Babamızın savaşı. III yazı: DTK-nın səhvən “xain” saydığı qəhrəman – TARİXİ ARAŞDIRMA

      Babamızın savaşı.       III yazı:    DTK-nın səhvən “xain” saydığı qəhrəman –    TARİXİ ARAŞDIRMA
  05 May 2021    Oxunub:11550
Faşizm üzəridə qələbənin 76-cı ildönümü ərəfəsində AzVison.az babalarımızın o zəfərin qazanılmasında oynadıqları rolu daha yaxşı dərk etmək üçün iki dəyərli tarixçimizin araşdırmasını oxucularına təqdim edir. Bu silsilə yazıları izləyin və əmin olacaqsınız ki, Zəfər qazanmaq – bizim qanımızdadır.
Əvvəlki yazılar:
Qafqazdan Berlinədək tökülən azərbaycanlı qanı
Azərbaycan II Dünya Müharibəsi ərəfəsində

Müharibə illərində 6.200 partizan dəstəsi və gizli qrup fəaliyyət göstərmişdi. Krasnodonda faşistlərlə mübarizə aparan «Gənc qvardiya» nın üzvlərindən biri Əli Dadaşov idi. 8-ci Azərbaycan partizan dəstəsinin üzvləri 1943-cü ilin əvvəlində Krımın Kuybışev rayonunda hərbi düşərgədə saxlanılan 800 hərbi əsir arasında olan zabit Əliyev Məmməd Kərim oğlu, Hacıyev Sahib Cəbrayıl oğlu, Rzayev Hüseyn Məmməd oğlu düşərgədə hərbi əsirlərdən gizli təşkilat yaratmışdılar.

Azərbaycanlı partizanlar

1943-cü il sentyabrın 18-də Məmməd Əliyev və Mahmud Həsənov “Красный партизан” dəstəsi təşkil etdilər. 1943-cü il noyabrın 7-də dəstə Cənubi Krımda 8-ci Azərbaycan partizan dəstəsi adı ilə 7-ci partizan briqadasına daxil oldu. Dəstənin komandiri Məmməd Əliyev, komissarı Əbdülkərim Əşirov, qərargah rəisi Sahib Hacıyev idi. Ümumilikdə, 8-ci Azərbaycan partizan dəstəsi 7 ay ərzində düşmən arxasında 32 döyüş əməliyyatı keçirmişdi. 1.225 nəfər düşmən əsgər və zabit məhv olunmuş, 451 nəfər əsir götürülmüşdü. Partizanların əməliyyatı nəticəsində 9.700 metr rabitə xətti sıradan çıxarılmış, 7 top, 11 minomyot, 12 pulemyot, 500 vahid digər atıcı silah və 11.000 patron ələ keçirilmişdi.

Çexoslovakiya ərazisində fəaliyyət göstərən partizan dəstəsinin tərkibində 500 nəfər azərbaycanlı döyüşçü olmuşdur. Əsir düşərgəsindən qaçıb müqavimət hərəkatına qoşulan Ə.Baxışov və Ə.Əlimərdanov döyüşlərdə xüsusi ilə fərqlənmişdilər. Uritski adına partizan dəstəsinin komandiri Hümmət Namazov, döyüş dostları R.Əsgərov, Ə. Məhərrəmov, S.Bağırov, Q.İmanov, M.Tağıyev, T.Quliyev, M.Daşdəmirov, Ş.Vəliyev, M.Bayramov və başqaları qəhrəmanlıqla vuruşmuşdular.

Almaniyanın “Ştrans” düşərgəsində saxlanılan M.Hüseynzadə, S.İsmayılov, R.Ağazadə, M.Seyidov, M.Qulubəyov və başqaları hərbi əsirlər arasında iş aparırdılar. Nəticədə hərbi hissə-lərdəki gizli antifaşist təşkilatlarının üzvləri qaçaraq partizanlara qoşulmuşdular. Belələrindən biri də Mehdi Hənifə oğlu Hüseynzadə idi.



Mehdi Hüseynzadə (Mixaylo) Ukrayna, Polşa, İtaliya və Yuqoslaviyada hərbi əsir düşərgələrində olan sovet əsirlərinin qaçmasına köməklik edir, yoldaşları ilə birlikdə Yuqoslaviya partizanlarına qoşulur. Faşist zabiti forması geyinərək, tez-tez almanların qərargahında olan Mehdi düşmən ordularının hərəkətlərinə dair kəşfiyyat materialları toplayır, qoşunların hərəkət planlarını öyrənərək partizanlara xəbər verir və onlara zərbələr endirirdilər. Opiçina kinoteatrı partladılarkən 80 nəfər faşist məhv olmuşdu.

1944-cü ilin payızında Mehdinin başçılıq etdiyi bir qrup partizanın Udine şəhərindəki faşist həbsxanasına hücumu nəticəsində 700 hərbi əsir, o cümlədən, 147 sovet əsiri azad edilir.

M.Hüseynzadə 1944-cü il noyabr ayının 2-də düşmənlə qeyri-bərabər döyüşdərindiki Sloveniyanın Vitovle kəndində həlak olur. Noyabrın 16-da onun cəsədi yenidən Çepovani kəndində dəfn edilir. Çepovani kəndindəki qəhrəmanın başdaşı üzərində bu sözlər həkk olunub: “Rahat yat, Azərbaycan xalqının qəhrəman oğlu, əzizimiz Mehdi. Azadlıq naminə göstərdiyin ölməz rəşadət dostlarının qəlbində daim yaşayacaq”.

