Suriyada iki gündə 1000 nəfər ölüb

// Yeni hökumət milli birliyə çağırır

 Suriyada iki gündə 1000 nəfər ölüb
  09 Mart 2025    Oxunub:870
Suriyada iki gündür davam edən silahlı qarşıdurmalar və qisas hücumları nəticəsində mindən çox insan həlak olub. Müşahidəçilərin məlumatına görə, ölkənin təhlükəsizlik qüvvələri Ələvi dini azlığının yüzlərlə mülki nümayəndəsini qətlə yetirib.
Suriya İnsan Haqları Müşahidə Mərkəzinin hesabatına əsasən, cümə və şənbə günləri ölkənin sahil bölgələrində davam edən münaqişə nəticəsində 745 mülki şəxs, 125 hökumət təhlükəsizlik qüvvələrinin əməkdaşı və devrilmiş prezident Bəşər Əsədə bağlı silahlı qruplaşmaların 148 üzvü öldürülüb.

Suriya prezidenti Əhməd əl-Şəraa bazar günü milli birliyə çağırış edərək, ölkənin "mövcudluğunu qoruyub saxlamaq üçün kifayət qədər potensiala malik olduğunu" bildirib. "Biz milli birliyi və daxili sabitliyi qorumalıyıq, birgə yaşaya bilərik," – deyə Şəraa Dəməşqin Məzzə məhəlləsində, uşaqlıq illərini keçirdiyi məsciddə çıxışı zamanı deyib.

Сümə axşamı başlayan toqquşmalar Əsədin dekabr ayında devrilməsindən sonra ölkənin yeni hakimiyyətinə qarşı ən ciddi təhdid hesab edilir. Hazırda hakimiyyətdə olan və Şəraa tərəfindən idarə edilən "Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşması üç ay əvvəl nəzarəti ələ alıb.


Əsəd onilliklər boyu davam edən avtoritar idarəçiliyin və vətəndaş müharibəsinin ardından hakimiyyətdən uzaqlaşdırılıb. Ələvi icması isə uzun müddət onun rejiminin əsas dayaqlarından biri olub.

Rəsmilər mülki şəxslərə qarşı edilən hücumlarda və silahlı basqınlarda nizamsız silahlı dəstələri günahlandırır. Hökumətə yaxın mənbələrin bildirdiyinə görə, bu qruplaşmalar keçmişdə Əsəd tərəfdarları tərəfindən törədilmiş cinayətlərə görə qisas almağa çalışır.

Gecə boyu bir neçə şəhərdə toqquşmalar davam edib. Təhlükəsizlik mənbələrinin "Reuters" agentliyinə verdiyi məlumata görə, Əsədə sadiq silahlı dəstələr son 24 saat ərzində müxtəlif strateji obyektlərə hücumlarını artırıblar.

Röya Əliyeva
AzVision.az



Teqlər:





Xəbər lenti