İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır – TƏHLİL

   İri büdcə ödəyicilərinin effektivliyi niyə artmır –    TƏHLİL
  28 May 2021    Oxunub:3319
Hesabalama Palatasının 2020-ci ilin dövlət büdcəsinin icrasına aid qanun layihəsinə dair verdiyi rəydə təəssüf doğuran bir məqam var: İri dövlət büdcəsi tədiyyəçiləri, başqa sözlə desəm, vergi ödəyiciləri üzrə büdcədən onlara ayrılan vəsaitlə dövlət büdcəsinə ödədikləri məbləğ arasında ciddi fərq mövcuddur. Rəyə əsasən, cəmi bir iri vergi ödəyicisi qurumundan başqa, digərləri dövlət büdcəsindən aldıqlarından az vergi və ödənişlər ediblər. Əslində, həmişə olduğu kimi... Amma məsələ bundadır ki, bu getdikcə, daha çox qıcıq yaradır. Və sual yaranır ki, buna son qoyulacaqmı?
Təkcə “Xəzər Dəniz Gəmiçiliyi” üzrə vergi ödənişləri dövlət büdcəsindən daxil olan vəsaitin həcmini üstələyib - 10 milyon manat alıb, 13,3 milyon manat ödəyib. Bu da, açıq deyim, möcüzədir. “Azərsu” SC büdcədən daxil olan 401,7 milyon vəsaitin qarşılığında 10,6 milyon manat, "AZAL" SC 225,9 milyon müqabilində 23,9, "Azərenerji" SC 147,0 milyona qarşı 33,5, "Azəriqaz" SC 51,5 milyonun əvəzində 2,1 milyon manat ödəyib. Ən dəhşətli rəqəm isə “Azərbaycan Dəmir Yolları” ASC üzrə qeydə alınıb. Adı çəkilən qurum dövlət büdcəsindən 695,3 milyon manat vəsait aldığı halda, 10,4 milyon manat vergi ödəyib.

Bu vəziyyət nədən irəli gəlir? Və buna son qoyulacaqmı?

Prezident İlham Əliyev ötən ilin avqustun 6-da keçirdiyi müşavirədə qeyd etmişdi ki, dövlət şirkətlərində kifayət qədər böyük itkilər var. Özəl sektorda itki olanda müflisləşir, biznes bağlanır və heç kim köməyə gəlmir: "Amma dövlət şirkətləri öyrəşiblər ki, onların bütün qüsurları, itkiləri dövlət tərəfindən bağlanacaq". Prezident misal da gətirmişdi ki, qazlaşdırma Dövlət Neft Şirkətinin vəzifəsi olduğu halda, dövlət büdcəsinin hesabına aparılır. "Yaxşı, əgər dövlət bunu edirsə, onda Dövlət Neft Şirkəti nə ilə məşğuldur? Axı bu, bilavasitə onun işidir",- deyə prezident qeyd etmişdi.

Bütün digər dövlət şirkətlərində də vəziyyət dövlət başçımız demişkən, buna oxşar və yaxud, daha pisdir. Çünki dövlət şirkətləri normal korporativ idarəetmə əsasında işləmir və yaxud işləyə bilmirlər, odur ki, sözügedən vəziyyət də qaçılmaz xarakter daşıyır. Prezident bildirmişdi ki, bundan sonra belə vəziyyətə dözmək olmaz. Ona görə də, səhəri gün Azərbaycan İnvestisiya Holdinqinin (AİH) yaradılması haqda fərman imzalandı. Buna həqiqətən çox böyük ehtiyac var idi.

Söhbət hər biri çox böyük sahəyə - iqtisadi sektora rəhbərlik edən iri dövlət şirkətlərindən, onların vahid mərkəzdən idarə etməyə nail olmaqdan, ümumiyyətlə, səmərəliliyi artırmaqdan, idarəetməni yüksək səviyyədə təşkil etməkdən gedirdi. Bununla belə, AİH-nin yaradılması həyata keçirilməli olan tədbirlərin birinci mərhələsidir - holdinqin səmərəli işləməsi, dövlət şirkətlərinin və dövlətin payı olan ASC-lərin fəaliyyətinin səmərəliliyinin təmin olunması üçün çox dəqiq və konkret, şəffaf mexanizm olmalıdır. Yəni, faktiki hər şey mexanizmin nə qədər təkmil olmasından asılıdır.

