Bakı-Tehran münasibətlərində yeni səhifə

    Bakı-Tehran münasibətlərində yeni səhifə
  28 Aprel 2025    Oxunub:614
Son illər həm qlobal, həm də regional miqyasda yaşanan siyasi hadisələr yeni dünya nizamının formalaşması prosesinin artıq dönməz olduğunu sübuta yetirir. Bu baxımdan, əsrlər boyu qonşuluq münasibətləri, isqtisadi-siyasi və tarixi-mədəni əlaqələri olan ölkələrin münasibətlərinin möhkəmləndirilməsi günün ən aktual tələbidir.
Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə bu gün İran Prezidenti Məsud Pezeşkianın rəhbərliyi altında 120 nəfərlik nümayəndə heyəti Azərbaycana səfərə gəlib. Səfər çərçivəsində Azərbaycanla İran arasında iqtisadi əməkdaşlığın inkişafı və özəl sektor nümayəndələrinin sonrakı səfərlərinin planlaşdırılması da nəzərdə tutulub. İran prezidentini Azərbaycana müşayiət edən nümayəndə heyətinə özəl sektorun nümayəndələri, İran-Azərbaycan parlament dostluq qrupunun üzvləri, İranın dörd şimal-qərb əyalətinin valiləri daxildirlər.

Tranzit-logistika perspektivləri
Səfərdən əvvəl İran prezidenti Məsud Pezeşkian iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi üçün əməkdaşlığın “sürətli və əhəmiyyətli yaxşılaşmasına” ümid etdiyini bildirib ki, bu da təsadüfi deyil.

Belə ki, ikitərəfli münasibətlərdə son illərdə vaxtaşırı gərginlik yaşanıb. Buna səbəb Bakının İsraillə sıx əlaqələrinə İranın qısqanc yanaşması və 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə hücum olub.

Digər mübahisəli məqamlardan biri də Zəngəzur Dəhlizi məsələsidir. İran-Ermənistan sərhədi boyunca uzanacaq layihənin reallaşmasına qarşı çıxan Tehran, öz mövqeyini guya bu dəhlizin Qərbin Ermənistanda möhkəmləndirəcəyi ilə əsaslandırmağa çalışır.


Amma Avropa İttifaqının (Aİ) əsasən keçmiş və fəaliyyətdə olan xüsusi xidmət orqanlarının əməkdaşlarından ibarət “müşahidə msissiyası”nın Ermənistanda yerləşdirilməsi, habelə islamofobiyanın tüğyan etdiyi Fransanın İrəvanı sürətlə silahlandırması nədənsə Tehranı narahat etmir. Görünür, bu məqamları Tehran Qərbin Ermənistanda mövqelərinin möhkəmlənməsi kimi qiymətləndirmir.

Əslində belə yanaşma İranın daha çox özünün tarnzit imkanlarının alternativ marşrut kimi qəbul olunmasına çalışdığından xəbər verir. İran ərazisindən keçməklə Şərqi Zəngəzurdan Naxçıvana nəqliyyat dəhlizinin inşası layihəsi bunun ən parlaq nümunəsidir. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqəni təmin edəcək bu marşrut, strateji baxımdan Mərkəzi Asiya, Qafqaz və Yaxın Şərq arasında ticarət və tranzit axınının genişləndirilməsi üçün yeni perspektivlər açır.

Yeri gəlmişkən, Tehran həmçinin Cənub-Şimal Dəhlizi layihəsində də Azərbaycanla İranın tranzit potensiallarının müştərək istifadəsini də məqbul sayır. Bakıya səfəri öncəsi AzTv telekanalına müsahibəsində Məsud Pezeşkian Azərbaycanın Astara-Astara və bu il inşası sona çatdırılması palnlaşdırılan Astara-Rəşt dəmir yolları vasitəsilə İranla Rusiya arasında birləşdirici rol oynaya biləcəyini vurğulayıb.


