Haqlı intihar, yaxud biz niyə `mavi`lərdən qorxuruq?

Haqlı intihar, yaxud biz niyə `mavi`lərdən qorxuruq?
  23 Yanvar 2014    Oxunub:2345
Əgər İsa Şahmarlı homoseksualist yox, adi bir azərbaycanlı gənc olsaydı, onun intiharı heç bir halda bu qədər səs-küy doğurmayacaqdı. Burada “adi” sözü bir qədər yerinə düşmədi, çünki İsa da zatən adi gənc idi. Yəni “heteroseksual olsaydı” demək istədim, sadəcə, bizdə belə qəliz ifadələr adətən işlənmir. Sadəcə deyirlər ki, “mavi”dir, yaxur “p.....”dur.
Bizdə kütlə nəyə görəsə homofobdur. Yəni homoseksuallardan qorxur, iyrənir. Görəsən, niyə? Heç özünüzə sual vermisinizmi, eynicinsli insanları niyə əzməliyik? Onların nəyi bizi narahat edir?

Bəziləri deyir ki, “iyrəncdirlər”. İnanın, Azərbaycanda heteroseksualların çoxu “mavi”lərdən qat-qat daha iyrəncdirlər. Şəxsən mən ehtirasını söndürmək üçün 30-50 manata fahişə götürən kişilərdən daha çox iyrənirəm. Dərinə getmək istəmirəm, amma insanların intim həyatında murdarlıq baş alıb gedir. Qadınla intim yaxınlığını həyatının ən böyük qələbəsi kimi telefona çəkib saxlayan, dosta-tanışa göstərən kişilər daha iyrəncdirlər. Onlar cismən, bədəncə “natural” olsalar da, mənən “mavi”dirlər. Və bu, daha pisdir – çünki cismanilik insanın özünə aiddir, mənəviyyat isə ətrafdakılara da təsir göstərir.

Bəziləri müdrik görkəm alıb sübut etməyə çalışır ki, “mavi”lərin həyat tərzi onları mənəviyyatına da təsir göstərir. Bir dəfə yoldaşlarla hamımızın yaxşı tanıdığı bir “mavi”nin haqqında söhbət edirdik və sonda belə qərara gəldik ki, o, çoxundan daha kişi adamdır. İntim həyatını isə özü bilər.

Bəs niyə biz homoseksuallardan çəkinirik, qaçırıq? Psixoloji cəhətdən bunun açması belədir ki, homofob insanın özündə homoseksualizmə latent (gizli) meyl var. O, əslində qarşısında gördüyü homoseksualdan yox, özündən, öz içindəki gizli istəklərdən qorxur. Sadəcə, qarşısında gördüyü homoseksual insan həmin istəyin maddiləşmiş, reallaşmış formasıdır. Buna görə də var gücü ilə onu rədd etməyə, danmağa, əzməyə çalışır. Bununla əslində öz içindəki latent istəklə mübarizə aparır. Özünə sübut etməyə çalışır ki, “Yox, mən elə deyiləm, mən başqayam, mən belələrilə mübarizə aparıram, ona görə də belə ola bilmərəm”.

Ona görə də maskulin cəmiyyətlərdə homofobiya daha güclü olur. Burada kişilər birdən “kişi çıxmamaqdan” çox qorxurlar. Və bu qorxunu dəyənəyə çevirib, homoseksualları onun altına salırlar. Bu da öz “kişiliyini” təsdiqləməyin bir yoludur.

Və bir də homoseksualizmi bağışlanmaz günah elan edən İslam dini var ki, hətta eynicinsliləri öldürməyə də icazə verir.

Bütün bunlar ictimai təfəkkürdə möhkəm homofobiya özülü formalaşdırıb. Ona görə də, kiminsə yaxınları, qohumları arasında homoseksualistin olması çox böyük dərddir, faciədir. Bu, tək bizdə deyil – məşhur müğənni Barbra Streyzand “mavi”lərin hüquqlarını aktiv müdafiə etsə də, öz oğlunun “mavi” olduğunu biləndə onu övladlıqdan rədd etmişdi. Təsəvvür edirəm ki, bir azərbaycanlı ata və ana üçün övladının “mavi” olması nə deməkdir! Sadəcə olaraq, çəkiləcək bir dərd deyil.

Ona görə də, bəli, İsa Şahmarlının intiharı başqalarından fərqlənir. İsa yanlış vaxtda və yanlış cəmiyyətdə doğulmuşdu. Üstəlik, artıq bicləşib, bişmiş mavilərdən fərqli olaraq, sadəlövh və zəif idi. Ona görə də, bu intiharda konkret suçlu axtarmaq lazım deyil. Heç kimdə günah yoxdur. Və İsa da özlüyündə haqlıdır.


Teqlər:  





Xəbər lenti