Yunanıstanın qaz şəbəkəsini almaq Azərbaycana nə verəcək – TƏHLİL

Yunanıstanın qaz şəbəkəsini almaq Azərbaycana nə verəcək – TƏHLİL
  10 Yanvar 2014    Oxunub:1944
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Yunanıstanın “DESFA” qazpaylayıcı şirkətinin səhmlərinin 66 %-ni alması “Şahdəniz” qaz-kondensat yatağının ikinci mərhələsinin işlənməsinə başlanmasına dair yekun investisiya qərarının imzalanması qədər əhəmiyyətli və böyük hadisə oldu.

Bəzilərinin gözlədikləri kimi bunlardan biri əgər baş tutmasaydı, ötən ilin ən böyük iqtisadi uğuru kimi dəyərləndirdiyimiz “Şahdəniz-2” layihəsi bizcə, bu gün həqiqətən də məsələn, bu yaxında “The Financial Times” qəzetinin yazdığı kimi, nə qədər dəbdəbəli görünsə də bir az da daha çox qeyri-müəyyənlik doğurardı. Xatırladaq ki, hər iki hadisəyə dair müqavilələrin imzalanması planlaşdırılanın əksinə olaraq, eyni gündə baş tutmadı.

İri həcmdə investisiya tələb edən bütün layihələr perespektiv baxımdan əslində, həmişə ciddi suallar doğurur. Söhbət Azərbaycanda qaz hasilatı sahəsində gözlənilən “bumdan” getdiyindən, məsələ tam aydındır. Azərbaycanın yaxın gələcəkdə qaz ölkəsi kimi tanınacağı sirr deyil. Əks halda, adı çəkilən yataqdan ikinci mərhələ üzrə çıxarılacaq qazın Türkiyə, Yunanıstan və Albaniya üzərindən İtaliyaya çatdıracaq Trans-Adriatik Boru Kəməri (TAP), Türkiyədə isə Trans-Anadolu Boru Kəməri (TANAP) kimi infrastrukturlar tikmək nəzərdə tutulmazdı.

Düzdür, Azərbaycanın Avropanın tələbatını ödəyəcək qədər nəyinki qazı yoxdur (cəmi 10 milyard kubmetr qaz idxal edəcəyik), hətta həmin tələbatla (500 milyard kubmetrdən çox) müqayisədə gülünc ehtiyatlara malikik. Ancaq TANAP ilə TAP-ın tikiləcəyi, üstəlik ARDNŞ-in Yunanıstanın “DESFA” qazpaylayıcı şirkətinin səhmlərinin 66 % hissəsinə sahib çıxması əsas hədəfin heç də məhz bundan ibarət olmadığını göstərir.

“Şahdəniz-2” yatağının işlənməsi ən azı Azərbaycanda yeni yataqların axtarışı və tapılması üçün investorlarda əlavə maraq yaradacaq. Ancaq əslində, bu da məsələnin əsas tərəfi deyil. Və ümumiyyətlə, məsələyə sırf maddi nöqteyi-nəzərdən yanaşmaq əsla, düzgün deyil. İş ondadır ki, Azərbaycan qazının Avropaya çatdırılması üçün tikilməsi nəzərdə tutulan birinci hissəsini Gürcüstandan keçəcək cənub-Qafqaz boru kəməri, ikincini TANAP, üçüncünü isə TAP-ın təşkil edəcəyi infrastrukturun məhz sonuncu həlqəsi çox böyük perespektivlər vəd edir. Və TAP-ın cəlbediciliyi heç də adı çəkilən kəmərin uzunluğunun 870 kilometr olacağı və illik buraxılış gücü isə əvvəl 10 milyard, daha sonra 20 milyard kubmetrə çatacağı ilə, o cümlədən kəmərin ümumi dəyərinin deyilənə görə, 2,2 milyard ABŞ dollarına başa gələcəyi və tikintisinin isə 3 il tələb etməsi ilə ölçülmür. Onsuz da bu rəqəmlər dəyişəcək. Səhmdarlarının 20 % payla ARDNŞ, yenə həmin həcmdə payla “Statoil”, BP, o cümlədən 16 %-lə “Fluxys”, 10 %-lə “Total”, 9 %-lə E.ON və 5 %-lə isə Axro kimi şirkətlər təşkil etdiyi Yunanıstan vasitəsilə Albaniyadan keçərək İtaliyaya ərazisinə daxil olacaq TAP çox strateji layihədir. ARDNŞ-in bu arada Yunanıstanın “DESFA” qazpaylayıcı şirkətini alması isə Azərbaycanın qələbəsidir.

Sual oluna bilər ki, niyə? Xatırladaq ki, ötən ilin dekabrın 21-də ARDNŞ-lə Yunanıstanın Hellenic Republic Asset Development Fund (HRADF) adlı dövlət özəlləşdirmə fondu ilə "Petroleum" şirkəti arasında “DESFA” şirkətinə məxsus səhmlərin 66 %-nin alınması üzrə Yunanıstan Respublikası tərəfindən elan edilmiş beynəlxalq tenderin nəticələrinə əsasən, 2 sənəd - "Səhmlərin Alqı-Satqı Müqaviləsi" və "Səhmdarlar haqqında Müqavilə" imzalanıb.

Yunanıstanın adı çəkilən qazpaylayıcı şirkətinin səhmlərinin 31 %-i HRADF-a, 35 %-i isə Hellenic Petroleum adlı yunan neft şirkətinə məxsus idi. ARDNŞ hər iki pay üçün birgə 400 milyon avro ödəniş həyata keçirəcək ki, bu, mavi yanacağa tələbat sarıdan getdikcə qızışmaqda olan rəqabət fonunda Avropa bazarında Azərbaycanın daha kəsərli söz sahiblərindən birinə çevrilməsi üçün mühüm şərait yaradır.

Təkrar edirik: Avropanın qaza durmadan artmaqda olan tələbatını ödəmək baxımından vəziyyət hazırda olduqca mürəkkəb və çətindir. Potensial ixracçıların sayı az olduğundan onların uğrunda idxalçılar arasında ciddi mübarizə gedir. Və elə rəqabət şəraiti yaranıb ki, alıcılar diversifikasiya imkanları barədə qazın həcmindən indi daha çox düşünürlər.

Yəni, həcm məsələsi Avropa üçün hazırda ikinci dərəcəli məsələyə çevrilib. Odur ki, bu arada Rusiyanın qaz mütəxəssisləri tərəfindən Azərbaycan qazının Avropa üçün yalnız “kabab bişirməyə” kifayət edəcəyi haqda söylənilən fikir özü də məsələyə sırf səthi yanaşmanın təzahürüdür.

TAP Avropanın Cənub-Şərq hissəsini yetərincə qızdıra biləcək. Ölkəmizin strateji məqsədi də bütün Avropanı isitməkdən ibarət deyil. Sadəcə olaraq, potensial enerjidaşıyıcıları bazarında mövqe qazanmaq kifayət edir. Bunun üçün isə “DESFA” kimi daha bir neçə qurumların nəzarət səhm paketlərini də satın almaq məqsədəuyğun sayılır. Onsuz da Azərbaycan qazının Avropa bazarına nəqli çərçivəsində mavi yanacağımızın Bolqarıstan, Rumıniya, Macarıstan ilə Avstriyaya da ötürüləcəyi real sayılır. Belə şəraitdə isə Avropanın enerji bazarında Azərbaycanın mövqeyini təkcə iqtisadi baxımdan dəyərləndirmək təbii ki, düzgün deyil.



Pərviz Heydərov
AzVision.az üçün



Teqlər:  





Xəbər lenti