Babamızın savaşı. III yazı: Bakının mübarizəsi və Bakı uğrunda mübarizə – TARİXİ ARAŞDIRMA

      Babamızın savaşı.       III yazı:    Bakının mübarizəsi və Bakı uğrunda mübarizə –    TARİXİ ARAŞDIRMA
  06 May 2021    Oxunub:4867
Faşizm üzəridə qələbənin 76-cı ildönümü ərəfəsində AzVison.az babalarımızın o zəfərin qazanılmasında oynadıqları rolu daha yaxşı dərk etmək üçün iki dəyərli tarixçimizin araşdırmasını oxucularına təqdim edir. Bu silsilə yazıları izləyin və əmin olacaqsınız ki, Zəfər – bizim qanımızdadır.
Əvvəlki yazılar:
Azərbaycan II Dünya Müharibəsi ərəfəsində
Qafqazdan Berlinədək tökülən azərbaycanlı qanı
DTK-nın səhvən “xain” saydığı qəhrəman

Müharibə başlanan kimi Azərbaycan SSR sənaye müəssisələrində işləyən fəhlələr orduya səfərbərliyə alındı. Onların yerini gənclər və istehsalat təcrübəsi olma-yanlar tutdu. Təkcə Bakı sənaye müəssisələrində 70 minə qədər gənc işə qəbul olundu. Müharibənin ilk günlərindən Bakıdan cəbhəyə neft məhsulları, silah, döyüş sursatı, hərbi ləvazimat və ərzaq daşınmağa, məşhur „Katyuşa“ reaktiv mərmiləri ha-zırlanmağa başlandı. „ЯК-3“ qırıcı təyyarələri, tanklar və ağır silahlar istehsal olundu. 1941-1945-ci illərdə Bakıda 63 yeni neft və kimya sənayesi müəssisəsi tikilib işə salındı. 100 növ yeni kimya məhsulu, o cümlədən 36 növ sürtkü yağı, 26 növ yanacaq və partlayıcı vasitə, 9 növ müxtəlif markalı aviasiya benzini, 8 növ müxtəlif markalı dizel yanacağı istehsal edildi. 1942-ci ilin sonlarında Bakıda 131 növ silah, sursat, o cümlədən, „Katyuşa“raket-mərmi kompleksi, başqa hərbi ləvazimat, tibb preparatları və onlar üçün xammal, kalsium-xlorid, natrium-xlorid, yodlu kalium, ağ streptosid, cərrah ipək sapı, tənzif, pambıq, şpris istehsal olunurdu.

Ümumilikdə, 1941-1945-ci illərdə SSRİ-də 110,6 milyon ton neft çıxarıldı. Onun 75,2 milyon tonu, yaxud 68%-i Bakının payına düşdü. İkinci dünya müharibəsi dövründə (1939-1945-ci illər) SSRİ-də 172 milyon ton neft çıxarıldı ki, ondan 118,9 milyon tonunu, yaxud 69%-ni Bakı verdi.

Bakı nefti ətrafında toqquşan maraqlar və ermənilər

SSRİ tərkibində olmasına baxmayaraq, neftlə zəngin ölkə kimi Azərbaycan SSR vuruşan ölkələrin planlarında xüsusi yer tuturdu. 1938-ci ilin məlumatına görə, bütövlükdə, SSRİ-də 29 milyon 450 min ton neft istehsal edilirdi ki, bunun da 21 milyon 500 min tonu Azərbaycan SSR-in payına düşürdü. 1939-cu ildə bu rəqəm bir qədər də artaraq 21 milyon 630 min tona, 1941-ci ildə isə 23,4 milyon tona çatmışdı. II Dünya müharibəsinin başlanması yanacağa olan ehtiyacı kəskin şəkildə artırdığından, bir sıra məqamlarda Bakı neftinə qələbəni müəyyən edən başlıca strateji amil kimi baxırdılar.

1941-ci ilin yazında Bakı neft mədənlərinin istismarının təşkil olunması məqsədilə almanlar xüsusi idarə - “Vestfalen qərargahı”nı yaratdılar. 1941-ci il iyulun 16-da keçirilən yığıncaqda qeyd olundu ki, “Bakı vilayəti” “alman konsessiyası olmalıdır”. “Felmi” planına uyğun olaraq Bakının ələ keçirməsi tarixi 25 sentyabr 1942-ci il müəyyənləşdirildi. 1942-ci ildə faşist Almaniyasının Bakını ələ keçirtmək cəhdləri bu planların tərkib hissəsi idi.

