`Şəki-İpək`müəssisəsindən reportaj
Ötən əsrin 90-cı illərinin əvvəllərində, Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkə iqtisadiyyatının bir çox sahələri kimi, ipəkçilikdə də ciddi tənəzzül başlandı, qədim ənənələrə malik Azərbaycan ipəkçiliyi məhv olmaq təhlükəsi ilə üzləşdi. Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda bu sahəyə münasibət kökündən dəyişdi, ipək sənayesinin bərpası istiqamətində zəruri addımlar atılmağa başlandı. Məhz Ulu Öndərin təşəbbüsü və göstərişi ilə “Şəki-İpək” ASC 2001-ci ildə fəaliyyətini yenidən bərpa etdi.
Səhmdar Cəmiyyətin İdarə Heyətinin sədri Azad Şıxəliyev müsahibəsində bu barədə danışarkən bildirib ki, həmin dövrdən etibarən “Şəki-İpək” ASC özünün ikinci həyatını yaşayır. Hazırda müəssisədə altı əsas istehsal sahəsi – baramaaçan, toxucu, boyaq-bəzək, pambıq əyrici, burucu və xalça istehsalı sahələri fəaliyyət göstərir. Bütün istehsal sahələrində əsaslı təmir və yenidənqurma işləri aparılmış, yüksək keyfiyyətli məhsul buraxılışını təmin etmək üçün xaricdən müasir texnoloji avadanlıq və dəzgahlar alınaraq quraşdırılılıb.
2008-ci ildə müəssisədə yeni istehsal sahəsi - pambıq əyirici sex fəaliyyətə başlayıb. Burada İsveçin “Rieter”, Almaniyanın “Truster” və “Slahforst” firmalarına məxsus istehsal gücü 2600 ton iplik olan pambıq əyirici avadanlıq işə salınıb. Bundan əlavə, son iki ildə müəssisə xarici şirkətlərdən ümumi dəyəri 4,9 milyon avro olan müxtəlif avadanlıq və dəzgahlar alıb.
ASC-nin rəhbəri bildirmişdir ki, görülmüş tədbirlər nəticəsində 2013-cü ildə müəssisədə 4 milyon 243 min manatlıq məhsul istehsal olunmuş, satış isə 5 milyon 216 min manatlığa çatmışdır. Son iki ildə müəssisədə boyanmış pambıq parça istehsalı 3,5 dəfə, kəlağayı istehsalı 5 dəfə, saçaqlı ipək şərf istehsalı isə 3 dəfə artmışdır. Eyni zamanda, istehsal olunan məhsulların çeşidi çoxalmış, keyfiyyəti yaxşılaşmış, yeni dizayn tətbiq olunmuşdur. Hazırda müəssisədə istehsal olunan ipək və yun xalçalar, “Heyratı” kəlağayıları, xalat, yataq dəsti, iş geyimləri və digər məhsullar alıcılar tərəfindən bəyənilir və həvəslə alınır.
Bu öz əksini satış həcminin dəfələrlə artmasında tapır. Belə ki, boyanmış pambıq parça satışı 2011-ci ilə nisbətən 13,5 dəfə artaraq 40,6 min kvadratmetr, kəlağayı satışı 3,8 dəfə artaraq 5 min ədəd, saçaqlı ipək şərflərin satışı isə 4 dəfə artaraq 8 min ədəd təşkil etmişdir.
Müsahibimiz ipəkçiliyin, o cümlədən ipək sənayesinin inkişaf etdirilməsi üçün zəruri olan xammal bazası haqqında da danışmışdır. Belə məlum olur ki, son illər respublikamızda barama istehsalı kəskin şəkildə aşağı düşmüşdür. Ötən əsrin 70-80-ci illərində Azərbaycanda 6 min tona yaxın yaş barama istehsal olunduğu halda, hazırda bu rəqəm 10-12 tondan çox deyildir. Əvvəllər müəssisə baramanı İrandan, Özbəkistandan alırdı. Hazırda həmin ölkələrdə də barama istehsalı azaldığından xammal təchizatında ciddi çətinlik yaşanır. Bu isə öz növbəsində müəssisənin baramaaçan istehsalatının dayanmasına, xaricdən hazır ipək idxal olunmasına, nəticədə istehsal olunan məhsulun maya dəyərinin artmasına gətirib çıxarmışdır.
Bəs çıxış yolu nədədir? Müəssisə tərəfindən respublikada ipəkçiliyin bərpası və inkişafının təmin olunması, həmçinin yem bazasının möhkəmləndirilməsi, barama istehsalının artırılması üçün müəyyən işlər həyata keçirilir. Amma bu da yetərli deyildir və məsələnin həlli kompleks yanaşma tələb edir. Odur ki, “Şəki-İpək” ASC tərəfindən Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı müvafiq təkliflər hazırlanaraq dövlət qurumlarına təqdim edilmişdir.
Azad Şıxəliyev bildirmişdir ki, 2014-cü ilin respublikamızda “Sənaye ili” elan edilməsi ilə bağlı Prezident İlham Əliyevin imzaladığı Sərəncam “Şəki-İpək” ASC-nin qarşısında da yeni vəzifələr qoyur. Bu məqsədlə müəssisədə daha keyfiyyətli, yüksək standartlara uyğun məhsullar istehsal edilməsi, eyni zamanda bəzi istehsal sahələrinin genişləndirilməsi nəzərdə tutulur.
Pambıqəyirici istehsalatın gücünün artırılaraq ildə 8 min tona çatdırılması, habelə keyfiyyətli pambıq parça və trikotaj məhsulları istehsalı üçün lazım olan toxuculuq dəzgahlarının və avadanlığın alınması məqsədi ilə dünyanın aparıcı şirkətləri ilə danışıqlar aparılır. Müəssisəyə ümumilikdə 10 milyon manata yaxın investisiyanın qoyulması planlaşdırıb.