İslahatlara hansı maneələr var və onları necə aradan götürmək olar? – TƏHLİL

  23 Oktyabr 2019    Oxunub : 4590
 İslahatlara hansı maneələr var və onları necə aradan götürmək olar? – TƏHLİL
Oktyabrın 15-də Dövlət başçımızın yanında keçirilən iqtisadi müşavirədə ölkədə bu ilin əvvəlindən etibarən həyata keçirilməyə başlanılan islahatların uğurlu nəticələr verməsi ilə yanaşı, daha da irəli getməyə mane olan və hətta, əldə olunmuş nəticələrə xələl gətirə bilən səddlərin mövcudluğu barədə də fikirlər səsləndi. Prezident İlham Əliyev bəyan etdi ki, bir çox özəl şirkətlər vergiləri hələ də tam həcmdə ödəmir və ikili mühasibat saxlayırlar.
Prezidentdən daha bir irad bundan ibarət oldu ki, hər ilin sonunda büdcə müzakirə olunarkən şişirdilmiş, havadan götürülmüş rəqəmlərin olduğu sifarişlər göndərilir. "Misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək üçün bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər",- deyə dövlət başçısı bildirdi.

Bəli, bütün bunlar məhz həyata keçirilməkdə olan islahatların dərinə işlədikcə üzə çıxardığı və həlli vacib sayılan problemlər sayılır. Belə ki, təkcə cari ilin əvvəlindən bəri dövlət büdcəsinə 100 milyonlarla manat əlavə vəsait daxil olub. Yəni, ölkədə kölgə iqtisadiyyatına qarşı həyata keçirilən tədbirlər, vergi siyasətindəki yeniliklər büdcə gəlirlərində artımlar yaradıb ki, iqtisadiyyatda böyük kəskin keyfiyyət dəyişiklikləri baş verib. Məsələn, Dövlət Sosial Müdafiə Fonduna - DSMF-ya əlavə gəlirlər daxil olduğundan, dövlət büdcəsindən Fonda ayrılan vəsaitin həcmi 150 milyon manat azaldıldı. Dövlət Neft Fondundan dövlət büdcəsinə cari ildə nəzərdə tutulan transfert məbləği dəyişdirilmədən icmal büdcənin xərclərinin yuxarı həddi 215 milyon manat artırılaraq 27,4 milyarda çatdırıldı və sair...

Başqa sözlə desəm, intensiv dəyişikliklər baş verib və verir. İlin ortasında dövlət büdcəsi keyfiyyətcə yeni formada dəyişdirildi ki, təkrar edirəm, dövlət büdcəsindən DSMF-ə ayrılan vəsaitin 150 milyon manat azaldılması ilk dəfə baş verdi.
Sözün qısası, həmişə yazdığım kimi, sosial maliyyələşdirməni həm üfüqi, həm də şaquli istiqamətdə ardıcıl genişləndirmək və artırmaq üçün, dövlət büdcəsinə gəlirlərdə şəffaflıq yaratmaq, gizli gəlir mənbələrini aşkarlamaq və mədaxilin ardıcıl templə yüksəlməsini təmin etmək başlıca hədəf seçilməlidir. Əhalinin maddi rifahını fasiləsiz olaraq yaxşılaşdırmaq sağlam maliyyələşdirmə tələb etdiyindən, "donor mənbələri" işə yaramır. Bu sahədə təkcə neft və qaz gəlirləri hesabına nəyəsə nail olmaq mümkün deyil və ola da bilməz.

Odur ki, irimiqyaslı sosial paketin icrası üçün iqtisadiyyat sağlam olmalı və bütün növ gəlir mənbələri üzrə mənzərə şəffaf, leqal, aşkar və stimullaşdırıcı xarakter kəsb etməklə, kölgə amillərinin yaranması və təşəkkül tapması üçün ortada heç bir zəmin mövcud olmamalıdır.

Ötən şərhimdə də qeyd etdim və bir daha xatırladıram ki, 2018-ci ildə “kölgə iqtisadiyyatı”nın səviyyəsinin azaldılması istiqamətində görülən işlər nəticəsində iri topdansatış obyektlərində 930 milyon manat, şəbəkə marketlərdə 122 milyon, özəl tibb müəssisələrində 230 milyon manat vəsait aşkar olunaraq dövlət büdcəsinə daxil edildi. Bunlar hələ vergi yoxlaması nəticəsində ortaya çıxandı.

Ümumiyyətlə, vergi və gömrük sahələrində aparılan islahatlar, şəffaflıqla bağlı addımlar öz səmərəsini gözlənildiyindən də daha tez və yüksək nəticədə verdi və verməkdə də davam edir ki, gömrük və vergi orqanları tərəfindən cari ilin 9 ayında (yanvar-sentyabr aylarında) büdcəyə plandan əlavə 700 milyon manatdan çox vəsait daxil edilib. Prezident demişkən, bu, bir daha onu göstərir ki, nə qədər böyük ehtiyatlarımız var.