Faşist Almaniyası Bakı neftinin müharibədəki roluna yüksək qiymət verdiyindən, Vermaxtın planında Qafqazın ələ keçirilməsi, neft rayonlarını tutmaq mühüm yer tuturdu. Müharibə ədəbiyyatının təhlili, döyüş əməliyyatlarına dair xəritələr və sərkərdələrin hesabatları belə qənaətə gəlməyə əsas verir ki, Hitler Almaniyası təkcə müharibənin ilk yarımilində deyil, həmçinin müharibənin gedişi prosesində də Bakı məsələsini “yaddan çıxarmamışdı”.

Bakı nefti Fransa və İngiltərənin 1939-1940 hərbi-strateji planlarında xüsusi yer tuturdu. Bu planlara əsasən SSRi dövlətini məhv etmək üçün Bakını məhv etmək planlaşdırılmışdı və Bakıya 70 ton bomba atılmalı idi. Hitler Almaniyası Parisi ələ keçirən zaman - 1940-cı ilin iyun ayında kiçik La Şarite şəhər vağzalında alman yefreytoru Parisdən aparılan gizli fransız arxivini, o cümlədən ingilis - fransız danışıqlarının yazısını ələ keçirir. Fransız qərargahının gizli sənədlərindən məlum olur ki, Fransa və İngiltərənin planında Qafqazın və Bakının neft sənayesinin ələ keçirilməsi əsas yerlərdən birini tuturmuş.



Belə bir fikir də hökm sürürdü ki, əgər Stalinqrad vuruşmasında Sovet Ordusu məğlub olsaydı, türklər Bakını tutacaqlardı. “Böyük gənələr” (“Большие клеши”) əməliyyatına görə almanlar Bakını tutduqdan sonra İranın və Yaxın Şərqin neft yataqlarınф türklərsiz sahib olmağı planlaşdırırdıдфк. Ancaq bir şeyi unutmaq olmaz ki, əgər türklər Bakını tutsaydılar, döyüşlərin gedişində neft hasilatının ritmi pozular, neftin emalı və daşınmasında ləngimələr baş verərdi. Yox, əgər Türkiyə Stalinqrad döyüşünün getdiyi vaxtda, 1942-ci ildə hərbi əməliyyatlara başlasaydı, bir sıra Avropa dövlətlərinin müharibədən çıxması SSRİ üçün əhəmiyyətsiz olardı. Fikrimizcə, bu Azərbaycan SSR-ə, Bakı neftinə olan siyasi qısqanclıqla bağlı idi. Təbii ki, bütün planlardan SSRİ rəhbərliyinin xəbəri var idi.

Başqa sözlə, Bakı həm müttəfiqlərin, həm də Stalinin hədəfində idi və Qafqazın müdafiəsinə dair bir sıra tədbirlər görülürdü.

