Keramika üzərində çəkilən “Quran” surəsi - Şəkidən REPORTAJ

  27 May 2019    Oxunub : 3690
Keramika üzərində çəkilən “Quran” surəsi - Şəkidən REPORTAJ
Dekorativ-tətbiqi sənət nümunələrindən biri olan keramika sənəti bütün insanlıq üçün ən qiymətli mədəni irs hesab olunur. Qədim köklərə malik xalqların böyük tarixinin sübutu onun keramikası ilə də müəyyən edilir.
Azvision.az xəbər verir ki, “ABAD” publik hüquqi şəxs tərəfindən Şəki rayonunda “Təbiətdən tarixə” adlı Beynəlxalq Keramika Simpoziumu keçirilir. 20 mayda başlayan simpozium 2 iyun tarixinə qədər davam edəcək. Simpoziumda 14 xarici ölkədən gələn 22 iştirakçı öz yaradıcıqlarını nümayiş etdirməyə çalışırlar.

İştirakçılar üçün əvvəlcə Bakı şəhərində gəzinti təşkil olunub, onlara ölkəmizin zəngin tarixi, mədəniyyəti, xüsusilə də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlar verilib. Bakı şəhərində baş tutan gəzinti zamanı qonaqlar Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı, vətən uğrundan canından keçmiş şəhidlərimizin məzarlarının yerləşdiyi Şəhidlər Xiyabanını ziyarət edib, daha sonra Bakı şəhərinin qədim tarixi- İçərişəhər, Qız qalası, Şirvanşahlar Sarayı, o cümlədən yeni memarlıq nümunəsi Heydər Əliyev Mərkəzi ilə tanış olublar.



Simpozium, o cümlədən iştirakçıların əl işləri ilə yaxından tanışlıq üçün “ABAD” tərəfindən media nümayəndələrinin Şəki Keramika Mərkəzinə media turu təşkil edilib.

Şəki bizi güclü külək, yağışla qarşılasa da, mərkəzin işçilərinin xoş, isti münasibəti, o cümlədən iştirakçıların bir-birindən gözəl sənət əsərləri hər şeyi unutdurdu. Yağışda islanmağımıza baxmayaraq, hər bir kompozisiyanın dərin mənasını onu yaradan keramistdən öyrənməyə çalışırdıq.

Mərkəzin həm çöl hissəsi, həm də içərisində müxtəlif ölkələrdən olan iştirakçıların yorulmadan, həvəslə işləməkləri, xüsusi incəliklə sənət əsəri yaratmaları diqqət çəkirdi.



Simpoziumun kuratoru Mir Teymur Məmmədov belə tədbirin Azərbaycan üçün bir qələbə olduğunu deyir.

“Dünyanın digər tərəfindən gəlib simpoziuma qatılanlar var. Bu da simpoziumun nifuzundan xəbər verir. Burada iştirak edən rəssamlar dünyaca tanınmış, ömrünü sənətə verən, ölkələrində kifayət qədər tanınan rəssamlardır. Bu, bizim üçün böyük bir qələbədir”.



Mir Teymur Məmmədov insanların keramikaya, simpoziuma marağının çox olduğunu söyləyir. Onun sözlərinə görə, hətta bura o qədər adam gəlir ki, rəssamların işinə də mane olur.

“Sipmozium başlayandan bu günə qədər demək olar ki, 80 faiz işlər görülüb. Bir az yağışlı hava bizə mane olur, çünki işlər gec quruyacaq. Ölkənin turizm baxımından tanıdılmasında ən zəngin piar belə sipmoziumlardır. İştirakçılar məlumatları sosial şəbəkələrdə paylaşır, hər kəs yazır ki, "bizim necə xəbərimiz olmayıb?”".



ABAD-ın Marketinq və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Turanə Qasımova bildirib ki, tədbirin məqsədi xarici sənətkarları yerli sənətkarlarla tanış etmək, təcrübə mübadiləsi aparmaq və keramika sahəsində ənənələrin yaradılmasıdır.

