Uzunmüddətli yuxunun fəsadı açıqlanıb - VİDEO

   Uzunmüddətli yuxunun fəsadı açıqlanıb    - VİDEO
  15 May 2025    Oxunub:396
San Antoniodakı Texas Universitetinin (UT Health San Antonio) alimləri insanları doqquz saat və ya daha çox yatmağın, xüsusən depressiyada daha pis idrak funksiyası ilə əlaqəli olduğunu aşkar ediblər.
AzVision.az xəbər verir ki, araşdırmanın nəticələrinin dərc olunduğu “Alzheimer's & Dementia (A&D)” jurnalının məlumatına əsasən, tədqiqat 27-85 yaş arası 1853 iştirakçını əhatə edən uzunmüddətli “Framingham Heart Study” layihəsi çərçivəsində aparılıb. Subyektlərin orta yaşı təxminən 50 il olub.

Alimlərin məqsədi, xüsusilə depressiv simptomların olub-olmaması ilə əlaqədar yuxu müddətinin beyin fəaliyyətinə necə təsir etdiyini öyrənmək olub.

“Həm az, həm də çox yuxu yaddaşa, diqqətə və qərar qəbul etmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Böyüklər üçün optimal yuxu miqdarı Qlobal Beyin Sağlamlığı Şurasının tövsiyə etdiyi kimi, gecədə yeddi-səkkiz saatdır”, - tədqiqatın müəllifləri vurğulayırlar.

Araşdırma zamanı yuxu və depressiya arasındakı qarşılıqlı əlaqəyə xüsusi diqqət yetirilib. İştirakçılar pozğunluğun əlamətlərinin mövcudluğundan asılı olaraq dörd qrupa bölübülər. Nəticələr göstərib ki, depressiya olan insanlarda - həm dərman qəbul edənlərdə, həm də etməyənlərdə - daha uzun yuxu müddətləri daha çox idrak (koqnitiv) qabiliyyətinin azalması ilə əlaqələdir.

Depressiya olmayan iştirakçılarda da pisləşmə, lakin daha az dərəcədə qeydə alınıb. Xüsusilə, antidepresanlar qəbul edən, lakin depressiya əlamətləri yaşamayanlarda statistik əhəmiyyətli dəyişikliklər müşahidə olunmayıb.

Tədqiqatçıların iddiasına görə, yuxu pozğunluğu və depressiya əksər hallarda yanaşı gedir: depressiyadan əziyyət çəkən insanların təxminən 90%-i yuxu problemlərindən şikayətlənir.


Sahil İsgəndərov
AzVision.az



Teqlər: yuxu   fəsad  





Xəbər lenti