Ona görə də, şəffaflıq prinsiplərinin genişmiqyaslı tətbiqi və iqtisadiyyatı idarəetmə mexanizminin yeni modelinə keçid sahəsində islahatların bundan sonra da davam etdirilməsi fasiləsiz xarakter daşımalıdır. Çünki büdcəyə iqtisadiyyatın real sektorundan daxilolmalar tələb olunan həddə qədər çatmayınca, dövlətimizin sosial aspektdə cari ildən gücləndirdiyi genişmiqyaslı maliyyələşdirmə səylərinin maksimal səviyyədə uzunmüddətli effekt verməsi əsla mümkün deyil.

Bəs dövlət başçımızın qeyd etdiyi neqativ amilləri və sədləri necə aradan götürmək olar? Söhbət vergidən yayınma, ikili mühasibatdan, həmçinin büdcə vəsaitlərində sui-istifadə hallarından gedir.
Bunun 2 yolu var: birincisi, vergi siyasətini davamlı olaraq yumşaltmaq lazımdır, ikincisi isə dövlət büdcəsindən maliyyə yardımı alan və ya asılı olan, subsidiyalaşdırılan, yaxud dotasiya alan sahələri, dövlət zəmanəti ilə borclanmaya gedən strukturları və yaxud təsərrüfat subyektlərini özəlləşdirmək...

Birinci barədə qeyd edim ki, bəli, Azərbaycan hökuməti indiyədək də vergi yükünün azaltmaq istiqamətində bu və ya digər formada bir çox tədbirlər həyata keçirib və ümumilikdə dövlətin vergi siyasətinin stimullaşdırıcı xarakter daşıması üçün çox işlər görüb. Lakin bununla belə, mövcud vergi siyasətinin hətta cari ildəki dəyişikliklərdən sonra da belə iqtisadiyyatın inkişafı üçün stimullaşdırıcı xarakter daşıdığını söyləmək hələ tezdir.

Düzdür, inkişaf etmiş ölkələrdə bir çox vergi dərəcələri bizdəkindən qat-qat yüksəkdir. Bu, həqiqətən də belədir. Ancaq söhbət ölkə iqtisadiyyatının ümumi strukturundan, sistemin özəlliklərindən gedərsə, bizdə bir sıra sahələrdə vergi dərəcələrinin aşağı olmadığını sübut etmək çətin deyil. Odur ki, vergidə islahatlar davam etdirilməli, bir sıra istiqamətlərdə dərəcələr ardıcıl olaraq aşağı salınmalı və müvafiq güzəştlərin tədbiqi fasiləsiz xarakter daşımalıdır. Prezident də qeyd etdi ki, hesab olunurdu, bizdə elə sahələr var ki, orada islahatlar aparıla bilməz. "Onlardan biri də vergi sistemidir. Hesab olunurdu ki, necə deyərlər, o biabırçı vəziyyət əbədi qalmalıdır və burada heç bir irəliləyişə nail ola bilmərik. Amma hər kəs gördü ki, biz vəziyyəti islahatlar yolu ilə düzəldə bildik”,- deyə, dövlət başçısı vurğuladı. Nəticədə də təkrar edirəm ki, büdcəyə 100 milyonlarla manat əlavə vəsait daxil olub və özü də gözlənildiyindən də tez... Halbuki, vergi sahəsində islahatlar adətən, dərhal nəticə vermir.

İkinciyə gəldikdə isə, fikrimcə, Dövlət Neft Şirkəti, Azərenerji, Azərişıq, Azərsu, AZAL, Azəristiliktəchizat, Avtomobil Yolları Dövlət Agentliyi, Xəzər dəniz gəmiçiliyi kimi qurumların, həmçinin nəqliyyat dəhlizinə aid olmayan avtomobil, dəmir yollarının müəyyən bir hissəsi mütləq özəlləşdirilməlidir. Ümumiyyətlə, kommunal xidmət sferasından başlamış iqtisadiyyatın bir çox strateji sahələrində geniş özəlləşdirmə aparılmalıdır. Belə ki, adlarını çəkdiyim qurumların heç olmasa 40-49% hissəsi satılmalıdır. Bundan həm dövlət büdcəsi böyük məbləğdə vəsait götürər, həm iqtisadiyyatda canlanma əldə edilər, həm ölkəyə xatici investorlar gələr, həm idarəetmə təkmilləşər, həm də dayanıqlı inkişaf əldə olunar.

İqtisadiyyatın inkişafında özəlləşdirmənin böyük rolu var. Digər tərəfdən, bazar iqtisadiyyatı şəraitində dövlət sektorunun payı mümkün çərçivədə minimum səviyyədə təşkil etməlidir ki, onun əsas funksiyası yalnız, tənzimləyici xarakter daşısın. Bu funksiyanı yerinə yetirmək üçün isə kifayət qədər vasitələr vardır. Məsələn, bunlardan biri və ən mühümü fiskal siyasətdir. Fiskal siyasət dövlət gəlirlərinin və xərclərinin köməyi ilə iqtisadiyyata təsir etmək üçün istifadə olunan mexanizmdir. Əks təqdirdə, büdcədən vəsait alıb iş görənlər qiymətləri həmişə şişirdib və şişirtməkdə də davam edəcəklər. Özləri iş görüb, büdcəyə pul vermək əvəzinə...


Pərviz Heydərov
Azvision.az üçün



Teqlər: