“Koronaböhran” bitir: İqtisadiyyatda artım meyilləri başlayıb- TƏHLİL

   “Koronaböhran” bitir:    İqtisadiyyatda artım meyilləri başlayıb-    TƏHLİL
  04 İyun 2021    Oxunub:5517
Ölkə iqtisadiyyatında müsbət meyillər tədricən artmağa başlayıb. Bunu həm pandemiya şəraitinin sovuşmaq istəyi şərtləndirir, həm neftin dünya bazar qiymətlərinin kifayət qədər əlverişli vəziyyətdə olması, həm qeyri-neft sektorunun inkişaf tempi, həm də ümumiyyətlə, iqtisadi aktivlikdə bərpa işartıları.
Doğrudur, il başlayandan bəri keçən ildəki tənəzzül davam edib və azalma prosesi aprel ayı da daxil olmaqla, dayanmayıb. May ayına dair göstərici isə bir neçə gündən sonra açıqlanacaq. Amma makroiqtisadi dayanıqlıq möhkəmlənir və bunun təsiri nəticəsində də iqtisadiyyatın tezliklə bərpa olunacağına ümid yaranır.

Əlbəttə, ümumi iqtisadi tənəzzüllə bağlı eniş nə vaxtsa səngiməlidir. Pandemiya sovuşduqca, karantinsiz rejim bərkidikcə, xarici təsirlərin də olmadığı bir şəraitdə iqtisadi azalma dayanmalıdır və dayanacaq da... Dünya iqtisadiyyatının aparıcı ölkələrində bərpa prosesi nə qədər sürətlə baş verərsə, bizə də bir o qədər müsbət təsir edəcək. Lakin, ölkə iqtisadiyyatının ümumən genişlənməsi və artması üçün intensiv inkişaf tələb olunur ki, buna “daxildən qaynaqlanan inkişaf” deyilir və bizə də, məhz buna nail olmaq lazımdır.

Bu baxımdan, ilk növbədə diqqəti cəlb edən məqam ondan ibarətdir ki, qeyri-neft sektoru üzrə ixracımız artır. 2021-ci ilin yanvar-aprel aylarında ölkədən ixrac 6,4 milyard dollar təşkil edib ki, bunun 697 milyon dolları qeyri-neft sektorunun payına düşüb. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 146 milyon dollar və ya 26,5 faiz artıb. Pandemiyanın hələ tam sovuşmadığı dövrdə!

Ümumiyyətlə, 2021-ci ilin yanvar-aprel ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid mallar siyahısında pambıq mahlıcı (96,4 milyon ABŞ dolları) birinci yeri tutub, ikinci, qızıl (64,6 milyon ABŞ dolları), pomidor (tomat) isə üçüncü (42,3 milyon ABŞ dolları) yerdə qərarlaşıb.

Digər mallar üzrə isə sıranı müvafiq olaraq, ilkin formalı polipropilen (37,1 milyon ABŞ dolları), qabığı təmizlənmiş meşə fındığı (34,7 milyon ABŞ dolları), xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (33,6 milyon ABŞ dolları), xurma (31,9 milyon ABŞ dolları), elektrik enerjisi (23,2 milyon ABŞ dolları) və s. təşkil edir.

Yeri gəlmişkən, dövlət başçımız pambıq əkininə, tədarükünə diqqət ayıranda bəziləri bunu mənasız hesab edirdi. İndi pambıq ixracı qızıldan daha çox gəlir gətirir. Söhbət, aqrar sahədə texniki məhsul istehsalı və tədarükündən gedir. Ölkəmizdə digər məhsullar üzrə isə bundan daha böyük imkanlar mövcuddur. Yetər ki, stimul olsun.

Digər mühüm məqam isə ondan ibarətdir ki, daxili maliyyə bazarında xarici valyutaya tələb azalıb. Belə ki, Dövlət Neft Fondu (ARDNF) dollar satışını iki dəfə azaldıb. 2021-ci ilin may ayı ərzində 312,7 milyon ABŞ dolları məbləğində vəsait satılıb ki, bu məbləğ əvvəlki ayla (2021-ci ilin aprel) müqayisədə 197,2 milyon ABŞ dolları qədər və ya 38,7 faiz, 2020-ci ilin may ayı ilə müqayisədə 21,3 milyon ABŞ dolları qədər və ya 6,4 faiz az təşkil edir. Ümumiyyətlə, bu ilin ilk 5 ayı ərzində ARDNF tərəfindən 1 milyard 904,8 milyon ABŞ dolları həcmində vəsait satılıb ki, bu da ötən ilin yanvar-may ayları ilə müqayisədə 1 milyard 732,2 milyon ABŞ dolları qədər və ya 1,9 dəfə az deməkdir.

Üçüncü məqam: Mərkəzi Bankın (AMB) iyun ayının əvvəlinə olan rəsmi valyuta ehtiyatlarının həcmi 6 milyard 460,4 milyon ABŞ dolları təşkil edib. AMB-nin rəsmi valyuta ehtiyatlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz, aylıq müqayisədə isə 1,5 faiz artıb. Əgər, bir ölkənin mərkəzi bankı daxili valyuta bazarındakı mövcud vəziyyətə nəzərən rəsmi ehtiyatlarını artıra bilirsə, demək ki, yerli valyutanın məzənnəsi qənaətbəxş fon müstəvisi altındadır. Həqiqətən də manat real olaraq ucuzlaşmağa deyil, bahalaşmağa meyillidir. Başqa sözlə, möhkəmlənməyə doğru təzyiq altındadır. Bunun özü ölkədə istehsalı stimullaşdırmaq üçün əlavə imkanların mövcud olduğu deməkdir.

Valyuta bazarında sabitlik və qeyri-neft sektoru üzrə ölkədən ixracın yavaş templə də olsa, ardıcıl artımı o deməkdir ki, iqtisadiyyatın tezliklə bərpa olunacağına ümid yaranır.

Hökumət bu il ərzində ölkəmizdə ÜDM istehsalı üzrə 3,4 faiz artım proqnozlaşdırıb. ÜDM-in artımını şərtləndirəcək bir sıra amillər mövcuddur. Bunların bəzisi özünü mütləq şəkildə göstərəcək. Ancaq ən başlıcası, hökumət tərəfindən qarşıya qoyulan 2030-cu ilədək ÜDM istehsalını ikiqat artırmaq hədəfidir ki, bunun üçün orta hesabla ildə 7 faiz artım tələb olunur. Təkcə neft-qaz sektorunun hesabına qeyd olunan hədəfə çatmaq mümkün deyil.

Odur ki, qeyri-neft sektoru indikindən daha artıq sürətlə inkişaf etməli və ümumən iqtisadiyyatda olmaqla, xüsusən, qeyri neft-qaz sahəsində özəl payın çəkisi mümkün dərəcədə maksimum həddə yüksəlməlidir.


Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL
Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
Ölkədə dollar qıtlığı yoxdur – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
Bank sektorunda “tromblaşma”: Çıxış yolu nədir? - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
"Pandemiya böhranı" nə vaxt bitəcək? - TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər: Postpandemiya   Artım  





Xəbər lenti