2019-cu il oktyabrın 11-də Aşqabadda, MDB dövlət başçılarının sammiti zamanı Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyev Azərbaycanın 1941-1945-ci illər müharibəsində Qələbəyə verdiyi töhfədən, Hitlerin Bakını almağa necə can atmasından və Ermənistanda faşist Garegin Njdeyə heykəl qoyulmasından danışarkən bildirib ki, “Ən dağıdıcı və qanlı müharibənin cəbhələrində, habelə arxa cəbhədə bizim xalqlarımız qəhrəmanlıq və mərdlik göstəriblər, bu da sonrakı nəsillər üçün nümunədir. Azərbaycan faşizm üzərində qələbəyə layiqli töhfə verib. Azərbaycanın 700 mindən çox oğul və qızı 1941-1945-ci illər müharibəsinin cəbhələrində döyüşüblər. Onların yarısı öz canlarını bizim ümumi qələbəmiz naminə qurban verib”.
Prezident çıxışında onu da xatırladıb ki, Azərbaycan o vaxt bütün ölkəni yanacaqla təmin edirdi. Cəbhənin ehtiyacları üçün zəruri olan neftin 75 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü, “Bunlarsız sovet ordusu düşmənə qalib gələ bilməzdi”.
Azərbaycan Respublikasının Prezidenti hərbi kinoxronikanın məşhur kadrlarını - Hitlerə tort gətirilməsini də xatırladıb. Tortun üstündə dənizi xatırladan çökək var, orada alman dilində “Xəzər dənizi” yazılıb. Həmin çökəkdə maye qara şokalad və “Bakı” adı var. Hitler qaşıqla şokaladı götürür və tortun üstünə tökür, sonra xaç şəklində şokaladı götürüb onu “Bakı” yazılan yerə sancır. “Bu da faşistlərin Azərbaycanın neft yataqlarını ələ keçirmək planını göstərir, habelə bildiyimiz kimi onların Şimali Qafqazın neft yataqlarını tutmaq planları da olub”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyein görüş iştirakçılarının yaddaşını təzələyərək bildirib ki, əgər faşistlər Bakını ələ keçirsəydi sovet ordusu yanacaqsız qalardı. Bakı isə havaya uçardı. Çünki sovet hökuməti bu fövqəladə halda bütün neft yataqlarını minalaşmışdı ki, düşmənə qismət olmasın. Azərbaycan Pespublikasının Prezidenti vurğulayıb ki, Azərbaycanda müharibədə həlak olanlara heykəllər qoyurlar və müharibə veteranlarına böyük qayğı göstərilir.


Bakı, 1942-ci il. Alman kəşfiyyat təyyarəsindən çəkilmiş şəkil

Bununla belə, qeyd olunanları təfərrüatları ilə bilən Rusiya Federasiyası dövlət təhlükəsizlik orqanlarının susması gizli mətləblərdən xəbər verir. Ancaq Ermənistan prezidenti S.Sarkisyan, indiki Baş nazir Nikol Paşinyan Avropa ölkələri ilə ittifaq yaratmaq istəyəndə bu ittifaqın Rusiya Federasiyası hakim dairələrinin regionda apardığı siyasətə zidd olduğu aydınlaşan kimi, Garegin Njdeyə abidə qoyulmasının cinayət olduğu, Ermənistan adlanan qondarma faşist rejiminin ermənilərin anti-Rusiya siyasəti yeritdiyi tənqid olunmağa başladı. Bu ikili yanaşma bir daha sübut edir ki, qonşu Rusiya Federasiyasının regiondakı siyasəti münaqişənin həllinə imkan verməməklə yanaşı, həm də Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasına maraq göstərmir. Rusiya Federasiyasının rəhbərliyinə yaxşı məlumdur ki, qədim Azərbaycan torpaqları olan İrəvan, Göyçə, Zəngəzur, Zəngibasar, Qarakilsə, Üçkilsə, Gümrü, Kəvər və s. ərazilər Kremlin rəhbərliyi ilə yerli azərbaycanlılardan təmizlənmişdir.

1941-ci ilin noyabrın 8-nə kimi 35 min qutu yandırıcı butulka - “Molotov kokteyli”, 14 min patron ehtiyatı hazırlandı, istehsal gücü sutkada 10 min butulkaya çatdırıldı. 1942-1944-cü illərdə cəbhəyə 11 milyon vahid döyüş sursatı göndərildi. 1942-ci ilin iyulunda Bakıda rekord müddətdə xalq arasında “Katyuşa” kimi məşhur olan qvardiya minomyotu istehsal edən yeni 160 № li zavod işə salındı. Bakıda qısa müddətdə “UTİ-4” B təyyarəsi bazasında 15 B döyüş variantı “UTİ-4” tipində yığıldı. 1942-ci ilin yanvarına Bakı zavodu 20 “UTİ-4” maşını buraxdı, fevralda buraxılış 2 dəfə artdı. Bir müddət sonra Bakıda “YAК” qırıcıları yığılmağa başladı. Müxtəlif tipli 782 təyyarə təmir olunaraq cəbhəyə göndərildi.

