalisi seçmədiyi üçün, onların adından danışa bilmərəm”.
Azərbaycan isə qəti şəkildə bəyan edirdi ki, danşıqların formatında heç bir dəyişiklik ola bilməz. Və budur: Paşinyan indiyə qədər dediyi bütün fikirləri, irəli sürdüyü tezisləri tapdalayaraq, geri çəkilib, Azərbaycan prezidenti ilə bir masanın arxasında əyləşməli oldu. Yəni birinci raund məhz Rəsmi Bakının dediyi şərtlərlə baş tutdu. Bu, artıq Azərbaycanın diplomatik qələbəsidir.

Amma Azərbaycanın üstünlüyünü şərtləndirən məqam təkcə bu da deyil. Prezident İlham Əliyev əvvəlcədən görüşlə bağlı iki şərt qoyurdu: Birincisi, format dəyişdirilə bilməz, ikincisi, danışıqlar substantiv, yəni, məsələnin mahiyyəti üzrə, nəticəyə yönəlik aparılmalıdır. Verilən bəyanatlardan və açıqlamalardan belə məlum olur ki, bu şərtlərdən ikincisi də təmin olunub.

- Əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb, - deyə İlham Əliyev Rusiyanın TASS agentliyinə bildirib,- Danışıqlar uzun illər olduğu kimi, Ermənistanla Azərbaycan arasında aparılır. İkincisi, danışıqlar prosesinə yeni təkan verilib. Bu da vacibdir. Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq.

Ermənistanın danışıqların formatını dəyişmək cəhdi bir neçə beynəlxalq qurum tərəfindən pislənəndən sonra, martın 9-da Minsk qrupunun həmsədrlərinin bəyanatı son olaraq, məsələyə nöqtə qoymuşdu. Həmin bəyanat Paşinyan hökumətinin bu məsələdə nəinki söz sahibi olmadığını, hətta tam acizliyini sübut etdi. Onlar bəyanatda Azərbaycanın iki tələbinin ikisini də dəstəkləmişdilər. Ən maraqlısı odur ki, Vyana görüşündə danışıqların hansı çərçivədə getdiyinə də cənab İlham Əliyev açıq şəkildə eyham vurub: “Bizim üçün birinci yerdə Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur”.

“Substantiv” sözü sadəcə, erməni tərəfi hürkdürməmək üçündür, əslində “substantiv danışıq” deyəndə Azərbaycan rəhbərliyi məhz ərazilərimizin qeyd-şərtsiz boşaldılmasına yönəlik danışıqları nəzərdə tutur. Və görünən budur ki, hazırda Minsk qrupu bu tələbi dəstəkləyir, Paşinyan hökuməti isə həmin şərtlə masa arxasına əyləşməyə razılıq verib.

Dövlət başçılarının görüşündən əvvəl 2 ölkənin xarici işlər nazirləri 4 dəfə bir araya gəlmişdilər. Demək, prezidentlərin müzakirə etməsi üçün ən azından, konkret təkliflər var idi. Görüşdən sonra isə birbaşa dialoqun davam etdirilməsi barədə anlaşılıb, nazirlərə də yaxın gələcəkdə həmsədrlərə yenidən görüşmək üçün təlimat verilib. Bu, elə o deməkdir ki, danışıqlar prosesində artıq yeni mərhələ başladı. Özü də Azərbaycanın istədiyi kimi: Köhnə formatda və substantiv qaydada.

Vüsal Məmmədov
Azvision.az

Teqlər: Vyana-görüşü   Qarabağ