Bakıda Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib

Bakıda Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib
  28 May 2025    Oxunub:277
Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 28 May – Müstəqillik Gününə həsr olunmuş veloyürüş keçirilib.
AzVision.az Azərtac-a istinadən xəbər verir ki, tədbirdə iştirak edən 300-dən artıq velosipedçi və paravelosipedçilər Azərbaycan Respublikasının üçrəngli bayraqlarını daşıyan “Zəfər Yolu” motosikletçilər qrupunun müşayiəti ilə Veloparkdan start götürməklə Bibiheybət məscidi – Su İdmanı Sarayı – Dövlət Bayrağı Meydanı marşrutu üzrə hərəkət ediblər. Tədbirin sonunda veloyürüşün fəal iştirakçılarına sertifikatlar təqdim edilib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti Sahib Ələkbərov bildirib ki, hazırda federasiyanın qarşısında duran əsas məqsəd velosipedin idman növü kimi inkişaf etdirilməsi ilə yanaşı, ondan bir nəqliyyat vasitəsi kimi də geniş istifadə olunmasına dəstək verməkdir. Onun sözlərinə görə, bunun üçün ölkəmizdə bütün lazımi infrastruktur mövcuddur və bu cür tədbirlər əhali arasında təbliğat işlərinə böyük töhfə verir.

Qurum nümayəndəsi əlavə edib ki, hazırda Azərbaycan Velosiped İdmanı Federasiyasının yeni seçilmiş rəhbərliyi dünya velosiped aləmində böyük rəğbət qazanmış “Tour d’Azerbaidjan” yarışının Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) təqvimində bərpa olunması üçün danışıqlar aparır.

AzVision.az



Teqlər:





Xəbər lenti