Kimya sənayesi öz işini müharibə tələblərinə uyğun qurdu. Xalq istehlakı malları istehsalı hərbi şəraitə uyğunlaşdırıldı. Yerli sənaye və sənaye kooperativlərinin işçiləri hərbi-təsərrüfat məhsulları buraxılışına qoşuldular.
Fransada "Neptun" əməliyyatının ildönümü ilə bağlı beynəlxalq mərasim keçirilir - CANLI (YENİLƏNİB)

Azərbaycan SSR ölkənin dəmiryol və su nəqliyyatının mühüm qovşaq nöqtə-lərindən idi. 1941-ci ilin oktyabr ayından ilin sonuna kimi Bakı dəmiryolu şəbəkəsinə Rostov, Xarkov, Odessa, Taqanroq, Novorossiysk və digər şəhərlərin 450-dən artıq müəssisələrindən köçürülən yüklər daxil oldu. Bakıya yüklərin yeni dəstəsi 1941-ci il oktyabrın 1-də bağlanmış üçtərəfli sazişlə, habelə, ABŞ-ın “Lend-liz” kredit və icarə haqqında qanununun noyabrda SSRİ-yə şamil edilməsi ilə bağlı daxil olmağa başladı.

Xəzər dəniz nəqliyyatı Azərbaycan SSR nəqliyyat sistemində əhəmiyyətli yer tuturdu. Xəzər dəniz nəqliyyatını iki idarə-quru yükü daşınması ilə məşğul olan Xəzər Gəmiçiliyi İdarəsi (Kaspflot) və Neft daşıyan Xəzər Neft Gəmiçiliyi İdarəsi (Kasptanker) təmsil edirdi.

Müharibənin başlanması ilə qarşıda duran təxirəsalınmaz vəzifələrdən biri cəbhəyə gedən adamların əvəz edilməsi idi. 1941-1944-cü illərdə neft və pambıq respublikası, qabaqcıl əkinçilik və heyvandarlıq ölkəsi, bolluq diyarı olan respublikanın zəhmətkeşlərindən 12.560 nəfər SSRİ orden və medalları ilə təltif olundu.


Bakı, 1942-ci il. Alman kəşfiyyat təyyarəsindən çəkilmiş şəkil

Azərbaycan xalqı faşizm üzərində qələbə naminə öz şəxsi vəsaitini əsirgəmədi. Əhalidən respublikanın müdafiə fonduna nağd şəkildə 31.756 min rubl köçürüldü ki, ondan da 16.456 min rublu Bakı zəhmətkeşləri tərəfindən ödənildi. 30.765 min rubl dəyərində dövlət istiqrazının 13.268 min rublu Bakı zəhmətkeşləri tərəfindən alındı. Müdafiə fonduna 14.872 qram qızıl, (ondan 5.152 qramını Bakı zəh-mətkeşləri verdi), 985.943 qram gümüş (ondan 187.076 qramını Bakı zəhmətkeşləri verdi) və s. təhvil verildi.

Respublika zəhmətkeşləri cəbhəyə 14 min yarımkürk, 66 min ədəd gödəkcə, 33 min cütdən yuxarı keçə ayaqqabı, 468 min cüt yun corab, 338 min cüt yun əlcək, 102 min ağ dəsti, 43 min qulaqlı və qulaqsız papaq, ümumilikdə 1941-1943-cü illərdə Azərbaycan SSR-dən ordu döyüşçüləri üçün ümumi dəyəri 40 milyon rubl olan 350 min fərdi bağlama göndərildi.

Elm, maarif, ədəbiyyat və incəsənət cəbhənin xidmətində

Müharibə xalq maarifi və məktəblər qarşısında yeni vəzifələr qoydu. Məktəb şəbəkəsinin qorunub saxlanılması, müharibə şəraitində kənd yerlərində ibtidai icbari, şəhərlərdə 7 illik icbari təhsilinin həyata keçirilməsi və genişləndirilməsi qarşıda duran mühüm məsələlərdən idi. Əsas problemlərdən biri istehsalata könüllü gedən yuxarı sinif şagirdlərinin təhsilinin, cəbhəyə kömək uğrunda ümumxalq hərəkatında məktəblilərin və müəllimlərin iştirakının təşkili, valideyn himayəsindən məhrum olan, valideynlərini itirmiş uşaqların uşaq evlərində yerləşdirilməsi idi. Müharibə respublikanın xalq maarifi orqanlarının işində bir sıra çətinliklər yaratdı. Bir sıra məktəb binalarının hospitalların və hərbi-tədris məntəqələrinin sərəncamına verilməsi nəticəsində çoxnövbəli məşğələlər təşkil olundu.

