6 şəhər və 42 rayonda torpaqların elektron uçotu yekunlaşıb
Kadastr uçot işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib, bələdiyyə, relyef, meyillilik xəritələri tərtib edilib, eləcə də torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb.
Paralel olaraq, torpağın keyfiyyət göstəriciləri də öyrənilərək, toplanmış məlumatlar elektron bazaya daxil edilir. Yay otlaqlarının geobotanik, torpaqların eroziya xəritələri tərtib edilir ki, bu xəritələr vasitəsilə də ərazilərin münbitliyi, torpaqların isə şorlaşmaya məruz qalması öyrənilir.
Azərbaycan Respublikasında bələdiyyə hüdudları daxilində 49 rayonda çöl-ölçmə işləri artıq başa çatmış, 3.6 milyon hektar ərazidə irimiqyaslı çöl geobotaniki tədqiqat işləri yerinə yetirilmişdir.
Torpaq sahəsində sərfəli əkin formulasını təyin etməyə imkan verən komitənin stasionar və mobil torpaq, bitki laboratoriyaları fəaliyyət göstərir. Ümumilikdə 2,9 milyon hektara yaxın ərazinin laboratoriya tədqiqatı işləri aparılıb, torpaq, şorlaşma və eroziya xəritələri hazırlanıb. 1485 inzibati ərazi dairəsi sərhədləri dəqiqləşdirilmiş və xəritələr hazırlanaraq Milli Məclisə təqdim edilib.
Əldə edilən nəticələrin mahiyyətinə gəldikdə isə qeyd edilməlidir ki, torpaq idarəçiliyində mühüm layihələrdən olan elektron kadastr uçotu işlərinin sayəsində ölkədə torpaq fondunun idarə edilməsi elmi əsaslarla aparılır, torpaq balansı dəqiqləşir. Bundan başqa regionların hüdudları daxilində torpaqların sərhədləri müəyyənləşir, dövlət nəzarəti müasir dövrün prinsiplərinə uyğunlaşır. Eyni zamanda torpaqların münbitlik dərəcəsi öyrənilir, aqrar sahənin inkişafı ilə bağlı düzgün qərarlar qəbul edilir. Artıq bu işlər nəticəsində torpaqlardan təyinatı üzrə istifadənin vəziyyəti ilə bağlı məlumatlar daha rahat və dəqiq əldə edilir. Mülkiyyətçilərin sahib olduğu torpaqdan əlavə ərazini qanunsuz olaraq istifadə etmələri aradan qaldırılır.
Azvision.az