Eyni zamanda, bu ilin yanvar ayında Rusiyanın Azərbaycandan keçməklə İrana çox böyük həcmdə qaz tədarük etmək planları barədə də xəbər yayılmışdı. Çünki İranın dünyanın ən böyük təbii qaz ehtiyatlarına malik dövlətlər sırasında yer almasına baxmayaraq, əsas yataqlar ölkənin cənubunda yerləşir və şimal rayonlarında infrastruktur olmadığından enerji resursları qıtlığı yaranıb. Buna görə də Tehran Rusiyadan alacağı qazın bir hissəsini öz ehtiyacları, qalan hissəsini isə üçüncü ölkələrə təkrar ixrac etmək üçün nəzərdə tutur. Həmin qazın İrana tədarükünün nəqlinin hələlik yeganə tranzit marşrutu isə məhz Azərbaycandan keçir.

Mövcud iqtisadi əlaqələr
İki ölkə arasında iqtisadi əlaqələrə gəldikdə isə, bu müstəvidə sabit müsbət dinamika qeydə alınıb. 2024-cü ildə ikitərəfli ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20% artaraq 580 milyon dollara çatıb. Lakin İranın yollar və şəhərsalma naziri Fərzanə Sadiq Bakı və Tehranın növbəti beş il ərzində illik ikitərəfli ticarət dövriyyəsini 10 milyard dollara çatdırmaq niyyətində olduqlarını açıqlayıb.

Ticarət əlaqələrinin inkişafı qarşısındakı maneələri aradan qaldıran İran Azərbaycanla səmərəli qarşılıqlı fəaliyyətdən regionun digər ölkələri ilə əlaqələrin qurulması üçün bir model kimi istifadə etməyə çalışır. Bugünkü səfərdə İranın özəl sektorunun 100-dən çox nümayəndəsinin iştirakı Tehranın özəl biznesi ikitərəfli əməkdaşlıqda mühüm sektora çevirmək istəyindən xəbər verir.

Azərbaycan və İran arasında strateji tərəfdaşlıq enerji sektorunda da öz təsdiqini tapıb. Xatırladaq ki, ötən ilin may ayında “Xudafərin” SES və Araz çayı üzərində “Qız-Qalası” su elektrik kompleksi istifadəyə verilib.


Bu qurğular hər iki ölkədə 400 min hektardan çox kənd təsərrüfatı sahəsinin suvarılmasını təmin edəcək və 280 MVt-a qədər elektrik enerjisinin istehsalına imakn yaradacaq ki, bu da sərhədyanı rayonların enerji təhlükəsizliyinə mühüm töhfə olacaq.

AzTv telekanalına müsahibəsində Azərbaycan və İran xalqları arasında münasibətlərin çoxəsrlik dostluq, dini-mədəni əlaqələrə söykəndiyini bildirən Məsud Pezeşkian bu səfərinin iki ölkə arasında əməkdaşlıq üçün yeni imkanlar yaradacağına ümid etdiyini vurğulayıb. O, həmçinin ölkələr arasında münasibətlərdə yaranmış bəzi anlaşılmazlıqların və problemlərin öz həllini tapacağını söyləyib.

“İki qonşu və qardaş xalq nə etməlidir? Biz ölkələrimiz arasında möhkəm əlaqələr qurmaq üçün bir araya gəlib əməkdaşlıq edə bilərik. Biz hər iki tərəfdə yaşayan qohumlarıq. Qarşılıqlı səfərlər əlaqələrin möhkəmlənməsinə kömək edir. Ona görə də biz qarşılıqlı səyahətləri asanlaşdırmaq üçün yollar açmalıyıq. Biz bir-birimizə kömək edə və hər iki ölkənin xalqı üçün dinc və firavan həyat yarada bilərik”, - İran prezidenti Tehranın Azərbaycanla əlaqələri möhkəmləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Azərbaycan-Ermənistan problemi Tehran fokusunda
Ümumilikdə qonşu ölkələrlə münasibətlərdə Tehranın paritet yanaşmaya sadiq qaldığını deyən Məsud Pezeşkian İranın həmişə Azərbaycanın hüquqlarını müdafiə etdiyini və Ermənistanı onun hüquqları çərçivəsində dəstəklədiyini açıqlayıb. Onun sözlərinə görə, Tehran hər iki tərəfin mehriban qonşuluq prinsipləri əsasında sülh şəraitində yaşamasının tərəfdarıdır. Bu baxımdan, İran Azərbaycanla Ermənistan arasında problemlərin beynəlxalq hüquq normalarına uyğun şəkildə həll olunacağına ümidlidir.


