Azərbaycanın hansı rayonları pulludur?
AzVision.az-ın məlumatına görə, bu barədə iqtisadçı ekspert Samir Əliyev facebook səhifəsində yazıb. O, həm Bakıda toplanan həm də regionlardakı əmanətlər haqqında məlumat verib. Bildirib ki, il ərzində artım 25,5% olub. 2010-cu ildə əmanət artımı 13%, 2011-ci ildə 37%, 2012-ci ildə 24,4% təşkil edib.
“Əmanətlərin 92,5%-i Bakı şəhərində toplanıb. Təkcə ötən il ölkə üzrə 1,3 milyard manatlıq əmanət cəlb edilib ki, bunun da 85%-i və ya 1,1 milyard manatı paytaxtın payına düşüb. Regionlardan 200 milyon manatlıq əmanət yığılıb. Abşeron iqtisadi rayonda 51,6 milyon, Aran iqtisadi rayonunda 80,4 milyon, Lənkəran iqtisadi rayonunda 12,9 milyon manat həcmində əmanət cəlb edilib.
Diqqəti cəlb edən məqam regionlarda əmanət cəlbinin azalmasıdır. Artıq 4 iqtisadi rayonda azalma müşahidə edilib. Gəncə-Qazax iqtisadi rayonunda 24,3 milyon, Quba-Xaçmaz iqtisadi rayonunda 9,3 milyo, Şəki-Zaqatala iqtisadi rayonunda 3,6 milyon, Naxçıvan iqtisadi rayonunda 1,6 milyon manat azalıb
Regionlarda əmanət cəlbinin azalmasını və paytaxtda əmanətlərin payının yüksək olmasını bir neçə amillə izah etmək olar. Birincisi, Bakı ilə müqayisədə regionlarda əhalinin gəlirləri xeyli aşağıdır və onların yığım imkanları məhduddur. İkincisi, əhalinin böyük hissəsi iş təminatı ilə əlaqədar paytaxtda cəmləşib. Üçüncüsü, Bakı cəlb edilən əmanətlərə təklif edilən faizlərin regionlarla müqayisədə yüksək olması. Məsələn, Bakıda əmanətlərin orta illik faiz dərəcəsi 8,3% olduğu halda, Gəncə-Qazax iqtisadi rayonunda 5,7%-ə, Şəki-Zaqatala iqtisadi rayonunda 6,1%-ə, Naxçıvan iqtisadi rayonunda isə 3,2%-ə bərabərdir.
Azərbaycanda adambaşına düşən əmanətin həcmi 2013-cü ildə orta hesabla 675 manat olub. Bakı şəhərində bu göstərici ölkə üzrə orta göstəricidən 4 dəfə yüksəkdir. Paytaxt əhalisinin adambaşına əmanət qoyuluşu 2720 manata çatır. Regionlarda bu göstərici çox bərbaddır. Paytaxta yaxın Abşeron iqtisadi rayonunda vəziyyət nisbətən yaxşıdır. Xızı, Abşeron və Sumqayıt sakinlərinin hər birinin yatırdıqları əmanətin həcmi orta hesabla 297 manat olub.
Paytaxtdan uzalaşdıqca mənzərə daha da pisləşir. Ən aşağı adambaşına əmanət qoyuluşu Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarındadır. Bu regionlarda adambaşına əmanət qoyuluşu uyğun olaraq 15 və 26 manatdır. Göstəricinin bu həddə aşağı olması daha çox obyektiv səbəbdən doğur. Çünki bu regionun işğal altında olması və əhalinin qaçqın vəziyyətində yaşaması əmanət qoyuluşunun həcminə mənfi təsir göstərir.
İşğal olunmuş əraziləri nəzərə almasaq ən azı göstərici Quba-Xaçmaz və Şəki-Zaqatala iqtisadi rayonlarında qeydə alınıb. Hər iki iqtisadi rayonda adambaşına düşən əmanətin həcmi 32 manata bərabərdir. Ən çox adambaşına düşən əmanətin həcmi Aran iqtisadi rayonunda (71 manat) olub. Bununla da adambaşına düşən əmanətin həcminə görə Bakı ilə regionlar arasında ən azı 38 dəfə, ən çoxu 85 dəfə fərq var
Özündə Qobustan, İsmayıllı, Ağsu və Şamaxı rayonlarını birləşdirən Dağlıq Şirvan iqtisadi rayonunda adambaşına düşən əmanətin həcmi 45 manat olub.
Adambaşına düşən əmanət qoyuluşu Gəncə-Qazax iqtisadi rayonunda 42 manat, Lənkəran iqtisadi rayonunda 46, Naxçıvan iqtisadi rayonunda 52 manat təşkil edib.
Allianz sığorta konserninin hesablamalarına görə, İsveçrədə adambaşına düşən əmanətlərin həcmi 207 min avro, ABŞ-da 111 min avro, Yaponiyada 111,5 avro, Danimarkada 107 avro, Böyük Britaniyada 104 avroya bərabərdir. Belçika vətəndaşlarının hər biri orta hesabla banklara 85 min avro, Almaniya vətəndaşları isə 60 min avro yatırıb.
Keçmiş SSRİ ölkələrində adambaşına əmanət qoyuluşu Belorusda 854 avro, Latviyada 2030 avro, Litvada 2662 avro, Rusiyada 2434 avro, Ukraynada 802 avro təşkil edib”.
AzVision.az