Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü”

   Simonyan Köçəryanı və Sarksiyanı “yıxıb-sürüdü”
  08 May 2025    Oxunub:333
Hakim “Vətəndaş müqavilə”si partiyasına qarşıdan gələn seçkilərdə qalib gəlməyə Robert Köçəryan və Serj Sarkisyan (Ermənistanın keçmiş prezidentləri), həmçinin Artur Vanetsyan (Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru) və “digər bu kimi şəxslər” kömək edəcəklər.
AzVision.az Ermənistan parlamentinin spikeri Alen Simonyan bu gün jurnalistlərlə söhbətində adıçəkilən şəxslər efirə çıxan kimi hakimiyyətin reytinqinin yüksələcəyinə əmin olduğunu bildirib.

“Vazgen Manukyan (Ermənistanın keçmiş baş naziri) və arxiyepiskop Baqrat Qalstanyan da onlara qoşulsa, hakimiyyətin reytinqi daha 5 pillə yüksələcək. Əgər onlar birlikdə nəsə etməyə başlasalar, o zaman biz evdən heç çıxmaya da bilərik”, - Ermənistan parlamentinin sədri vurğulayıb.

Simonyan hakim “Vətəndaş müqavilə”si partiyasının xalqla ünsiyyət yaradacağına, 50%+1 səs toplayacağına və böyük ehtimalla vahid hökumət quracağına, islahatları davam etdirəcəyinə əmin olduğunu bildirib. Eyni zamanda o, heç bir qüvvə ilə koalisiya olmayacağına da inandığını deyib.

- Mən əminəm ki, biz seçkilərə tək gedəcəyik, koalisiya yaratmayacağıq və xalqın mütləq əksəriyyətinin dəstəyini alacağıq. Bizi Robert Köçəryanın reytinqinin yüksəlməsi narahat etmir. Ermənistan xalqı bilir ki, Köçəryan ölkəmizi Rusiya və Belarus birliyinə qoşulmaq üçün hakimiyyət istəyir”, - siyasətçi deyib.

Bundan bir neçə gün əvvəl isə Simonyan Robert Köçəryanı “rus casusu statusuna malik şəxs” adlandırıb.

Xatırladaq ki, Ermənistanda növbəti parlament seçkiləri 2026-cı ilin iyun ayına təyin edilib. Müxtəlif rəy sorğularının nəticələrinə görə, hakim partiyanın və Paşinyanın reytinqi kəskin şəkildə aşağı düşüb. “Gallup International” sosioloji xidmətinin respublikadakı nümayəndəliyinin dərc etdiyi sorğunun nəticələrinə əsasən, ölkə vətənadşalrının 60%-i onun siyasətindən narazıdır.

Öz mənbələrinə istinad edən “Johovurd” qəzetinin yazdığına görə, Ermənistanın baş naziri Nikol Paşinyan 2026-cı il parlament seçkiləri ərəfəsində “Vətəndaş müqaviləsi” partiyasının idarə heyətini yeniləmək niyyətindədir.

“Paşinyan seçkilərə “yeni partiya siması” ilə gəlmək üçün rəhbərliyin tam yenilənməsini planlaşdırır. Bu kontekstdə partiya üzvlərinin davranışları, eləcə də onların korrupsiya sxemlərində iştirakı ilə bağlı yayılan şayiələr, ittihamlar kollegiya iclaslarında fəal müzakirə olunur. Mahiyyət etibarilə baş nazir partiya üzvləri üçün bir növ “imtahan” təşkil edir: ondan keçənlər seçki komandasına qoşulacaq, qalanları isə kənarlaşdırılacaq”, - nəşrin dərc etdiyi materialda vurğulanır.

Mənbələrin məlumatına görə, Paşinyan əməkdaşlığı davam etdirməyi planlaşdırmadığı deputatların siyahısını artıq hazırlayıb. Buraya Arpi Davoyan, Lusine Badalyan, Andranik Köçəryan, Hayk Sarkisyan və onun qardaşı Nairi Sarkisyan (əvvəllər baş nazirin köməkçisi olub), Eduard Ağacanyan və Karen Saruxanyan daxildir. Paşinyanın fikrincə, onların effektivliyi son dərəcə aşağıdır və “arzuolunmaz”ların siyahısı artmaqda davam edir.

Sahil İsgəndərov
AzVision.az




Teqlər: Simonyan   Köçəryan   Sarkisyan  





Xəbər lenti