Əslində, Tehranın Bakı ilə münasibətlədrə mövcud problemlərin aradan qaldırılması, həmiçinin bütün sahələrdə əlaqələrin dərinləşdirilməsi və möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atması barədə səsləndirdiyi müsbət məzmunlu bəyanatlar fonunda Azərbaycan-Ermənistan məsələsində tərəflərə eyni münasibət sərgiləməsi ən azı təəssüf doğurur.

Çünki Tehran ümumilikdə Cənubi Qafqazda regional təhlükəsizliyə təhdidin məhz Ermənistandan gəldiyinin və İrəvanın tarixən bölgədə təcavüzkar siyasət yürütdüyünün, elə İranın özü də daxil olmaqla bütün həmsərhəd ölkələrə qarşı açıq və ya latent ərazi iddiaları olduğundan tam məlumatlıdır. Sözsüz ki, Azərbyacan İranın digər ölkələrlə ikitərəfli münasibətlərinə müdaxilə etmir, lakin onların üçüncü tərəflərə qarşı yönəlməsinin qəti şəkildə əleyhinə çıxır və bu məsələdə beynəlxalq hüquq normalarını pozulmamasını vacib sayır.

Tehranın məramını şərtləndirən amillər
İranın Bəndər-Abbas şəhərindəki Şahid-Rəcai limanında 28 nəfərin ölümü və 1400 adamın xəsarət alması ilə nəticələnən partlayışla bağlı ölkədə matəm elan edilməsinə baxmayaraq, İran Prezidentinin Azərbaycana bugünkü səfərinin təxirə salınmaması bunun Tehran üçün necə böyük əhəmiyyət kəsb etdiyinin əyani göstəricisidir.

Hazırda Yaxın Şərqdə, o cümlədən Suriyada yaşanan hadisələr, habelə Tramp administrasiyası və İsraillə münasibətlərdə üzləşdiyi sərt problemlər İranın Azərbaycanla əlaqələri normal məcraya qaytarmaq reallığı məcburiyyətində qoyur. Bu müstəvidə Tehran Azərbaycanın öz ərazisindən digər ölkələrə zərbələr endirməyə yol verməmək siyasətinə sadiq qaldığının yaxşı fərtqindədir. Yeri gəlmişkən, İranın komplimentar münasibət sərgilədiyi Ermənistan bu baxımdan heç də etibarlı aktor deyil.


Bundan başqa, ABŞ prezidenti Donald Trampın başlatdığı “gömrük müharibəsi” və ərzaq təhlükəsizliyi sahəsində qlobal çağırışlar Tehran qarşısında Azərbaycanla iqtisadiyyatın müxtəlif sahələrində əlaqələri gernişləndirilməsi zərurətini gücləndirir.

Çünki inkişaf etmiş nəqliyyat infrastrukturu, sabit iqtisadiyyata və Avrasiya ticarət yollarına artan təsir göstərən Azərbaycan İran üçün etibarlı tərəfdaş və yeni bazarlara pəncərə rolunu oynaya bilər. Bu baxımdan, səmərəli ikitərəfli münasibətlərin inkişafı regional iqtisadiyyatda yeni nizamın formalaşması, qarşılıqlı faydalı əməkdaşlıq və strateji təşəbbüslər yalnız Cənubi Qafqazda yox, həmçinin bu bölgənin daxil olduğu Böyük Yaxın Şərq coğrafiyasında da gələcək proseslərin inkişaf məcrasını şərtləndirəcək.

Bununla belə, sözügedən kontekstdə ən vacib olan məqam Tehranın bu siyasətə ardıcıl surətdə sadiq qalmasıdır. Çünki daxili siyasi konyunkturadan və müxtəlif isyasi qüvvələrin əhval-ruhiyyəsindən asılı olaraq, qonşu dövlətlərlə münasibətləri zərbə altına qoymaq hələ heç bir ölkəyə uğur qazandırmayıb.

Sahil İsgəndərov, politoloq
AzVision.az



Teqlər: Azərbaycan   İran   əlaqələr  





Xəbər lenti