“Beyin ölümü” keçirən təşkilat: London sammiti NATO-dakı ziddiyyətləri azalda bilmədi – TƏHLİL

      “Beyin ölümü” keçirən təşkilat:    London sammiti NATO-dakı ziddiyyətləri azalda bilmədi –    TƏHLİL
  07 Dekabr 2019    Oxunub:6603
NATO-nun London sammitini Alyansın 70 illik tarixi boyunca bəlkə də ən mürəkkəb görüş adlandırmaq olar. 1949-cu il aprelin 4-dən etibarən tarix səhnəsinə qədəm qoymuş Şimali Atlantika Müqaviləsi Təşkilatı uzun və keşməkeşli bir yol keçib. “Soyuq müharibə” dövrünün reallıqlarına uyğun olaraq yaradılmış təşkilat bu gün özünə yeni hədəflər müəyyən etməkdə tərəddüd keçirir. Onun əsas hədəfi ABŞ-ın istədiyi kimi Rusiya və Çin olmalıdır, yoxsa Makronun dediyi kimi, beynəlxalq terrora qarşl mübarizə?!
Makronun özünün də terrora yanaşmasında ikili standartlar var. Bir sıra Qərb ölkələrinin liderləri kimi, o da NATO üzvü olan Türkiyənin ərazi bütövlüyünə və təhlükəsizliyinə təhdid törədən YPG-ni teror təşkilatı hesab etmir. Makron "Economist" jurnalına verdiyi müsahibədə NATO-nu "beyin ölümü" keçirən təşkilat adlandıraraq, Rusiya və Çini düşmən ölkələr saymaqdansa, beynəlxalq terrora qarşı mübarizəyə fokuslanmaq, öz strateji hədəflərini dəqiq müəyyən etmək, Avropanın müdafiəsini təkbaşına təşkil etmək çağırışları ilə NATO-da fərqli mövqe ortaya qoyub.

Makronla yanaşı Tramp, Putin, Ərdoğan da sammitin əsas diqqət mərkəzində olan liderlər idilər. Fransanın Rusiya ilə "Şimal Axını-2" layihəsi planı var, bir çox məsələlərə yanaşmada ortaq mövqeyə malikdirlər, Makron Rusiyanın bir Avropa ölkəsi olduğunu qeyd edib, onun G8-ə qayıtmasına çalışıb. Digər NATO üzvü olan Türkiyə ilə Rusiyanın müttəfiqlik münasibətləri var. İtaliyada marksist-sosializm tərəfdarları çoxdur və onlar Rusiyaya rəğbətlə yanaşırlar. Bütün bu və digər səbəblərdən həmin NATO üzvləri Rusiyanı Alyansın hədəfi, düşmən ölkə olaraq qəbul etmirlər. Bu da təşkilat daxilində fikir ayrılığına gətirib çıxarır və strategiyanın müəyyəndiriləşməsinə mane olur.



NATO-nun bu dəfəki sammiti Alyansdaxili ziddiyyətlərin daha da dərinləşməsi dövrünə təsadüf edir. NATO-nun Qərb üzvləri - ABŞ və Avropa, eyni zamanda, Türkiyə arasında münasibətlər son illərdə az qala böhran həddinə çatıb. Xüsusilə, Makronun son zamanlar Rusiyaya münasibətdə reveransları, de Qollun prezidentlik dövründə olduğu kimi, Fransanın təşkilatdan qopma meyllərinin gücləndiyini, Avrosentrizmin yenidən yüksəldiyini deməyə əsas verir. Yada salaq ki, 1960-cı illər dövrünü xatırlasaq, o zaman Fransa prezidenti Şarl de Qoll anti-NATO siyasəti həyata keçirdi. Fransa NATO-nun hərbi qurumlarından çıxmışdı, Alyans əsgərlərinin təcili surətdə Fransa torpağını tərk etməsi tələb olundu. NATO-nun mənzil-qərargahı Parisdən Brüsselə köçürüldü. Fransa yalnız Sarkozinin prezidentliyi dövründə NATO-nun hərbi strukturlarına qayıtdı. Hazırda Makron de Qollun etdiyi kimi NATO-dan uzaqlaşaraq, Rusiya ilə yaxınlaşma planını həyata keçirir. Onun NATO-ya, və xüsusilə ABŞ-a qarşı London sammitində etdiyi demarşların səbəblərindən biri, ola bilsin ki, ABŞ-ın “sarı jiletlilər” hərəkatına dəstək verməsi iddiaları ilə bağlı olub.

ABŞ və Almaniya isə ənənəvi olaraq, Amerikanosentrizmi önə çəkirlər - Fransa prezidenti ilə diplomatik müstəvidə qarşıdurma bunu deməyə əsas verir.

