Təhsildə ənənəvi dəyərlərin qorunması müzakirə edilib I FOTO

Təhsildə ənənəvi dəyərlərin qorunması müzakirə edilib    I FOTO
  15 May 2025    Oxunub:439
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə mayın 15-də Bakıda “Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində vacib amil kimi” mövzusunda konfrans keçirilib.

15 May - Beynəlxalq Ailə Gününə həsr edilən konfrans “Milli dəyərlərimizdən gələcəyə baxış” layihəsi çərçivəsində təşkil olunub. BDU-da keçirilən tədbirdə məqsəd ailə institutunun nüfuzunun qorunması və inkişafına, cəmiyyətdə milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi və gənc nəsil arasında təbliğ olunmasına töhfə vermək, eyni zamanda, bu məsələlərin təhsil prosesində öz əksini tapmasını təşviq etməkdir.

Konfransda çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova yeni Ailə konsepsiyasının hazırlandığını və bu sənədin ailə dəyərlərinin qorunmasında önəmli rol oynayacağını deyib. O qeyd edib ki, komitə ictimai müzakirələr təşkil edərək Ailə konsepsiyasının işləmə prosesinin analizinə çalışır.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev isə qeyd edib ki, qloballaşma çağında milli kimliyin və ailə institutunun sarsıldığı bir dövrdə Azərbaycanın yeni reallıqlar fonunda milli-mənəvi dəyərlərini qorumaqla gələcəyə inamla addımlaması təsadüfi deyil: “

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə bu sahədə dönüş nöqtəsi yarandı, milli-mənəvi sərvətlərimizin təbliği və təhsildə tətbiqi istiqamətində ardıcıl dövlət siyasəti formalaşdı. Bu gün ölkəmizdə aparılan siyasət milli dəyərlərimizin yalnız qorunması ilə kifayətlənmir, həm də onların təhsil müstəvisində öyrənilməsi və gələcək nəsillərə aşılanması üçün geniş imkanlar yaradır. Müstəqilliyin bərpasından sonra Azərbaycançılıq ideologiyası çərçivəsində gənclərə öz tarixi, soykökü, mədəniyyəti və dəyərləri haqqında dərin biliklər verilməsi dövlətin əsas prioritetlərindən birinə çevrilib”.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc söyləyib ki, Azərbaycanın Qarabağ zəfəri cəmiyyətin milli-mənəvi dəyərlərinin inkişafına da töhfə verib.

Konfransda daha sonra Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, deputatlar və ictimaiyyət nümayəndələri çıxış edərək ailə institutunun qorunması və inkişafı, yeni çağırışların fonunda problemlərin həllinə dair müzakirə aparıb, təkliflər səsləndiriblər.


AzVision.az

Qalereya




Teqlər:





Xəbər lenti