“İki həftəlik müddət ərzində onlar özlərinə müvafiq olan, spesifik ölkələrə uyğun sənədlərini yaradacaqlar. Tədbirin sonunda isə keramika əsərlərini nümayiş etdirəcəklər. Gələcəkdə bu sahədə beynəlxalq sipmoziumları davam etdirəcəyik. Lakin yerli keramistlərin marağını nəzərə alaraq respublika səviyyəsində adı çəkilən sipmoziumu davam etdirəcəyik. Yaxın müddət ərzində Şəki Keramika Mərkəzinin davamı olaraq Nardaran Keramika Mərkəzi də yaradılacaq”.



Türkiyədən olan keramist Serap Ünal həm də Süleyman Dəmirəl Universitetinin gözəl sənətlər fakültəsinin keramika şöbəsinin rəhbəridir. Bildiklərini həmkarları ilə paylaşan sənətkar onlardan da çox şey öyrəndiyini deyir.

“Burada hamımız fərqli texnikalarla işləyən, keramikanın fərqli hissələri üzrə püxtələşmiş, yetişmiş insanlarıq. Burda hər kəs öz fikirlərini bölüşür. Fərqli təqdimatlar edilir, hər kəs öz ölkəsini və hazırladığı işləri tanıdır. Tamamilə beynəlxalq bir ortamda işləyirik. Kənardan insanların işlərimizə böyük marağı var”.

Şəkidə ilk dəfə olan S.Ünal buranın təbiətinə heyran qaldığını bildirir: “Mən çox ölkələr gəzmişəm, Şəki dünyanın ən gözəl yeridir. Burada toxunulmamış bir təbiət var, bunun qiymətini bilin və xahiş edirəm pozmayın".



İraqdan olan Şanyar Abdulla ilk olaraq Azərbaycanın, Şəkinin gözəl yer, insanların qonaqpərvər olduğunu vurğulayır. Fikrincə, burada müxtəlif ölkələrdən fərqli dəsti-xətti olan sənətkarların iştirakı simpoziumu daha maraqlı edir.

“Yaratdığım kompozisiyanın ölkəmlə əlaqəsi yoxdur, 25 ildir üzərində çalışdığım sənətin reqular növüdür. Bu bir abstraq sənət növüdür ki, burada qeyri-reqular olan formalar var. Sanki iki növ, iki istiqamət birləşib və bir-birinə əks olan formaları bir araya yığıb fərq yaradır. Buradakı iştirakçılar öz profesionallığı ilə fərqlənirlər. Bura sırf öz ölkəsində məşhur olan sənətkarlar gəlib”.



Çexiyadan olan keramist Eva Pelokova bir neçə peşə ilə məşğul olsa da, sonunda özünü keramika sənətində tapıb.

“Gimnaziyada oxuyurdum, amma başa düşdüm ki, elmi sahə mənlik deyil. Hətta maraq üçün baletlə də məşğul oldum, sonra keramika sahəsinə gəldim. Düşünürəm ki, balet və keramikada haradasa ahəng var, çünki hər ikisində incəlik var.



Burada işlədiyimiz qrup mənim üçün maraqlıdır. Ölkəmiz də bu sahə məşhurdur, artıq keramik məhsullar öz ölkəmizdən ixrac olunur, biz bu sahədə artıq inkişaf etmişik”.



İordaniyadan olan keramist Marvan Tavan 21 ildir bu işlə məşğul olur. 5 yaşı olandan rəsmə həvəs göstərən sənətkar daha sonra keramika ilə maraqlanmağa başlayıb. Ölkəsində bu sahəyə maraq böyük olsa, sənətlə məşğul olanlarn sayı azdır. Ona görə də M.Tarvan keramikanın pullu sənət olduğunu düşünür.



“Kompozisiyam Ramazan ayına həsr olunub. Əsərin kənar hissəsində “Quran”dan “Qədr” surəsi çəkilib. Orta hissədə isə simpoziumda iştirak edən sənətkarlar üçün yerlər ayrılıb, orada hər bir iştirakçı özünün kiçik ideayasını əks etdirib. Azərbaycan çox gözəl ölkədir, Şəkiyə isə valeh olmuşam. Artıq 4 gündür ki, burdayam, simpoziumdan məmnunam”.



Brazilyalı Lika Kruzun kompoziyası isə ölkəsində olan qəbilələri əks etdirir. O, işini YUNESKO-nun 2019-cu ili "Tayfa ili" elan etməsi ilə əlaqələndirir.