Sammitdə müşahidə edilən odur ki, Alyans üzvləri artıq təşkilatın ümimi strateji maraqlarından deyil, öz milli maraqlarından çıxış edirlər və Türkiyə də bu situasiyada ümumi təşkilatın rəhbərliyi ilə yox, ayrı-ayrı üzvlərlə razılığa gəlməyə çalışır. Artıq anlaşılmazlıq yalnız Türkiyə və NATO arasında deyil, təşkilatın ayrı-ayrı üzvlərinin öz aralarında, habelə onlardan bəziləri ilə Türkiyənin arasında cərəyan etməkdədir. Doğrudur, NATO və Türkiyə bir-birinə lazım olduqlarını yaxşı dərk edirlər, lakin 2013-cü ilin Gəzi olayları ilə başlayan gərginlik getdikcə artmaqdadır.
Yeri gəlmişkən, ehtimal var ki, elə Gəzi hadisələrinə əsas səbəb Türkiyənin NATO-nun iradəsi ziddinə Çindən silah alışı ilə bağlı danışıqlar aparması olmuşdu. Hazırda isə Türkiyənin Rusiyadan “S-400” kompleksləri alması böyük gərginliklərə yol açıb.

Türkiyənin əvvəllər NATO-da yalnız Yunanıstanla Kiprə görə problemləri var idisə, Suriya məsələsi, 15 iyul çevriliş cəhdi onu NATO üzvləri ilə qarşı-qarşıya gətirib. ABŞ-ın Güləni təhvil verməməsi, Suriyada PYD/YPG-ni özünə tərəfdaş seçməsi, Almaniyanın “feto”çulara və PKK-çılara öz ərazisində sığınacaq verməsi Ərdoğanın revanş götürməsinə səbəb oldu. Türkiyə Bundestaq üzvlərinə “İncirlik”dəki alman kontingentinə baş çəkməyə icazə vermədi. Hətta ən yüksək səviyyədə olan diplomatik səylər nəticəsiz qaldığından, Almaniya öz hərbçilərini “İncirlik”dən İordaniyadakı bazaya təxliyə etməli oldu. Türkiyənin ABŞ-a və NATO-ya meydan oxuması bununla da bitmədi. Trampın Yaxın Şərq səfərindən sonra ərəb dünyasının Qatara qarşı birləşdiyi bir vaxtda Ərdoğan nəinki ora hərbi yardım göndərdi, hətta ərazisində hərbi bazasını yaratdı. Bir NATO üzvünün digərlərinin planını pozaraq, başqa bir ölkədə hərbi baza yaratması NATO-nun iradəsi əleyhinə növbəti demarş oldu.

Sonuncu dəfə Ərdoğandan əvvəl Türkiyə liderləri arasında bunu Bağdad Paktını imzalayaraq, SSRİ-yə səfər planlaşdırmaqla Adnan Menderes etmişdi, lakin onun aqibəti dar ağacından asılmaq oldu. Hazırda da, Menderes və de Qollun etdiyi kimi, NATO-dan uzaqlaşaraq, Rusiya ilə yaxınlaşma planını Ərdoğan və Makron həyata keçirirlər. Ümumiyyətlə, Tramp, Ərdoğan, Makron NATO-nun aparıcı dövlətlərinin liderləri olsalar da, hazırda hər üçü Rusiya ilə qarşıdurmanın əleyhinədir və onunla yaxınlaşma siyasətinin tərəfdarıdırlar. Almaniya NATO-da ənənəvi olaraq, Avrosentrizm tərəfdarı olmasa da, Rusiya ilə ortaq enerji layihələri, xüsusilə "Şimal axını-2" layihəsi onları daha da yaxınlaşdırıb.

Təbii ki, terror təşkilatlarına ikili standartlardan yanaşma həm NATO-nun, həm də bu yanaşmanı ortaya qoyan dövlətin mövqeyinə xələl gətirir. Fransa, həmçinin ABŞ YPG-ni nəinki terror təşkilatı kimi tanımaya, hətta ona hərtərəfli yardım edə bilərlər. Lakin NATO-nun Şərqə doğru genişlənmə strategiyası çərçivəsində Ukrayna və Gürcüstanın üzvlüyə qəbul edilməsi bir çox məsələlərə görə Türkiyədən asılıdır. 1936-cı ildə bağlanan Montre sazişinə əsasən, boğazlar Türkiyənin coğrafi ərazisinə daxildir. Bu səbəbdən də hansı ölkənin boğazlardan keçməsinə icazə verib-verməmək məhz Türkiyənin səlahiyyətindədir. Qara dəniz ölkələrinin ticarət, mülki gəmiləri Türkiyəni xəbərdar etməklə boğazdan keçə bilirlər. Qara dənizə daxil olmayan kənar ölkələrin, daha dəqiq desək, NATO-nun, Qərbin, Avropanın hərbi gəmiləri isə 15 gün öncə müraciət etməklə, müvafiq icazə almaqla Bosfor və Dardanel boğazlarını keçə bilərlər.



Bundan başqa, gəmilərin Qara dənizdə qalma müddəti var. Onu da qeyd edək ki, buradan çoxlu sayda deyil, yalnız bir hərbi gəmi keçə bilər. Buna görə də, NATO və ya ABŞ Kerç boğazındakı insident zamanı olduğu kimi, Ukraynaya dəstək məqsədilə gəmilər göndərə bilməz. Çünki bu, müharibə ehtimalını artırar. Bir gəmi ilə isə müharibə etmək olmaz. Odur ki, NATO-nun "HMS Echo (H87)" gəmisini Qara dənizə göndərməsində olduğu kimi, Türkiyənin icazəsi mütləqdir və Alyansın Qara dəniz akvatoriyasına doğru genişlənməsi məhz Türkiyədən asılı olacaq.

NATO-da Türkiyəyə qarşı ittihamlar səngimək bilmir. Fransa YPG-yə qarşı “Sülh çeşməsi”nə görə onu qınayır, ABŞ “S-400” məsələsini gündəmə gətirir və “F-35” satmayacağı ilə təhdid edir... Bütün bunların fonunda Ərdoğan NATO-nun aparıcı ölkələrinin liderlərinə təqdim etdiyi "Strateji İttifaqın güclü üzvü Türkiyə" adlı kitab Türkiyənin Alyans qarşısındakı xidmətlərini xatırlatmaq, eyni zamanda, diplomatik protokol baxımdan etik jest və diqqət əlaməti sayıla bilər. Kitab bir neçə dildə hazırlanıb və Türkiyənin NATO-ya verdiyi töhfələrdən bəhs edir. Kitabda Türkiyənin NATO-dan gözləntiləri sırasında terrora qarşı birgə mübarizə, Suriyada təhlükəsizlik zolağının yaradılması, ümumiyyətlə, Türkiyənin təhlükəsizliyinə NATO-nun verə biləcəyi töhfələr sadalanır. Bununla Türkiyə diplomatik dildə Alyansdan gözləntilərinin nələr olduğunu bəyan edərək, əməkdaşlığın davam etdirilməsi üçün lazımı şərtləri açıqlamış olur.

Türkiyə tərəfi sammit iştirakçılarına daha iki kitab - "Türkiyənin terrora qarşı mübarizəsi" və "Suriyada yeni həyat" kitablarını təqdim edib. Lakin Türkiyə bu ideyaları və faktları təkcə kitabda yox, qeyd etdiyimiz kimi, açıq dillə də bildirib. NATO Qara dəniz akvatoriyasına doğru genişlənməkdə israrlıdır və burada Alyansın Şərq cinahına daxil olan ölkələrin dəstəyi vacib şərtdir. Eyni zamanda, Rusiyanın dənizlərdən hərtərəfli blokadasına nail olmaq üçün London sammitində Polşa və Baltik ölkələrinin birgə müdafiə planının NATO-nun 29 üzvünün hamısı tərəfindən dəstəklənməsinə ehtiyac var. Türkiyənin plana qoşulmaqdan imtina etməsi NATO-nun Şərqə genişlənməsi planlarını poza bilər. Ərdoğan sammitdən öncə bəyan etmişdi ki, Suriyada ölkəsinin maraqları NATO tərəfindən nəzərə alınmayana qədər həmin plana dəstək vermək fikrində deyil.

Ərdoğanın NATO-nun yenilənməsinə təsir imkanlarını demək olar ki, yoxdur. Türkiyə NATO-ya yanaşmaqla yox, ondan uzaqlaşmaqla proseslərə daha çox təsir edir. Ərdoğan "Dünya beşdən böyükdür" deməklə BMT barəsində də daim dəyişikliklər tərəfdarı kimi çıxış edir. Türkiyə dəyişən dünyada yeni dünya nizamının yaradılması prosesində fəal iştirak edən dövlət olaraq, “soyuq müharibə” dövründən qalan təşkilatlarda islahatlar aparılması tərəfdarı kimi özünün artan gücü hesabına layiqli yerini tutmağa iddialıdır və Ərdoğan da bunu hər fürsətdə dilə gətirir.



Nəzakət Məmmədova
Azvision.az üçün



Teqlər: NATO   London-Sammiti  





Xəbər lenti