“Dövlət büdcəsinin iri tədiyyəçiləri” dedikdə söhbət, ölkənin xəzinəsinə daha çox gəlir ödəyən və yaxud, ödəməli olan qurumlardan gedir. Yəni, sadə dillə desəm, o qurumlardan ki, dövlətin və hökumətin vəzifəsi onlardan pulu alıb, əhaliyə verməkdir. Əməkhaqqı, pensiya və müxtəlif təyinatlı sosial müavinətlər formasında... Ancaq bizdə isə iqtisadiyyatın ayrı-ayrı sektorlarına cavabdeh qurumlar qeyri-səmərəli fəaliyyət ucbatından, dövlətə vermək əvəzinə, dövlətdən alırlar. Çünki normal idarəçilik yoxdur. Və bu, sovet dövründən qalma xüsusiyyətdir.

Bazar iqtisadiyyatı sisteminin əsas tələblərindən biri idarəetmədə çoxpilləli, paralel və mürəkkəb deyil, sadə, çevik, şəffav, funksional mexanizmin olmasıdır. Ümumiyyətlə, bazar şəraitində dövlət idarəetməsi tənzimləyici xarakter daşımalı, əsla inzibati və sığortalayıcı əhəmiyyət kəsb etməməlidir. Əks təqdirdə, dövlətin özü iqtisadiyyatın normal inkişaf etməsi yolunda əngələ, böyük bir buxova çevrilir.

Düzdür, idarəetmə islahatlara can atılır. Ancaq vaxt var idi, dövlət büdcəsi tədiyyəçilərinin bir-bir Səhmdar Cəmiyyətlərə çevrilməsi prosesi gedirdi. Bundan əvvəl isə ölkədə özəlləşdirmə həyata keçirilirdi. Sonra bir ara paralellik yaradan idarəetmə orqanlarının ləğvi, yaxud birləşdirilməsi istiqamətində addımlar atılmağa başlandı, son dövrlərdəsə publik hüquqi şəxs və agentliklərin yaradılması dəb halını aldı...

Ancaq bütün bunlara rəğmən, bütövlükdə ölkə iqtisadiyyatının idarə olunmasında keyfiyyət dəyişiklikləri hələ istənilən səviyyədə baş tutmur ki, tutmur. Və nəticədə də dövlət büdcəsinin gəlirləri mövcud potensialın az hissəsini əhatə etməli olur.

Sözün qısası, yuxarı adları çəkilən qurumlar dövləti artıq, bezdirib və boğaza yığıb. İri büdcə ödəyicilərində məsuliyyətsizliyi aradan götürmək üçün əsas çıxış yollarından biri özəlləşdirmədir. Belə ki, dövlətin payı yüksək olan, eyni zamanda, səhm paketi 100 faiz dövlətə məxsus qurumların ən azı müəyyən hissəsi özəlləşdirilməlidir. Bu, həmin şirkətlərə investisiyaların cəlb olunmasına, eyni zamanda onların idarəçiliyində əyintiləri və səmərəsizliyi aradan qaldırmağa yol açacaq.

Ümumiyyətlə, idarəetməni asanlaşdırmağa və borclanma, o cümlədən, maliyyə hesabatlılığı üzrə nəzarət kimi məsələlərə sırf dövlətin müdaxiləsi yolu ilə nail olmaq əsla mümkün deyil. Bu bazarın tələbidir. Əks təqdirdə, hər şey və hər bir addım formal xarakter daşıyacaq. İri dövlət büdcəsi tədiyyəçilərini idarə etmək baxımından bir əldə cəmləşdirmək siyasəti də o cümlədən.



Pərviz Heydərov
Azvision.az üçün

Müəllifin əvvəlki yazıları:

Banklar turizmə dəstək verməlidir – TƏHLİL
Qəbələyə dəmir yolu və inkişafın dəmir məntiqi – TƏHLİL
İtirdiyimiz inflyasiya: Azərbaycanda bu göstərici əslində nəyi ifadə edir – TƏHLİL
Ölkədə dollar qıtlığı yoxdur – TƏHLİL
İxrac iqtisadiyyatı: Naxçıvan bunu necə bacardı – TƏHLİL
Ermənistanın iqtisadi inkişaf yolu Azərbaycandan keçir - TƏHLİL
Su təsərrüfatında daha nələr dəyişməlidir - TƏHLİL
Bank sektorunda “tromblaşma”: Çıxış yolu nədir? - TƏHLİL
İstehlak bazarı niyə “yanır” və nə vaxt “sönəcək”? – TƏHLİL
"Pandemiya böhranı" nə vaxt bitəcək? - TƏHLİL
Avtomobil idxalı 2014-cü ilə qədərki vəziyyətə qaytarılmalıdır – TƏHLİL



Teqlər:





Xəbər lenti