Müharibə illərində rus dillinin tədrisinə diqqət artırıldı. İstehsalatda işləyən gənclərin təhsili yaddan çıxmadı. Axşam kəndli-gənclər məktəblərinin şəbəkəsinin genişləndi. Texniki peşə təhsili şəbəkəsi müharibə illərində ixtisaslı kadr hazırlığı sahəsində səmərəli fəaliyyət göstərdi. Məktəblilərin hərbi-vətənpərvərlik tərbiyəsi sahəsində aparılan işlər diqqət mərkəzində saxlanıldı.

Müharibə illərində pedaqoji kadrların hazırlanması davam etdirildi. Müəllim hazırlığını yaxşılaşdırmaq, müharibə ilə əlaqədar əmələ gəlmiş ehtiyacı ödəmək üçün bir sıra institutlar Azərbaycan Dövlət Universiteti ilə birləşdirildi. Müəllim kadrları hazırlanmasında Azərbaycan Dövlət Pedaqoji İnstitutunun xüsusi xidmətləri oldu. 1941/1942-ci tədris ilində V.İ.Lenin adına APİ və Qiyabi Pedaqoji İnstitut S.M.Kirov adına ADU ilə birləşdirildi.

Azərbaycan elmi öz işini müharibə şəraitinə uyğun qurdu. SSRİ EA Azərbaycan filialı, onun elmi-tədqiqat institutları, ali məktəblər, ümumiyyətlə respublikanın bütün elmi potensialı orduya xidmət məqsədlərinə tabe edildi. 1941-1945-ci illərdə 63 yeni kimya və neft kimyası sənayesi müəssisəsi istifadəyə verildi. 300-dən artıq mühüm ixtira işləndi və istehsalata tətbiq olundu. Nəticədə 100 növ kimya məhsulları, o cümlədən 36 növ yağ, 26 növ yandırıcı və partlayıcı vasitə, 9 adda aviasiya benzini, 8 adda dizel yanacağının kütləvi istehsalına başlandı.

Kimyaçı alimlərimizin (Y.Q.Məmmədəliyev, V.S.Qutırya, Ə.M.Quliyev, A.Kudinov və b.) neft emalı sənayesinin yüksək ixtisaslı mütəxəssisləri (R.H.İsmayılova, M.A.Qorelik, V.S.Əliyev, A.A.Learkin və b.) ilə birgə əməkdaşlığı sayəsində alınmış və sənaye miqyasında istehsalına başlanmış yüksək oktanlı benzin, habelə sürtkü yağları növləri, M.F.Nağıyev, H.X.Əfəndiyev, İ.Ə.Orucova, Ş.A.Məmmədov, M.M.Mövsümzadənin kimya elmi və neft emalı prosesinin müxtəlif problemlərinə dair səmərəli tədqiqatları, geoloqlarımız (Ş.A.Əzizbəyov, M.Ə.Qaşqay, Ə.D.Sulta-nov), fiziklərimiz (X.İ.Əmirxanov), riyaziyyatçılarımız (İ.Q.Yesman), bioloqlarımız (A.A.Qrossheym), kənd təsərrüfatı sahəsində çalışan alim və mütəxəssislərimiz (F.Ə.Məlikov, A.Ağabəyli, C.M.Hüseynov, İ.D.Mustafayev), həkimlərimiz (M.A.Topçubaşov, M.A.Mirqasımov, V.A.Tornoqradski, F.Ə.Əfəndiyev, İ.S.Kenzburq, C.İ.Abdullayev) və b. kəşf, ixtira, təklif və üsulları ilə bilavasitə döyüşən orduya, onun müxtəlif təyinatlı tələblərinin yerinə yetirilməsinə, hərbi qaydada qurulan çox sahəli xalq təsərrüfatına - sənayenin, kənd təsərrüfatının, nəqliyyatın, rabitənin, səhiyyənin müharibə şəraitində fəaliyyətinə sanballı kömək göstərdilər.

Müharibə illərində fəal iştirakına, cəbhəni və xalq təsərrüfatının vacib məhsullarla təmin edilməsində fəaliyyətinə görə Y.Məmmədəliyev, X.Qutırya “Lenin” ordeni ilə təltif olundular. Kimyaçı alimlərdən Y.Məmmədəliyev, X.Qutırya, M.Kardin, L.Solovyov, A.Markin Dövlət Mükafatına layiq görüldülər. Onlarla kimyaçı mühəndis və fəhlə orden və medallarla təltif olundu.1945-ci ilin martında Azərbaycan SSR Elmlər Akademiyasının təsisi Azərbaycan elminin qələbəsi sayılmalıdır.