“Gildən hazırlanan işlərə anqokdan istifadə edərək naxışlar qoyuram. Bundan əlavə, yaratdığım gil obrazlar saylarla işarələnəcək və onların aşağı hissəsində məlumat yerləşdirəcək ki, insanlar həmin işarələri başa düşsünlər və tayfa haqqında məlumat ala bilsinlər. Simpoziumdan, burada olmaqdan şadıq. Azərbaycanın yeməklərinə isə valeh olmuşam. Şəki şirniyyatı, xüsusilə Şəki halvasını çox bəyəndim. Bunları yedikcə çox kökələcəm və Brazilyaya qayıdanda artıq dieta saxlamalı olacam. Azərbaycan insanları isə çox alicənab, səmimi, güləriz, ağıllıdırlar. Azərbaycanda keramika sənətinə sevgi böyükdür, azərbaycanlı iştirakçıların işləri bu sənətin qədimdən gəldiyinin sübutudur”.



Banqladeşli Məhəmməd Anis Sulhak isə qaçqın qadın obrazın yaratmaqla onların üzləşdiyi çətinlikləri, problemləri əks etdirməyə çalışıb. Qlobal problemə həsr edilən əl işi ziyarətçilərin ən çox diqqət etdiyi sənət əsərlərindən biridir.

“Mir Teymur müəllimlə sosial şəbəkədə dostuq, ona əl işlərimi göndərdim və məni simpoziumda iştirak üçün dəvət etdi. Dağlıq ərazi, gözəl təbiət qoynunda belə təşkilatçılıq üçün, həmçinin bizim əl işlərimizi insanlara çatdırdıqları üçün ABAD-a təşəkkür edirəm. Şəkini çox sevdim. Əsərim qaçqınlara həsr edilib. Qaçqın qadınla qaçqınların acınacaqlı vəziyyətdə olduğunu göstərmişəm. Bununla onlara dəstək olmağa çalışmışam. Mən hər zaman əsərlərimdə insanlığı, qlobal problemləri işləyirəm”.



Daha sonra kiçik keramika məhsullarının bişirilməsi, onların üzərlərindəki naxışların necə yarandığı iştirakçılara göstərildi. Raku prosesini mərkəzin işçisi Cəfər Əliquliyev icra edirdi. O, 1050 dərəcədə əvvəlcədən 7-8 saat sobada bişirilən keramika qabları maşa ilə götürüb droj qatılan suya, daha sonra isə soyuq suya salırdı. Bu, həmin qablar üzərində müxtəlif naxışların hazırlanması üçün edilir. Həmçinin sobadan çıxarılan digər keramika sənət işləri dəmir qabın içinə qoyulur, onun üstünə isə apilka-kəpək tökülür. Həmin an qablar yanır və onun üzərində hiss ləkələri yaranır.
Müxtəlif üsullardan istifadə etməklə keramika üzərində naxışlar əldə etmək olar. bizə və iştirakçılara göstərilən isə onun kiçik bir hissəsi idi.







Qeyd edək ki, simpoziumda Azərbaycan (3 nəfər), Türkiyə (1 nəfər), Rusiya (5 nəfər), Ukrayna (2 nəfər), Polşa (2 nəfər), Çexiya (1 nəfər), Latviya (2 nəfər), İraq (1 nəfər), Norveç (1 nəfər), Brazilya (2 nəfər), Tunis (1 nəfər), Banqladeş (1 nəfər), İordaniya (1 nəfər), Qırğızıstan (1 nəfər) və Monqolustandan (1 nəfər) olan sənətkarlar iştirak edir.



İki həftə ərzində iştirakçılar Keramika və Tətbiqi Sənət Mərkəzində heykəltaraşlıq kompozisiyaları yaradacaq, peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə təcrübə mübadiləsi baş verəcək, Simpozium ziyarətçiləri keramika sənətinin müasir tendensiyaları ilə tanış olacaq, Azərbaycan mədəniyyəti təbliğ ediləcək və Simpoziumun iştirakçılarının keramika əsərlərindən ibarət kolleksiya yaradılacaq.

Aytən Zəhra
Foto: Şahin Sərdarov

Azvision.az

Teqlər: ABAD   Şəki   Simpozium