Böyük vergi güzəştləri gəlir: Xüsusi təkliflər paketi hazırlanıb - DETALLAR

      Böyük vergi güzəştləri gəlir:    Xüsusi təkliflər paketi hazırlanıb -    DETALLAR
  22 Aprel 2020    Oxunub:11660
İqtisadiyyatın əsas çağırışı hər zaman “Evdə qalma” şəklində olub. Çünki iqtisadi inkişaf və hər kəsin qazana bilməsi üçün insanlar evdə bikar qalmamalı, işləməlidirlər. Ona görə də, hazırda tətbiq olunan #EvdəQal rejiminin iqtisadiyyat və sahibkarlıq üçün nə demək olduğunu anlamaq çətin deyil.
Belə bir vəziyyətdə biznesin və sahibkarların ayaqda qala bilmək üçün dövlətin dəstəyinə ciddi ehtiyacları vardı. Və dövlət də o dəstəyi ilk günlərdən göstərdi. İqtisadiyyat Nazirliyi tərəfindən Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna zəruri dəyişikliklərlə bağlı təkliflər hazırlanıb və artıq Milli Məclisə təqdim olunub. Təkliflər paketində geniş vergi güzəştləri və tətillər nəzərdə tutulur. Bura nələr daxildir?

Koronavirus pandemiyasının bilavasitə təsir etdiyi fəaliyyət istiqamətləri üzrə vergi ödəyiciləri bu il ərzində əmlak və torpaq vergilərindən tamamilə azad ediləcəklər. Bura mehmanxanalar, turoperatorlar, sərnişin daşıma şirkətləri, idman-sağlamlıq, istirahət və əyləncə obyektləri, tədris və ixtisasartıma kursları, məktəbdənkənar təhsil müəssisələri, psixoloji mərkəzlər və s. daxildir.

Əmlak və torpaq vergisindən azad olunmaları ilə yanaşı, həmin sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinə seçdikləri vergitutuma metodundan asılı olaraq, bu il ərzində bir sıra yeni güzəştlərinin verilməsi də nəzərdə tutulur. Belə ki, mənfəət (gəlir) vergisi rejimində fəaliyyət göstərənlərə əldə edilən mənfəətin 75 faizi miqdarında vergi güzəştləri veriləcək. Sadələşdirilmiş verginin ödəyicisi olan ictimai iaşə və sərnişin daşımaları fəaliyyəti həyata keçirən vergi ödəyicilərinə isə 50 faiz güzəşt verilməsi nəzərdə tutulur.



Pandemiyanın mənfi təsir etdiyi iqtisadi fəaliyyət sahələri üzrə bir sıra digər güzəştlər də verilə bilər. Məsələn, fiziki şəxslərdən daşınmaz əmlakın icarəsi üzrə ödəmə mənbəyində tutulan verginin dərəcəsinin 14 faizdən 7 faizə endirilməsi onlardan biridir. Başqa bir güzəşt kimi mikrosahibkarlıq subyekti olmayan vergi ödəyicilərinin əvvəlki il üzrə hesablanmış mənfəət (gəlir) və əmlak vergilərinin ödənilməsi müddətinin 1 sentyabr tarixinədək uzadılması nəzərdə tutulub. Ödənilməmiş vergi, məcburi dövlət sosial sığortası və işsizlikdən sığorta haqlarına görə faizlərin hesablanması isə 2020-ci ilin 1 aprel tarixindən 2021-ci ilin yanvarın 1-dək təxirə salınacaq.

Mikrosahibkarlara gəlicə, pandemiyanın təsirinə məruz qalıb-qalmamasından asılı olmayaraq, onların hamısına güzəştlər nəzərdə tutulur. Hər şeydən əvvəl, sadələşdirilmiş verginin dərəcəsi 2 faizdən 1 faizə salınır, yəni 50 faiz güzəşt edilir.
Bundan başqa, 2020-ci ilin birinci və ikinci rübü üzrə hesabatların verilməsi və verginin büdcəyə ödənilməsinə sentyabr ayının 1-dək vergi tətili nəzərdə tutulur.

Bütün sahibkarların epidemiyanın qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə görə çəkilmiş xərclərinin hamısı gəlirdən çıxılacaq. Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsul növləri isə ƏDV-dən azad ediləcək.

Pandemiyanın mənfi təsirinə məruz qalmış sahələrdə çalışan bir sıra sahibkarlıq subyektlərinin sosial sığorta yükü də azaldıla bilər. Bilirik ki, dövlət başçısının apardığı sosial islahatlar çərçivəsində minimum aylıq əməkhaqqının məbləği 2019-cu ilin sentyabr ayından etibarən 250 manat müəyyən edilib. Bu sosial xarakterli mühüm dəyişiklik minimum aylıq əməkhaqqının müəyyən faizi üzrə hesablanan məcburi dövlət sosial sığorta haqları məbləğinin də artımına səbəb olub. Bunu nəzərə alaraq, sosial sığorta yükünün azaldılması məqsədilə, muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı dərəcələrinin dəyişdirilməsi təklif edilib. Belə ki, məcburi dövlət sosial sığorta haqqının 1 aprel 2020-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 25 faizi, digər sahələrdə 15 faizi miqdarında olmaqla hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiqi təklif olunur.

Eyni zamanda, məcburi dövlət sosial sığorta haqqının 2021-ci il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında hesablanması və regionlar üzrə diferensial faiz əmsallarının tətbiqi nəzərdə tutulur. Misal üçün, Bakı şəhərində ticarət fəaliyyəti ilə məşğul olan şəxslər hazırda 125 manat sosial sığorta haqqı ödəyirlər. Dəyişiklikdən sonra onlar 62,5 manat sosial sığorta ayırması həyata keçirəcək ki, bu da bütövlükdə 50 faiz azalma deməkdir.

Kənd təsərrüfatında çalışanlar da güzşətlərdən faydalana biləcəklər. Bilirik ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin torpaq sahəsinin az və ya çox olmasından asılı olmayaraq, sabit olaraq hər bir əmək qabiliyyətli ailə üzvünə görə hazırda minimum əməkhaqqının 6 faizi miqdarında baza sosial sığorta haqqı nəzərdə tutulur. Minimum aylıq əməkhaqqı məbləğinin 250 manat məbləğinədək artırıldığını nəzərə alsaq, 5 hektaradək torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər aylıq 60 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidirlər.
Sosial sığorta qanunvericiliyinə təklif edilən dəyişikliklərdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıdakı dərəcələrdə hesablanması nəzərdə tutulur:

• 5 hektaradək olduqda - 2 faiz miqdarında;
• 5 hektardan 10 hektaradək - 6 faiz miqdarında;
• 10 hektardan yuxarı - 10 faiz miqdarında.

Bu, o deməkdir ki, məsələn, 5 hektaradək torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər adambaşına aylıq 5 manat məbləğində, cəmi ailə üzvləri isə 20 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyəcək.

Bundan başqa, torpaq mülkiyyətçiləri tərəfindən sosial sığorta hesabatının verilməsinin sabit qəbzlə əvəzlənməsi də nəzərdə tutulur.

Azvision.az



Teqlər: vergi-güzəştləri  





Xəbər lenti