1941-ci ildə respublikada 66 hərbi hospital yaradıldı. Naxçıvan, Şuşa, Nuxa, Hacıkənd, Mərdəkan və Buzovnada yerləşən sanatoriyalar, respublikadakı istirahət evləri hərbi hospitallara çevrildi.Hərbi hospitallar Azərbaycan Dövlət Universiteti, Elmlər Akademiyası, Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu (indiki ADPU), Şaumyan adına mədəniyyət evi, Konservatoriya (kəllə-beyin), Birinci poliklinikada yerləşirdi. Müharibə illərində respublikada donor hərəkatı genişləndi. 1941-1945-ci illər ərzində yaralı döyüşçülər üçün cəbhəyə 41.609 litr qan göndərildi, 7.229 litr qanı əvəz edən preparatlar hazırlandı. Müharibə dövründə respublikanın 149.170 vətəndaşı donorçu oldu. 1942-ci ilin yanvarında tibb elmləri doktoru, professor Əziz Əliyevin sədrliyi ilə “Yaralı Döyüşçülərə və Xəstələrə Kömək Komitəsi” yaradıldı.

Müharibənin ilk günlərindən səfərbərliklə əlaqədar keçirilən mitinq və yı-ğıncaqlarda alovlu nitqlərlə çıxış edən yazıçılar faşizmin mahiyyətini başa salır, onların törətdikləri vəhşilikləri göstərərək xalqı mübarizəyə çağırırdılar. Qafqaz uğrunda gedən gərgin döyüşlərdə – 1942-ci ilin payızında S.Vurğun, S.Rüstəm, M.Rahim, R.Rza, H.Mehdi, Z.Xəlil, Məmməd Əkbər, Ə.Məmmədxanlı döyüşçülərlə birgə idilər. M.Rahim, S.Rüstəm, O.Sarıvəlli, Z.Xəlil, T.Əyyubov və başqaları uzun müddət cənub cəbhəsində-Sevastopol və Kerç müdafiəçilərinin yanında oldular. Müharibə illərində bəstəkarlar və musiqi ifaçılarının adamları amansız mübarizəyə səsləyən və vətənpərvərlik mövzusunda yazılan əsərləri arxa və ön cəbhənin yaxın dostuna çevrildi Ü.Hacıbəyovun Nizaminin mətninə yazdığı və qələbəyə həsr etdiyi ”Sənsiz “, “Sevgili canan”, Ə.Bədəlbəylinin B.Zeydmanla birgə yazdığı ”Xalqın qəzəbi”, Niyazinin “Xosrov və Şirin” operası, “Döyüşdə” simfonik əsərləri, S.Rüstəmovun “Cəbhə eşqi” əsəri, “Cəbhəyə”, “İrəli”, “Qəzəl”, “Qəhrəmanlar marşı” mahnıları, Ağabacı Rzayevanın “Cəngi”, “Vətən nəğməsi”, “Dilbərim”, “Gözlərin” mahnıları müharibə dövrünün əsərləridir.

Müharibə illərində Moskva Konservatoriyasının tələbəsi olan Qara Qarayev və Cövdət Hacıyevin bəslədiyi “Vətən operası” (libretto müəllifi İ.Hidayətzadə) 1946-cı ildə Dövlət Mükafatına layiq görüldü.Rəssamlarımız müharibə qəhrəmanlarının “portret qalareyası” nı yaratdılar. Bu qalareyanın eksponatları içərisində Kamal Qasımov, İsrafil Məmmədov, İdris Süleymanov, Hüseyn Əliyev, Məzahir Abbasov, Novruz Aslanov, Əjdər Maniyev kimi müharibə qəhrəmanlarının surətləri fəxri yerləri tutur.Müharibə illərində rəssamlardan F.Əbdürəhmanov, K.Kazımzadə, P.Topçubaşova və Ə.Hacıyev “Azərbaycan SSR əməkdar incəsənət xadimi” adına layiq görüldü, F.Əbdurəhmanov, N.Fətullayev, L.Kərimova ordenlərlə, 40-dan artıq rəssam medal və fəxri fərmanla təltif olundu.



