Tarixi dəyişən tapıntı: VI əsrə aid türk sikkəsi aşkarlanıb

      Tarixi dəyişən tapıntı:   VI əsrə aid türk sikkəsi aşkarlanıb
  16 May 2025    Oxunub:555
Özbəkistanda Qərbi Göytürk dövrünə (VI əsr) aid, üzərində soğd dilində "türk xaqan" yazılmış sikkə tapılıb. Bu barədə Türkiyənin "TRT Haber" telekanalına Özbəkistan Elmlər Akademiyasının Milli Arxeologiya Mərkəzinin eksperti, professor Qeybulla Babayarov məlumat verib. O vurğulayıb ki, bu tapıntı türk tarixini dəyişdirə bilər.
Alimin sözlərinə görə, sikkə paytaxt Daşkəndin yaxınlığındakı qədim şəhər xarabalıqlarında aşkarlanıb. "Tapılan tunc sikkələrin 20-dən çoxu Qərbi Göytürk dövlətinə aiddir. Sikkələrdən 3-də "yabğu", 5-də "yabğu xaqan", 9-da isə "xaqan" yazılıb. Maraqlıdır ki, sikkələrdən ikisində isə soğdca "türk xaqan" ifadəsi var. Bu sikkələrdə həmçinin Qərbi Göytürk dövlətinin yabğuluqlar dövrünə (VI əsrin son rübü - VII əsrin əvvəlləri) məxsus damğa da diqqəti çəkir", - Babayarov bildirib.

O vurğulayıb ki, tapılmış sikkələr Qərb Göytürk dövlətinin yabğu-xaqanlıq (VI əsrin əvvəlləri - VI əsrin 30-cu illəri) və xaqanlıq dövrlərinə (630-740-cı illər) məxsus sikkələrdən fərqlənir.

"Türk tarixindəki sikkələr üzərində ilk dəfə məhz bu tapıntılarda "türk xaqan" termini ilə həm dövləti quran millətin adını, həm də dövlətin adını görürük. Belə qənaətə gəlmişik ki, həmin sikkələr İstəmi xaqanın nəvələrinin adına buraxılıb", - alim deyib.

Tapıntılarla əlaqədar əsas məqam budur ki, sikkələr "türk" sözünün keçdiyi ilk tarixi sənədlərdir.

"Türk xaqan" sözünə tarixdə ilk dəfə VIII əsrin birinci rübündə Orxon kitabələrində rast gəlirik. Həmin dövrdə Çin mənbələrində də bu ifadə qarşımıza çıxır. Tapılan sikkələr isə göstərir ki, "türk" sözünün tarixi daha 150 il əvvələdək gedib çıxır; Orxon kitabələri 730-cu illərdə ucaldılıb, ancaq bu sikkə 580-610-cu illərə aiddir. Beləliklə, "türk" adının tarixi 1400-1500 illik dövrü əhatələyir", - Qeybulla Babayarov deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər: türk   ad   tarix   sikkə  





Xəbər lenti