Lakin Mehdi Hüseynzadənin qəhərəmanlığı sovet rəhbərliyi tərəfindən vaxtında qiymətləndirilmədi.
Hitlerin Qafqaz planları və ona mane olan Azərbaycan diviziyaları – DÖYÜŞ XRONİKAMIZ

Müharibə qurtaran kimi Dövlət Təhlükəsizlik Komitəsi 1946-cı ildə olduqca təhlükəli hesab etdiyi bir "casus" haqqında material toplamağa başladı. "Casus"un axtarış işində onun 1943-1944-cü illərdə Almaniyanın Ştrans məntəqəsində yerləşən Azərbaycan Milli Legionunda təbliğat-təşviqat şöbəsində işlədiyi, legionları Hitler Almaniyasına vicdanla xidmətə çağırdığı bildirilirdi. "Casus" kimi axtarışda olan bu şəxs Mehdi Hüseynzadə idi...

Mehdinin son məktubu Stalinqraddan gəlib. Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov yazırdı ki, dayısı əsir düşməyib, kəşfiyyatçı kimi almanlar tərəfə atılıb.
Dostları danışırdılar ki, Mehdi almanlar tərəfə keçəndən sonra SSRİ ilə əlaqə saxlamayıb.

Mehdi Hüseynzadə 162-ci “Türküstan” diviziyasına yazılıb. Onun bacarığını görən almanlar Mehdini Potsdama 3 aylıq hərbi məktəbə göndəriblər. Bu kursdan sonra yenidən “Türküstan” diviziyasına təbliğat-təşviqat işinə göndərilib. Başqa sözlə, əsil həqiqəti bilməyən SSRİ DTK Mehdi Hüseynzadəni yanlışlıqla “Vətən xaini” hesab etmişdi.

Müharibə qurtarandan 9 il sonra - 1954-cü ildə Dövlət Təhlükəsizlik Nazirliyinin baş müvəkkili, bölmə rəisi V.Banserev Mehdi ilə legionda və partizan hərəkatında iştirak edən şahidləri yenidən dindirir və onlar öz ifadələrində 1944-cü ildə Almaniya hökumətinin müttəfiqi İtaliyanın məğlubiyyətindən, bundan sonra tərkibində fəaliyyət göstərdikləri 162-ci “Türküstan” diviziyasının Adriatik dənizinin sahillərinə göndərilməsindən danışır, İtaliya ilə Yuqoslaviyanın sərhədində olarkən kəskin hava şəraitinə dözməyən Mehdinin xəstələnməsindən də söz açırlar.



Mikayıl Qulubəyov xatirələrində bildirir ki, Mehdi dermatit xəstəliyinə tutulduğuna görə, 1943-cü ilin noyabr ayında Avstriyanın Qrats şəhər xəstəxanasında müalicə olunub. Xəstəxanadan qayıdandan sonra 1944-cü ilin əvvəlində Mehdi, Cavad Həkimli və Əsəd Qurbanov düşərgədən qaçıb, İvan Qradnikov adına 3-cü zərbə briqadasına qoşuldular. Rotanın komandiri Cavad Həkimli, komissarı ilk zamanlar Mehdi Hüseynzadə və Miryaqub Ağalarov idi.

Mehdi Hüseynzadə haqqında olan axtarış işi 8 il çəkdi. Sonda işinin nəticəsi onun qəhrəman olduğunu üzə çıxardı. İtaliya Kommunist Partiyasının katibi Palmiro Tolyati, Yuqoslaviya Xalq Azadlıq Hərəkatının lideri və Kommunist Partiyasının katibi Broz Tito SSRİ hökumətinə Mehdinin şücaətləri əks olunmuş sənədlər təqdim etdilər. Bütün bunlardan sonra “Casus axtarış əməliyyatı” səmtini dəyişdi. Artıq axtarış işi “Geroy” adlandırılırdı.

Müharibədən sonra (1952-ci ildə) Moskvaya gələn İtaliya Kommunist Partiyasının Baş katibi Palmiro Tolyatti müharibə illərində İtaliyada “Mixaylo” adı ilə İtaliya müqavimət hərəkatı sıralarında bir azərbaycanlı gəncin misilsiz qəhrəmanlığı və şücaəti haqqında məlumat verir.



Mehdinin ölüm xəbəri 1954-cü ildə dəqiqləşdirildi. Bu müqəddəs işdə Azərbaycan xalqının milli lideri, muasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin müstəsna xidmətləri var. Onun məlumatlarından sonra İtaliya müqavimət hərəkatının rəhbərlərindən olan Karlos Lubinonun köməyilə M.Hüseynzadə haqqında materiallar toplandı və SSRİ rəhbərliyinə təqdim olundu. SSRİ Ali Soveti Rəyasət Heyətinin 1957-ci il 11 aprel tarixli fərmanı ilə Mehdi Hüseynzadə ölümündən 13 il sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

(Dördüncü yazıda Azərbaycan iqtisadiyyatının Qələbəyə verdiyi töhfələrdən bəhs olunacaq)

Cəbi Bəhramov
AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent
Mais Əmrahov
AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor



Teqlər: II-Dünya-Müharibəsi   Azərbaycan-tarixi  





Xəbər lenti