Respublikamızın kino işçiləri tez-tez döyüş mövqelərində olur, əsgərlərin cəbhə həyatını lentə köçürürdülər. 1942-ci ildə Krım cəbhəsinə yola düşən Zaqafqaziya kino işçilərinin tərkibində Azərbaycandan kinooperatorlar V.Yeremeyev, M.Mus-tafayev, operator köməkçilərindən K.Həsənov və A.Ələkbərov və b. vardı. Müharibə illərində yaradılmış kino-oçerklər içərisində A.Həsənovun “Vətən uğrunda”, kinooperator M.Mustafayev və rejissor A.Quliyevin “Qayğı”, rejissor İ.Əfəndiyevin və operator S.Bədəlovun “Məktuba cavab” lentləri, rejissor A.Dada-şov, operatorlar V.Yeremeyev və L.Koreskinin Stavropolun azad olunmasında Azərbaycan xalqının köməyindən bəhs edən “Qardaşlıq köməyi” kino-oçerki uğurlu yaradıcılıq işi idi.Azərbaycan incəsənətinin mühüm sahələrindən olan Azər-baycan teatrları müharibə illərində səmərəli və məqsədyönlü fəaliyyət göstərdilər. Müharibə illərində M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında Mir-zəağa Əliyev, Mərziyə Davudova, Sidqi Ruhulla, Kazım Ziya, Ələsgər Ələkbərov, Fatma Qədri, Mustafa Mərdanov, Əli Qurbanov kimi təcrübəli və peşəkar sənət ustaları ilə yanaşı Hökumə Qurbanova, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Barat Şəkinskaya, Möhsün Sənani, Süleyman Tağızadə, Əjdər Sultanov, Leyla Bədirbəyli, Məcid Şamxalov kimi gənclərdən ibarət yaradıcılıq qüvvəsi çalışırdı. İkinci Dünya müharibəsində alman-faşizmi üzərində qazanılmış qələbənin həqiqi yaradıcısı və qəhrəmanı xalqdır. Bu xalqların içərisində Azərbaycan xalqı şərəfli yerlərdən birini tutur.

Milli lider H.Əliyevin dediyi kimi, „1941-1945-ci illər Azərbaycan xalqının tarixində görkəmli yer tutur, xalqımızın tarixinin parlaq səhifələrindəndir. İkinci dünya müharibəsi əyani şəkildə bir daha təsdiq etdi ki, Azərbaycan xalqı ən ağır sınaqlardan üzüağ çıxmağa, misilsiz şücaət və rəşadət nümunələri göstərməyə qadir olan çox dözümlü və qəhrəman xalqdır. Faşizm üzərində qələbədən sonra xalqımızın keçdiyi yol Azərbaycanın gələcək milli azadlığına, müstəqilliyə gedən yol olmuşdur. Azərbaycan yüksək inkişaf yolu ilə getdi və böyük iqtisadi, intellektual potensial topladı. Bunların əsasında öz müstəqilliyni əldə etdi və dünya birliyində öz yerini tutdu”.

Bu gün Azərbaycan Respublikasında elə bir ailə tapılmaz ki, oradan ən azı bir nəfər İkinci Dünya müharibəsində, onun ayrılaz mərhələsi olan sovet-alman müharibəsində iştirak etməsin. Baba və nənələrimizin müharibə illərindəki vəziyyətə dair xatirələri hamımızın qəlbini kövrəltmiş, cəbhədən qayıtmış babalarımızın döyüş hünərini dinlədikcə qürur hissi keçirmişik. 1941-1945-ci illərin sovet-alman müharibəsinin sonu olan 1945-ci ilin qələbə yaylım atəşindən 76 ildən artıq zaman keçsə də, sayları yamanca azalmış veteranlarımızın şəxsində bizə o çətin günləri daim xatırlayırıq.

(Beşinci yazıda Berlinə bayraq sancan azərbaycanlıdan bəhs olunacaq)

Cəbi Bəhramov
AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent
Mais Əmrahov
AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor




Teqlər: II-Dünya-Müharibəsi   Azərbaycan-tarixi  





Xəbər lenti